Azərbaycanca

Naxçıvanın blokadaya salınmasının Azərbaycan iqtisadiyyatına vurduğu ziyan

14.04.2014 | 11:02

1397458941_10253168_506301596148267_85662433_aNaxçıvan Azərbaycanın və Şərqin ən qədim şəhərlərindən biridir. Tarixçilərin məlumatına əsasən, Naxçıvan şəhəri eramızdan əvvəl 1539-cu ildə salınıb. Tarixə nəzər salanda aydın olur ki, qonşu dövlətlər Naxçıvan torpağına  hər zaman göz dikiblər. Xüsusilə də, Ermənistan qədim şəhər olan Naxçıvana sahib olmaq istəyib. Amma onların bu istəyi elə istək olaraq qalıb. 1990-cı ildə mənfur düşmənimiz olan ermənilərin sayəsində Naxçıvan blokada şəraitinə salınır . Həmin ildən etibarən Naxçıvanın digər şəhərlərlə əlaqəsi kəsilir. Yalnız hava yolu vasitəsilə şəhərə gediş-gəliş bərpa olundu. Təbii ki, Naxçıvanın blokadaya salınması Azərbaycan iqsadiyyatına təsirsiz ötüşmədi.

Naxçıvanın blokadaya salınmasının Azərbaycan iqtisadiyyatına vurduğu ziyanlar barədə tanınmış iqtisadçı Rəşad Həsənova  müraciət etdik.

Rəşad Həsənov “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına açıqlamasında bunları dedi: “Təbii ki, hazırki vəziyyət yəni, Naxçıvan MR-in Azərbaycanın digər əraziləri ilə faktiki olaraq torpaq bağının olmaması və Dağlıq Qarabağ problemi nəticəsində Ermənistandan keçən avtomobil və dəmiryolunun bağlanması MR iqtisadiyyatına kifayət qədər mənfi təsirlər göstərir. İndiki halda Naxçıvanın ölkənin digər regionları iqtisadi əlaqələri və faktiki olaraq ölkə bazarına inteqrasiyasında hiss ediləcək dərəcədə çətinliklər var. İkitərəfli daşımalar 3 istiqamətdə mümkündür. Hava yolu, Naxçıvan- İran-Astara yolu və Naxçıvan-Türkiyə-Gürcüstan-Qazax avtomobil yolları.

Göründüyü kimi, hər üç yol kifayət qədər bahalı yol hesab edilir. Məhz bu çətinlik Naxçıvanda istehsalatın inkişafı və şaxələndirilməsində başlıca əngəldir. Mövcud çətinliklərin Naxçıvan iqtisadiyyatına birbaşa və dolayı təsirlərini bu cür səciyyələndirmək lazımdır.

Birincisi, MR-ə daxili və xarici kapital axını çox zəifdir.  Bir sözlə, vəziyyət regionun investisiya mühitinin əhəmiyyətini azaldıb. Çünki  Naxçıvanda istehsal edilən məhsulların digər regionlara daşınma xərcləri yüksəkdir və bu halda da məhsulların rəqabətliliyi azalır. Daxili tələbat isə iri müəssisələrin fəaliyyətinə yetəcək qədər deyil. İkincisi, rəqabət mühiti aşağıdır. Buna da səbəb yuxarıda qeyd etdiyimiz səbəblərdən regionda fəaliyyət üçün sahibkar marağının azlığıdır. Nəticədə bölgəyə innovasiya axını zəifləyib və keyfiyyət ikinci dərəcəli əhəmiyyət daşıyır. Məhz bu səbəbdəndir ki, Naxçıvanda fəaliyyət göstərən nisbətən iri müəssisələr daha çox mineral mənşəli məhsulların istehsalı ilə məşğuldur. Bu məhsulların rəqabət aparma imkanı alternativ olmadığı üçün nisbətən yüksəkdir.. Dördüncüsü zəif istehsal mühiti məşğulluq problemi yaradıb. Belə ki, faktiki olaraq MR əhalisinin böyük bir qismi kənardan daxil olan pulla dolanır. Gənc və orta nəsil Türkiyə, Rusiya və son illər isə böyük qisimdə Bakı əmək bazarlarına müraciət etmək məcburiyyətində qalıb. Nəticədə hazırda MR-də ciddi demoqrafik problemlər yaranıb. Kəndlərdə boşalma prosesi son illər daha da sürətlənib. Nəzərə alsaq ki, ölkə əhalisinin təxminən 40 faizi kənd təsərrüfatında çalışır və Naxçıvanda isə kəndlinin öz məhsulunu bazara çıxarmaq imkanı məhduddur. Demək mümkündür ki, bu iqtisadi rayonda kənd təsərüfatı müqayisəli üstünlüyə malik deyil. Nəticədə kəndlərdə işsizlik şəhərlərə nisbətən daha yüksək səviyədədir. Beşincisi, MR öz maliyyə müstəqilliyini təmin edə bilmir. Belə ki, Naxçıvan faktiki olaraq dövlət büdcəsindən ayrılan dotasiya ilə yaşayır. Məsələn 2014-cü ildə MR-in büdcə gəlirlərinin 350.5 milyon manat olacağı proqnozlaşdırılır ki, bunun da 283.7 milyon manatı dövlət büdcəsinin dotasiyası olacaq. Yəni, Naxçıvan MR-in yerli gəlirləri cəmi 66.8 milyon manat olacağı ehtimal edilir. Başqa sözlə, Naxçıvan ən yaxşı halda öz xərclərinin yalnız 20 faizini qarşılaya bilir. 2013-cü ildə isə bu göstərici daha az, cəmi 16 faiz olub.

Ümumiyətlə, blokada Naxçıvanın ölkə iqtisadiyatına inteqrasiyasını, çoxşaxəli istehsal münasibətlərinin formalaşmasını, investisiya axınını əngəlləməklə regionun inkişaf perspektivlərini sual altına alıb. Bu gün Naxçıvan əhalisini ən çox narahat edən də məhz bu məsələdir. Bir çox insan isə özünün və ailəsinin gələcəyini Naxçıvandan kənarda axtarmağa məcbur olur”.

Günel Cəlil 

“KarabakhİNFO.com”

 

14.04.2014 11:02

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*