Azərbaycanca

“Oğluma “türkdü” deyib baxmadıqları üçün uşaq xəstəlikdən öldü”

26.12.2014 | 14:05

10850418_770573286348987_1933089051_nHazırda Azərbaycanda minlərlə erməninin yaşamasına baxmayaraq, Ermənistanda bir nəfər də dolsun azərbaycanlı yoxdur. Buna səbəb isə ermənilərin azərbaycanlılara qarşı kütləvi deportasiyası olub. Deportasiya acısı yaşamış növbəti müsahibimiz Qasımlı Mirəyyub Abdulla oğludur. O, 1963-cü ildə Vedi rayonunun Xalisa kəndində anadan olub. Orta məktəbi də bu kənddə bitirib. Davamını özü danışacaq:

 

 

– Kəndin əhalisinin təxminən 80 faizini azərbaycanlılar təşkil edirdi. Erməni qonşularımız da var idi. Münasibətimiz çox yaxşı idi. Düzdür, arabir narazılıq olurdu, amma bu, o qədər də açıq çəkildə nəzərə çarpmırdı.

 
İxtisasca hüquqşünas olsam da, 1981-87 –ci illərdə “Sovet Ermənistanı” qəzetində jurnalist kimi çalışmışam. 20 min tirajla çıxan qəzet azərbaycanlılar üçün nəzərdə tutulmuşdu, redaksiya heyətində də ermənilər çoxluq təşkil edirdi.

 

 

– Münaqişə başlanması barədə də çox gümanki elə işdə xəbər tutdunuz və buna reaksiyanız necə oldu?

 

 

– Xeyir. Hələ 1987-ci ildə Yaltada sanatoriyada dincəlmək üçün işdən putyovka aldım. Orada istirahət edəndə Qarabağdan olan bir qadın var idi, Qarabağda rayon komitəsində katib işləyirdi. İlk dəfə o mənə dedi ki, Qarabağın Ermənistanla birləşdirilməsi ilə bağlı orada imzatoplama kampaniyası keçirilir. Mən buna inanmadım və evə qayıtdıqdan onra Bakıya zəng edib bu məlumatın doğru olub-olmadığını soruşdum. Əmim oğlu dedi ki, boş şeydi fikir verməyin. Sən demə, onlar həqiqətən 120 minlik imza toplayıblarmış artıq. Həmin vaxtdan başlayaraq vəziyyət o dərəcədə dəyişdi ki, hətta çörək almağa belə çəkinə-çəkinə gedirdik. O dönəmdə mənim mənzillə təminat növbəm gəlib çatmışdı. Ona görə də təzə tikilən binada mənə mənzil verilməsi ilə bağlı sənədlər təqdim olundu. Nəşriyyatda bunu biləndə iclas çağırdılar, sənədlərimi alıb cırdılar. Dedilər türkə ev vermək yox, evini əlindən almaq lazımdı. Bizə türk deyirdilər.

 

 

“Türk sizin düşməninizdir, onları harada gördünüz öldürün”

 

 

– Yəni artıq sizə qarşı münasibət dəyişmişdi?

 
– Hər dəqiqə, hər an öldürə bilərdilər bizi. Hamısı o əhval-ruhiyyədə idi. Mən yataqxanada qalan yeganə azərbaycanlı üçün evə tez-tez gəlməyə başlamışdım. Əgər bilsəydilər təbii ki, həmin dəqiqə öldürərdilər məni. Bir dəfə evə gələndə avtobusdakı ermənilər gülə-gülə dedilər ki, bir dənə türk olsaydı avtobusdan yerə atıb gülərdik. Mən inanmıram ki, hansısa azərbaycanlı bu qədər bəsit qisas hissilə yaşasın. O qədər aqressiv idilər ki, mən bu xarakteri azərbaycanlılara heç yaraşdırmıram da.

 

10574844_770573273015655_749406613_o

Bir gün dərman almaq üçün aptekə getmişdim, əczaçı dərmanı mənə göstərdi, dedi: “Bax var, amma vermirəm”. Həmin vaxt azyaşlı oğlumu xəstəxanaya apardım, “türkdü” deyib baxmadıqları üçün uşaq xəstəlikdən öldü. Bir qohumumuzun da qızının başına qəsdən iynə vurub şikəst etdilər. Sonra da özləri də etiraf etdilər ki, bilərəkdən etmişik və nə qədər ki, burdasınız aqibətiniz belə olacaq. Getdikcə orada qalmaq mümkünsüzləşirdi. Bir dəfə isə birgə işlədiyim erməni (hansı ki, mənə mənzil veriləcəyini bilib sənədləri cırmışdı M.Q.) ilə mübahisəmiz düşdü, dedi ki, mən nəinki övladlarımı, nəvələrimi, nəticələrimə də yazılı şəkildə qoyacam ki, türk sizin düşməninizdir, onları harada gördünüz öldürün.

 

 

“Erməniləri etdikləri haqsızlıqlarla xatırlayırıq”

 

 

– Qarabağdan köçən ermənilər üçün maşınlar təşkil olunmuşdu, onların əşyalarını götürmələri üçün Azərbaycan tərəfi hər cür imkan yaratmışdı. Amma…

 

 

– Siz nə danışırsınız? Canımızı sağ-salamat qurtardığımıza görə, şükür edirdik. Köç maşını görən kimi “türk” deyib bizi güllə-baran edirdilər. Çox çətinliklə 1988-ci ilin noyabr ayında gecəynən evimizi tərk etdik. Bizdən əvvəl isə qonşu Şirazlı kəndinin camaatını bir gecədə evlərindən məcburən çıxardılar. Camaat Türkiyə sərhədində 2 aydan artıq yaşadı. Çölün düzündə nə qədər insan öldü, neçə uşaq doğuldu. Dəhşətli mənzərə idi.

 

 

– Keçmiş erməni qonşularınızla əlaqəniz varmı?

 
– Xeyir. Amma bir dəfə Moskvada olanda orada qonşumuzu gördüm. Təbii ki, milliyətindən fərqli olmayaraq uzun illər bir yerdə yaşadığımız insanı gördüyümə görə çox mütəəssir oldum. Doğma torpaqlarımız üçün darıxıram, erməniləri isə bizə etdikləri haqsızlıqları ilə xatırlayırıq.

 

 

Naibə Qurbanova
“KarabakhİNFO.com”

 

 

26.12.2014 14:05

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*