Azərbaycanca

Müharibənin qızı

21.01.2013 | 17:29

1358774928_docvoyna19 ildən sonra əməkdaşımız Dağlıq Qarabağda qaçqın dəstəsi ilə birgə yürüyən qadını və qızını tapdı. Müharibə hücum gecəsi anadan olmuş qızın yaxasından hələ də əl çəkməmişdi.
Mən onunla Qarabağda 1992 ci il 26 fevral səhərinin alaqaranlığında tanış olmuşdum.

Dörd uşağı ilə birlikdə əsir idi. Mən isə müharibəni işıqlandırmağa gəlmiş və onu əsir götürənlərlə birgə olan jurnalist idim. İlk əvvəl onu yox, bizə doğru gələn qəribə qar dumanını gördüm. Sonra inilti, qışqırıq və uşaqların ağlaşma səsləri eşidildi. Duman çəkildi, əsasən qadın və uşaqlardan ibarət olan yarımçılpaq bir dəstə göründü .O, bu dəstənin lap axırında gəlirdi, yalın ayağına geydiyi qaloşu sürüyərək tez-tez dayanır, uşaqlarının geridə qalmamasına nəzarət edirdi. Dörd uşağı vardı, ikisi analarınin dalınca yıxıla-dura özləri gedirdi, ayağı və başı qəlpələrdən yaralanmış üçünçü oğlu və yenicə doğulmuş qızını isə özü qucağında aparırdı. Körpə gün yarımlıq idi.

İkinci eşalonda həkimlərlə birgə olduğumdan, əsirliyinin ilk dəqiqələrini görməmişdim.
Biz yanaşı addmlamağa başıadıq. Qar və palçıq tufanından irəliləmək çətin idi, körpəni ondan aldım və gödəkçəmin altında gizlətdim. Tünd qırmızı rəngli böyük bir gödəkcəm vardı və mənə elə gəlirdi ki müharibədə məni qoruyur. Əslində isə əla nişangah idim, yalnız təsadüf məni ölümdən və yaralanmaqdan xilas etmişdi.

Hücum edənlərin hamısının qolunda ağ sarğı var idi. Mənim qolumdakı sarğı isə yoxa çıxmışdı. Arxadan atla gələn əsgər anlaşılmaz və qulağımı qıcıqlandıran dildə nəsə bağırarıb silahın qundağı ilə kürəyimə bir neçə dəfə ilişdirərək məni irəli itələdi.

Kürəyimə dəyən zərbə yaddaşımda ömürlük qaldı. Məhz o zərbə mənə yer üzündəki HƏR BİR əsirin hiss etdiyi ƏSAS həqiqəti yaşamağa məğbur etdi: tam hüquqsuzluq. Mən, bir “heç kimə”, əsgərlərin ayaq tozuna çevrildim. Sivilizasiya yox oldu, zaman dayandı, dünya kiçildi, mən qaldım, bir də məni silahın qundağı ilə vuran məxluq. Bir də qorumalı olduğum körpə qalmışdı.

Müharibənin qızıBütün bunlar bir neçə an çəkdi, məni tanıyan biri yaxınlaşdı, o dəqiqə aydınlaşdı ki əsirlərdən biri deyiləm, hətta deyəsən üzr də istədilər…Nə fərqi var – yaddaşımda onsuz da “HEÇ KİMSƏ” olmaq hissi qaldı.
Mənə elə gəlir ki, dərim ən kiçik hüceyrəsinə kimi o zərbəni xatırlayır.
Onların hamısısnı bir neçə gün əsirlikdə saxladılar. Narazılıq yaratsa da hər gün ona baş çəkirdim. Döyüşçü rəfiqələrimin biri isə uşaq paltarları, örtük və onun köhnə qaloşlarının əvəzinə uzunboğaz çəkmə gətirdi. Sonra onları qoşunların təmas xəttinə gətirərək dəyişdilər. Şərtlər yaddaşımdan silinib. Deyəsən onları sadəcə azad etdilər. Onlar qiymətli deyildilər – hər iki tərəfdən qiymətli olan əsgərlər idi, bir də başına pul qoyulmuş şəxslər. Mən onunla təmas xəttinə qədər getdim, böyük oğlu ayaqyalın gedirdi, qızı isə bircə kalqotqada idi. Örtüyə bürünmüş yaralı oğlunu və körpə qızını əsirləri təyin olumuş məntəqəyə ötürən silahlı nəzarətçilər növbə ilə aparırdılar. Kin harasa getmiş və yerini İncilin Çıxışından gələn hisslər əvəz etmişdi. Amma Sinay dağı əvəzinə Qarabağın zirvələri parlayırdı, üstəlik səmavi mannı da yox idi.

