Azərbaycanca

Nəsib Daşdəmirov: “Həmin vaxt 160 min soydaşımız didərgin düşdü”

20.05.2013 | 16:11

1369051812_vaaaaaaaaaaaaa3Erməni daşnakları 1988-ci ildə böyük ermənistan yaratmaq niyyəti ilə, ilk böyük etnik təmizləmə işini həyata keçirərək, soydaşlarımızı öz yurd-yuvalarından didərgin saldılar.

Müsahibimiz həmin hadisələrin şahidi Amasiya rayon Quzu kənd sakini Nəsib Daşdəmirovdur.

Nəsib kişi 1935-ci ildə Quzu kəndində anadan olub. 1988-ci ilin noyabr ayında bir çox soydaşlarımız kimi o da ermənilər tərəfindən döyülüb, incidilib. Bütün bunlara görə, Nəsib bəy səkkiz övladı və həyat yoldaşı Fizzə xanımla Gürcüstana, oradan da Bakı şəhərinə pənah gətirib. O, öz tayfasının ağsaqqalı sayılır və onun dedikləri haqda “Soyum, köküm Ağbabada” adlı kitabda dərc olunub.

 

–       Nəsib Daşdəmirov, ermənilər 1988-ci ildə irimiqyaslı etnik təmizləmə işləri apararaq, soydaşlarımızı öz doğma yurd- yuvalarından didərgin saldılar. Bir zamanlar heç ağlınıza gələrdimi belə bir hadisələrin baş verəcəyi?

–       Bu söz-söhbətlər dolaşırdı, amma heç kim inanmaq istəmirdi ki, ermənilər bizi öz torpaqlarımızdan didərgin salacaqlar. Hamı kimi, elə mən də buna inanmırdım. İlk hadisələr başladı Spitak rayonundan. Spitak rayonunda ermənilərə nisbətən, azərbaycanlılar az idi. Noyabrın 7-də zəlzələ oldu və zəlzələ nəticəsində Leleqan şəhəri ilə Kirovaqan şəhər Spitaq rayonu yerlə yeksan oldu.  Bizdə Ovçuoğlu və Güllübulaq kəndləri var idi, ermənilər başladılar onları sıxışdırmağa. Leleqan şəhəri ilə Ovçuoğlu və Güllübulaq kəndlərinin arası 15 km. idi. Ermənilər onları sıxışdırmağa başlayanda, onlar da bizim kəndə gəldilər. Bizim Quzu kəndi qardaş Türkiyə Respublikasının Qars şəhərinə yaxın idi. Ermənilər bizə hücum edəndə, Qars şəhəri sərhəddində dayanan türk hərbi silahlı qüvvələrinə də müraciət edirdik. Bizim kəndin raykomu var idi, İldırım Bağırov. O, bütün polislərlə avtomat çiynində gecələr 25 kəndi qoruyurdu. Kənd sakinlərinin qoçaqlığı o idi ki, hərə öz kəndini qoruyurdu. Komendant saatı elan olunmuşdu. Kəndə Sovet qoşunları gətirildi və onlar məktəbdə yerləşdirildi. Bunları da gündəlik ərzaqla təmin etmək lazım idi, ona görə də kəndə rəhbərlər toplaşdılar və dedilər ki, Sovet ordusuna birinci çörəyi Nəsib kişi verəcək. Onları ilk dəfə ərzaqla mən təmin etmişəm.

–       Onlar məktəbdə yerləşdirildikdən sonra, sakitliyi bərpa edə bildilərmi?

 

–       Sakitliyi bərpa edirdilər, düzdü, lakin, bu bir ay çəkdi. Ermənilər sovet ordusunu ələ alaraq, onların bizdən üz döndərmələrinə nail ola bildilər. Sonra konkret olaraq, hiss etdik ki, bizi çıxaracaqlar. Ermənilər tez bir zamanda yolları bağlayaraq, milləti blokada vəziyyətinə saldılar. Oradan çıxmaq üçün yeganə bir yol var idi.

–       Bu hansı yol idi?

–       Bu yol Leleqan, Kirovaqan və bir də Qaraxaç şəhərlərinə çıxırdı. Qaraxac şəhərində də yay-qış qar olurdu. Bəxtimiz onda gətirdi ki, ermənistanda zəlzələ oldu.

–      Bunun sizə nə aidiyyatı var idi?

–      Zəlzələ olmasaydı, biz hamımız qurbanlıq olacaqdıq. Onlar bizim hamımızı qıracaqdılar. Zəlzələ olduğundan ermənilərin başı çox qarışıq idi. Orada elə zəlzələ olmuşdu ki, dağ yerindən oynayaraq dəmir yolunu da yerindən qoparıb aparmışdı.

      Həmin vaxtı Yerevanda da dağıntılar olmuşdu. Elə deyil?

