Azərbaycanca

“Nə üçün Ermənistana qarşı hansısa sanksiya tətbiq olunmur?”

06.05.2014 | 08:18

1399372617_zagruzhennoeAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına açıqlamasında belə deyib: 

 

-Qarabağın azad olunması istiqamətində Azərbaycan tərəfindən müxtəlif addımlar atılıb, səylər göstərilib. Lakin beynəlxalq təşkilatlar hələ də susqun mövqe nümayiş etdirir. Beynəlxalq təşkilatların bu siyasətinə təsir göstərmək üçün daha nələr etməliyik?

Ən vacibi işlərimizdən biri odur ki, Minsk qrupununun həmsədr ölkələrindən ciddi şəkildə gördükləri işlərlə bağlı hesabat tələb edək. 20 ildir ki, atəşkəs elan olunub. Atəşkəs elan olunmazdan öncə ümid edirdik ki, nəhayət böyük sülh sazişi bağlanacaq, işğal altında olan ərazilər azad ediləcək. Bununla yanaşı düşünürdük ki, azərbaycanlılar və ermənilər həm Dağlıq Qarabağda, həm də digər ərazilərdə sülh şəraitində yaşayacaqlar. Atəşkəsi imzalamaqda məqsədimiz o idi ki, BMT və digər qurumlar öz qərarlarına hörmətlə yanaşaraq Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmasını tələb edəcək. Təəssüflər olsun ki, gözləntilərimiz özünü doğrultmadı. Azərbaycan vətəndaşı haqlı olaraq soruşmaq istəyir ki, ötən 22 ildə niyə əsaslı addım atılmadı, Ermənistan nə üçün sülhə məcbur edilmədi? Başqa hallarda BMT tərəfindən qəbul olunan qətnamələr dərhal yerinə yetirilir, lazım gəldikdə güc də tətbiq edilir. Lakin Qarabağla bağlı heç bir addım atılmır. ABŞ da öz növbəsində Rusiyaya qarşı sanksiya tətbiq edilməsini tələb edir. Artıq Rusiyaya da sanksiya tətbiq olunur. Bəs, nə üçün Ermənistana qarşı hansısa sanksiya tətbiq olunmur? ABŞ həmsədri Ceyms Uorlik açıq-aşkar Dağlıq Qarabağ məsələsində tamamilə Azərbaycanın əleyhinə mövqe tutur.

 

-Görüləcək işlər haqda danışaq. Gedişatın bu axarla davam etməməsi üçün hansı addımların atılması daha münasib olar?

 

Hesab edirəm ki, ATƏT-in Parlament Assambleyasının nəzərdə tutulan son iclaslarında Minsk qrupu həmsədrlərinin hesabatını tələb edəcəyik. Biz onlara mandat etibar etmişik, bunun qarşılığında nələrə nail olduq, nələri edə bilmədik suallarını verməliyik. Qarabağ məsələsinin həlli üçün yaradılan üçlü formata birgə nəzər yetirilməlidi. Bu məsələ yalnız ABŞ, Rusiya, Fransanının inhisarına verilməməlidi. Hesab edirəm ki, problemin müzakirəsinə ermənilərin istəyi olmadığı halda belə Türkiyə və Almaniyanın qoşulmasını təmin etməliyik. Düşünürəm ki, beləcə danışıqlar məsələsinə yeni nəfəs veriləcək. Nəhayət, yenilənmiş Madrid prinsipləri çərçivəsində sülh prosesinə başlanılmalıdı. Bilirsiniz ki, bunun üçün ilk növbədə işğal olunan beş rayonumuz geri qaytarılmalıdı. Daha sonra ölkələr arası kommunikasiya açılaraq digər iki rayon da işğaldan azad olunacaq. Üçüncü mərhələdə isə Dağlıq Qarabağın Azərbaycanlı və Erməni İcmasının birgə iştirakı ilə yekun status müəyyənləşməlidi. Hesab edirəm ki, yenilənmiş Madrid prinsipinin əsas tələblərini mütləq şəkildə nəzərə alaraq onun həyata keçməsinə nail olmalıyıq.

 

-Qarabağ probleminin həlli istiqamətində diaspor təşkilatlarının səyini necə qiymətləndirirsiniz?

 

Diaspor təşkilatları təəssüflər olsun ki, bu məsələdə o qədər də aktiv mövqe sərgiləmirlər. Hansısa rayonun işğalı ildönümündə tədbir keçirməklə işi yekunlaşdırmaq olmaz. Ölkə xaricində gərək ki, diaspor təşkilatları ictimai-siyasi institutlarla yaxından işləsin. Həmin ölkənin parlamenti, QHT-ləri, hökumətləri səviyyəsində bu məsələni daim diqqətdə saxlamalıdı. Onlar bu gün böyük imkana malikdirlər ki, həmin ölkənin vətəndaşı olaraq səs verdiyi şəxslərin Qarabağla bağlı öncədən mövqeyinin formalaşmasına nail olsunlar. Təəssüflər olsun ki, müəyyən obyektiv səbəblərə görə bunu edə bilmirik. Çalışmalıyıq ki, diasporaların bu istiqamətdəki rolları artsın.

 

-Bu vaxtadək ölkəmiz bir sıra beynəlxalq yarışma, görüşlərə ev sahibliyi edib. Növbəti ildə olimpiya oyularının ev sahibi olacağıq. Qarabağla bağlı hər iki tərəf informasiya müharibəsi apardığı üçün bir çox hallarda xarici vətəndaşlar kimin səhv ya düz olduğunu ayırd edə bilmir. Olarmı ki, məhz bu ərəfədə ölkəmizə gələn xariciləri Qarabağla bağlı məlumatlandıraq?

 

Təəssüflər olsun ki, Avroviziya mahnı müsabiqəsində mənfi bir halın şahidi olduq. Azərbaycanın ümummilli problemlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq əvəzinə bəzi qurumlar yanlış mövqe sərgilədilər. Azərbaycanda olan problemləri süni şəkildə şişirdərək ölkənin gözdən salınması kampaniyasına başladılar. Bu çox üzücü hal idi. İstənilən ölkədə 20 faiz torpağ işğal altında qaldığı, bir milyondan artıq məcburi köçkün olduğu halda heç vaxt süni şəkildə şişirdilən demokratiya problemindən danışılmazdı. Əksinə, insanların pozulan hüquqları, ərazi işğalı problemini qabardardılar. Olimpiya oyunları bizim üçün ikinci fürsətdi. Çox istərdim ki, zərərli elementlər baş qaldırmasın. Beynəlxalq idman yarışının möhtəşəm səviyyədə keçirilməsi, o cümlədən Qarabağla bağlı olan problemlərimizin qabardılması üçün lazım gələn səyləri göstərməliyik. Diaspor təşkilatları da bu istiqamətdə birgə mövqe sərgiləməlidirlər. Ötən aydan etibarən xarici QHT-lər üçün müsabiqə elan etmişik. Bu müsabiqənin əsas mövzuları 2015-ci ildə keçiriləcək olimpiya oyunlarıdı. Növbəti ildə yerli QHT-lər üçün elan ediləcək müsabiqədə fərqli mövzular müəyyənləşəcək. QHT-lərdən təkliflər gözləyirik.

 

Sənan İsgəndərov

“KarabakhİNFO.com” 

06.05.2014 08:18

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*