Azərbaycanca

Mübariz nəslin cəsur oğlu

06.07.2013 | 13:18

1373102725_lham-dayiHər dəfə xalqımızın qəhrəman oğulları haqqında yazanda mən müəllif olaraq kənarda qalırdım. Yəni istər-istəməz yazıda ikinci şəxs olurdum. Bu yazıda da nə qədər çalışdımsa kənarda qalım, amma mümkün olmadı. Çünki bu, həm xatirə yazmağın qanunlarına uyğun gəlmirdi, həm də mənə doğma olan insanla bağlı olduğundan mümkün deyildi. Əslinə qalsa bunlar xatirə də deyil, 20 ildən çoxdur özümlə “böyütdüyüm” ağrılardır ki, indi qələmə alıram. Xəstə həkimə öz ağrılarından necə şikayət edirsə, mən də burada 20 illk xatirə dolu ağrılarımdan söz açacağam. Axı, dərdi danışdıqca insan yüngülləşir… Bir də bəzən insanın içində elə hisslər var ki, onlar illərlə qalır, böyüyür və nəhayət qəlbə sığmır. Ona görə də insanı narahat edənləri yazmayanda onu ağrıdır.

 Erməni təcavüzünə qarşı mübarizədə xalqımız 20 mindən çox şəhid verib. Dörd min nəfərdən çox həmvətənimiz əsir, itkin düşüb və girov götürülüb. Bu yazımın qəhrəmanı qəlbi hər zaman vətən eşqi ilə döyünən mənim dayım, gizir İlham Aslan oğlu İsmayılov da onlardan biridir. O çox əlamətdar bir gündə, 1966-cı ilin ilk günündə Cəlilabad rayonunun Göytəpə qəsəbəsində anadan olub. Şəhər orta məktəbini, sonra  isə 108 saylı texniki peşə məktəbini bitirdikdən sonra hamı kimi hərbi xidmətə yollanıb. 1983-85-ci illərdə Qazaxıstanda hərbi xidmətdə olub. Elə onun ermənilərə qarşı ilk mübarizəsi də o vaxtdan başlayıb. Söz gotürməzlik, həmişə öncüllük onun xarakterik xüsusiyyətlərindən idi. Buna görə də hərbi hissədə ermənilərin at oynatmasına dözə bilmirmiş. Nəhayət hər gün davam edən erməni-müsəlman davasının sonu İlham tərəfindən üç erməninin əsgər beli ilə başının yarılması ilə nəticələnmişdir.

 Onun müstəqil həyata atılması Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəyə başlaması illərinə təsadüf edib. Hərbi xidməti başa vurduqdan sonra Bakıda Gəmi Təmiri zavodunda işə düzəldi. Eyni zamanda İnşaat İnsitutuna qəbul olmaq üçün hazırlıq kursunda oxuyurdu. Lakin həmin vaxtlarda Meydan Hərakatının ən qızğın zamanları olduğundan dərsdən çox, nümayişlərdə iştirak edirdi. Müəllimlərin etirazına səbəb olsa da Azadlıq meydanında xalqın haqq səsinə səs verməyi hər şeydən üstün tuturdu. Məhz bunlara görə İnşaat İnsititutuna qəbul ola bilməyir. Bundan sonra Maliyyə-kredit Texnikumuna qəbul olub orada təhsil alır.

 Müstəqillik, həyatda qarşılaşdığı çətinliklər, Qarabağ cəbhəsində erməni yağılarının törətdikləri vəhşiliklər İlhamın düşmənə qarşı qəzəbini gündən-günə artırırdı. Xüsusən 1990-cı ilin Qanlı Yanvar hadisəsi onu tamam başqa İlham elədi. Həmin gecə o da şəhərdə idi. Gördükləri vəhşiliklərə dözə bilmirdi. Həm də iş yoldaşı və ən yaxın dostlarından biri, adaşı, ölümündən sonra Fərizə ilə adı dastana çevrilən  İlham da o gecə şəhid oldu. Bu, dayımı çox pis sarsıtdı. O gündən sonra İlham dayım ancaq milli azadlıq, vətənpərvərlik, mübarizlikdən danışırdı.  Şuşanın işğalından sonra isə o bu vəhşiliklər dözə bilmədi. Könüllü olaraq cəbhəyə yollandı. “N” saylı Xüsusi Təyinatlı hərbi hissənin döyüşçüsü kimi Şuşanın Zarıslı, Turşsu kəndləri, Laçın, Zəngilan və Ağdərənin müdafiəsində iştirak etdi.

