Azərbaycanca

Multikulturalizm və Dağlıq Qarabağın işğalı

02.10.2014 | 16:12

10715969_646331178813702_223626752_nBu gün Azərbaycanın paytaxtında IV Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayıb. Artıq ənənəyə çevrilən Forumun məqsədi dünya birliyi üçün maraq doğuran məsələlərlə bağlı dialoq və müzakirələrin təşkilidir.
Məlum olduğu kimi, II Dünya müharibəsindən sonra bəşəriyyətin təhlükəsizliyini, sabit inkişafını təmin etmək məqsədilə ümumbəşəri dəyərlər əsasında yeni beynəlxalq münasibətlər sistemi formalaşdırıldı. Yaradılan yeni sistemin əsasında bərabərlik, beynəlxalq münaqişələrin sülh yolu ilə həll edilməsi, bir ölkənin digər ölkəyə güc tətbiq etməsindən imtina etməsi, dövlətlərin daxili işlərinə qarışmamaq, insanların əsas hüquq və azadlıqlarına hörmət etmək, eləcə də, bərabərhüquqlu əməkdaşlıq kimi prinsiplər dayanırdı. Lakin təxminən son on ildə bu prinsiplərin kobud şəkildə pozulması nəticəsində beynəlxalq münasibətlərdə qarşılıqlı etimadın azalması və beynəlxalq əməkdaşlıqda sarsıdıcı hadisələrin baş verməsi müşahidə olunur.

 

 
Beynəlxalq hüququn çox zaman elə onu formalaşdıran əsas güclər tərəfindən pozulması, müəyyən siyasi mərkəzlərin öz maraqlarını qlobal və bəşəri mənafeləri qurban verməklə təmin etmək cəhdlərinin qarşısını almalı olan mexanizmlərin səmərəsizliyi beynəlxalq münasibətlərdə etimad böhranının bariz əlamətləridir.
Biz bir müstəqil və tolerant ölkə olaraq hazırda 20 ildən çoxdur davam edən Dağlıq Qarabağ və ətraf rayonların işğalı ilə nəticələnən Ermənistanın təcəvüzkar siyasəti ilə üz-üzəyik. Bu illər ərzində beynəlxalq hüququn səmərəsizliyinin də daha çox müşahidə edirik.

 
Bu məsələyə yanaşmada tarixə istinad vacibdir. Belə ki, İslam Qafqazda yayılanda təkallahlı dinlərə sitayiş edənləri zorla müsəlmanlaşdırmaq onun təməl prinsiplərinə zidd olduğundan ərəb işğalları dövründə Albaniyanın xristian əhalisi İslamın təsir dairəsindən kənarda qaldı. Bu proses nəticəsində ölkədə dini ayrılıq baş verdi, əhali iki qrupa bölündü: birinci qrupa bütün ölkə ərazisinə yayılmış və çoxluq təşkil edən müsəlman-türk əhali, ikinci qrupa isə əsasən Albaniyanın şimalındakı qərb bölgələrində yaşayan xristian əhali daxil oldu. Bu da erməni və gürcü kilsələrinin xristian-alban əhalini öz dini-siyasi və etnik təsir dairələrinə salmaq uğrunda mübarizəni gücləndirdi. Beləliklə, Azərbaycan İslamla xristianlıq arasında ən kəskin qarşıdurma meydanına çevrildi. Erməni və gürcü feodallarının Azərbaycana qarşı ərazi iddiaları dövrü başlandı. Onların yeritdiyi siyasətin mahiyyətində xristian albanları erməni və gürcü kilsələrinin təsiri altına salmaq, sonra erməniləşdirmək və gürcüləşdirmək, daha sonra isə yaşadıqları Azərbaycan torpaqlarına yiyələnmək. Bu mənfur siyasət uzun əsrlər boyu davam edib, onun nəticələri indinin özündə də təsirini saxlamaqdadır.

