Azərbaycanca

Növbəti erməni təxribatı – avqust- noyabr 1988-ci il: Topxanada nə baş vermişdi?

17.03.2015 | 14:03

magerram_zulfugarly

Məhərrəm Zülfüqarlı

t.ü.e.d.,dosent

Çağdaş Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edən 18 gün sovet imperiyasına qarşı geniş vüsət almış meydan hərəkatı 70 illik bir rejimin zaman – zaman toplanmış problemləri nəticəsində baş versə də, bunun üçün qığılcım məhz Topxana meşəsində ermənilərin törətdiyi təxribat olmuşdur.

Ermənilərin gündən – günə azğınlaşmasına etiraz olaraq 16 mart 1988 – ci ildə Elmlər Akademiyasının qarşısında, 16 may 1988 – ci ildə isə Azadlıq meydanında mitinqlər keçirilmişdir. Mərkəzi hakimiyyətin 18 iyul qərarından sonra hökumətin məsuliyyətsizliyi, Ermənistandan Azərbaycanlıların vəhşiliklə qovulmasının kütləvi hal alması xalqın səbr kasasını daşdıraraq, qərb mətbuatının “XX əsrin oğuz dastanı” adlandırdığı meydan epopeyasının (17 noyabr – 5 dekabr 1988) başlanmasına gətirib çıxarmışdı. Bəs çağdaş Azərbaycan tarixinə milli dirçəliş günü kimi daxil olan, hər il xalqımızın bayram etdiyi 17 noyabrda başlanan hərəkatın səbələri nə idi? Meydan hərəkatının başlamasının bir çox səbəbləri olsa da yaddan çıxarmaq lazım deyil ki, mitinq ermənilərin Topxanada apardıqları qeyri – qanuni tikinti işlərinə etiraz dalğası ilə başlamışdı. Topxana mütəşəkkil xalq hərəkatının təməl daşı olmuşdu. Bəs 1988-ci ildə Topxanada nə baş vermişdi? Bu barədə “Azərbaycan” qəzetinin 7 aprel 1990 – cı il tarixli sayında dərc olunmuş “Topxana harayı” adlı məqalədə məlumat verilsə də fikrimizcə bu hadisələrin geniş miqyasını əhatə etmirdi. Çox təəssüf ki, Topxanadan sonra baş vermiş yeni erməni təxribatları bu hadisəni bir qədər kölgədə qalmasına səbəb olmuşdur. Lakin bu gün də bu hadisənin dərindən öyrənilməməsi təəccüb doğurmaya bilməz.

Əgər desək ki, 1988 – ci il Topxana hadisəsi ilə Azərbaycanın dilbər guşəsi olan Qarabağın və digər ərazilərimizin işğalının əsası qoyulmuşdu yəqin ki, səhv etmərik. İşğalın başlanğıcını qoyan erməni təxribatı isə bu cür baş vermişdir: “SSRİ Əlvan Metalurgiya Nazirliyinin Ermənistan SSR – də yerləşən Kanaker alüminium zavodunun direktoru R. N. Enqonyan DQMV XDS İcraiyyə Komitəsinin sədri S. A. Babayana xalq təsərüffatı məhsulları istehsal edən kooperativin yaradılması üçün Əsgəran rayonunun Engels adına kolxozun ərazisində 10 hektar torpaq ayrılması üçün 31 avqust 1988 – ci il tarixli 006 – 3186 saylı məktubla müraciət etmişdir. Məktubda Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin aqrar – sənaye kompleksində istehsal sahələrinin inkişafı haqqında 22 noyabr 1987 – ci il tarixli qərarı əsas kimi göstərilmişdir. Bu müraciətin qeyri – qanuniliyi onda idi ki, Ermənistanın hər hansı bir zavodu kooperativ yaratmaq üçün öz ərazisindən deyil, Azərbaycan ərazisindən torpaq ayrılmasını istəyirdi. Bu açıq-aydın SSRİ-nin o zamanki böhranlı vəziyyətindən istifadə edərək Azərbaycan ərazisinin zəbt olunmasına cəhdən başqa bir şey deyildi. Bu müraciət DQMV Sovetinin deputatları 20 fevral 1988 – ci il tarixdə DQMV- nin Azərbaycan SSR – in tərkibindən çıxaraq Ermənistan SSR – in tərkibinə birləşməsi haqqında müraciətindən sonra ermənilərin növbəti təxribatı idi. Topxanaya qarşı ermənilərin qəsdi münaqişəsinin yeni mərhələsinin əsası qoyuldu. Bu kimi təxribatların həyata keçirilməsi üçün Ermənistan SSR və DQMV – də “Kurunk” və “Qarabağ” komitələri mitinq, nümayiş və tətillər həyata keçirir, dövlət orqanlarına təzyiq göstərirdilər. Bu zaman onlar mərkəzdəki havadarların köməkliyi ilə separatçı planların həyata keçirilməsinə cəhdləri daha da artmağa başlamışdı. Ermənilər tikinti işlərini başlamaqla həm Azərbaycan torpağını zəbt etmək, həm də Azərbaycanın təbiətinə, konkret desək Topxana meşəsinə ekoloji cəhətdən ziyan vurmaq məqsədi güdürdülər. S.A. Babayan 1988 – ci il sentyabrın 3 – də həmin məktubun üstünə tikinti və arxitektura şöbəsinin müdiri V. Q. Osipyana ünvanlanmış aşağıdakı dərkənarı qoydu: “Xahiş edirəm, məcburi surətdə yer ayırın. Məsələ razılaşdırılıb.” Burada haqlı olaraq belə bir sual meydana çıxır. Görəsən S. A. Babayan Azərbaycan torpağının Ermənistana vermək üçün məsələni kiminlə razılaşdırıb? SSRİ qanunlarına görə bu məsələ SSRİ və Azərbaycan rəhbərliyi ilə razılaşdırılmalı idi. Lakin sənədlərdə onun bu məsələni kimlə razılışdırdığı göstərilmir. Ola bilsin ki, bu qeyri-qanuni addımı atmaq üçün ermənilərin Moskvadakı havadarları ilə şifahi razılaşmaları olub. Lakin bunun heç bir hüquqi əsası olmadığına görə ermənilərin bu hərəkəti o zaman vəzifə səlahiyyətini aşmaq, özbaşınalıq, azığınlıq kimi qiymətləndirilməli idi. V.Q. Osipyan isə torpaq ayrılması ilə bağlı 16 sentyabr 1988 – ci il tarixli 01 – 66 nömrəli məktubla Əsgəran Rayon XKS İK – nin sədrini əvəz edən V. Köçəryana müraciət edib. Nəhayət torpaq sahəsinin ayrılması ilə bağlı A. Ağababyan və A. Əsriyanın imzası ilə 28 oktyabr 1988 – ci il tarixində 32/212 saylı qərar qəbul olunmuşdur. Qərarda Topxananın adı dəyişdirilərək Xaçentapa kimi göstərilmişdir. Topxananın adının Xaçentapa kimi göstərilməsinin düzgünlyünü sübut etmək üçün Ermənistan KP MK – nın orqanı olan “Kommunist” qəzetinin 4 dekabr 1988 – ci il tarixli sayında rus dilində “Topxana yoxsa Xaçen – tapa” adlı məqalə də çap olunmuşdu. Sonradan ermənilər Xaçınçay, Xaçbulaq və digər adlar kimi Xaçentəpənin də azərbaycan adı olduğunu görərək Topxananın adını ikinci dəfə dəyişişərək “Tsaxkasar” qoydular. Bundan sonra A. Ağababyannın sərəncamı ilə işi sürətləndirmək üçün xüsusi komissiya yaradıldı.

