Azərbaycanca

“Müqəddəs adam haqqında yeddi tezis”

07.02.2013 | 18:59

1360248600_307948_104330873055206_343712642_nNamuslu insan olmaq istəyirsənsə,

ömrünün mənasını vətənə xidmətdə gör.

 

   D.İ.Fonviz

 

 1. Mübarizi dərk etməyim

 

Mübarizin ölümünü eşidəndə, düzü, onun qəhrəmanlığının bu həddə olduğundan xəbərsizdim, amma az vaxtda onunla bağlı internet saytlarında yayılan məlumatlar, radio və televiziyanın yaydığı xəbərlər məni tam mənada bu hadisədən xəbərdar etdi. Əvəlcə olanlara qaragüruh kimi yaxınlaşdım. Amma sonra həqiqətin fəzası genişləndikcə həş şey mənə gün kimi aydın oldu.


2. İnsan həqiqətən də dilinin altında gizlənirmiş

 

“Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm.
Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın”.
M.İbrahimov

 

Mübariz, uşaqlıqdan vətənə bağlı olub, hətta bu sevgi psixoloji terminlə desək “gizli intusiya” adlandırıla bilər. Məncə, bütün bunlarla bağlı aşağıdakı arqumentlərim əsaslıdır:
1. Əgər bu belə deyilsə, Mübariz niyə toyda (uşaq vaxtı) atası ilə hərbi mahnılardan birini oynayıb?
2. Əgər bu belə deyilsə, Mübariz niyə hərbi xidmətini başa vurandan sonra yenə həmin sahədə qalıb işləyib?
3. Əgər bu belə deyilsə, Mübariz nə üçün deyirdi : “mən evlənməyəcəm, mənim yolum başqadır”.
Deməli, Mübariz doğulandan vətən üçün şəhid kəfənini geyinib. Qeys kimi öz gələcəyini görüb.
Ümumiyyətlə, görkəmli şəxlər uzaqgörən olur, yaxud da təhtəlşüur psixoanalizdə də sübut olunur ki, gələcəyə güzgüdür, yoxsa H.Cavid “Topal Teymur” əsərində yazmazdı ki, “Ərtoğrul tək oğlummu ölmüş” və həqiqətən də oğlu Ərtoğrul erkən yaşlarında ölür. Yaxud Topal Teymur gəlcəyi görmürdüsə necə deyirdi ki, “mənim qəbrimi açmayın, bəlayla üzləşəcəksiniz” həqiqətən də Teymurləngin qəbri açılandan üç gün sonra II Dünya Müharibəsi başlayır. Deməli, görkəmli adamlar özünün və dünyanın talehini görür. Bu mənada Mübariz İbrahimovun talehi Tanrı planı olmaqla yanaşı, həm də  öz şəxsi palnı idi

 

3. Niyə məhz Mübariz?

  MÜBARİZ. Adın mənası gün kimi aydın olduğuna görə şərhə ehtiyac duymuram. Atalar sözlərinin birində deyilir ki, “ad insanı bəzəməz, insan adı bəzəyər”. Mübarizsə adını doğrutdu. Bu atalar sözünə görə adı Mübariz olub qəhrəman yox, qorxaq olanlar da ola bilər. Amma ad insanın ömrünün təyinatıdır, buna görə də dastanlara və miflərdə adı hər adam seçmir və ad bütöv bir ömürə güzgü tutur. Hətta Dədə Qorqud dastanında qəhrəman şücətinə görə adlandırılır. Adın talehimizdə rolu böyükdür. Araşdırmalar sübut edir ki, adı Hicran olan xanımların həyat yoldaşları tez vəfat edir, yaxud da Hicran adlı xanımların çoxu xoşbəxt deyil. Yaxud Rusiyada cinayətlərin böyük əksəriyyətini Andrey adlı adamlar təşkil edir, bu adlı uşaqlar təhsil sistemindəki araşdırmalara görə məktəbdədki ən məsuliyyətsiz uşaqlardır. Ola bilərmi bu qədər hal və hadisələr təsadüf olsun? Qətiyyən. Bu baxımdan Mübariz İbrahimov adının təyinatı ilə mübariz idi və onun mübarizəsində qəhrəmanlıq dayanırdı. Bəs Mübarizin mübarizəsi nə idi? Buna aşağıdakı tezis cavab sayıla bilər.