 
Erməni separatizminin ideoloqları hər imkandan istifadə edərək, Qərbə və Rusiyaya belə bir mif təlqin etməyə çalışırdılar ki, guya Azərbaycandan “islam təhlukəsi” gözlənilir. Azərbaycan-Ermənistan münaqişəsi dini zəmində baş verməsə də, Ermənistanın dini lideri I Vazgen praktiki olaraq separatçı hərəkatı qızışdıran şəxslərdən biri olmuşdur. Bu gün Qarabağ problemi artıq beynəlmiləlləşib və əslində həlli məsələsi xristian dövlətlərinin inhisarına alınıb. Hazırda xristian ölkələri Ermənistanın maraqlarına xidmət etməyən qərarlar verməkdə çətinlik çəkirlər. Bəziləri isə Rusiya və Fransa kimi açıq dəstək nümayiş etdirirlər. Bunu amerikalı tədqiqatçı Semyuel Uimz “Ermənistan: Terrorçu “xristian” ölkənin gizlinləri” kitabında aşkar yazır. O qeyd edir ki, Son 200 ilin tarixini vərəqləyəndə bir daha aydınlaşır ki, Azərbaycanın, Türkiyənin başına gələn faciələrdə erməni-qriqoryan kilsəsi xüsusi rol oynayıb. Birinci Pyotrdan başlayaraq rus çarlarına yaltaqlanan erməni keşişləri Azərbaycanın başına gələn faciələrin ən böyük müəllifləridir. Xatırladaq ki, 1918-ci ildə Bakıda, Şamaxıda, Lənkəranda, Güney Azərbaycanda yüz minlərlə soydaşımızı məhv edən erməni terror dəstələrini ilhamvericisi qriqoryan keşişləriydi. Sovet dövründə “Böyük Ermənistan” ideyasının yuvası, azərbaycanlılara qarşı təxribatların, soyqırımların, işğalın planlaşdırıldığı yer məhz Eçmiədzin kilsəsi idi. Qriqoryan kilsəsi “Asala”, “Krunk” kimi terror təşkilatlarını yönəldirdi.

 
Tolerantlıq, digər dinlərə dözümlü münasibət anlayışlarından çox uzaq olan erməni kilsəsi hər zaman bu mənfi xarakterini büruzə verib. 1988-ci ildə “miatsum” (Ermənistana birləşmə) şüarlarıyla başlayan Azərbaycana qarşı işğalçı-separatçı hərəkatının məhz erməni kilsəsi gəlirdi. Bundan başqa, Dağlıq Qarabağın və digər 7 rayonumuzun işğalını yönəldən erməni kilsəsi Ermənistandakı siyasi proseslərin tənzimlənməsində indi də mühüm rol oynayır. Buna baxmayaraq, Ermənistana rəğbəti olan bəzi yazı müəllifləri xristian dövlətlərin və radikal (təəssübkeş) xristian lobbilərinin diqqətlərini cəlb etmək üçün münaqişəni xristian və müsəlman dövlətlər arasındakı problem kimi səciyyələndirməyə çalışırlar. Onlar Ermənistanı müsəlman çoxluğundan ibarət İran, Türkiyə və Azərbaycan dövlətlərinin arasında yerləşən xristian ölkəsi kimi xarakterizə edirlər. Münaqişə üzrə danışıqlarda vasitəçilik missiyasını daşıyan ATƏT həmsədrləri də Ermənistana qarşı ciddi və sərt münasibət ortaya qoymağa səy göstərmirlər.

