Azərbaycanca

“Oğlum 11 qəbir qazıb bacısı Səmanın meyidini tapmışdı” – VİDEO

18.01.2013 | 15:59

1358345461_354c76635c15Erməni ana bətnindəki körpəni də öldürür

 

 Ermənistan Azərbaycana qarşı müharibəyə başlayandan sonra minlərlə ailə öz yurd-yuvalarından qaçqın düşdülər. Bu müharibə bir çox gənclərin arzularını gözündə qoydu. Çoxları ermənilər tərəfindən qətlə yetirildi, bir çoxları da əsir düşdülər. Bu ağrı və acını Laçından olan məcburi köçkün Kərimova Sevdanın da ailəsi yaşayıb. Sevda xanım üçün çətin olsa da ailəsinin başına gələn faciəni “KarabakhİNFO.com” üçün də danışmasını xahiş etdik.

– Mənim üçün o hadisələri yenidən danışmaq çox çətindir. Çünki mən tək qızım Səmanı itirmədim, bir Nurlanəni erməni əsirliyindən zədə almış kimi geri almadım, ümumilikdə bütün ailəmi itirdim. Demək olar ki, 1993-cü ilə kimi mənim iki qardaşım-Yusif və Asif  Əliyevlər Laçın rayonunda yaşadılar. Həyat yoldaşım da onlarla qaldı. Biz əvvəl çıxdıq. Onlar dedilər ki, torpaqları sona qədər qorumaq lazımdır.

Biz Laçından ən sonda çıxdıq, elə ona görə də başımıza bu hadisələr gəldi. Elə oldu ki, səhər çağı qardaşıma Bakıdan xəbər verdilər ki, 6 saat müddətinə neçə ailə varsa hamı yığışıb çıxsın Laçından. Yusif ora-bura xəbər verincə,  maşınları toplayınca gecikdi. Həmin vaxt kənddə 75 yaşlı kimsəsiz qoca qadın qalıbmış. Qardaşım onu götürmək üçün 5 kilometr geri qayıdıb. Bunun üçün 15 dəqiqə gecikdilər. Laçından çıxmaq üçün bircə “Kəlbəcər tuneli” deyilən ərazi qalmışdı. Biz tuneli keçdik. Həmin vaxt mən Rüfəti özümlə götürmüşdüm, Nurlanə isə anası Səmanın qucağında idi. Qardaşıma demişdim ki, qızımı qoyub gəlmə. O da qızımı, eyni zamanda özünün və balaca qardaşım Asifin ailəsini götürmüşdü. Həmçinin kəndin qız-gəlini də qardaşımgillə idilər. Onlar  üç UAZ maşını və bir traktorda “Kəlbəcər tuneli”nin çıxışında ermənilərin atəşinə məruz qalıblar. Ermənilər hamısını orda güllə-baran etmişdilər, sağ qalanları isə əsir götürmüşdülər. Bu hadisə 1993-cü ilin martın 31-də baş verib. Həmin gün şəxsən mənim soyqırımımdır. O gün elə bil ki, mənim şah damarlarımı güllələdilər. Orada çox böyük faciə baş verdi. Ermənilər bütün ailəmi orda güllələdilər, əsir götürdülər.

– Ermənilər onları əsir götürüb hara aparıblar?

– Qızım sonradan əsirlikdə olarkən məktub yazmışdı. Məktubda yazılanlardan görünür ki, çox faciəvi anlar yaşayıblar. Onları elə güllə atəşinə tutublar ki, Səma heç Nurlanəni görə bilmirmiş. Qızıma dəyən güllə qardaşımın qolunu aparıbmış. Qızım yazırdı ki, Yusif gedib görsün qabaqda erməni var ya yox. Sonradan güllə səsi eşidilib. Ondan sonra Yusif geri qayıtmayıb. Yəqin ki, qardaşımı orda vurublar. Asif qardaşım maşında qan içində imiş. Yəqin ki, orda ölüb. Qardaşımın yoldaşı Qənirə ayağından yaralanıb. Səmaya isə güllənin biri topuğundan, digəri isə çiynindən dəyib. Qızım hamilə olduğundan güllənin biri də bətnindəki uşağa dəyib. Çoxlu qan itirdiyindən özündə olmayıb. Sonradan ermənilər onları Xankəndinə aparıblar. O, yazırdı ki, ayılanda ətrafında başqa azərbaycanlı qadınlar da olub.

– Bəs, onunla necə əlaqə saxlayırdınız?