 

4. Adi insan ola bilməmək

 

Mübariz adi insan deyildi, yan-yörəsindəki adamlar bunu hiss edib-etməmələrindən aslı olmayaraq bu fakt idi. Ola bilməz ki, o yaşda olan bir oğlan qız sevməsin, ən azından, qəlbində gizli və aşkar evlilik planları olmasın. Amma bu adi insanın psixoloji halıdır. Psixoloqlar yazıçıların əsərlərini, qeyri adi insanların həyatlarını araşdıranda iki yolu bayraq edib əsas istiqamət kimi seçirlər.
1. Adi yöndən, ümumi-sosial prizmadan yanaşma.
2. Qeyri-adi yöndən cəmiyyətdən kənar, sırf fərdi psixoloji yöndən yanaşma.
Mübarizi qeyri-adi yöndən təhlil etsək, əlimizə nə keçər?
Mübariz, uşaqlıqdan cəmiyyətdən qeyri-adi duyumla təcridləşir və hamının içində tənhalaşır və cəmiyyətin “cəmiyyətdənkənar” üzvü olur. O, ümuminin hissəsi kimi yox, fərd kimi formalaşır. İlkin gənclik yolunu seçir. Niyə qardaşına deyib ki ,”mən evlənməyəcəm, mənim yolum başqadır”. Mübarizin başqa dediyi yol hansıdır? Ümumi prizmadan o evlənməli və ən azından bunu planlaşdırmalı idi, çünki o qonşu ölkələrə də getmək istəmirdi, həyatı vətənlə bağlı idi. Yaşamaq və evlənmək istəməməyin iki səbəbi olur, ya həyatdan küskünlük, ya da ölüm. Mübariz həyatdan küssəydi, şübhəsiz ki, vətənə bu qədər bağlı ola bilməzdi. Deməli, O ölüm (Qəhrəmanlıq) yolunu seçir. Hansı ölüm yolunu (?) vətən üçün xərclənən, fəda olan ömür yolunu. . Mübarizin həyatı və ömür qayəsi mənə ilk esse müəllif olan fransız yazar Mişel Montenin məşhur fikrini xatırlatdı: “Bütün ömür, ölümə hazırlaşmaq bacarığıdır”

 

5. Hərflər kiçilməyəndə

 

Bəzi məqamlarda sözlər sükudan sakit olur, bəzi məqamlarda qışqırmaq istəyirsən, amma içindəki pıçıltı bütün səsini boğur. Mübarizin qəhrəmanlığı şişirdilməmiş qəhrəmanlıqdır, həqiqətin işığ düşmüş simasıdır. Mübariz qəhrəman idi, amma biz ondan xəbərsiz idik. Ölüm qəhrəmanın adını açıqlayan, onu tanıdan vasitədir. Ona görə də qəhrəmanlar ölməyənə qədər biz onları kəşf edə bilmirik. Mübarizin qəhrəmanlığı böyük hərflərlə yazılmış qəhrəmanlıqdır. Onun adının qarşısında kiçik hərflərlə yazılsa da, qramatik qaydaların qorunmasına belə baxmayaraq, qəhrəmanlıq sözü həmişə böyük görünəcək və böyük qalacaq. Onu kiçiltməyə nə həriflərin kiçik yazılışı, nə də kompyuterimizin sönmüş “Caps Lock” düyməsinin gücü çata bilər.


6. Həqiqət yeganə çılpaqdır ki, tərbiyəsiz deyil

 

Artıq illərdir ki atəş kəs olsa da ordumuzda hər ay, yaxud iki aydan bir hansısa əsgər düşmən gülləsinə tuş gəlir. Bəzi məqamlarda şücaətli əsgərlərimiz düşməni də tələf edirlər. Və insanların bu ölümlərə münasibəti “Vətən sağ olsun” tezisinin davamı kimi olmaqla yanaşı, həm də həmin gənc əsgərin ölümünə təəssüf hissi ilə yekunlaşır. Amma Mübarizin ölümünə yanaşma tamam fərqli yöndən oldu. Çünki Mübarizin qəhrəmanlığı nəhayətsiz dərəcədə böyük olduğundan təssüflənməyə macal tapmadı insanlar və onun qəhrəmanlığına olan heyrət  təəssüf  hissinin “fon”unu tamam-kamal qapadı və hər kəs də elə fikir oyandı ki, Mübariz qəhrəman doğulmuşdu və qəhrəman da oldu. Çünki, Mübariz mif qədər heyrətli olan gerçəklik idi və insan reallıqla toqquşanda ilk sınan hissəsi romantikası (sentimentallığı) olur. Ona görə də Mübarizin reallığı onun haqqında gəlişi gözəl ifadələrdən qaçmağa hamını bir növ vadar etdi.

 

7. Mübarizin sonuncu işi

 

Ölüm hamımızın sonuncu hərəkəti, işi, icrasıdır. Biz ölümlə son hərəkətimizi, dünyaya son jestimizi nümayiş etdiririk. Ola bilər ki, biz yataq səhər ayılmayaq, yaxud can verərək ölək, yaxud da pis əməllərimizin qorxusundan ürəyimiz partlasın. Göründüyü kimi biz bu müxtəlifliyin içindəyik, baxmayaraq ki, ölüm üsulunu seçmək imkanından məhrumuq. Mübariz İbrahimov isə sonuncu hərəkətini (ölüm jestini) elə icra etdi ki, onun adını eşidən hər kəs onu unutmayacaq. Ruhun şad olsun müqəddəs əsgər – Mübariz İbrahimov.

 

 

 

Fərid Hüseyn

KarabakhİNFO.com

 

07.02.2013 18:59

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*