Azərbaycanca

Naxçıvanın blokadası və erməni iddiaları

14.04.2014 | 11:23

1397460116_10169068_553877798059041_288265455_nMilli Məclisin üzvü Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının (AŞPA)  Monitorinq Komitəsinin iclasında çıxışı zamanı “Bu ölüm saçan Naxçıvan blokadasını aradan qaldırmaq lazımdır. Amma heç kim bu barədə eşitmək istəmir” sözlərini işlətməklə SSRİ-nin dağılmasından sonra blokada şəraitində yaşayan Naxçıvanın problemini bir daha  gündəmə gətirdi.

 

Naxçıvan Yaxın Şərqin ən məşhur qədim şəhərlərindən biridir. Onun 3500 ildən çox yaşı vardır.

 

Tarix boyu Naxçıvan da ermənilərlə mübarizə aparıb. Naxçıvan çayının aşağı hissəsində, həm də şəhərdə Cəhri çayının mənbəyində 12 may 1905-ci ildə, Naxçıvan çayının yuxarı hissəsində 12-18 may 1905-ci ildə, Əlincə çayının mənsəbində, Şurut kəndi və Gilan çayı hövzəsində 12-18 may 1905-ci ildə naxçıvanlılar ermənilər tərəfindən soyqırıma məruz qalıblar. Zəngibasarda 48 kənd tamamilə yandırılmış, 18 qız və gənc qadın əsir aparılmış, 400-dən çox uşaq, 150 qoca kişi və qadın öldürülmüş, 100 xəstə yandırılmış, 816 qaçqın Arazda boğulmuş, 160 min nəfər isə Cənubi Azərbaycana keçərək orada evsiz qalmışdır; Vedibasarda 118 kənd yandırılmış, 900 nəfər artilleriya atəşlərilə öldürülmüş, 6 qadın əsir aparılmış, 300-dən artıq uşaq və qoca qətlə yetirilmişdir. Dərələyəzdə 74, Şərur və Şahtaxtıda isə 76 kənd yandırılmışdır. Şərurda 810 nəfər xəstə yatağındaca qətlə yetirilmiş, 144 qadın əsir götürülmüş, 72 nəfər top atəşilə məhv edilmiş, 150 qoca və qadın öldürülmüşdür. Şahtaxtıda isə 3 qadın əsir  aparılmış, 35 uşaq, 14 qoca kişi, 8 qadın və 9 xəstə qətlə yetirilmişdir.

 

SSRİ dövründə də Naxçıvanın Ermənistana birləşdirmək arzuları ilə yaşayan ermənilər bütün yollara əl atırdılar. Ermənistan K(b)P MK keçmiş katibi A. Xancyanın planı üzrə dünyanın hər tərəfindən bütün ermənilər bu əraziyə köçməli və Naxçıvanı Ermənistana birləşdirməli, bütün azərbaycanlıları isə Ermənistandan Azərbaycana köçürtməli idilər. Bu yaxınlarda mən eşitdim ki, Ermənistan hökuməti Naxçıvanı Ermənistana birləşdirməyi tələb etmişdir, lakin Azərbaycan hökuməti rədd cavabı vermişdir”.

 

Naxçıvan Muxtar Respublikası İranla sərhəddə yerləşir, 410.000 sakini var və təxminən 25 ildir ki, Ermənistan tərəfindən blokadada şəraitində yaşayır. Naxçıvanın blokadaya alınması haqda tarixçilər  müxtəlif fikirlər söylüyürlər. Bəziləri 1986,1987,bəziləri 1990,1991,1992 və s.

 

Ümumiyyətlə blokadaya alma 2 cür olur: siyasi və iqtisadi. Naxçıvan iqtisadi cəhətdən blokadaya 1990-cu illərdən, siyasi cəhətdən isə 1986-cı illərdən salınmağa başlanmışdır.

 

Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası (NMR) istiqlaliyyət qazanmaq üçün uzun müddət mübarizə aparmışdır. 1990-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (NMSSR) Ali Soveti “Moskva və Qars müqavilə”lərini əsas götürərək SSRİ-nin tərkibindən çıxmaq barədə qərar qəbul etdi. Bu, faktiki olaraq, SSRİ-nin süqutunun başlanğıcı idi. 1990-cı ildən sonrakı siyasi proseslər Dağlıq Qarabağ ətrafında başlanan hadisələr Naxçıvanda da öz əks-sədasını tapırdı. Bu dövrdə Naxçıvanın vəziyyəti daha ağır idi. Onu ermənilər tərəfindən işğal təhlükəsi gözləyirdi. Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazisinə daxil olan və 1920-ci illərdə Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi nəticəsində ərazisi daxilində anklav vəziyyətə düşən Kərki kəndi Qarabağda separatçı münaqişənin qızışmaqda olduğu bir vaxtda işğal olunub. Hansı ki, həmin vaxtlarda ermənilər təkcə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə yox, Azərbaycanın Ermənistanla sərhədboyu kəndlərinə qarşı da silahlı terror hücumları həyata keçirirdilər.

