Azərbaycanca

Mübariz Əhmədoğlu: Atəşkəs rejiminin araşdırılma mexanizmi topoqrafik baxımdan mümkünsüz, hüquqi-siyasi baxımdan ağırlaşdırıcı və çox xərclidir

02.10.2015 | 11:22

trend_mubariz_ahmadoglu_050613_2

Amerikalı həmsədr Ceyms Uorlik Dağlıq Qarabağ tənzimlənməsində detallara toxunmaqla yenidən müəyyən canlanma yarada bildi.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhəddində baş verən insidentləri tədqiq etmək üçün səs və işıq detektorlarından ibarət xüsusi qurğuların yerləşdirilməsi ideyası topoqrafik baxımdan mümkünsüzdür, hüquqi-siyasi baxımdan vəziyyəti ağırlaşdırır, mürəkkəbləşdirir və maliyyə baxımından çox xərclidir:

ı. Qoşunların təmas xəttinin topoqrafiyası və ya coğrafi relyefi nəzərdə tutulan qurğularla yalnız Kalaşnikov avtomat, snayper gülləsi və kiçik çaplı toplardan açılan atəşlərin istiqamətini müəyyənləşdirməyə imkan verir. Raket zərbələrinin istiqamətini müəyyənləşdirə bilməz.

ıı. Bu qurğuların quraşdırılması tərəfləri hərbi əməliyyatlarda qısa müddət ərzində daha böyük nəticə əldə etməyə təhrik edəcək. Bu isə daha iri çaplı raketlərin, “Smerç”lərin və “TOS-1A”ların işə düşməsinə səbəb olacaq. Hərbi aviasiya aktivləşə bilər.

ııı. Bu qurğuların ümumi büdcəsi təxminən bir neçə milyon dollardır. Xidmət xərcləri də var. Maliyyə çətinliyi dövründə ATƏT üçün bu vəsaiti ayırmaq çətindir.

ıv. ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupu mürəkkəb əyrilikli coğrafi relyefdə raket zərbələrinin istiqamətini müəyyənləşdirilməsinin mümkünlüyünə müsbət rəy verməyəcək.

v. Azərbaycan bu qurğuların qoşunların təmas xəttində yerləşdirilməsinə icazə verə bilməz. Bu Ermənistanın Azərbaycan ərazisində hüquqi diktəsi deməkdir; Bu status kvonun qorunub saxlanması anlamındadır; Bu danışıqları yubatmaq üçün Ermənistana nə qədər vaxt verən mexanizmdir; Bu “qoşunların təmas xətti” anlayışını “dövlət sərhədi” anlayışına qədər legitimləşdirən addım ola bilər.

vı. Azərbaycan iki istiqamətdə ATƏT MQ-nin bu təklifinə qarşı mübarizə apara bilər. Birincisi, ATƏT-də qərarlar konsensusla qəbul olunur. Bu halda konsensus Ermənistanın ziyanına işləyəcək. İkincisi, Azərbaycan ATƏT-in büdcəsinə ayırdığı vəsaiti dayandıra bilər.

vıı. Ermənistan və Azərbaycan müdafiə nazirliklərinin rəsmi məlumatlarında ağır silahlardan istifadə barədə informasiyalar yayılır. Bu da atəşkəs rejiminin araşdırılma mexanizminin tətbiqini əhəmiyyətsiz edir.

Politoloqun sözlərinə görə, bu mexanizm Ermənistan üçün hərbi anlamda vacibdirsə, həmin qurğuları Azərbaycanla dövlət sərhəddinin öz tərəfində qurub, eksperiment apara bilər.

M.Əhmədoğlu sonra bildirib ki, Azərbaycan danışıq prosesində Ermənistanın səmimiliyinə inanmır. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünü qadağan edən S.Sərkisyanın qoşunların təmas xəttində hərbi insidentləri tədqiq edən mexanizmləri dəstəkləməsinə vasitəçilərin münasibəti obyektiv vasitəçilik missiyasından çox uzaqdır.

Politoloq hesab edir ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqu ən asan başa gələn və ən az xərc tələb edən etimad tədbiridir: “Bunun baş verməsi üçün S.Sərkisyan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünə qoyduğu qadağanı aradan qaldırmalıdır. Faciədir ki, vasitəçilər bu günədək Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqu etimad tədbiri kimi rəsmi şəkildə tərəflərə təqdim etməyib”.

Trend.az

02.10.2015 11:22

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*