Azərbaycanca

Muğan Pənahov: “Ermənilər bizə tələ qurmuşdu’

18.05.2012 | 14:59

1337333376_images-1“…İrəlidə meşədə bir yazıya rast gəldik. Orada “sağa dönün” yazılmışdı. Sevindik, düşündük ki, bizdən əvvəl xilas olan insanlar sonradan gələnlərə kömək etmək üçün yazıb bunu. Ancaq o istiqamətdə irəliləyəndə atılan atəş yanıldığımızı göstərdi…”

 

Muğan Pənahov 9 il idi, ailəsi ilə Xocalıda yaşayırmış . Deyir ki, əvvəllər də Xocalıya dörd bir tərəfdən atəş açılırdı. Bu zaman isə daha çox uşaqlarının taleyini düşünürdü. Çünki raket atəşinin çıxardığı səslər qızlarını çox qorxudurdu.

 

— Xocalıya hücum necə başladı?

 

–Həmin gecə saat 9 radələri olardı. Gördük ki, 366-cı motoatıcı alay hərbi texnika ilə Xocalını mühasirəyə alıb. Əvvəlcə bir fişəng atıldı. Sonra hər tərəfdən Xocalı bombardman olundu. İmkan olmadı, çıxmağa. Xocalıdan yuxarıda fin evləri yanmağa başladı. Əvvəllər də hücum-atışma olurdu, sonra səngiyirdi. Qızlarım Mətanətlə Lətafətin 6 və 4 yaşı var idi.Ermənilər Xocalıya Alazan raketi atılanda qorxurdular, odur ki, onları vertalyotla iki ay qabaq Laçına atamgilə göndərmişdim. Ancaq sonuncu hücum həmin atışmalardan olmadı. Həsənabad tərəfdən çoxlu texnika cəmləşdiyini gördüm. Camaat başını götürüb meşəyə tərəf qaçmağa başladı. Pərən-pərən olduq, bir-birimizdən ayrı düşdük.

 

— Meşədə nə baş verdi?

 

— Meşədə camaat dəstə şəklində irəliləyirdi. Ermənilər meşədə də camaatı atəşə tuturdular. Bizim dəstə bir az yol gedəndən sonra irəlidə yazıya rast gəldik. Orada Azərbaycan dilində “sağa dönün”- yazılmışdı. Biz sevindik, düşündük ki, bizdən əvvəl xilas olan insanlar sonradan gələnlərə kömək etmək üçün yazıb bunu. Biz meşədə azmışdıq, hər tərəf qar olduğuna görə yolu tanımırdıq. Həmin yolla getməyə başlayanda qayalığa rast gəldik, meşədən çıxmışdıq ki, qarşıdakı yuxarı təpədən bizi atəşə tutdular, tələyə düşmüşdük, ermənilər qəsdən o yazıları meşəyə qoymuşdu . Özümüzü dərhal yerə atıb uzandıq. Abdulla adlı kişinin alnından güllə dəydi, ordaca həyatını itirdi. Axşam bir təpənin yanında fermanın arxasına yığışdıq. Gecəni gözlədik ki, rahat yolumuza davam edək. Sonra olduğumuz yerləri Ağdamın Gülablı kəndinə oxşatdım. “Ay camaat, bura deyəsən Gülablıdır, xilas olmuşuq”– deyəndə çoxları inanmadı, şübhə ilə yanaşırdılar xilas olmağımıza. Ancaq biz doğurdan da Gülablıda idik. Meşə ilə bizim dəstədə olan insanlar iki günə Ağdamın Gülablı kəndinə çatmışdı.

 

— Yanınızda kimlər var idi?

 

— Qardaşım, qaynatam, anamın dayısı mənimlə idi,taqətimiz qalmamışdı, üstəlik meşədə qəlpə yarası almışdım. Həmin gün heç yadımdan çıxarda bilmərəm. Mərkəz adlı yaxın qohumum güclə yeriyirdi, ayaqlarını don vurmuşdu, qardaşına yalvardı ki, onsuz da yeriyə bilmir, ermənilərin əlinə keçməkdən qorxur:“məni öldür, daha getməyə gücüm yoxdur”—deyirdi.

Qardaşı ürək eləmədi, onu öldürməyə. Sonradan onlar da min-bir əziyyətlə xilas oldular. Meşədə qaçanda bir neçə nəfər Ahısxa (Məshəti) türkünün meyidinə də rast gəldim. Onların simasını hələ də unuda bilmirəm.

 

 

Əfsanə BAYRAMQIZI

18.05.2012 14:59

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*