Azərbaycanca

Müsəlman ermənilər haqqında

05.01.2013 | 14:12

1357380775_islam_sultanahmet_camii_00Müsəlmanlığı qəbul edən erməniləri – hemşinləri Ermənistanın hakimiyyət dairələri ilə yanaşı, dünya erməniləri də «rəzil xəyanətkarlar» sayır…

– Onlar bizi erməni saymır, yolunu azanlar və az qala düşmən kimi görürlər. Bunun başlıca səbəbi isə müsəlman olmağımızdır. Doğrudur, erməniyik. Amma dinimiz İslamdır və bununla da fəxr edirik!

… 58 yaşlı Musa Xəlil hemşindir. Rizədə yaşayan Musa kişi ötən il Ermənistanda olub. Dediyinə görə, ötən əsrdə ana babası Ermənistanın Masis rayonuna yollanıb, orada yaşamaq qərarına gəlib və bir daha geri qayıtmayıb. Anası, dörd dayısı və iki xalası isə böyük əmisinin ümidinə qalıb.

Musa kişi də babasının yeni yurduna baş çəkmək, qohumları ilə tanış olmaq üçün Ermənistana getdiyini deyir.

Fəqət, səfərindən elə peşman olub ki, hələ də özünə gələ bilmir.

«Kaş getməyəydim. Orada məni elə qarşıladılar, elə üz göstərdilər ki, sanki bütün dünya ermənilərinin düşməniyəm və ya üçüncü dərəcəli adamam. Babamın Masisdə aldığı arvaddan olan oğulları, yəni ögey dayılarım mənə aşkar şəkildə deməsələr də, «yaramaz»lığımı çatdırdılar. Evlərində qonaq qaldım, amma yeməyi qarşıma qoyanda sanki it yemləyirdilər. İstəyirdim orada bir-iki həftə qalam. Lakin iki gündən sonra qayıtdım. Üçüncü dərəcəli adam sayılmaq kimin xoşuna gələri ki?!» – Musa Xəlil deyir.

Onun sözlərinə görə, Ermənistanda hemşinləri sevmirlər. Daha doğrusu, Ermənistandakı ermənilər Türkiyədəki hemşinləri «erməni millətinin kor bağırsağı», «yaramaz xəyanətkarlar» hesab edirlər və bunu açıq-aşkar deyirlər.

Ermənilər hemşinlər «şturvas», yəni «dönmə» adlandırırlar.

Səbəb bəlli: hemşinlər İslamı qəbul etdiklərindən haylar onları «millətin üzqarası» sanırlar və Türkiyənin maraqlarını müdafiə edən «Ermənistan düşmənləri» bilirlər.

Türkiyənin qaradənizli erməniləri

Hemşin Türkiyənin Rizə vilayətinin bir bölgəsidir. Qara dənizdən 19 kilometr aralı, Rizədən isə 57 kilometr yandadır. Ərazisi orta hesabla 120 kvadrat kilometr olan bölgənin şimalında Pazar, qərbində Çayeli və Kaptanpaşa, cənubunda isə Camlıhemşin yaylaqları ilə Ərzurumun İspir bölgəsi ilə qonşuluqdadır.

Qara dəniz sahillərinin sakinlərinin dediklərinə görə, hemşinlərin sayı çox olmasa da, onlar adət-ənənələrinə, mədəniyyət və tarixlərinə çox həssaslıqla yanaşırlar.

Kulturoloq Altay Arslan deyir ki, Türkiyənin Qara dəniz bölgəsində yaşayan hemşinlər çox istiqanlı, emosional insanlardır.

«Onların sayı çox deyil, amma Rizə bölgəsində hörmətləri böyükdür. Əsəbi, sinirli insanlar təsiri bağışlasalar da, çox səmimi və istiqanlı adamlardır. Ermənilər onları «İslamı qəbul etməyə vadar edilmiş haylar» adlandırsalar da, hemşinlər bu iddiaları həmişə qətiyyətlə rədd ediblər. Hemşinlərin ulu babaları gerçəkdən də İslamı qəbul etmiş və sünni olmuş ermənilərdir. Amma onların müsəlmanlığa gələn yolu zor, ya da məcburiyyətlə olmayıb. Əksinə, tarixi məxəzlər göstərir ki, qədimlərdə ermənilər İslamı könüllü qəbul ediblər və onları dinlərini dəyişməyə kimsə vadar etməyib», – A.Arslan söyləyir.

Ermənistanın «yeni hemşin» iddiaları

Ermənistan tarixçiləri və başabəla alimlər iki əsrdir ki, hemşinləri «zorla müsəlman edilmiş ermənilər» kimi qələmə verməyə çalışırlar. Ötənlərin belə abdal «araşdırma»larını indi Ermənistan Elmlər Akademiyasının Tarix və Etnoqrafiya İnstitutu ilə bahəm, müxtəlif ölkələrdəki erməni diasporunun «nüfuzlu» təmsilçiləri də davam etdirirlər.

Hemşinlərin tarixinin yenidən yazılması və onların «tam erməni» olmalarını sübut etməyə yönəlmiş cəhdlər ABŞ, Fransa və Rusiyadakı erməni icmasının mənsubları arasında xüsusilə populyar məşğuliyyətlərdən biridir.

Məsələn, ötən il ABŞ erməni professor Riçard Ohanesyan Los-Anceles şəhərində «elmi konfrans» təşkil edərək hemşinlərin «əslində soy-kökü unutdurulmağa çalışılan ermənilər» olduğunu sübut etməyə çalışıb.

Türkiyənin Qara dəniz sahillərindki bölgələrini «Qərbi Ermənistanın şəhər və kəndləri» adlandıran professor hemşinləri də «vaxtilə Osmanlı türklərinin ölüm təhdidi altında dinindən zorla döndərilmiş binəvalar» adlandırır.