 Maraqlıdır ki, hələ müharibəyə getməmişdən qabaq özünü müharibədə qarşılaşacağı çətinliklərə hazırlayırdı. İdmanın karate növü ilə məşğul olurdu. Hətta, Respublika üzrə keçirilən yarışlarda iştirak edib mükafatlara layiq görülür. Bəzən olurdu ki, günlərlə yeməkdən imtina edirdi. Ancaq su içməklə kifayətlənirdi. Bir dəfə onu belə görəndə bunun səbəbini soruşdum. Dedi ki, müalicə məqsədilə edirəm. Amma sonralar başa düşdüm ki, müharibədə hərbiçilərin ac qalan günləri olduğu üçün  o bunu edirdi. Çünki, bir dəfə iki-üç günlüyə evə gələndə, danışırdı ki, 15 gün ermənilərin mühasirəsində qalıblar. Belə ac qalmaq mühasirədə onun köməyinə çatıbdır. Yeri gəlmişkən, həmin zaman özündən başqa üç nəfər döyüşçünün də mühasirədən çıxmasında xüsusi qəhrəmanlıq göstəribdir.

 Son döyüşu Ağdərənin Levonarx bölgəsinin müdafiəsi zamanı olub. Döyüş yoldaşlarının dediyinə görə, 1993-cü ilin 23 iyulunda birinci döyüşləri çox uğurlu olub. Ermənilərin xeyli qüvvələrini məhv ediblər. Döyüş zamanı İlham dayım düşmən səngərinə daxil olaraq ermənini öldürüb, pulemyotunu götürüb. Eyni zamanda ayağından yaralanmış döyüş yoldaşlarından birini səngərdən, düşmən əlindən qurtarıbdır. Həmin gün günortadan sonra isə, ikinci döyüşə giriblər. Yarım saata qədər atışma olub. Sonradan qüvvəsini artıran ermənilərin güclü atəşinə məruz qaldıqlarına görə bizimkilər tutduqları mövqelərdən geri çəkilməli olublar. Lakin güclü güllə yağışı altında hərəkət etmək mümkün olmayıb. İlham və ondan başqa iki nəfər səngərdə qalıb ermənilərin qarşısını alıblar ki, digər yoldaşları oradan uzaqlaşa bilsinlər. Bundan sonra onların heç birindən xəbər yoxdur.

 O gündən İlhamın adı sorağı bilinməyən igidlərin sırasına düşüb. Onun tapılması üçün bütün axtarış tədbirlərinə əl atılıb. Həmin ərazilərdə dayılarım günlərlə axtarış aparıblar. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına və  Azərbaycan Qızıl Aypara Cəmiyyətinə müraciət olunub. Onlar da bu işlə hərtərəfli məşğul olsalar da hələ ki, İlhamın sonrakı taleyinə aydınlıq gətirmək mümkün olmayıb.

İtkinlik, gözü yolda qalmaq İsmayılovlar nəslinin elə bil ki, alın yazısıdır. Sanki Tanrı bu nəslin nümayəndələrinin dözümünü, mübarizliyini insan itkisi ilə yoxlayır. Hələ İkinci Dünya müharibəsində dayımın əmisi Malikəjdər itkin düşüb. Görünür, buna görədir ki, 60 ilə yaxın qardaş yolunu gözləyən babamın ürəyi oğul itkisinə tab gətirə bilmədi. Dayımın itkin düşməsindən az müddət keçməmiş infarkt keçirdi və iki il xəstə yatdıqdan sonra dünyasını dəyişdi. Neçə-neçə kimsəsizi, evsizi, gənci evləndirib ailə başçısı edən babam, öz sonbeşiyinin toy sədasını eşidə bilmədi …