Ağlıma gəldi ki, ona bir qədər pul verim. Axtarış zamanı tapa bilməsinlər deyə pulu gizlətmək üçün xeyli fikirləşməli olduq. Nəhayət deyəsən onu üst geyiminin manjetində gizlətdi…
… Onları sarı rəngli köhnə avtobusa oturtdular və o mənim həyatımdan yox oldu,- mənə elə gəldi ki, həmişəlik. Deyəsən adı Mövluda idi – vurğu axırıncı hecanın üzərinə düşür. O kiçik bir xalqın – məhsəti türklərinin nümayəndəsi idi (məhsəti müsəlmanları desək daha ağıllı və düzgün alınar ). Mavi gözləri, sarışın saçları vardı.

O zaman bu hadisəni ölkənin ən yaxşı qəzeti “Moskva xəbərləri” dərc etmişdi. Kürəyində uşaq ağır-ağır irəliləyən bədbəxt insanın foto şəkli üz qabığında, iç səhifədə isə Mövluda liə birgə əsir düşənlərin və hücum edənlərin fotoşəkilləri çap edilmişdi. “Moskva xəbərləri” ağ-qara nəşr olduğundan gözünün rəngini ümumiyyətlə seçmək olmurdu…
Məhsəti müsəlmanlarının taleyi – ən bədbəxt talelərdəndir. Belə ki, orta statistik məhsəti bir ömür həyatında dörd sürgün yaşayıb. İlk dəfə 1944-cü il İosif Stalinin dövründə bütöv xalq Gürcüstandan Orta Asiyaya sürgün edilib, ikinci – 1989-cu ildə özbək Fərqanəsindən , qeyd edək ki, bir çoxları sürgündən sonra yenidən ora qayıdıblar. Üçüncü – 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağından – bura onlar Fərqanədəki sürgündən sonra gəlmiş və erməni-azərbaycan münaqişəsinin və müharibəsinin mərkəzinə düşmüşdülər. Dördüncü – 2004-cü ildə məhsətilərin Krasnodar vilayətində yerləşib əkinçiliklə məşğul olmaq istəyi qubernator Tkaçev və kazaklara təhlükə kimi göründüyündən viayətdən sürgün edilmişdilər.

Müharibənin qızıHadisələrin baş verdiyi yaşayış məntəqəsinin adını deməyin tam zamanıdır. Bu adı Azərbaycan və Ermənistanın hər bir sakini bilir. Xocalı şəhəri. Mənim Mövluda ilə Xocalıdakı görüşdüyüm gün və həmin dəqiqəyə qədər bir neçə yüz dinc sakin əsasən qadın və uşaqlar qətlə yetirilmişdi. Fevralın 25- dən 26 –na keçən gecənin gerçək hadisələri hələ də tam aydınlaşdırılmayıb, yalnız “Memorial”ın hesabatı bir az dolğun və obyektiv sayıla bilər.
Azərbaycan tərəfinin əlində olan Xocalıda yeganə işlək aeroport yerləşirdi və aydın məsələ idi ki, onun uğrunda çox ciddi döyüş gedəcək. Elə də oldu – aeroport insanların həyatından daha vacıb sayıldı. Şəhər uğrunda döyüşdə Rusiya ordusunun əsgər və zabit heyəti də iştirak edirdi. Kimə və necə xidmət etdikləri onların komandirlrinin vicdanına qalır. Mülki əhaliyə atəş açma əmrinin kim tərəfindən verildiyi və əmri yerinə yetirənlər də indiyə kimi naməlumdur.
Xocalı faciəsi heç zaman obyektiv ikitərəfli və ya beynəlxalq məhkəmə predmeti olmadı.
Tərəflər indiyə kimi kəlləşirlər və heç kim özündə cəsarət taparaq ilk addımı atmaq və sadəcə etdiyi əməli etiraf etmək istəmir. Hər iki tərəfin cəsarəti yalnız bir-birini güllələməyə və qırmağa çatdı. Elə belə də davam edəcək, öz uşaqlarını sevməkdən çox özgələrin uşaqlarına nifrət edəcəklər. Böyük nailiyyət deyil…
Çox güman ki, biz Mövluda və digərləri ilə şəhərin kənarında, onlar gizləndikləri ev və zirzəmilərdən qaçanda görüşmüşük. Atəşə tutulmuş və küçə döyüşləri gedən Xocalıda onlar sağ qalmaq üçün şəhərdən kənara, özləri də bilmədən hücum edənlərə tərəf qaçırdılar. Xoşbəxtikdən məhsətilər o dəqiqə əsir düşdülər və sağ qaldılar. Bu şəhərin kənarı və yaratdığı mübahisə ilə erməni – azərbaycan dünyasını titrədən“mülki əhalinin çıxması üçün dəhliz”in əks tərəfi idi.
Google Earth açıb bir zaman Mövludanın da yaşadığı həmin evləri görmək olar.
Bir neçə ay əvvəl azərbaycanlı jurnalist Şahin Haciyev məni jurnalistlərin münaqişə zonasında rəftarı mövzusunda seminara iştirak üçün dəvət etmişdi. Mən ona Mövludanın hekayəsini danışdım və biz onu axtarmaq qərarına gəldik.
Şahinin razılığı ilə yazışmamızın bir hissəsini dərc edirəm.

