Azərbaycanca

Müasir İndoneziya sülh üçün böyük bir modeldir

01.05.2014 | 12:41

1398937601_indoneziya-azerbaycanDağlıq Qarabağın ermənilər tərəfindən zəbt olunması nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub və bir milyondan artıq soydaşımız məcburi köçkün həyatı yaşayır. Hazırda problemin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə siyasi danışıqlar aparılır. Prezident İlham Əliyev hər zaman bildirir ki, Azərbaycan Dağlıq Qarabağ probleminin həlli üçün konstruktiv mövqe ortaya qoyaraq vasitəçilərin daha fəal rol oynayacaqlarına ümid edir: “Ermənistan məsələnin həlli ilə bağlı konstruktiv mövqe nümayiş etdirərsə, qısa müddət ərzində razılıq əldə etmək olar”. Prezident Azərbaycanın heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyini vurğulayıb: “Kompromisə getməklə sülh danışıqlarına sadiq qalırıq. Bu imkanlardan istifadə etməklə yanaşı yeni şərait də yaratmalıyıq”. Bu halda dövlətlərin suverenliyi, ərazi bütövlüyünün qorunması və millətlərin öz müqəddəratını müəyyənetmə hüququna malik olması prinsiplərinin təmin olunmasına üstünlük verilir. Onu da qeyd edək ki, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul olunan 4 qətnamədə (822, 853, 874 və 884) ermənilərin təcavüzkar siyasəti pislənir, erməni hərbi birləşmələrinin zəbt olunan Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olunur. Eyni zamanda ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İslam Konfransı Təşkilatı, NATO-nun qərarları işğal edilmiş torpaqlardan erməni qoşunlarının çıxarılmasını tələb edir. Lakin bu tələblər indiyə qədər də yerinə yetirilməmişdir.

 

Bütövlükdə bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində Azərbaycan önəmli rol oynayır. Dağlıq Qarabağ probleminin həlli istiqamətində dövlətimizin mövqeyi birmənalıdır. Azərbaycan istəyir ki, ərazi bütövlüyü bərpa olunsun və bu məsələ tezliklə öz həllini tapsın. Problemin həllində beynəlxalq birliyin, eləcə də ayrı-ayrı dövlətlərin Ermənistanı haqq yoluna gətirməsi də mühüm rol oynaya bilər. İndoneziya dövləti Dağlıq Qarabağ problemində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Bu mövqe İndoneziya xalqı və hökuməti tərəfindən qəbul edilmiş dəyərlərə əsaslanır. 1945-ci il İndoneziya Respublikası Konstitusiyasının preambulasının 1-ci və 4-cü abzaslarında bütün təcavüz və işğal fəaliyyətlərini pisləyən və buna qarşı çıxan, eləcə də azadlıq, sülh və sosial ədalətə əsaslanan dünya nizamının həyata keçirilməsində iştirak öz əksini tapıb. İndoneziya parlamentinin Nümayəndələr Palatasının sədri Marzuki Əli Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayevlə görüşündə Dağlıq-Qarabağ problemində İndoneziya hökumətinin birmənalı mövqenümayiş etdirəcəyini vurğulayıb. Marzuki Əli Dağlıq Qarabağ probleminin sülh yolu ilə, BMT tərəfindən qəbul olunmuş 4 qətnamə əsasında həllinin tərəfdarı olduğunu nəzərə çatdırıb.

 

Xatırladaq ki, bu baxımdan İndoneziyanın Palembanq şəhərində 2012-ci ilin yanvarında keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin Parlament İttifaqının Konfransında qəbul edilmiş qətnamə ölkəmizin ərazi bütövlüyü üçün önəm kəsb edir. Belə ki, Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında 15-PE/7 – CONF saylı qətnamədə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Ermənistanın nəinki təcili şəkildə BMT-nin qəbul etdiyi qətnamələrə əməl etməsini, o cümlədən Ermənistan və Azərbaycan arasında problemin sona çatdırılması üçün edilən bütün diplomatik səyləri alqışlayır. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı həmçinin 21 il əvvəl Xocalıda baş vermiş soyqırım faktının ədalətli və layiqli həlli üçün çağırış edib. İndoneziyanın Dağlıq Qarabağ problemində nümayiş etdirdiyi prinsipial mövqeyi digər müsəlman dövlətlərinə örnək olmalıdı. Tarixdən bizə məlumdur ki, İndoneziya öz daxili və xarici problemlərini sülh yolu ilə həll edib. Bu da bir çox başqa ölkələrdəki münaqişələrin həlli üçün bir modeldir.

 

Fuad Hüseynzadə

“KarabakhİNFO.com” 

01.05.2014 12:41

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*