Təsdiqlənmiş tikintinin baş planına görə ermənilər yeni qəsəbə salmaq üçün işləri Cıdır düzündən yaxşı görünən 3, 4 və 5 – ci sahələrdə başlayaraq Xankəndi istiqamətində deyil, Şuşa tərəfə genişləndirilməyi nəzərdə tutmuşdular. Deməli bu planda qeyd olunduğu kimi ermənilər bu ərazidə kiçik kooperativ deyil, böyük şəhər salmağı planlaşdırırdılar ki, bu da haqlı olaraq azərbaycanlıların narazılığına səbəb olmuşdur. Bu məsələ ilə əlaqədar ilk dəfə Azərbaycan Dövlət Təbiəti Mühafizə Komitəsi həyacan təbili çalaraq 16 noyabr 1988 – ci il tarixdə SSRİ və Ermənistan SSR rəsmilərinə tikintinin qanunsuz olduğunu və təbiətə böyük ziyan vuracağı haqda etiraz teleqramları göndərmişdir. Bu hadisədə xəbər tutan Azərbaycan xalqı Bakının azadlıq meydanına toplaşaraq respublika rəhbərliyində iki gün ərzində bu təxribata son qoymağı tələb etmiş və bununla da Azərbaycan tarixinə “Milli dirçəliş günü” kimi daxil olmuş meydan hərəkatı başlanmışdır.

Faktlar göstərir ki, ermənilər Topxana meşəsinə əvvəlki illərdə də böyük ziyanlar vurmuşlar. Azərbaycan SSR Nazirlə Sovetinin 01 fevral 1982 – ci il tarixli 56 saylı qərarı ilə qırılan ağacların cərimə qiymətləri təsdiqlənsə də bu qərar kağız üzərində qalmışdır. Bundan başqa həmin qərarda 450 hektar qoruğun və Daşaltı dövlət yasaqlığının yaradılması nəzərdə tutulmasına baxmayaraq həyata keçirilməmişdi. Hadisələrin başlanğıcında Azərbaycan SSR Mənzil Tikintisi və Sosial Bankında Topxana üçün 700075 saylı hesaba küllü miqdar pul yığılsa da demək olar ki, problemin həlli üçün heç bir əməli tədbirlər görülməmişdi. Azərbaycanın o zmankı rəhbərləri hadisələrin arxasınca sürünərək Toxanada ermənilərin alovlandırdıqları təxribat alovunu söndürmək əvəzinə xalqın mübarizə əzmini qırmağa çalışırdılar. Xalqın tələbi ilə Azərbaycan SSR Nazirlər Soveti 24 noyabr 1988 – ci il tarixdə Topxana ilə əlaqədar 466 saylı qərar versə də dekabrın 5 – dən 6 – sına keçən gecə meydanın dağıdılması ilə bu qərar da digərləri kimi kağız üzərində qalmışdı.

Fikrimizcə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün Topxana və bu kimi digər ərazilərə qarşı ermənilərin törətdikləri təxribatlar dərindən öyrənməsinə böyük ehtiyac var. Buraxılmış səhvlərdən ibrət dərsi götürmək, xalqın öz gücünə inamını bərpa etməklə biz işğal olunmuş torpaqlarımızı geri qaytara bilərik.

17.03.2015 14:03

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*