Azərbaycanca

Nazir: Ermənistan SQ-nin işğal olunmuş ərazilərdə mövcudluğu regional sülh və təhlükəsizliyə təhdiddir

12.10.2016 | 10:13

gorush_111016__3

Xarici işlər naziri Elmar Məmmədyarov Lixtenşteynə rəsmi səfəri çərçivəsində bu ölkənin parlamentinin sədri Albert Frik ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, A.Frik Azərbaycana səfərini, eləcə də Birinci Avropa Oyunlarının bağlanış mərasimində iştirakını xatırladaraq ölkəmizin dinamik inkişafını və əldə etdiyi nailiyyətlərini qeyd edib. O, Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulayaraq, yığma komandamızın Rio Olimpiya Oyunlarında əldə etidiyi yüksək nəticələrin təqdirəlayiq hal olduğunu deyib.

Milli Məclisin Sədri Oktay Əsədovla Strasburq şəhərində keçirdiyi görüşünə və apardığı məhsuldar müzakirələrə diqqət yetirən Albert Frik ölkələrimiz arasında əlaqələrin inkişafında parlament ölçülərinin əhəmiyyətini vurğulayıb.

Nazir E.Məmmədyarov A.Frikin keçən il ölkəmizə səfəri ilə Azərbaycan və Lixtenşteyn arasında siyasi dialoq üçün yeni imkanların yarandığını qeyd edib və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə mövcud potensialdan istifadə edilməsinin vacibliyini vurğulayıb.

Nazir ölkəmizdə aparılan köklü iqtisadi islahatlardan, Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələrdən söz açıb və iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu deyib. O, Lixtenşteyn şirkətlərini Azərbaycanda qeyri-neft sektorunda həyata keçirilən iqtisadi layihələrdə iştirak etməyə işləməyə dəvət edib.

E.Məmmədyarov həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə həmsöhbətinə məlumat verib. Nazir Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğunun regional sülh və təhlükəsizlik üçün əsas təhdid olduğunu qeyd edib. E.Məmmədyarov əlavə edib ki, qəbuledilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsi və münaqişənin həllində irəliləyişə nail olunması üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır.

Görüşdə, həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və parlamentlərarası əlaqələrinin genişləndirilməsinin yolları ətrafında fikir mübadiləsi aparılıb.

 

Trend.az

12.10.2016 10:13

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*