Qarabağ musiqi beşiyidir! Qeyd edək ki, vaxtilə Şuşa “ Zaqafqaziyanın konservatoriyası” adlandırılmışdır.
Azərbaycanın ürəyi sayılan Qarabağ diyarı bu ölkəmizə neçə-neçə istedadlı övladlar bəxş etmişdir. Qarabağ deyəndə təkcə unikal təbiətə malik olan bir bölgə, ölkənin təbii abidələri siyahısına daxil edilmiş landşaftlar deyil, həm də istedadlı şairlər, yazıçılar, musiqiçilər, xanəndələr nəzərdə tutulur. Qarabağ – Azərbaycan musiqisinin beşiyidir. Bu qədim diyarın təbiəti və təbii ehtiyatları heç kəsi laqeyd qoymur. Bəlkə də ona görədir ki, indi bu gözəl diyar işğal altındadır.
Qarabağ musiqisi barədə bu günki müsahibimiz Azərbaycanın xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimovdur.
– Mənsum müəllim, sizcə Qarabağı niyə Azərbaycanın musiqi beşiyi sayırlar?
-Qarabağ torpağının havasında, suyunda, bir sözlə, təbiətində nəsə bir qeyri-adilik var, bu da həmin coğrafi məkanın insanlarında əks olunub. Yəqin ona görədir ki, Qarabağda hər iki nəfərdən birinin səsi var. Hətta deyərdim ki, Qarabağ Azərbaycanın səs intellekti bazasıydı, oxuyan səsi, harayıydı. Bu təbiətdə rütubət də yoxdur. Rütubət olmayan yerdə isə insanların ciyərləri sağlam olur. Həmişə Qarabağdan paytaxtımıza səslər gəlib və püxtələşərək bir sənətkar kimi xalqımıza xidmət ediblər. Azərbaycanın bir çox böyük korifeyləri, o cümlədən dahi bəstəkarımız Üzeyir Hacıbəyov kimi musiqi sənətimizin yaradıcıları bu torpaqda böyüyüblər. Qarabağda dünyaya göz açan hər kəs muğam eşidir. Məsələn, el şənliklərimizdə Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Əbülfət Əliyev, Yaqub Məmmədov kimi sənətkarları biz, uşaq vaxtlarımızdan canlı görməyə alışmışdıq. Sanki onların ifaları ilə tərbiyələnmişdik.
– Qarabağın işğalı Azərbaycan musiqisini sizcə hansı itkilərə məruz qoydu? Bu təcavüz musiqimizdə hansı izləri buraxıb?
– Qarabağın işğalından sonra biz çox səs itirmişik. Mən deyərdim ki, bu sahədə bizim 60 faiz itkimiz olub. Azərbaycanın başqa bölgələri də var ki, məsələn, Şirvanda, xüsusən Şamaxıda yaxşı xanəndələr yetişir. Bizim musiqi ifaçılarının silahı səsindədir. İnsanlar bu səslə istənilən ovqata düşə bilər, duyğulanar, düşünər, qərar verər, mübarizəyə qalxar, döyüş əzmkarlığında olar və sair.
– Mənsum müəllim, siz xarici ölkələrdə tez-tez qastrol səfərlərdə olursunuz. Getdiyiniz ölkələrin ictimaiyyətinin Qarabağ problemi haqda təəssüratı necə olur?
– 5-10 il qabaqla müqayisədə indi dünya ictimaiyyətində Azərbaycan, Qarabağ problemi haqda məlumat artıb. Əvvəllər erməni diasporu birtərəfli, yanlış informasiyaları ilə buna mane olurdu. Amma indi ola bilmir. Mən Şərq ölkələrində də, Qərbdə də çox oluram. Amerikada artıq Qarabağ fondu təsis olunub, onlar öz təbliğatlarını aparırlar. Mən deyərdim ki, Qarabağ problemi artıq bütün dünyaya məlumdur.
– Üzdəniraq qonşularımız torpaqlarımızı işğal etməkləri az deyilmiş kimi, musiqilərimizi də oğurlayırlar. Buna qarşı bizim musiqiçilər hansı işləri görməlidirlər?
– Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Ermənilər çox iddia edirlər ki, Qarabağda kök salıblar. Əgər onların Qarabağda kökü varsa, niyə muğamlarımızı oxuya bilmirlər? Deməli, onlar Qarabağın nankor qonağı olublar. Muğam bizim xalqa Allah tərəfindən verilmiş vergidir, buna isə heç bir yolla ermənilər nail ola bilməyəcəklər. Mən bir xanəndə kimi hesab edirəm ki, musiqilərimizin oğurlanmasının qarşılığında biz musiqimizi həm öz xalqımıza, həm də dünya ictimaiyyətinə daha yüksək səviyyədə təqdim etməliyik.
Müsahibənin sonunda Mənsum müəllim Qarabağ musiqisi haqqında Qarabağda danışmağı arzu etdi.
Günel CƏLİL
“KarabakhİNFO.com”