Vika: mən bilirəm ki, məshəti türkləri ilə sağ qalmış xocalıların cəmiyyəti var, bəlkə onlar kömək edərlər?, Əgər bu qadın sağ olsa idi, başına gələnlər həyatda nəyin daha vacib olduğuna dair ibrətamiz hekayə və misal ola bilərdi… Bu həmin qadının şəklidir. Hazırda yəqin ki, 50 yaşı var, bəlkə də daha çox: o şəraitdə insanın yaşını müəyyənləşdirmək çətin olur. Uşaqları ətrafında oturub. Daha heç kimi xatırlamıram. Biz onunla sadəcə uşağa görə yaxınlaşdıq.

Şahin: Mən Əsir və Girovlarla bağlı Dövlət Komissiyasına müraciət etmişəm. Əsir və girov düşmüşlərin siyahısında Mavluda adlı adam yovdur. Fotonun dəqiq harada çəkildiyini xatırlamırsınız?
Vika: Stepanakertdə və yaxud da şəhər kənarında. Bu əsirin məhz harada olduğunu xatırlamıram. Mənə elə gəlir ki, bu hansısa hərbi bina idi. Belə fikirləşirəm ki, ola bilər onu başqa cürə çağırırdılar, amma çətin. Həmin qadını və daşıdığım övladını sadəcə qucaqlaya bilsəydim. Bax əsl xoşbəxtlik onda olardı …

Şahin: Dövlət Komissiyasınada bildirirlər ki, hazırda məshətilər Azərbaycanın 4-5 şəhərində yerləşdiriliblər. Onların ağsaqqalı ilə əlaqə saxlamağa cəhd edərik. Ad dəqiqdirsə onu tapmaq çətin olmayacaq. Digər halda ancaq fotoya əsaslana bilərik. Bunun üçün də bütün bu şəhərləri gəzməli olacağıq ki, bu da çox çətindir. Heç təsəvvür edə bilməzsiniz ki, özüm necə həmin qadını tapıb sizin görüşünüzü təşkil etmək istərdim.

Şahin: Mənə dedilər ki, onun adı Mövcudə olub. Soyadını isə kimsə xatırlamır. Həyat yoldaşı müharibədə öləndən sonra bacısı onu Qazaxıstana aparıb. Bizim Qazaxıstanda da əlaqələrimiz var. Fotosunu ora göndərmişik. Lakin düzünü desəm ipucu itir, vaxtilə qonşuları olmuş dayı çox qocalıb və güman ki tarix və adları səhv salır. Qorxuram qalan müddət ərzində onu tapa bilməyək, lakin ümidimizi itirmirik.

Vika: Mən Gürcüstanda yaşayan məshətilərlə əlaqə saxladım. Görün jurnalist Klara Barataşvili mənə nə yazır: “Bacım Azərbaycanda Xocalı ilə əlaqəsi olan bir neçə adam tapıb. Onlar bu qadını təxminən tanıdıqlarını deyiblər (şəkli görməyiblər. Amma bu günlərdə kompüterdə şəklə baxmaq üçün məktəbə-bacımın yanına gələcəklər. ). Çox ehtimal ki, adı Mehribandır və o Sabirabad rayonuna gedib (Bu Azərbaycanın Muğan düzündə yerləşir ki, bizimkilər 58-ci ildən burada kompakt şəkildə yaşayırlar)”.

