Azərbaycanca

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi əməliyyatların başlanmasının öz metodologiyası var və fəaliyyətdədir

18.09.2015 | 12:15

trend_mubariz_ahmadoglu_main_1

Bir qrup ekspert, o cümlədən Hamburq universitetinin professoru Otto Lyuxterxandt Azərbaycanın müharibəyə başlayacağının pik dövrünün arxada qaldığını proqnozlaşdırırlar. Bu ekspertlərin fikrincə, Azərbaycan resurs dövlətidir, dünya bazarında neftin qiyməti aşağı düşən kimi Azərbaycanın imkanı zəifləyir. Ermənistan isə dinamik iqtisadi inkişaf modeli seçməli olan dövlətdir. Ermənistanda sabitlik var. Ona görə Ermənistan Azərbaycandan üstündür.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi “Qarabağ saatı”nda deyib.

Politoloq bildirib ki, belə fikirləri ermənilər səsləndirəndə erməni psixologiyasının və ya xəstə təxəyyülünün məhsulu kimi başa düşmək olar: “Amma xarici ekspertlər belə şərhlər verəndə onların erməni olmadığına inanmaq mümkün deyil. Azərbaycanla Ermənistanın hətta indiki start vəziyyətini götürsək belə, Azərbaycan xeyli üstündür. Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə nefti, qazı unudaq. Bu gün Azərbaycanın 50 milyard dollarlıq qızıl valyuta ehtiyatı var. Azərbaycan beynəlxalq iqtisadi layihələrin reallaşdığı məkandır. İranla “Altıqlıq” arasında imzalanmış müqavilə İranı regional və beynəlxalq miqyasda iri layihələr reallaşdırmağa sövq edir. Yayılan bütün məlumatlarda İranın Azərbaycanla iqtisadi əməkdaşlığa böyük önəm verdiyi aşkar görünür. İranın öz qazını Avropa bazarına çıxarmaq üçün hazır infrastrukturu yoxdur. İran birdən-birə ildə 50-60 milyard m3 qaz hasil edib, bunu Avropaya sata bilməz. İran işə tədricən başlamalıdır. Bu məsələdə İran üçün ən sərfəli infrastruktur məhz Azərbaycandadır”.

M.Əhmədoğlu qeyd edib ki, beynəlxalq enerji layihələrinin reallaşması xeyli infrastruktur layihələrə təkan verib, bundan sonra da verəcək: “Dağlıq Qarabağın işğaldan azad edilməsi Azərbaycanın iqtisadi həyatında real inqilab yarada bilər. 10 il ərzində təxminən 300 milyard dollarlıq bərpa xarakterli layihələr reallaşdırıla bilər. Azərbaycan üçün bu böyük rəqəmdir. Azərbaycan hətta indiki start vəziyyətində belə perspektivlərə malikdir. İqtisadi, siyasi fəal vətəndaşlar Ermənistanı tərk edirlər. Hətta bu fonda mitinqlər və həbslər var. Ciddi ekspert Ermənistanda sabitliyə istinad edə bilməz. Ermənistanın xarici borcu ÜDM-in 50%-ini ötüb keçib. Hətta Rusiyada maliyyə böhranının ardıcıl davam etməsi də erməni iş adamlarının pulunu Ermənistana gətirməyə şərait yaratmayıb. Rəsmi Yerevan dünya ermənilərinin maliyyə resurslarını Ermənistana cəlb etmək üçün xeyli layihələr, təşəbbüslər irəli sürüb. Bu layihələrin içərisində 1 dollarlıq layihələr də var. Amma ən geniş layihə vahid erməni bankının yaradılmasıdır”.

Mərkəz rəhbəri sonra vurğulayıb ki, məqsəd dünyada olan bütün erməni iş adamlarının bu bankda min dollarlıq hesab açmasına nail olmaqdır: “Bu ideyanın real 10 yaşı var. Hətta S.Sərkisyan və onun qohumları da bu bankda hesab açmayıblar. Ermənistanın mühüm iqtisadi seqmentləri öz əlində deyil, RF-in əlindədir. Ona görə erməni diasporasının Ermənistana irili-xırdalı investisiya qoyması mümkün deyil. Eləcə də, Ermənistana investisiya qoyan diaspor təmsilçilərinin başına olmazın oyunlar açılıb. İran kimi iri dövlətlər də Ermənistan ərazisində iri layihələr reallaşdıra bilməzlər. Çünki Ermənistan müstəqil deyil. İranın bir çox layihələri Ermənistan ərazisindən başqa bir dövlətin diktəsilə əlindən alınıb, qarşıdakı layihələri də analoji tale gözləyə bilər”.

Politoloq hesab edir ki, Azərbaycanın müharibəyə başlaya bilməyəcəyilə bağlı proqnoz verənlərin böyük əksəriyyəti Türkiyənin daxili vəziyyətinə söykənirlər: “Guya Türkiyə Azərbaycanın əsas donor dövlətidir, Türkiyə zəifləyibsə, Azərbaycanın resursları məhdudlaşıb. Hərbi təlimlərin hərbi əməliyyatlara çevrilməməsinin səbəbi isə Azərbaycandan fərqli görünür:

– birincisi, bu yuxarıda sadaladığımız vəziyyətdir. Azərbaycanı idarə edənlərin ağlı və siyasəti var, hökmən baş verənlərin təhlili aparılmalıdır;
– ikincisi, Türkiyənin daxili vəziyyəti qeyri-müəyyəndir. Parlament seçkilərində hökumət qurulmalıdır. Türkiyə erkən seçkilərə getdi. Belə vəziyyətdə Azərbaycanın müharibəyə başlaması Türkiyənin daxilində əlavə gərginlik mənbəyi yarada bilərdi;
– üçüncü səbəb isə BMT TŞ-nin fəaliyyətilə bağlıdır. Hər il yayda BMT TŞ ən azı 2 ay “dincəlirdi”. Bu il BMT TŞ Ukrayna, Suriya, İran və s. məsələlərlə əlaqədar demək olar ki, daimi fəaliyyətdə oldu”.

M.Əhmədoğlu onu da bildirib ki, Azərbaycan müharibəni başlayarkən bu amilləri nəzərə almalı idi: “Azərbaycan müharibə variantından əl çəkməyib, sadəcə, öz metodologiyasına uyğun şəkildə hərbi potensialını genişləndirir, inkişaf etdirir. Minaatan, qumbaraatan müharibəsi raket müharibəsinə çevrilmək ərəfəsindədir. Ermənilərin iddialarına görə, Azərbaycan Türkiyə istehsalı olan TR 107 raketlərindən istifadə etməyə başlayıb. Azərbaycan və Ermənistan mətbuatı hər gün qoşunların təmas xəttində toqquşmalar barədə məlumat yayırlar. Erməni mətbuatının yazdığına görə, Azərbaycan tərəfi Tavuş rayonu istiqamətində yeni yol çəkir. Bu yol ağır hərbi texnikanı daşımaq üçün nəzərdə tutulub. Azərbaycanın hərbi-texniki sahədə Rusiya ilə əməkdaşlığının miqdarı çoxdan Rusiya-Ermənistan əməkdaşlığını ötüb, keçib. Digər tərəfdən diplomatiya, dinc yolla tənzimlənmə demək olar ki, ölüb”.

Trend.az

18.09.2015 12:15

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*