 
Mən bunu həmsədrlərin qorxaqlığı ilə yanaşı, onlardakı xristian təəssübkeşliyi kimi də dəyərləndirirəm. Maraqlıdır ki, münaqişənin nizamlanması üçün vasitəçilik edən və bu illər ərzində heç nəyə nail olmayan, problemin həllini ildən-ilə uzadan ATƏT, təcavüzkar Ermənistanı işğala məruz qoyduğu ərazilərdən çəkilməyə çağırmaq əvəzinə, nədən Azərbaycana qarşı sərt tələblər irəli sürür? Tarixdə ilk dəfə xristian ermənilər müsəlman türklər tərəfindən soyqırımına məruz qalmışlar” şəklində təbliğatlara geniş yer ayırmaqdadırlar. Qondarma erməni soyqırımının hər il beynəlxalq arenada dünya ölkələrinin parlamentlərinin gündəminə gətirilməsi və müzakirə edilməsi məhz bu səbəbdəndir. Azərbaycan da türk və İslam dünyasının bir parçası olduğuna görə, Ermənistan-Azərbaycan münaqişəsində əsas diqqət və dəstək Ermənistana verilməkdədir. İşin içinə xristian qardaşlığı və təəssübkeşliyi girdiyinə görə, bu dövlətlərlə Ermənistan arasındakı məsafə azalmaqda və birlikdə fəaliyyət göstərə bilməkdədirlər. Bu da yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan, xüsusilə də türklük üzərindəki beynəlxalq təzyiqləri artırmaqdadır. Əgər münaqişədə Azərbaycan lehinə qərarlar qəbul edilərsə və ya Ermənistana təzyiqlər göstərilərsə, o zaman “erməni kartı” qismən də olsa zəifləyə və “günahlardan arınma metodologiyası” iflas edə bilər. Yəni din faktoru sırf xristian ermənilərə göstərilən rəğbətdən deyil, daha çox özlərinin günah duyğularından və əbədi ləkədən qurtulmaq prinsiplərindən qaynaqlanır.

 
Tarixə nəzər salsaq, görərik ki, bir çox müharibələr zamanı hansısa dövlətlərin əraziləri işğal olunsa da, həmin ərazilərdə yaşayan insanların əksər hissəsi yaşayış yerlərini tərk etməyiblər. Hətta faşistlər də II Dünya müharibəsində işğal olunan ərazilərdə müasir dillə desək , beynəlxalq humanitar hüquq normalarına riayət edirdilər. Kəşmir məsələsinə nəzər salsaq, orada müxtəlif dini təriqətlərin, millətlərin nümayəndələrinin birgə yaşayış imkanlarından yararlandıqlarını görərik. Amma gəlin Ermənistanın işğal siyasətinə baxaq. Qərbi Azərbaycan torpaqlarından 200 min soydaşımız qovuldu, evləri yağmalandı, bu insanlar fiziki və mənəvi təzyiqlərə məruz qaldılar. Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan 800 minə yaxın sakin zor gücünə, ölümdən dönərək məcburən yaşadıqları torpaqları tərk etməli oldu.

 
Bu gün biz bu düyünün, ərazilərimizin işğalına yol açan təcavüzün aradan qaldırılması yollarını arayırıq. Təəssüf ki, vasitəçilik missiyası adı altında bəzi dövlətlər öz maraqlarına uyğun siyasət yeridirlər. Rusiya və ABŞ münasibətləri Qafqazda sülhün əldə edilməsini əngəlləyir. Çünki Moskva bir təklif irəli sürəndə Vaşinqton orada özünün maraqlarının təhlükə altında olduğunu görür və prosesi əngəlləməyə çalışır. Yaxud da əksinə. Fransada isə ənənəvi olaraq ermənilərin mövqeyi çox güclüdür. Belə bir mürəkkəb şəraitdə sülh və yaxud müharibə seçimi də çətindir. Biz sülh istəyirik.

