Azərbaycanca

Mirzə Cəlil “Axund ilə keşişin vəzi”

29.12.2014 | 16:00

celil memmedquluzade

Mirzə Cəlil yazır: “İrəvan quberniyasında bir kənd var, adı “Samanlıq” dır. Kəndin camaatı yarıya qədər erməni və yarısı müsəlmandır.

Bir gün at ilə həmin kəndin mülkədarı Rəhim bəyə qonaq gedirdim. Yay fəsli idi. Uca atın üstündə oturub kəndin alçaq divarlarından həyətlərin hamısını görürdüm. Həyətin birində bir erməni arvadı toyuq-cücəyə dən səpirdi. Bir həyətdə bir müsəlman arvadı arxın kənarında qab yuyurdu. Həyətin birində bir erməni uşağı ağacın kölgəsində oturub kitab oxuyurdu. Bir həyətdə 12-13 yaşında bir müsəlman uşağı pişiyin quyruğuna ip bağlayıb həyətin o tərəfinə, bu tərəfinə qaçırdı və pişik movuldaya-movuldaya uşağın dalınca dalı-dalı hərəkət edirdi.

Həyətin birində böyük tut ağacının kölgəsində bir neçə erməni oturub çörək yeyirdilər. Keşiş ayaq üstə durub sağ əlini yuxarı qovzayıb danışırdı. İstəyirdim keçib gedəm, haman keşişdən bir söz eşidib atı saxladım. Keşiş uca səslə dedi: “Hayreniq, hayreniq, hayreniq!” (hayreniq erməni dilində “vətən” deməkdir).

Çünki mən erməni dilini başa düşürəm, Bir qədər dayandım keşişin sözlərinə qulaq asım. Bu heyndə küçənin bir tərəfindən müsəlman danışığı eşitdim. Atı qabağa sürüb gördüm ki, küçə ayrımında divarın kölgəsində 4 müsəlman oturub. Bunların biri Axund Molla Qurbanqulu Molla Qurban Əliyev idi. Bu axundu mən çoxdan tanıyırdım, özü də İran əhlidir. Molla Qurbanqulunun əlində bir kitab var idi. Molla kitabı oxuyurdu və kəndlilər diqqəti-tam ilə qulaq asırdılar.

Keşiş uca səslə kəndlilərə bu sözləri deyirdi: “Erməni millətinin dünyada üç sevgili balası var “vətən”, “millət” və “dil” və nə qədər ki, biz həmin üç sevgili balaların yolunda fəda olmağa qadirik, nə osmanlının həmidiyyə əsgəri və kürdləri, nə Rusiyanın Qalitsinləri və nə zəmanənin qeyri bir təqazası erməni millətinin bəqasına xələl yetirə bilməyəcəklər”.

Keşişin bu sözlərindən sonra Qurbanqulunun səsi gəldi. Molla kitabdan bu sözləri oxuyurdu: “Babi-həftum: Əgər bir şəxs yata, yuxusunda həcəmət görə, haman şəxs dünyada heç bir bəlaya və naxoşluğa giriftar olmayacaq”.
Keşişin belə səsi gəlirdi: “Ey mənim erməni qardaşlarım. Dünya xəlq olunandan indiyə kimi erməni tayfası müxtəlif millətlərin cövr və zülmünə düçar olub, qarışqalar at nalının altında əzilən kimi ermənilər qüvvətli və bimürüvvət tayfaların yumuruğunun altında pamal olublar. Bununla belə, erməni ölüm halında can verə-verə genə deyib: “Vətən, vətən, millət,hayreniq”. Ey mənim qardaşlarım, nə qədər ki, millət, dil və vətən yolunda fəda olmağa biz qadirik, cəmi dünyanın tayfaları müttəfiq olub bizim üstümüzə hücum gətirələr, biz genə onların qabağında dayanıb dilimizi və vətənimizi mühavizət edə biləcəyik. Yaşasın vətən yolunda fəda olan erməni milləti, yaşasın millət uğrunda şəhid olan qardaşlar. Getsə, getsə, hayreniq”.

 

 

Molla Qurbanqulu kəndlilərə deyirdi: “Ağacın altında, suyun qırağında böv etmək yaxşı deyil, çünki həmzad, əcinna, şəyatin insana zərər yetirər. Çaharşənbə, şənbə və tək günü qəbiristana və getmək olmaz, çünki bu günlərdə əcinnə və divlər qəbirstana və hamama cəm olub qonaqlıq edərlər və həmin günlər bunların bayramıdır, insanı görsələr zərər yetirərlər. Əgər bir kəsin belə qəza başına gəlsə, durmayıb gəlsin mənim yanıma, vaxt ikən ona “həft həsar” duası yazım”.

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

29.12.2014 16:00

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*