 

–      Yeravanda da dağıntılar olmuşdu, amma elə də yox. Ən çox dağıntılar Leleqan, Kirovaqan şəhərləri və Spitak rayonunda oldu.  Çox pis dağıntılar olmuşdu. Hündürmərtəbəli binalar yerlə yeksan olmuşdu. Şəhərə üfunətdən girmək olmurdu. Dağıntılar altında qalan adamlar iy verib, iylənirdi. Həmin vaxtı bizə Gürcüstanda yaşayan yaxınlarımız maşınlarla köməyə gəldilər. Onda mən ailəmi və yaxın qohumlarımı maşınla Gürcüstana yolladım. Mən və yoldaşım isə qaldıq. Mən fermada işlədiyimdən ermənilər məni sənədlərin təhvil-təslimi bəhanəsi ilə buraxmadılar. Mən sonra fikirləşdim ki, artıq bizə də çıxış yolu yoxdu. Mart ayında isə mən və yoldaşım çıxdıq.

 

–       Bəs niyə həmin vaxtı siz öz yaxın rayonlarınıza deyil, Gürcüstana köçdünüz?

–       Həmin vaxtı qaçaqaç olduğundan hər kəs öz yaxınlarının yanına pənah aparırdı. Mənim də yaxınlarımın çoxu Gürcüstanın Marneuli rayonunda yaşadığından, məcbur olduq ki, onlara pənah aparaq. Biz öz yaxınlarımızın evində yaşayırdıq. Mən Quzu kəndində içi dolu evimi qoyub gəldiyimdən, heç nəyə gümanımız yox idi, hətta ev almağa belə.

–      Siz əvvəldə qeyd etdiniz ki, ermənilər sizi maşınla da vurublar. Bəs bu necə oldu?

 

–      Mən ailəmi gətirdikdən sonra özüm gizlin gedib-gəlirdim. Çünki, bütün varım, dövlətim orada qalmışdı. Onları çıxarmaq istəyirdim.  Hər dəfə ermənilər yolumuzu kəsirdilər və soruşurdular:

-Hara gedirsiniz?

Biz də onları aldadaraq, “zəlzələ bölgəsinə köməyə gedirik”, deyərək yolumuza davam edirdik.  Mən mart ayında bir dəfə gedib gəlmişdim. İkinci dəfə isə may ayında gedəndə, yarı yola kimi maşınla, oradan isə, 20-25 kilometr piyada yol gedirdim. Mən piyada gələndə gördüm ki, bir hərbi maşın gəlib keçdi. Maşında iki erməni var idi. Bunları tanıdım, bildim ki, bunlar ermənilərdi. Bunlar gedib, sonra geri qayıtdılar. Mən gördüm ki, maşın gəlir yolun sağ tərəfinə çıxdım. Onlar maşını düz mənim üstümə sürdülər və mən yolun ortasına çıxmaq istədikdə, maşın məni sağ tərəfimdən vuraraq, yolun qırağındakı kanala tulladı. Orda yerdə yıxılı qalaraq, elə düşündüm ki, artıq burda ömrümün sonudu. Onlar məni öldürəcəklər. Maşından düşən ermənin biri o, birisinə dedi ki, maşında dəmir var onu gətir. Bunlar gələndə, mən Allaha dua etdim ki: “Ay Allah nə ola ayağıma bir şey olmaya buradan qaça bilim”. Sağ qolumu tərpətdim gördüm ki, qolumu tərpədə bilirəm. Sonra sağ ayağımı tərpətdim, gördüm ki, sağ ayağımı da tərpədə bilirəm. Onlar gəlincə qaçıb özümü yaxınlıqdakı çınqıllıq deyilən yerə çatdırdım. Orada çoxlu daş olduğundan düşündüm ki, özümü daşla müdafiə edə bilərəm. Bunlar qayıdıb getdilər. Mən Arpa gölün qırağı ilə yoluma davam etdim. Sonra düşündüm ki, çayı keçib kəndə girərəm.

 Birdən gördüm ki, işıq yandı sən demə bu ermənilər geri qayıdararaq, məni düz kəndin girişində gözləyirmişlər. Girdim suya və balaca əvəlik kolunun arxasında gizləndim. Suya nə qədər işıq salsalar da məni tapa bilmədilər. Oradan da çıxıb kəndimizə gəldim. Gəldim evimə gördüm ki, qapını necə bağlamışam elə də bağlı qalıb. Qolumla, qıçımın ağrısı sonradan ağrımağa başladı. Maşın ki, hardan vurmuşdu, yeri qaralmışdı. Sonra orda qalan soydaşlarımıza ermənilər divan tutmuşdu. Uşaqları turbaların içinə yığıb yandırdılar. Gəlinlərin, qızların başına olmazın oyunlarını açmışdılar. Həmin vaxtı 160 min soydaşımız öz yurd-yuvalarından didərgin düşdülər. Biz yeddi ay Gürcüstanda qaldıqdan sonra, Gəncə şəhərinə yaşayan yaxınlarımla da əlaqə saxlayırdım ki, Gəncə şəhərində ev alım.  Sonra elə oldu ki, 1989-cu ilin may ayında yaxınlarımın köməyi nəticəsində Bakı şəhərində ev aldım və o, vaxtdan burada yaşamağa başladıq.

 

 

Vasif Əlihüseyn

“KarabakhİNFO.com”

 

 

20.05.2013 16:11

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*