Azərbaycanca

Oleq Babakın Qubadlıda ermənilər tərəfindən qətlə yetirilməsinin ildönümü ilə bağlı Ukraynada anım tədbiri keçirilib

08.04.2019 | 17:23

Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində Sovet İttifaqı Qəhrəmanı Oleq Babakın Qubadlıda ermənilər tərəfindən qətlə yetirilməsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə keçirilən anım tədbirində O.Babakın valideynləri, yerli əhali, onun adını daşıyan orta məktəbin şagirdləri, ölkəmizin Poltovadakı fəxri konsulluğu, Ukraynada Azərbaycan Ticarət Evinin nümayəndələri, Poltava Şəhər Administrasiyasının rəsmiləri və ukraynalı deputatları, eləcə də KİV nümayəndələri iştirak ediblər.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, səfirliyin hərbi attaşe aparatının əməkdaşları əvvəlcə O.Babakın yaşadığı evə gələrək onun valideynlərinə baş çəkiblər. O.Babakın valideynləri Azərbaycan dövlətinin onların problemləri ilə həmişə yaxından maraqlandığını vurğulayıblar.

Sonra tədbir iştirakçıları O.Babakın dəfn olduğu qəbiristanlığa gəliblər. O.Babakın Azərbaycanın Qubadlı rayonunda mülki şəxsləri erməni silahlılarından qoruyarkən göstərdiyi qəhrəmanlıqdan danışan səfir A.Xudiyev bildirib ki, O.Babak yerli kənd camaatı ilə birgə təxminən 70 nəfər erməni silahlısının mühasirəsinə düşür. Ermənilərin yerli sakinləri təhvil verib, geri çəkilmək tələbinə məhəl qoymayan 24 yaşlı ukraynalı leytenant heç bir azərbaycanlının əsir düşməsinə imkan verməyərək son gülləsinə qədər vuruşaraq qəhrəmancasına həlak olub. Onun bu şücaəti nəticəsində yüzlərlə azərbaycanlının həyatı xilas olub. Səfir vurğulayıb ki, O.Babakın qəhrəmanlığı Azərbaycanda dillər əzbəridir.

Anım tədbirində iştirak edən O.Babakın əsgər yoldaşları, komandiri, Poltava vilayəti rəsmiləri, deputatları çıxışlarında onun hərbi xidmətdə olarkən göstərdiyi şücaətlərdən danışıblar.

Sonra tədbir iştirakçıları O.Babakın adını daşıyan orta məktəbə gələrək muzeylə tanış olublar. Orta məktəbdə keçirilən tədbirdə səfir A.Xudiyev, səfirliyin hərbi attaşesi, polkovnik İlqar Ağayev Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, O.Babak kimi minlərlə insanın erməni vandalizminin qurbanı olması barədə danışıblar.

Sonda səfirlik orta məktəbə kompüterlər hədiyyə edib.

Qeyd edək ki, O.Babak 1967-ci il fevralın 25-də Ukraynanın Poltava vilayətində anadan olub. SSRİ xüsusi təyinatlı 21-ci briqadanın siyasi hazırlıq üzrə bölük komandirinin müavini olan O.Babak 1991-ci ilin mart ayından Azərbaycanın Qubadlı rayonunda ictimai asayişin qorunması tapşırıqlarını yerinə yetirib. 1991-ci il aprelin 7-də Qubadlının Yuxarı Cibikli kəndində yerli sakinlərin ermənilər tərəfindən öldürülməsi xəbəri yayılandan sonra mülki şəxsləri qoruyub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Poltava

08.04.2019 17:23

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*