 Sən demə, vətən sevgisi əsl igid üçün valideyn, bacı-qardaş, nişanlı və s. sevgisindən üstün olurmuş. Bu qədər gözü yolda qalanlar bir tərəfdə olur, torpağa məhəbbət isə bir tərəfdə. Bu iki seçim femidasında ikincini seçməkdən böyük qəhrəmanlıq ola bilməz. İlham da ikincini seçdi. Doğmalarından, 19 vüsalını gözləyən əhdi-peymanından keçdi …

 Onun toyu üçün hər bir tədarük görülmüşdü. Bircə toy mərasimi qalırdı. Hər dəfə evə gələn zaman ona “toyunu edək” deyənlərə, cavabı belə olurdu: “Mən necə bəy çıxım? Gözümün qabağında neçə-neçə igid qanı axıdılır. Bundan sonra mənim üzüm necə gülsün. Onların qisasını almayınca mən rahat ola bilmərəm.”

 Müharibə, qisas hissi onun gözünü tutmuşdu. Sonuncu dəfə evə gələndə gözlərinə baxa bilmirdim. Sanki onun gözlərində müharibənin od-alovu, dəhşəti parlayırdı. Buna görə də o, bəy çıxmadı, amma səngərə çıxdı. Səngəri özünə bəy evi, silahını isə yoldaş bilərək düşmənə toy tutdu.

 Mübariz nəslin cəsur oğluBu gün onun bəylik evinin açarını Sara nənəm sinəsinin üstündə saxlayır. Oğul nisgilini, övlad itkisi dərdini qəlbində saxladığı kimi… Yaşı səksəni keçmiş bəyaz telli nənəm  gözlərini yollara dikib İlham deyib gözləyir. Gündüzlər oğlundan danışıb həsrəti ilə yaşayan nənəm gecələr yuxusunda da ondan soraq gözləyir. Mən dəfələrlə onun yuxuda “Hardasan, ay İlham, niyə gəlib məni bu dərddən qurtarmırsan?” deməsini eşitmişəm.

– İtki çox pis şeydir bala. Adamın evindən nəsə bir şey itəndə ona görə günlərlə narahat olursan. İndi gör ürəyinin parası olan oğlunu itirəsən. Bir ana üçün bunda böyük itki, bundan böyük mənəvi zərbə ola bilməz. Ilham mənim sinəmə bir dağ çəkdi. Allah heç kimə oğul yarası vurmasın. Mənim çəkdiyim dərdi heç kim çəkməyib. Gecələr yatanda o gün olmasın ki, İlhamı yuxumda görməyim. Əlimdən gələn, oturub ağlamaqdır. Artıq gözlərim də ağlamaqdan zəifləyib. Bircə arzum var ki, ölməyəydim, İlhamın gəlməyini görəydim. Ondan sonra 3 gün yaşayım, bəsimdir.

 Azərbaycan xalqı üçün bu gün vətənpərvərlik, dözüm və düşmənə qarşı nifrət hissi yaradan təbliğata böyük ehtiyac vardır. Dayım da, bizə dərs keçirmiş kimi yalnız bunları aşılayırdı. Ümumiyyətlə, O, mənim yadımda bir patriot-müəllim kimi qalıb. Ən kiçik bir şeyə diqqətli olduğundan biz onun yanında olanda həmişə çalışırdıq ki, ehtiyatlı olaq, hansısa bir səhv hərəkət etməyək. Çünki, bilirdik ki, o dəqiqə reaksiya verib tənbeh edəcək. Və bu gün də onun tənbehlərinin, keçdiyi vətənpərvəlik dərslərinin bəhrəsini görürük… Amma bu dərslər bitməyib. Ümidlə gözləyirik ki, 27 yaşında müharibəyə yola saldığımız İLHAMIMIZ 20 illik fasilədən sonra gəlib 47 yaşında həmin dərslərin davamını bizə keçəcək. Belə uzun ayrılığa son qoyaraq, qəlbini göynəyə-göynəyə qoyduğu bütün gözü yolda qalanlarının ümid çırağını yandıracaq.

Fuad Hüseynzadə

“KarabakhİNFO.com”

06.07.2013 13:18

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*