Azərbaycanca

Natiq və Namiqi benzin maşınında yandırdılar

27.02.2013 | 11:29

1361949966_memmed-logo“Yaşarı anası Züleyxanın gözü qarşısında öldürdülər”     1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. 

Nəticədə, fevralın 26-sı səhər saat 05:00 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.     Bu hadisə Azərbaycanda və qardaş Türkiyədə “Xocalı qətliamı”, “Xocalı soyqırımı” kimi anılır. Ermənistanda isə bu əməliyyat “Xocalı döyüşü”, “Xocalı hadisəsi” terminləri ilə ifadə olunur. Qərb və dünya mətbuatı “Xocalı qətliamı” (en. “Khojaly Massacre”, fr. “Massacre de Khodjaly”) terminindən istifadə etməyə üstünlük verir.       Həmin hadisələrdən 21-il keçir, müsahibimiz Xocalı şəhər sakini, döyüşçü İsmayılov Məmməd Sabir oğludur. O, 1956-ci ildə Laçın rayonunda anadan olmasına baxmayaraq, 1988-ci ildən bəri Xocalı şəhərində yaşamağa başlayıb. O, qardaşı İsrail Məmmədovla birgə Azərbaycanın Milli Qəhrəmanı Xocalı batalyonunda 708-ci briqadanın komandiri baş-leytenant Tofiq Hüseynovun əsgərləri olublar. 

– Məmməd Müəllim bu il biz Xocalı soyqrımının 21-ci il dönümü qeyd edirik, siz həmin hadisələri necə xatırlayırsınız?        

 

  – Dəhşət idi, şəhər dörd tərəfdən mühasirəyə alınmışdı. İki-üç ay əvvələ qədər heç olmasa Ağdama gedib gələ bilirdik. Sonradan hər tərəf bağlandı heç yerə çıxa bilmədik. Fevralın 25-i axşamüstü başladılar şəhərə atmağa, axşam saat 11-dən biz artıq vəziyyətin təhlükəli olduğunu nəzərə alaraq, Xocalı Rayon İcra Hakimi Elman Məmmədovun göstərişi ilə şəhərdən çıxmağa başladıq. Çünki, E.Məmmədovun da başqa çıxış yolu yox idi, əhalini qırdırmaq olmazdı. E.Məmmədovun da qohum-əqrabasından şəhid olan çox oldu.  

 

– Siz şəhərdən hansı istiqamətdə çıxdınız?  

 

       – Biz Şelli istiqamətində Naxçivanik tərəfə çıxdıq və ordan gəldik Ağdam rayonuna. Ağdam Rayon İcra Hakimiyyətinin qarşısında yığıldıq. Oradan da, Ağdamda kimin qohumu var idi, gəlib aparırdılar. Mənim də dayım Ağdam da yaşayırdı. Uşaqlarımı bir neçə gün öncədən yolladığımdan, yoldaşımla ikimiz idik. Gəlib bizi də apardılar. Qadınları çaydan keçirdiyimə görə, ayaqlarımı don vurduğundan yeriyə bilmirdim. Ayaqlarımı müalicə etdirmək üçün həkimə müraciət etdim.  

 

– Məmməd müəllim, həmin gecə Xocalı 613-nəfər şəhid verdi. Ermənilər bu vəhşiliyi necə törədirdi?      

 

   – Həmin vaxtı əhali səpələnmişdi hər tərəfə. Laçın tərəfə gedəni var idi, Əsgəran tərəfə gedəni var idi. Ermənilər yollarda pusqu qurub gözləyirdilər və hər tərəfdən onların hücumu ilə rastlaşırdıq. Biz getdiyimiz istiqamətdə də bir erməni gördük.  Amma onu vurmadıq ki, səsə gəlib bizim camaatı qırarlar. Kaş ki, vurardıq. O, xəbər verdi və bir dənə polis maşını Əsgərana gedəndən sonra, tanklar camaatı qırmağa başladılar. Camaatı Zil markalı yük maşınına yığıb daşıyırdılar, bağırtıları indi də qulağımdan getmir. Qonşu qadını iki oğlu ilə birgə ordan gətirib çıxarmışam.   – Qırırdılar da camaatı.         – Qırırdılar nədi, (gözləri dolur) hər il Xocalının il dönümü gələndə mən söz tapa bilmirəm. Biz gələndə, yoldaşım dedi ki, yeriyə bilmirəm gəl özümüzü öldürək, aldatdım dedim ki, az qalmışıq çatırıq, gəlib çıxmışıq.  

 

– Məmməd müəllim, həmin hadisələrdə kimlərinizi itirdiniz?    

 

   – Həmin döyüşlərdə Milli Qəhrəman polis kapitanı Əlif Hacıyevi və komandirimiz Milli Qəhrəman baş-leytenant Tofiq Hüseynovu itirdim. Ə.Hacıyev mənə dedi ki: – şineli çək üstümə qoy ermənilər məni tanımasın. Şuşada iki dayım oğlanları Natiq və Namiqi benzin maşınında yandırdılar. İki əmim oğlanları Şahin və Məmməd bir də bibim qızı Rəfiqə şəhid oldu. Qonşum Yaşarı anası Züleyxanın gözü qarşısında öldürdülər. Qardaşım İsrail ilə mən yaralı da olsaq geri qayıda bildik.  

 

– Orada meyitlərin çıxarılması necə həyata keçirilirdi?       

 

– Danışılmışdı ki, meyitlərin çıxarılmasına şərait yaradılsın. Mən ailəmi və sakinləri xilas etdikdən sonra, yenidən Xocalıya qayıtdım. Biz meyitləri bir yerə yığırdıq,  sonra vertalyotla daşıyırdıq Ağdama və  orada məsciddə yuyularaq dəfn olunurdu. İndi bilirəm ki, oranı da dağıdıblar.  

 

– Məmməd müəllim, dövlətimiz qaçqın və məcburi köçkünlərə xüsusi diqqət yetirir. Siz bu haqda nə deyə bilərsiniz?     

 

  – Biz Xocalı sakini olaraq, 1992-ci ildən burada “Bakı 2-nömrəli Evtikmə Kombinatının istirahət bazasında” yerləşdirilmişik. Prezidentimizə təşəkkür edirik, bizə çox köməklik göstərilir. Bizi ərzaqla təmin edirlər, bayramlarda köməklik göstərilir. Qazımız və işığımız pulsuz olaraq verilir. Prezidentimizin siyasəti nəticəsində inanırıq ki, biz öz torpaqlarımıza qayıdacağıq.        

 

Vasif Əlihüseyn  

“KarabakİNFO.com”   

27.02.2013 11:29

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*