Şahin: Mövludə-Mövcud haqqında bizə məlumat verən şəxs məhz elə Sabirabaddan olan ağsaqqallardandır. Lakin o hələ fotonu görməyib. Dediyinə görə, Axıska kəndində yaşayıb, sonra isə gedib.

Vika: Mən belə fikirləşdim ki, əgər sizə Mövludanı tapmaq müyəssər olsa, qoy onu tapan hər hansı şəxs ondan xarici görünüşümü soruşsun.

Şahin: Axtarışlarımız gözlənilməz nəticə verdi. Haqqında sizə yazdığım adamın adı Sərvərdir – o da məshətidir və yerli polisdə işləyir. Fotoya baxan kimi dedi ki, bu Movcuda deyil. Adı Mehribandır və Azərbaycandan getməyib. Yerlisi çox əminliklə danışırdı. Fikirləşirəm ki düz yoldayıq. O Naftalan rayonunun Ağcakənd kəndində yaşayır. Bakıdan maşınla 7-8 saatlıq yoldur.

Vika: Mənə elə gəlir ki, sayı çox az olan bu əla humanist bir əhvalatdır və gəlib onu görməsəm böyük axmaqlıq etmiş olarıq. Və bunu etməkdən ötrü istənilən çətinliyə dözməyə də hazıram.

Şahin: Vika, oğlum Ağcakənddə olub, mən fotoşəkli görmüşəm. BU ODUR!!!”

