Azərbaycanca

“Napoleon Bonapartın şəxsi yavərlərindən biri qarabağlı olub”

07.08.2013 | 15:08

1375873327_smistan“Karabakhinfo.com” e-jurnalı hərb tariximizin araşdırmaçısı, jurnalist-publisist Şəmistan Nəzirli ilə müsahibəni təqdim edir.

–  Şəmistan müəllim, Cümhuriyyət dövründə milli ordunun qurulmasında Azərbaycan generallarının hansı rolu olub?

 

–  İnamla demək olar ki, 1918—20-ci illərdə milli ordumuzun keçdiyi ömür yolu tam tarixi salnamədir. Yetmiş iki il “tamamilə məxvidir” möhrü ilə xalqımızdan gizlin saxlanan hərb tariximizin qiymətli sənədlərini araşdırmaq bizə yalnız 1992-ci ilin noyabr ayında qismət oldu. Hər sənəddə bir qəhrəman oğlumuzun taleyi, döyüş yolu, kimisi yarımçıq, kimisi də bütöv. Xalqımızın taleyində müəyyən xidmətləri olmuş general oğullarımızın haqqını dana bilmərik. Kimə daha çox xidmət etmələrindən asılı olmayaraq bu generallar, bu hərbçilər bizim xalqın, oğullarıdır. Uzun illərlə apardığım axtarışlardan sonra müəyyən etmişəm ki, inqilabdan əvvəl və sonra səksəndən çox generalımız olub. Cümhuriyyət dövründə Milli Ordunun qurulmasında Azərbaycan genrallarının, xüsusilə 21 nəfərin rolu olub. Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Yadigarov qardaşları, qarabağlı general Süleyman bəy Əfəndiyev və s. Bunlar xüsusi xidmət göstəriblər. Onların xidməti əvəzsizdir.

 

–  Onlar Qarabağın müdafiəsində nə kimi xidmətlər göstəriblər?

 

–  Qarabağın müdafiəsində ən əsas xidməti general Həbib bəy Səlimov göstərib. Çünki 1920-ci il martın 22-də – Novruz bayramı günü daşnaklar Qarabağın dağlıq hissəsini Azərbaycandan ayırmaq üçün Əsgəran keçidini kəsiblər. Qiyamçılar top və pulemyotlarla silahlanıbmış. Onlara İrəvandan gələn general Dro Kanayan komandanlıq edirmiş. Onlar Şuşanı alıb Tərtərə getmək istəyirmişlər. O zaman çox böyük təhlükə yaranıb. Buna görə Əsgəran cəbhəsinə güclü qüvvə ayrılır.Müdafiə naziri Səməd bəy Mehmandarov Həbib bəy Səlimova 6 alay verir ki, Qarabağı qaytarmaq lazımdır. Aprelin 3-də Həbib bəy Səlimovun komandanlığı ilə ölüm-dirim savaşı başlayır. Döyüş 12 gün davam edir, qarşı tərəf darmadağın edilir və sonda Cümhuriyyət Ordusu Şuşaya və Xankəndinə daxil olur. Qarabağ dağlarında Azərbaycan bayrağı qaldırılır. Hətta hərbi nazir S. Mehmandarov cəbhəyə gəlir və əsgərlər qarşısında çıxış edib onları təbrik edərək bildirir ki, Almaniya cəbhəsində bir çox döyüşlərdə olub, amma onlar qədər qəhrəman əsgərlərə az-az təsadüf edib. “Siz canınızla gənc Azərbaycan ordusunun namusunu qorudunuz!” – deyib. General Həbib bəy Səlimov, Cavad Şıxlınski ermənilərə dərs veriblər. Əgər onlar olmasaydı Qarabağ min faiz əldən gedə bilərdi. O genralların sayəsində qaldı bu torpaqlar.

 

– AXC illərində ilk general rütbəsi kimə verilib?

 

-Bizim ilk milli ordu generalımız Süleyman bəy Əfəndiyevdir. 1864-cü ildə Ağdamda anadan olub. Çox fədai, qeyrətli general olub. Süleyman bəy ilk dəfə Azərbaycan hərbiyyə məktəbinin açılmasında və Gəncə süvari alayının yaradılmasında böyük xidməti olan görkəmli sərkərdələrimizdən biridir. AXC ordusunun sıralarında cəmi-cümlətanı bir il general kimi xidmət edən Süleyman bəy Əfəndiyevin adı yetmiş üç il arxiv səhifələrində gizlədilib. Onun çox böyük və danılmaz xidməti 1917-ci ilin iyul ayından başlayaraq Azərbaycan milli ordusunu yaratmaq təşəbbüsüdür.

 

O, 1919-cu ildə vəfat edib. Həmin dövrdə orduda olan tif xəstəliyinə tutulub və bu xəstəlikdən də ilk ordu generalımız dünyasının dəyişib. Generalın vaxtsız ölümü bütün Azərbaycan ictimaiyyəti üçün ağır itki olub. Onu çox şərəflə dəfn ediblər.

