Azərbaycanca

Ölümü əsirlikdən üstün tutan 23 yaşlı qadın

08.12.2014 | 18:04

Səma_KərimovaDekabrın 7-də Suraxanı rayonunun “Yeni Günəşli” qəsəbəsində şəhid Səma Kərimovanın xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir. Şəhidlərimizin, döyüşçülərimizin keçdiyi şərəfli yolun təbliğinə xidmət edən və Səma Kərimovanın xatirəsinə keçirilən bu tədbirdə, şəhidin ailə üzvləri, Qarabağ müharibəsi iştirakçıları və tanınmış ziyalılar iştirak ediblər. “Laçın yurdu” jurnalının baş redaktoru Arif Məmmədlinin çıxışı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsindən sonra Xatirə Laçın Səma Kərimova haqqında tədbir iştirakçılarına geniş məlumat verdi:

 

 

“Səma Kərimova 31 dekabr 1969-cu ildə Laçın rayonunun Nağdalı kəndində dünyaya gəlmişdir. 1974-cu ildə orta məktəbə getmişdir və 1984-cu ildə orta məktəbi yaxşı qiymətlərlə bitirmişdir. 1986-cı ildə Səma Kərimova Dövlət Pedaqoji İnstitutunun filologiya fakultəsinə qəbul olmuşdur. İnstitutu bitirdikdən sonra isə peşə fəaliyyətinə Nağdalı kənd orta məktəbində başlamışdır.
17-18 may 1992-ci ildə Laçın rayonu işğal olunan zaman Səma və ailəsi də öz doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalmışdılar. Səmagil Laçından çıxdıqdan sonra Bərdə rayon Qaradəmirçi kəndində yaşayan qohumlarıgilə pənah gətirmişdilər. 1992-ci ildə Azərbaycan ordusunun Kəlbəcər və Qubadlı istiqamətindən Laçın rayonunun azad edilməsi üçün apardığı genişmiqyaslı hərbi əməliyyatları zamanı Laçın şəhəri istisna olmaqla rayon erməni işğalçılarından azad edilmişdir. Laçın əhalisinin əksəriyyəti işğaldan azad edilmiş ərazilərə geri dönməyə başlayanda Səma da həyat yoldaşı ilə birlikdə avqust ayının 25-də Laçına geri qayıtdılar. Ancaq Laçında qalmaq çox da uzun sürmədi, 1993-cü ilin mart ayında ermənilərin geniş hücum əməliyyatları zamanı əhali rayon ərazisini tərk etməyə məcbur oldu. Mart ayının 31-də Səma və dayısıgil də yenidən Laçını tərk etdilər. 31 mart 1993-cü ildə Laçın eli üçün çox ağır bir faciə üz verdi, Səmagilin maşın karvanı Kəlbəcər rayonu ərazisində yerləşən tuneldə mühasirəyə düşdülər. Mühasirə zamanı Səmanın dayısı Asif və bibisi elə oradaca şəhid oldular, böyük dayısı Yusif Əliyev ilə Səma isə ağır yaralandılar. Səma Kərimova, bir yaşlı qızı Nurlanə Hümbətova və digər əsir düşmüş yaralıları əvvəlcə Vəng kəndinə sonra isə Xankəndində yerləşən uşaq xəstəxanasına gətirmişdilər. 1993-cü il may ayında anasına yazdığı məktubunda bildirirdi ki, qızı Nurlanə ilə birlikdə Xankəndində uşaq xəstəxanasındadır, 1 aydan çoxdur ki, sol ayağından ağır yaralıdır, ayağa qalxa bilmir. Səmanı və qızı Nurlanəni geri almaq üçün ailəsi ermənilərlə danışıqlar aparırdılar. Tələb olunan məbləğ çətinliklə də olsa toplanmışdı. Ancaq ölümü əsirlikdən üstün tutan Səma özünə qəsd etmək qərarına gəlmişdir. Və may ayının 15-də Səma Kərimova intihar edər şəhidlik zirvəsinə yüksəlmişdir. Ermənilərlə uzun sürən danışıqlardan sonra iyun ayının 23-də Səmanın cəsədi geri alınaraq Bərdə rayonunda dəfn edilmişdir. Səmanın ölümündən sonra əsirlikdə qalan qızı 1 yaşlı Nurlanə Hümbətova avqust ayının 5-də geri alınmışdır. Ermənilər öz murdar əməllərindən geri qalmayaraq avtomatın qundağı ilə Nurlanənin boynunun arxasına vurub onu əbədi həyat işığından məhrum etdilər. Adı Nurlanə olan körpə ömürlük nura həsrət qaldı”…

10822491_679998635450968_498453388_n

 

Səma haqqında bu çıxışdan çox təsirlənən iştirakçılar çıxış etməyə çətinlik çəkdiklərini bildirsələr də, danışmağı özlərinə bir borc hesab etdilər.

 
Tədbirdə çıxış edən Laçın polis batalyonunun komandiri olmuş polkovnik leytenant Çingiz Abbasov, keçmiş Güləbird batalyonunun qərargah rəisi Rövşən Atakişiyev, Qarabağ müharibəsi iştirakçısı hüquqşünas Ərşad Hüseynov, keçmiş rota komandiri Cabbar Alıyev habelə digər döyüşçülər Babək Məmmədov, Xəyyam Nəsirov, Habil Muradov çıxış edərək həm keçdikləri döyüş yolundan danışdılar, həm də Səmanın bir Azərbaycan qadını olaraq seçdiyi şərəfli ölüm yolunu, ucaldığı şəhidlik zirvəsini bir örnək olaraq gördüklərini qeyd etdilər. Daha sonra çıxış edən Solmaz Cahangirova və Respublika Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova Səma Kərimovanın adının əbədiləşdirilməsinə ehtiyac olduğunu söylədilər və Səmanın adına küçə verilməsini və abidəsinin ucaldılmasının vacibliyini qeyd etdilər. Tanınmış jurnalist Sultan Laçın, yazıçı publisist Ötərxan Eltac, Hacı Vahid torpaq, millət, namus, şərəf uğrunda canını fəda edən bu türk qızının bir qeyrət simvolu olduğunu və bu qəhrəmanlığın bütün nəsillərə nümunə olduğunu söylədilər.

 
10836330_679999938784171_1210370753_nTədbirdə Səmanın müəllimi və iş yoldaşı olaraq iştirak edən Əyyub müəllimin, Səmanın şagirdi olmuş Orxan Cəbrayılovun çıxışları isə həm tədbir iştirakçıları tərəfindən, həm də Səmanın qızı Nurlanə tərəfindən maraqla qarşılandı.Tədbirin sonunda çıxış edən Səmanın anası Sevda Kərimova, bacısı Səbinə Kərimova bu tədbirdə danışılan bir çox xatirələri Səmanın qızı Nurlanənin ilk dəfə eşitdiyini vurğuladılar. Tədbir boyu göz yaşlarına sahib ola bilməyən, hələ bir yaşındaykən erməni əsirliyinin məşəqqətini yaşayan və erməni cəlladları tərəfindən dünya işığına həsrət qalan Nurlanə çox danışa bilməyəcəyini söylədi və bu tədbirə görə təşkilatçılara və tədbir iştirakçılarına minnətdarlığını bildirdi.

 

 

Ramil Cəbrayıl

 

“KarabakhİNFO.com”

 

 

08.12.2014 18:04

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*