–  Çox böyük məşəqqətlər oldu. Ermənilər  biz  də içində olmaqla Azərbaycan xalqına çox böyük dərd verdilər. Sonradan Qırmızı Aypara Cəmiyyəti vasitəsilə biz məktub göndərdik. Qırmızı Aypara Cəmiyyətindən dedilər ki, artıq Səmanın bətnindəki uşağı çıxarmaq lazımdır. Çünki ana bətnində uşaq ölübmüş. Oğlum Əli rabitə ilə erməni polkoviniki Ediklə əlaqəyə girirdi ki, Səmanı ala bilək. Amma qızımı ala bilmirdik. Ermənilər bizdən pul, zinət əşyaları, yanacaq, 4 nəfər də sağ erməni istəyirlər. Bunların hamısını hazırlamışdıq.

– Hakimiyyət tərəfindən sizə heç bir köməklik göstərilmədi?

– Yox, heç bir köməklik olmadı. Onda çox pis zaman idi. Ölkə bir-birinə qarışmışdı. Kimsə kiminsə dərdini eşitmirdi.

– Ermənilər onlara işgəncə verirmişlər?

– Ermənilər onlara çox işgəncə vermişdilər. Qırmızı Aypara Cəmiyyəti gedib onları nəzarətə götürdükdən sonra onlara daha işgəncə verməyiblər. Orada xəstəxanada çox yaralı olub. Amma ən ağır vəziyyətdə Səma olub. Ermənilər deyirdilər ki, Səma özünü öldürmək istəyir. Çox çətin bir vəziyyətə düşmüşdük. Dillə danışa, hisslərlə ifadə edə bilmirəm ki, necə bir vəziyyət idi. Sonra dedilər qan çatmır. Qan tapıb göndərdik, amma Səma heç bir həkimi yaxına buraxmırmış. Ermənilərlə mübahisə edirmiş ki,palataya girib ona iynə vurmasınlar. Elə oldu ki, biz bütün deyilənləri topladıq. Lakin bizə bildirdilər ki, qızınız özünü öldürüb. Belə ki, saç sancağını çıxarıb venasını deşmişdi. O, məktubunda da yazmışdı ki, şəhid olaraq vətənə dönmək var, amma əsir kimi ermənilərə nəsə danışıb vətənə dönmək yoxdur.

Kəlbəcərdən Arzu adlı bir qadın Nurlanəyə baxırmış. Səma məktubunda yazırdı ki, Nurlanəni dizindən snayperlə vurublar, amma yaxşı ki, güllə dizini süzüb keçibmiş. Sonra mən Səma haqqında kitab yazılanda Arzunu da tapdım. Arzu deyirdi ki, Səma ermənilərdən heç zaman qorxmurmuş. Ermənilər gələndə ağzını dəsmalla tuturmuş. Deyirmiş ki, qoy, o murdarlar çıxana qədər onların havasını udmasınlar. Onlara vəsiyyət edib ki, anam uşaqlara yaxşı baxsın. Deyib ki, o, vətən üçün şəhid olur, onun üçün heç vaxt ağlamayaq.

– Sonra qızınızın meyitini ala bildinizmi?

– Sonra biz Ediklə yenə rabitə yaratdıq. Dedik ki, biz meyiti tanınmış vəziyyətdə götürəcəyik. Biz ona qızıl, pul boyun olduq ki, meyiti gətirib Füzuli rayonunun Tuğ kəndində qəbiristanlıqda dəfn etsin. Sonra gətirib meyiti orada dəfn etmişdilər. Bizə xəbər verdilər ki, gəlin qəbri qazıb meyti götürün. 25 gündən sonra biz meyiti oradan götürə bildik. 10-15 dəfə getdik, amma atışma olduğundan meyiti götürə bilmədik. Elə oldu ki, biz meyiti avqust ayında böyük bir müsibətlə aldıq. Oğlum pul, qızıl və 4 nəfər sağ ermənini götürüb getdi. Əli 15 qəbir qazıb Səmanın meyitini tapmışdı. Sonradan meyiti gətirib Bərdədə Əyricə kəndində dəfn etdik.

– Nurlanə xanımı da həmin vaxt almışdız?

– Yox, uşaq qaldı. Onu da çox böyük müsibətlə anasının dəfnindən 20 gün sonra aldıq. Yenə də pul topladıq, yanacaq tapdıq. Nurlanəni dəyişmək üçün evdə erməni qız saxlayırdım. Ondan başqa iki sağ erməni də verib Nurlanəni aldıq.Nurlanəni gətirəndə ermənilər dedilər ki, uşağın gözü zəifləyib. Uşaq təzə-təzə yeriməyə başlayırdı. Gördük ki, uşaq bizə tərəf gələ bilmir. Qızımın 40-nı verdikdən sonra uşağı Bakıya gətirib həkimlərə göstərdik. Həkimlər dedilər ki, uşağın görmə siniri zədələnib. Bunu da ermənilər avtomatın qundağı ilə onun boyun nahiyəsinə vuraraq ediblər. 22 ildir aparmadığımız yer qalmayıb. Gözlərinin müalicəsi üçün bir neçə xarici ölkəyə getmişik. Amma hələ də Nurlanənin görməsini bərpa etmək mümkün olmayıb. Hazırda birinci qrup əlildir.