 

–  Araşdırmalarınızda ictimaiyyətin tanımadığı qarabağlı hərbiçi və ya generallardan kimləri üzə çıxarıbsınız?“Napoleon Bonapartın şəxsi yavərlərindən biri qarabağlı olub”

 

– Qarabağlı Rüstəm bəyin adını çəkə bilərəm. O, Fransa imperatoru Napoleon Bonapartın şəxsi yavərlərindən biri olub. Napoleonla birgə İspaniya, Misir yürüşlərində iştirak edib. Qeyri-adi igidliyinə görə Vaqram döyüşlərində şəxsən imperatorun özü onu Fransanın ali hərbi Legion ordeni ilə təltif edib. Napoleon Bonapart Moskvaya hücum edəndə qarabağlı Rüstəm bəy əsir alınıb. Az sonra Qarabağa qayıdıb. Sonralar onu general Aleksey Yermolov Qafqaz canşinliyində öz yanına işə dəvət edib. Ömrünün axırına kimi general Yermolovun yanında işləyib. Məncə, Rüstəm bəyin ən aşağı rütbəsi polkovnik olub. Fransa imperatoru Napoleonun şəxsi yavəri kimi məsul vəzifə daşıyan, general Aleksey Yermolov kimi iliyinə qədər hərbçi olan adamın dəvəti ilə canişinliyə hərbi işə cəlb edilən Rüstəm bəyin aşağı rütbəsi ola bilməzdi.

 

  İnqilaba qədər general rütbəsi daşıyan qarabağlılardan hansının adını çəkə bilərsiniz?

 

–  Hələ 1806-10-cu illərdə Zaqafqaziya Rusiya ilə birləşəndə Qarabağ hakimi İbrahimxəlil xana general-leytenant, oğlu Məmmədhəsən ağaya, Mehdiqulu xana və Cəfərqulu ağaya isə general-mayor rütbəsi verilib. Başqa xanlıqların rəhbərlərinə də bu rütbələr verilib. Onlar xanlıqlara başçılıq edən əsil-nəcabətli şəxsiyyətlər idi. Lakin onlar döyüş generalı deyildilər. Sadəcə çar üsul-idarəsi yerli hakimlərə ona görə ali rütbə verib ki, məhz onların vasitəsilə yerli əhalini özlərinə tabe etsinlər.Amma inqilaba qədər ən yaxşı qarabağlı general yuxarıda haqqında danışdığım Süleyman bəy Əfəndiyev olub. Milli ordunun təməl daşının qoyulmasında onun böyük xidmətləri var. Ondan qabaq da general Fərəc bəy Ağayev olub. 1814-cü ildə dünyaya gəlib. O, Həsən bəy Zərdabinin atasının dayısı olub. Zərdabinin təhsil almasında onun çox böyük xidmətləri var. Məsələ burasındadır ki, Fərəc bəy çox  yaraşıqlı adam imiş. Bir səhər hərbi kadır məktəbini bitirənlərin buraxılışı imiş. Çar II Aleksandır ailəsilə bir-bir zabitlərə baxırmış. Fərəc bəy Ağayev o qədər gözəl imiş ki, çarın arvadı Feodrovnanın diqqətini çəkib və onun haradan olduğunu soruşub. Fərəc bəy də qarabağlı, Qafqaz müsəlmanı olduğunu deyib. Bu zaman çar da zabitlərə baxa-baxa gedirmiş. Arvadı çarı qaytarıb deyib ki, bu oğlanı köynəyindən keçirib övladlığa qəbul edir. Adını qoyub Nikolay Nikolayeviç Aqiyev.Yəni çarın oğlu. Amma Fərəc bəy öləndə vəsiyyət edib ki, onu müsəlman kimi dəfn etsinlər. O, Tiflisdə Azərbaycanlıların Xeyriyyə cəmiyyətində də iştirak edib. Çox qeyrətli general olub.

 

–  AXC-nin 21 generalından neçəsi qarabağlı olub?

 

–  Ümumi olaraq 12 nəfərdir qarabağlı general. Amma cümhuriyyət generallarından təxminən 4-ü qarabağlıdır. Onlardan Əmirkazımxan bəy Qacar, Əmənulla xan Qacarı misal çəkə bilərəm. Hər ikisi Şuşada anadan olublar. Səməd bəy Mehmandarov da qarabağlı idi. Hərdən talışlar mənə deyir ki,Mehmandarovun talış olduğunu yazım. Amma talış deyil, axı. Sadəcə onun atası Lənkəranda işləyib. Ona görə də Mehmandarov 1856-ci ildə Lənkəranda anadan olub. Onun bütün nəsli Qarabağdan idi. Əslən Şuşadan olublar. Mən onu lənkəranlı hesab etmirərm. Düzdür, nə fərqi var, hamısı bizimdir. Amma faktı gərək oldudğu kimi deyəsən. O, Şuşanı çox sevirmiş. Hətta Port-Arturda olanda “Novıy kray” qəzetinin müxbiri E. K. Nojinə verdiyi müsahibədə də bu haqda danışıb.

 

–  Sovet dövründəki qarabağlı generallardan kimləri deyə bilərsiniz?“Napoleon Bonapartın şəxsi yavərlərindən biri qarabağlı olub”

 

–  Bu dövürdə də 4 qarabağlı generalımız olub. Murtuz Quliyev, Xəlil Məmmədov, Əmir Rüstəmov. Üçü də şuşalı idi.  Ə.Rüstəmov Moskva Dzerjinski Akademiyasında kafedra müdiri olumuşdu. Ən yaxşı general isə Yaqub Quliev idi. O da Şuşada anadan olub, 1900-cü ildə. Onun valideynləri 1905-ci ildə erməni zülmündə Türkmənistana köçüblər. Y.Quliyev də orada boya-başa çatıb, təhsil alıb. Onun xidməti deməklə qurtaran deyil. Stalinqardda döyüşub. 1942-ci ildə qəhrəmancasına həlak olub. Stalinqardda Mamaya kurqanında onun da adı var. Türkmənlər özlərinin yeganə generalı kimi ona heykəl qoyub öz adlarına çıxıblar. Mənsə yazdım ki, o azərbaycanlıdır. Biz heç onu tanımırıq. Amma türkmənlərdə o çox məhşurdur.

 

Fuad Hüseynzadə

 

“KarabakhİNFO.com”

 

07.08.2013 15:08

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*