Maraqlıdır ki, Milli.Az xəbər portalı mövzu ilə bağlı suallarını tam bir həftə sərasər Ohanesyana elektron poçtla ünvanlasa da, o, cavab vermək istəmədi. Sonda aldığımız cavab isə belə oldu: «Azərbaycanın qərəzli jurnalistlərinin hədyan suallarına cavab vermək istəmirəm».

Halbuki «qərəz»imiz Riçard Ohanesyanın nədən hemşinləri aşağılayaraq onları «dönmə» adlandırması, «hədyan suallarımız» isə onun açıqlamalarının tarixi faktlara nə dərəcədə uyğun olub-olmaması ilə bağlı idi.

Rusiyanın cənubu «Yeni Amşen»ə dönüb

Ermənistandakı tarixçi professor Aşot Melkonyan bir qədər də irəli gedərək, xristian amşenlərin yaşadığı bölgələri «Böyük Ermənistanın tərkib hissəsi olan Yeni Amşen» adlandırıb. Həmin bölgələr isə «tərslik»dən Rusiyanın Krasnodar və Stavropol diyarlarıdır.

Həmin bölgələrdə iki əsr əvvəl məskunlaşan və xristian olan amşenlər hemşin deyillər. Amma nə olsun – Ermənistan erməniləri və Qərb dövlətlərindəki «sprük», yəni erməni icmaları onları da «şturvas» hesab edir.

Nədən ki, bu ermənilərin əksəriyyəti «normal ermənilər» təki qriqorian kilsəsinin yox, pravoslav kilsəsinin mənsublarıdır.

Ermənistan Elmlər Akademiyasının Tarix İnstitutunun oktyabrın 13-15-də Rusiyanın Soçi və Adler şəhərlərində təşkil etdiyi «Yeni Amşen və amşen erməniləri» adlı «elmi-praktik konfransı» da məhz Rusiyaya qarşı ərazi iddialarının yeni formatı sayıla bilər.

Bunu Rusiya-Erməni Dostluğu Cəmiyyətinin Moskvadakı regional bölməsi də təsdiqləyir.

Konfrasda çıxış edənlər arasında Krasnodardakı Kuban Universitetinin professoru İqor Kuznetsov, Los-Anceles şəhərindəki Kaliforniya Universitetinin professoru Riçard Ohanesyan, Ermənistan Elmlər Akademiyasının akademiki Sergey Harutyunov, İrandan gəlmiş Karen Xanlaryan və başqaları ciddi-cəhdlə hemşinlərlə amşenlərin «yolunu azmış ermənilər» olduqlarını sübut etməyə çalışıblar.

Onlar “qədim erməni tarixçiləri” Vardapet Gevond və Hovan Mamikonyana istinad edərək bildiriblər ki, bəs VIII əsrdə ərəb orduları qarşısında geri çəkilən 13 min erməni döyüşçü başda knyaz Şapux Amatuni və onun oğlu Amam olmaqla Qara dəniz sahillərinə gələrək, çağdaş Trabzon və Hopa arasında məskunlaşıblar.

O da vurğulanıb ki, bəs guya məhz Amam Amatuni «amamaşen» adlı yeni şəhərin əsasını qoyub.

«Bəli, məhz belə olub. Sonralar həmin şəhərə Amşen, oranın sakinlərinə də amşenlər deməyə başladılar. XV əsrin sonlarına qədər Rizə və Hopa arasında Amşen knyazlığı vardı», – İqor Kuznetsov Milli.Az xəbər portalının əməkdaşının suallarını elektron poçtla cavablayarkən belə dedi.

Di gəl, məşhur tarixçi, ABŞ-ın Viskonsin Universitetinin professoru Bert Voks israrla bildirir ki, bu iddiaların heç bir əsası yoxdur. Professor Milli.Az-ın sorğusuna cavab olaraq aşağıdakıları dedi: «Türkiyədəki hemşinlər 7 əsr əvvəl İrandan Türkiyəyə köçən və orada İslamı könüllü qəbul edən ermənilərdir. Hemşinlər əsasən Trabzon, Ordu və Rizə vilayətlərində kompakt yaşayırlar. Onların bir hissəsi Artvin bölgəsindədir. Gürcüstan və Rusiyadakı amşenlər isə xristian ermənilərdir. Bu şəxslər 5 əsr əvvəl erməni qriqorian kilsəsindən imtina edərək provoslavlığı qəbul ediblər. Xristian amşenlər əsasən Rusiyanın Krasnodar və Stavropol diyarlarında, Qazaxıstanda, bir də Gürcüstanın Acariya bölgəsində məskunlaşıblar».

«Ermənistan qan çanağıdır»

Türkiyənin Artvin bölgəsində yaşayan Kübariyə Halimoğlunun dediyinə görə, Ermənistana köçmək və orada yaşamaq istəyən hemşinlər yoxdur.

«Ora qan çanağıdır. Bizi insan saymırlar, çünki müsəlmanıq. Üstəlik, zorla boynumuza qoyurlar ki, dinimizdən dönən, yolundan çıxan və buna görə də «pis» ermənilərik. Yox, orada yaşamaq fikrində olan adam tanımıram», – K.Halimoğlu söylədi.

Türkiyədəki hemşinlərin Dağlıq Qarabağ münaqişəsinə münasibətləri də birmənalıdır. Onların dediklərinə görə, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini dərhal azad etməli, ən başlıcası isə, türklərə qarşı düşmənçilikdən əl çəkməlidir.

Tomris

Milli.Az

 

05.01.2013 14:12

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*