Bununla belə Nurlanənin tərəfdaşları hamısı savadlı idi. Nurlanə gözdən əllilər məktəbində oxuyub təhsil aldı. Sonradan Azərbaycan Pedoqoji Universitetinə qəbul oldu. İndi 3-cü kursdadır.

– Şəhid anası və şəhid bacısı kimi xalqımıza sözünüz nədir?

– Ermənilər bizim həyatımzı dağıtdı, torpağımızı işğal etdilər. Mənim atam evini, balam evini viran qoydular. Lənət edirəm ermənilərə. Ölkəmiz həmişə sülh içində olsun. Xalqımıza Prezidentimizin ətrafında toplaşmağı arzulayıram. Mən şəhid anası, iki qardaşını itirmiş şəhid bacısı, gözünün nurunu itirmiş Nurlanənin nənəsi kimi yenə vətən uğrunda gedən müharibədə qalan övladlarmı da verməyə, hətta özüm də belə silaha sarılmağa hazıram. Təki torpaqlarımız mənfurların ayağı altında qalmasın. Çünki şəhidlərmizın ruhu narahatdır. İşğal olunan torpaqlar bizimdir və bizim də olmaldır.

Sonra müsahibəni Nurlanə Hümbətova ilə davam etdik. Nurlanə xanımdan ilk olaraq  ailəsinin yaşadığı bu faciənin onda hansı təəssürat yaratdığını öyrəndik: 

“Oğlum 11 qəbir qazıb bacısı Səmanın meyidini tapmışdı” - VİDEO– Mən o vaxtlar çox kiçik olduğuma görə heç nə yadıma gəlmir. Amma nənəmin dediklərindən və sonradan yaşadıqlarımdan deyə bilərəm ki, anam şəhid olub və məni görmə qabliyətindən məhrum ediblər. Bunu indiyə qədər olan çətin ağır həyatımda yaşamışam.

– Müharibə dövründə bu qədər məhrumiyyətlərlə qarşılaşmışıq. Şəhidlər vermişik, ermənilər tərəfindən xalqımza qarşı saysız işğəncələr olub. Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı BMT-nin 4 qətnaməsi və digər beynəlxalq sənədlər qəbul ounub. Amma dünya buna yenə də inanmır. Sizin dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara  sözünüz nədir?

– Məncə, burada hər şey göz qabağındadır. Deməyə heç nəyə ehtiyac yoxdur. Ancaq dünya sadəcə olaraq bunu qəbul etmək istəmir. Çox gözəl görürlər və bilirlər. Şəhidlərimiz, bu qədər qaçqın və məcburi köçkünlərimiz var. Mənim kimi bu əzabları çəkən minlərlə insanlar var. Xocalıdakı video çəkilişlərə, şəkillərə dünya baxır. Dünya əgər ədalətdən danışırsa, bunu qəbul etməlidir. Bizim torpaqlarımız geri qaytarılmalıdır və bilməlidirlər ki, ermənilər vəhşidirlər. Doğurdan da onlar bu vəhşiliyi Azərbaycan xalqına ediblər. Biz onu da bilirik ki, ermənilər öz uşaqlarına körpəlikdən türk millətinə nifrət aşılayırlar.

– Göz Allah tərəfindən insanlara verilən əvəzsiz nemətdir. Erməni vəhşiliyi nəticəsində dünya işığından məhrum olubsunuz. Öz hüquqlarınızın bərpası ilə bağlı hansısa beynəlxalq təşkilata şikayət haqqında fikirləşirsiniz?

– Bununla bağlı düşünürəm, amma inanmıram ki, bu hansısa bir nəticə verə. Çünki hər şeyin göz qabağında olduğu bu durumun heç bir nəticəsi yoxdursa, inamıram ki, bunun hansısa faydası ola. Bunlar sadəcə kağız üzərində olan şeylərdir, amma əslində heç bir nəticə vermir.

Gördüyümüz kimi, beynəlxalq ictimaiyyət, BMT, Avropa Şurası, Avropa Birliyi və böyük dövlətlər bu faktlara bilə-bilə laqeyd yanaşırlar. Ümud edirik ki, beynəlxalq təşkilatlar bu yaşananlara göz yummaz və Azərbaycanın təcavüzə məruz qaldığını qəbul edər.Nəhayət ki, torpaqlarımız işağaldan azad olduqdan sonra qaçqın və məcburi köçkünlərimiz öz yurd-yuvalarına qayıdarlar.

1-ci hissə

 

Söhrab İsmayıl

Fuad Hüseynzadə

”  KarabakhİNFO.com”

18.01.2013 15:59

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*