 
Bzejinskinin “Avrasiyanın Balkanları” kimi dəyərləndirdiyi Cənubi Qafqaz, XX əsrin sonlarından etibarən region və dünya gücü olmaq istəyən dövlətlərin mübarizə meydanı olub. Qara dəniz və Xəzər dənizi arasında yerləşən bu bölgə cənub-şimal və qərb-şərq enerji və nəqliyyat xətlərinin kəsişməsi və Xəzər hövzəsi enerji mənbələrinə sahib olması baxımından böyük əhəmiyyət kəsb etməkdədir. Burada yaşayan xalqlar dillərinə görə 3 qrupa bölünür: Türk xalqları – azərbaycanlılar, qaraçaylılar, balkarlar, kumıklar, noğaylar, qumuqlar; Hind-Avropa xalqları – ermənilər, tatlar, dağ yəhudiləri, talışlar, osetinlər və ruslar; Qafqazdilli xalqlar – abxazlar, adıgeylər, çərkəzlər, kabardinlər, çeçenlər, inquşlar, ləzgilər, avarlar, darginlər, laklar, gürcülər və başqaları. İslam (şiəlik və sünnilik) və xristian dinləri əsas dinlərdir. Yəhudilik dininin nümayəndələri də mövcuddur. Bölgədəki etnik münaqişələr, təhlükəsizlik problemləri və əməkdaşlıq imkanları dəyərləndirilərkən ilk olaraq burada dini məsələyə ciddi yanaşmaq lazımdır. Bəllidir ki, Qafqazda ən çox təqibə məruz qalan din İslamdır. Burada uzun zamandan bəri baş verən münaqişələrdə ciddi müqaviməti islam dininin daşıyıcıları olublar. Xristianlar tarixən daha çox razılaşan və danışıqlara gedən olsalar da, müsəlmanlar haqqları və torpaqları uğrunda illərdir mübarizə aparırlar. Bəllidir ki, Qərb dövlətlərinin region ölkələrində, xüsusilə də Azərbaycanda və Gürcüstanda daxili siyasi hadisələrə təsir etmək üçün müdaxilələri davam edir. Bu zaman isə onlar dini amildən yararlanmağa çalışırlar. Gürcüstan və Azərbaycanda etnik rəngarənglik və dini etiqad azadlığını biz Ermənistanda görə bilmərik. Ermənilər illərdir gürcü və azərbaycanlılara qarşı ərazi iddiası irəli sürməklə yanaşı özlərini xristian dinin tam fərqli qrupu sayır və daha çox “əzabkeş” imici formalaşdırmağa cəhd edirlər.

 

 

Sözügedən fikrə də əsasən ixtilaf və mübahisə tarixinə malik olan bu regionda 50-dən çox etnik qrupun olması (bu, qismən sovet dövründə yürüdülən etnik siyasətin nəticəsidir) Qafqazda təhlükəsizlik vəziyyətini xeyli mürəkkəbləşdirir. Lakin çox təəssüf ki, aparıcı ölkələr praqmatik fikirlərini həyata keçirmək üçün “Parçala və hökm sür!” ənənəvi siyasətindən istifadə edirlər. Bu siyasətin nəticəsi olaraq Azərbaycanın və Gürcüstanın 20 faiz torpaqları işğal olunub. Rusiya Ermənistanda özünün cüzi hərbi qüvvələrini saxlamaqla regionun geosiyasi vəziyyətinə nəzarət etmək istəyir. Belə bir şəraitdə dini və milli tolerantlığın təmin olunmasının çətin olduğunu deyən qüvvələr də haqlıdırlar.

 

 
Son olaraq qeyd edək ki, Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Eyni zamanda, multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir. XXI əsrdə multikulturalizmə alternativ yoxdur. XXI əsrdə ayrı-seçkilik, diskriminasiya, ksenofobiya, islamafobiya kimi xoşagəlməz meyillərə biganəlik təhlükəli fəsadlar törədə bilər. Ona görə multimədəniyyətli cəmiyyətlərin formalaşması, bu ideyaların təbliği hər bir məsuliyyətli siyasətçinin, ictimai xadimin fəaliyyətinin tərkib hissəsi olmalıdır.

 

 

 

Zaur Əliyev
Siyasi elmlər üzrə fəlsəfə doktoru
“KarabakhİNFO.com”

 

 

02.10.2014 16:12

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*