Azərbaycanca

Oğul Vətən üçündür

14.06.2013 | 15:39

1371209748_vasif-1İyunun 9-u Milli Qəhrəman leytenant Vüqar Mürsəlovun şəhid olmasından 21-il ötdü. Biz həmin gün Vüqar Mürsəlovun doğulub boya-başa çatdığı Cəlilabad rayon Göytəpə qəsəbəsində milli qəhrəmanın ailəsi ilə görüşdük. Bizi Milli Qəhrəmanın atası Mirəzbər müəllim, bacısı Jalə xanım qarşıladı. Onlar bizə milli qəhrəmanın ömür yolundan söz açdılar.

 

– Balaca şəhərdə böyük ürəkli döyüşçü doğulur həmin gün.

 

– Vüqar Mürsəlov 1963-cü il mart ayının 10-da Cəlilabad rayon Göytəpə qəsəbəsində dünyaya gəlir. Ailədə üç oğlan, bir bacı olurlar. Vüqar ikinci uşaq olur. 1980-ci ildə 1 saylı orta məktəbi bitirdikdən sonra, təhsilini Bakı Texniki peşə məktəbində davam etdirir. Sonra Bakı Politexnik Texnikomuna daxil olaraq oranı əla qiymətlərlə bitirir.

– Hərbi xidmətdə “Qara bəbir” adını alır.

 Oğul Vətən üçündür

– Bacısı Jalə xanımın dediklərinə görə, Vüqar 1982 və 1984-cü illəri hərbi xidmətdə olur. O, Belarusiyanın Brest şəhərində hərbi xidmət keçir. İlk aylardan komandirlərinin diqqətini çəkən Vüqar hərbi xidmətin sirlərini dərindən öyrənərək, “tankçı” kimi çox tanınır. Hərbi təlimlər zamanı keçirilən yarışda bataqlıqlardan keçərək, məhşur “Brest” qalasına ilk bayrağı məhz Vüqar taxır. Bunu görən Marşal Vüqara “Qara bəbir” adını verərək, qvardiya baş çavuşu rütbəsi ilə təltif edir. Həmin vaxtı təsadüfən atası Mirəzbər müəllim də oğluna baş çəkmək üçün Brest şəhərinə gedir. O, bu sevinci atası ilə birgə yaşayır. Vüqara 10 günlük məzuniyyət də verirlər. Atası ona evə getməyi təklif etsə də o, razı olmur. Elə on günün üç gününü atasıyla, qalan günlərini isə, şəhərdə istirahət edərək başa vurur və hərbi hissəyə qayıdır.

– Anasız günlərin acı xatirələri.

 

– Hərbi xidmətini başa vuran Vüqar yaşadığı Göytəpə Avtomobil Təmiri Zavodunda öz ixtisası üzrə əmək fəaliyyətinə başlayır. Vüqarın 25 yaşı olanda, anasını itirir. Anasının ölümü Vüqarı çox sarsıdır. 1990-cı il dekabrın 3-ü Vüqar Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilir və torpaqlarımızın müdafiəsinə qalxır. Ona “leytenant” hərbi rütbəsi verilir. Füzuli, Ağdam, Laçın, Şuşa, Goranboy, Ağdərə istiqamətlərində gedən döyüşlərdə ölüm-dirim mübarizəsinə qalxır.

– Üç ay Vüqarı gördüm, deyən olmur.

 

– Atası Mirəzbər müəllim deyir ki, “Vüqar döyüşə başladıqdan sonra hərdən evə gəlib-gedirdi. Telefon əlaqəsi də saxlayırdıq. Amma elə oldu ki, üç ay ondan xəbər olmadı. Çox narahat oldum və zəng vurub komandirlərlə əlaqə saxladım. Sonradan məlum oldu ki, sən demə Vüqar üç aylıq kurs üçün Türkiyəyə yollanıb.  Bir müddət sonra özü zəng vurdu və hər şeyin yaxşı olduğunu bildirdi.”

-Söz verir ki, qayıdacam və qayıdır……..

 

 Oğul Vətən üçündür

– 1992-ci il May ayının 19-u atası döyüş bölgəsinə Tərtər rayonuna yollanır. Vüqarla görüşür, ata-oğul oturub dərdləşirlər. Artıq həmin vaxtı Vüqarın 29-yaşı olur və atası onun ailə qurmasını istəyir. Vüqar söz verir ki, az qalıb gələn ay evə qayıdacam.  Atasını evə yola salan Vüqar beş nəfərlik tank heyyəti ilə iyun ayının 9-u Cəmilli kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən havadan hücuma məruz qalır. Vüqar havadan açılan atəşlə sol çiynindən yaralanaraq, tanka tərəf qaçır və orada qan itirərək şəhid olur. Vüqarla birlikdə dörd döyüşçü yoldaşları da bu əməliyyatdan sağ çıxa bilmirlər. Atası onun ölüm xəbərini alır və Bakıya yollanır. Vüqar “Şəhidlər Xiyabanında” dəfn olunur.

– Onun adına hər yerdə rast gəlmək olur.

 

– Azərbaycan Respubikası Prezidentinin 8 Oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Mürsəlov Vüqar Mirəzbər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilir. Bu onunla bitmir Vüqar Mürsəlovun adı bitirdiyi orta məktəbə, doğulub böyüdüyü küçəyə verilərək, Göytəpə qəsəbəsinin mərkəzində büstü ucaldılır. Hətta Vüqar Mürsəlovun adı Tərtər rayonundakı küçələrdən birinə də verilir.

– Hər dəfə yağış yağanda, elə bilirəm ürəyimə yağır.

 Oğul Vətən üçündür

– Biz Vüqar Mürsəlovun ev muzeyində də olduq. Burada hər bir əşya, şəkillər doğmalarına Vüqarı xatırladır. Milli Qəhrəmanın ev muzeyində çoxlu sayda kitab və jurnallara rast gəldim. Atasının  dediyinə görə Vüqar mütaliə etməyi çox sevirmiş, hətta  bu kitab və jurnallardan özü ilə  cəbhəyə də aparib, orada boş vaxtlarında  oxuyurmuş.

  Mirəzbər müəllimin gözləri dolur.  “Oğul Vətən üçündür. Mən  fəxr edirəm ki, oğlum Vətən torpağı uğrunda şəhid olub. Amma , mən həm də atayam. Hər dəfə yağış yağanda elə bilirəm ürəyimə  yağır.”

Biz Milli Qəhrəmanın ailəsinə başsağlığı verərək, oradan ayrıldıq.

Vasif Əlihüseyn

“KarabakhİNFO.com”

 

14.06.2013 15:39

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*