Biz o qədər də böyük olmayan dağ kəndinin küçələri ilə gedirik, həyətə daxil oluruq və qarşıdan doğurdan da o gəlir – yüklənmiş, qocalmış, amma həmin ecazkar mavi gözləri ilə… Qapıda qucaqlaşıb uzun-uzadı ağlayırıq. Onun saçlarını, yanaqlarını sığallayram və qadınlarsayağı detalları sadalayıram, məsələn, dərin uşaq dərisi kimi gözəl və yumşaqdır..
– Sən rus dilində danışırsan?- soruşuram. – axı onda danışırdın..
– Yox, – cavab verir (Şahin tərcümə edir) – Daha danışmıram. Hər şey silinib beynimdən.
– İçəri gəlmək olar? Daşıdığım qızı görmək olar? – yenə soruşuram.
Mehriban başını tərpədir.
Kiçik səliqəli qaçqın evinin pilləkənləri ilə qalxırıq. İndi görəcəyim qızın adını Günay qoyub. Mənası “Günəş” və “Ay” deməkdir.
Qız kresloda oturaraq ayaqlarını altına yığıb. Onun yumşaq, arxaya daranmış saçları, hind liderləri kimi heç nə ifadə etməyən, qorxusuz və soyuq üzü var.
-Salam, Günay – deyirəm
Sussa da, özünü qucaqlamağa icazə verir.
-O xəstədir – Mehriban dillənir- Əvvəl yenə danışırdı, ancaq artıq 5 ildir ki, bir kəlmə də kəsmir. Bilmirik nəyi başa düşür, nəyi yox.
Çaşqınlıq içində soyuq çöhrəyə baxıram. Sonra burnumu çəkərək mızıldanıram:
-Vacib deyil, başa düşür, ya yox. Bəlkə də indi başa düşmür, sonra anlayar. Sən ona de ki, bir zaman ikigünlük olanda, mən onu qucağımda daşımışam.
Şahin tərcümə edir. Günay laqeyd halda qulaq asır, gözləri məndən keçib sonsuzluğa dikilib.
Mehriban söhbətə başladı:
-Onu zirzəmidə dünyaya gətirmişəm. Güclü atəş vardı, bir neçə qonşu ilə birgə zirzəmidə gizlənmişdik. Elə uşaq da hamının gözü qarşısında dünyaya gəldi. Fevralın 23-ü idi. Zirzəmidə iki gün də oturduq. Atəş dayanmadığından bizimlə olan iki kişi təklif etdi ki, ağ bayraq götürüb çıxaq. Qaldırdıqları ağ bayraqla çölə çıxan kimi onları güllələdilər, bizi isə əsir götürdülər. Yoldaşım elə həmin gün həlak olmuşdu, mən isə bundan xəbərsiz idim. Traktorçu idi, fiziki cəhətdən güclü idmançı idi, aeroportu qoruyan milis dəstəsinə götürmüşdülər, orda da həlak olmuşdu. Sonra meyidini dəyişdirdilər və mən yoldaşımı dəfn edə bildim.
Bizi qovanda, birdən-birə yaddaşımı itirdim, sonra bir də ayıldım ki, çağa yoxdur. Görünür, qucağımdan salmışdım, təzədən dəli kimi geriyə qayıtdım, qarın üstündə tapdım onu. Sağ qaldı, amma belə…
Hamımızı qarın üstündə oturtdular və icazə verdiər ki, ocağı yandıraq. Uşaqlar yemək istəyirdilər, onlara dedilər ki, odey qar, bölüşdürün, yeyin. Belə də oturduq. Sonra bir neçə nəfəri, eləcə də uşaqlarla məni maşına mindirib əsir kimi apardılar. Südəmər uşağım var idi deyə, orada mənə kolbasa buterburodu və çay verdilər…
Bu əhvalatın istənilən sonluğuna hazır idim: qızın xəstə olmasına da, həyatda olmamasına da, ərə getməsinə də, qohumları ilə yaşadığına görə onu görməməyə də, amma Günayın anlaqsızlığı məni tam ümidsizliyə və çıxılmaz dalana dirədi. Günayın başına gələnlərlə müqayisədə bütün qalan həyat, bütün sevinc və qələbə, bütün nailiyyətlər haradasa uzaqda qaldı və təmamilə lazımsız və mənasız göründü. Həyəcan, vahimə və sıxıntı dalğası məni bürüdü.
Axı, ay qatil və əclaflar, Günay sizə neyləmişdi?!
Neyləmişdi axı?
Nə?
… Bütün axşamı qədim bütlər kimi ayaqlarını çarpazlayaraq tərpənmədən önünə baxaraq oturdu. Günay susmaqla varlığını nəzərə almadan həyatını bərbad etmiş bu zalım dünyadan ayrılmışdı. Günəş və Ay eyni zamanda, O – bir İttiham və Vicdan İlahəsi. Mövcud dinlərin hansında belə ilahənin varlığının mənimçün fərqi yoxdur. Ola bilər heç olmayıb da. Amma indi var – Azərbaycanın atılmış dağ kəndi Ağcakənddə. Bu anası onu dünyaya gətirdiyi yerdən cəmi 60 kilometr aralıdadır. Göründüyü kimi yer və zaman yanlış.
P.S. “Yadındadır, Mehriban birdən dilləndi – mənə adresini və telefon nömrəni vermişdin ki, döysələr və ya halım pisləşsə, sənə xəbər edim. Mən o kağızı sonradan Ağdamda itirdim, zəng də edə bilmədim…”.
P.P.S. İlin dörd ayını Mehriban yerli çörək sexində işləyir, ilin qalan vaxtını isə sexi işlətmək qazanc gətirmir. Günə 6 manat alır (200 rubl). Böyük oğlu Bakıda yaşayır, iki uşağı var. Vaxtilə yaralanmış ortancıl oğlu təmir sexində usta işləyir, ürəyi kinlə doludur, intiqam almaq arzusuyla yaşayır. Bilmir ki, onu qoşunların təmas xəttinə düşmən əsgəri qucağında gətirib. Böyük qızı beşinci sinifi bitirib, indi evdə anasına kömək edir. Tez-tez epilepsiya tutmaları olan Günay əlilliyə görə təqaüd almır və heç bir dərman da qəbul etmir. Həkimlər dediyinə görə, onun xəstəliyi Azərbaycanda müalicə olunmur və Mehriban müalicə üçün onu xaricə aparmalıdır. Güman ki İsveçrəyə…

Redaksiyadan: Müəllifə təqdim olunmuş materiala görə, təşəkkür edirik. Təəssüf ki, Günay ötən il rəhmətə gedib.

Müəllif: Viktoriya İvleva

Mənbə: Rusiya “Новая Газета”

Tərcümə: Ülviyyə Tahirqızı

 

“KarabakhINFO.com”

21.01.2013 17:29

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*