Azərbaycanca

Nazir: “Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu sabitliyi pozan əsas amildir”

04.12.2014 | 14:35

nazir xin“Ermənistanın Azərbaycan ərazilərində hərbi təlimlər keçirməsi təkcə sülh danışıqlarına maneçilik cəhdi deyil, ərazilərin işğalının möhkəmləndirilməsinin davam etməsi kimi qiymətləndirilməlidir”

 

 

Bazel. Rüfət Əhmədzadə – APA. “Təəssüf ki, ATƏT ərazisindəki həlli uzadılmış münaqişələr Avropa qitəsində sülh və təhlükəsizliyə hələ də əsas təhlükədir. ATƏT-in vasitəçilik imkanlarının gücləndirilməsi Helsinki Yekun Aktının əsas prinsiplərinin selektiv təfsirinə və ATƏT iştirakçısı olan dövlətlər tərəfindən beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdlərinə qarşı ciddi müqavimətlə müşayiət olunmalıdır”.

 

 

APA-nın İsveçrəyə ezam olunan müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Nazirlər Şurasının Bazeldə keçirilən iclasındakı çıxışında deyib.

 

 

Nazir bildirib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsi regional və beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş müvafiq 4 qətnaməsinə açıq-aşkar hörmətsizlik olaraq qalmaqda davam edir: “Təəssüflər olsun ki, Azərbaycan və Ermənistan prezidentlərinin Soçi, Uels və Parisdə keçirilən sonuncu danışıqlarından sonra Ermənistan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində irimiqyaslı təxribatçı hərbi təlimlər həyata keçirdi. Hər üç görüşdə sülh danışıqlarında irəliləyişə nail oluna biləcəyinə müəyyən müsbət işarələr var idi. Ermənistan tərəfindən belə təxribatçı güc nümayişi bu danışıqların ruhuna, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərlərinin səylərinə uyğun gəlmir və Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan ərazilərindən çıxarılmasının siyasi həllinə nail olunması istiqamətində etimadın qurulmasına mənfi təsir göstərir. ATƏT-in Minsk Qrupunun həmsədrləri artıq Azərbaycanın işğal olunmuş ərazilərində çoxsaylı hərbi heyət və texnikanın cəlb edilməsi ilə keçirilmiş Ermənistanın bu irimiqyaslı hərbi təlimləri ilə bağlı narahatlıqlarını ifadə ediblər. Ermənistanın bu kimi hərbi təlimləri təkcə vasitəçilərin sülh danışıqlarında irəliləyiş əldə etməsinə maneçilik cəhdi kimi deyil, eyni zamanda ərazilərin işğalının möhkəmləndirilməsinin davam etməsi kimi qiymətləndirilməlidir.

 

 

Azərbaycan dəfələrlə bəyan edib və mən də bunu bir daha təkrar edirəm ki, hər an gözlənilməz nəticələrə yol aça biləcək gərginlik potensialı ilə Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu sabitliyi pozan əsas amildir”.

 

 

E. Məmmədyarovun sözlərinə görə, Ermənistan hökuməti dərk etməlidir ki, hərbi təcavüz nəticəsində güc tətbiqi ilə əldə olunmuş status-kvoya arxalanmaq ciddi səhvdir. Azərbaycan ərazilərinin işğalı və yerli əhalinin öz doğma yurd-yuvalarından etnik təmizlənməsi həll yolu deyil və heç vaxt Ermənistanın arzu etdiyi siyasi nəticəni verməyəcək. Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması etimadın qurulması üçün önəmli addım olacaq, sülh prosesinin gedişatını tamamilə dəyişəcək və Cənubi Qafqaz regionunun hərtərəfli və davamlı inkişafı üçün geniş imkanlar yaradacaq.

 

 

Sonda, Paris sammitində Prezident Fransua Oland, həmçinin Minsk Qrupunun həmsədrləri tərəfindən dəstəklənən və çağırış edilən sülh sazişinin tərtib edilməsinə Azərbaycanın hazır olduğunu bir daha vurğulamaq istərdim. Bizim hamımız Ermənistanı bu önəmli təşəbbüsü ciddi şəkildə nəzərdən keçirməyə çağırmalıyıq”.

 

 

“KarabakhİNFO.com”

 

 

04.12.2014 14:35

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*