 

1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə erməni silahlı dəstələri Sədərəkin Kərki kəndinə hücum edərək, oranı işğal etdilər. Kərki kəndinin işğal olunmasına Ermənistanda dislokasiya olunmuş 7-ci sovet ordusunun hissələri də kömək edib. Sədərək daxil olmaqla bu silahlı hücumlara Ermənistanla sərhəddə yaşayan bütün kəndlər məruz qaldı. 1990-1994-cü illərdə 14 dəfə ermənilərin ağır zirehli texnikası ilə hücumuna məruz qalan kənddə ağır döyüşlər getsə, bütün Muxtar Respublika blokada vəziyyətinə düşsə və yüzlərlə insan şəhid olsa da yerli əhali buranı tərk etmədi. Dağların ətəyinə sığındılar. Gözlənilənin əksinə torpaqları tərk etmədilər, sonuna qədər vuruşdular.

 

Sədərəkin Kərki kəndi Naxçıvanın ermənilər tərəfindən işğal olunmuş yeganə kəndidir. Kənd ərazisindəki şəhidlikdə keçən əsrin əvvəllərində burada gedən döyüşlərdə şəhid düşmüş türk əsgərinin türbəsi var.

 

Bu gün də ermənilər Naxçıvana ərazi iddiaları irəli sürməkdədirlər. Blokada şəraitində yaşayan bu qədim türk torpağına Ermənistanın Baş prokuroru rəsmi Ermənistanın göz tikdiyin bəyan edir. Qondarma erməni soyqırımının 100-cü ildönümü münasibətilə keçirilən forumda çıxış edən Baş prokuror Azərbaycandan yeni torpaq iddiasını da gizlətməyib: “Ermənistanın həm Türkiyə həm də Azərbaycanla (Naxçıvan bölgəsi) ərazi problemi var. Bunun hüquqi çərçivədə həll olunması üçün Ermənistan tərəfi şikayət ərizəsi yazıb BMT-ə və Beynəlxalq Məhkəməyə təqdim olunmalıdır.

 

Prokuror Avgan Ovsepyanın Türkiyə erməni kilsəsi, ərazilərini və sözdə itirdikləri torpaqları Ermənistana geri qaytarmalı olduqlarını iddia edib. Daim araqarışdırmaqla məşğul olan Ermənistan, təbii ki, bu dəfə də dinc dayanmadı və “Naxicevan”ın milli-siyasi təşəbbüsləri” adlı provokasiya xarakterli bəyanatla çıxış etdi. Bəyanatda deyilir: “Naxicevan erməni etnosunun əsas formalaşmış ocaqlarından biri olub. 1921-ci ildə ora zorla Azərbaycana birləşdirilib. Lakin biz əminik ki, işğal altında olan bu yer gec, ya tez, öz tarixi sahibinin nəzarətinə keçəcək”.

 

ABŞ-ın San-Fransisko şəhərində rusca çıxan «Russkaya jizn» qəzeti 1987-ci il noyabrın 10-da ABŞ erməniləri E. Kokosyan və L. Dunamalyanın “Naxçıvan uğrunda hərəkatın mahiyyəti” məqaləsini dərc edir.

 

E.Süleymanov haqlı olaraq qeyd edir ki, 25 il ərzində heç bir beynəlxalq qurumda, o cümlədən AŞPA-da Naxçıvanın blokadası barədə hər hansı bir dinləmə, müzakirə aparılmayıb, sənəd qəbul edilməyib: “Gəlin, əvvəlcə, bu ölüm saçan blokadanı aradan qaldıraq. Bunu isə heç kim eşitmək istəmir. Avropa Şurası Azərbaycanda demokratiyanın inkişafını sürətləndirmək istəyirsə ilk növbədə işğala son qoyulması üçün son sözünü deməlidir.”

 

Ermənistan rəsmiləri bilməmiş deyildi ki, açıq şəkildə məsələni “Naxçıvandan başlamaq” dünya ictimaiyyəti tərəfindən Azərbaycana açıq hərbi təcavüz kimi qiymətləndirilər. Digər tərəfdən, onlar yaxşı bilirdilər ki, Naxçıvanda Ermənistanın ilhaqçılıq planlarını müdafiə edəcək sosial baza yoxdur. Və bir də Naxçıvan əhalisinin müstəsna dəyanəti və igidliyini, yəqin ki, Ermənistanda hələ unutmamışdılar. Onlar yaxşı xatırlayırdılar ki, məsələn, 1905-ci ilin mayında ermənilər Naxçıvanda terrora başlayanda azərbaycanlılar cavab tədbirləri görmək məcburiyyətində qalmışdılar və nəticə etibarilə fitnəkarlar və terrorçular layiqincə cəzalandırılmışdılar. 1906-cı ilin fevralında Tiflisdə keçirlən erməni-müsəlman sülh məclisində Xatisovun (Ermənistanın gələcək baş naziri) dediyinə görə, o zaman Naxçıvanda “45 erməni və 1 müsəlman” həlak olmuşdu. Bu rəqəmlərin həqiqətə uyğun olub-olmamasını yoxlamamışıq. Lakin fakt faktlığında qalır: 1911-ci ildə M.S.Ordubadinin yazdığı kimi: “1905-ci ilin mayında ermənilər Naxçıvanda büs-bütün məğlub olaraq, milli tarixlərinin səhifələrinə  qara bir xətt çəkdilər”

 

 

Zaur Əliyev,

 AMEA-nın əməkdaşı, 

Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri,

Siyasi elmlər üzrə fəlsəfə doktoru. 

 

 

“KarabakhİNFO.com”

 

 

14.04.2014 11:23

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*