Qarabağ müharibəsi Azərbaycanımızın tarixində çox dərin izlər buraxdı. Həmin döyüşlərdə ordumuz olmasa da, vətənimizin müdafiəsinə qalxan könüllü oğullarımız çox oldu. Bu el üçün kimi canından keçdi, kimi müxtəlif dərəcəli xəsarətlər aldı. Onlardan biri də, el içində hamının “General Əli bəy” kimi tanıdığı, döyüşçü və eyni zamanda fotoqraf Əlövsət Zöhrab oğlu Qasımovdur. Ona “General” adını isə Ümummilli lider Heydər Əliyev verib. Biz Əli bəylə məşhur fotoqraf Tahir Cəfərovun evində görüşdük. Onu axtarıb tapdığımız üçün çox sevindi.
– Əlövsət Qasımov kimdir?
Əlövsət Zöhrab oğlu Qasımov 1960-ci ildə Qərbi Azərbaycanın Vedibasar rayonunun Yengicə kəndində anadan olmuşdur. Tərtər rayon Bəyimsarov kədində kənd mədəniyyət evinin direktoru vəzifəsində çalışıb.
Qarabağ müharibəsinin ilk günlərindən dörd qardaşı ilə birlikdə könüllü surətdə döyüş əməliyyatlarında 7 il (1989-1996) iştirak edərək, misli görünməmiş qəhrəmanlıqları ilə döyüşçülərə nümunə olmuşdur.
– Güllə yarası alan Əlövsət Qasımov mübarizəsini davam etdirir.
1992-ci ilin avqust ayında Ağdərə istiqamətində gedən döyüşlərdə Əlövsət müəllim yaralanaraq qospitala yerləşdirilir. Sağaldıqdan sonra, düşünür ki,Bəyimsarov kənd Mədəniyyət evində nə etsin? Tez bir zamanda cavabını tapır.
– Erməni vəhşiliyini görən Əlövsət Qasımov, bununla bağlı Ümummilli lider Heydər Əliyevlə görüşür.
1991-1992-ci illərdə o, bir neçə dəfə Naxçıvana gedərək, Ümummilli lider Heydər Əliyevlə görüşür, onun dəyərli tövsiyyələri və göstərişləri ilə müharibənin dəhşətli faciələrinin sənədləşdirilməsi, tarixin saxtalaşdırılmaması naminə, real faktların gələcək nəsillərə çatdırılması üçün məsləhətlər alır. H.Əliyev ona cavabında deyir ki; “Oğul, bu hadisələr yaddaşa köçürülməlidir!”
– Sıravi əsgərlikdən məşhur fotoqrafçılığa gedən yol.
Hələ Almaniyada hərbi xidmət etdiyi dövrdə, fotoqrafçılığın sirlərini öyrənən Əlövsət müəllimə, Ümummilli lider Heydər Əliyev tərəfindən deyilən; “Oğul, bu hadisələr yaddaşa köçürülməlidir!” cümləsi, elə bil onu yuxudan oyadır. O, hərbi xidmətdən gətirdiyi fotoaparatını rayon Mədəniyyət evindən götürərək döyüşə yollanır. Elə, hər şey də bundan sonra başlayır. O, həm azərbaycan, həm də erməni döyüşçülərindən gizlin şəkillər çəkməyə başlayır.
Həmin vaxtı bu işi görmək çox təhlükəli idi, o, güllələnə bilərdi. Bunun üçünsə, ona heç bir kömək lazım olmur. Fotoaparatı 8 saniyəyə quraraq, özüylə birlikdə bütün vəhşilikləri lentə ala bilir.
– O, eyni zaman da döyüş bölgəsində quraşdırılmış minaları zərərsizləşdirərək, şəhidlərin şəklini çəkir onların oradan çıxarılmasını birbaşa özü həyata keçirir.
Erməni əsirliyində hesab edilən, itgin düşdüyü güman olunan şəhidlərimizi döyüş meydanlarından çıxararaq, şəxsiyyətlərini müəyyən etmişdir. Onlardan 950 şəhid məhz Əlövsət Qasımovun təşkilatçılığı ilə ailələrinə göndərilir. Eləcə də o, erməni vəhşiləri tərəfindən tanınmaz hala salınmış, başı kəsilmiş, min bir işgəncəyə məruz qalmış şəhidlərimizin hər birinin foto-şəklini çəkərək, erməni vandalizmini ifşa edən çox qiymətli tarixi foto-səlnamə yaratmışdır.
– O, həyatını təhlükəyə ataraq, meyitlərin üzərindən silahlarını da toplayır.
Müharibənin dəhşətlərini öz gözləri ilə görən, hər bir şəhidin faciəsini onunla bərabər qəlbən yaşayan Əlövsət Qasımov canlı şahidi və iştirakçısı olduğu müharibənin hər anını lentə alaraq, tarixi düşmənimiz olan ermənilərin qəddarlıqlarını bu gün bütün dünyada inkaredilməz faktlarla ifşa edir. Onun çəkdiyi foto-şəkillər dünyanın müxtəlif ölkələrində, həmçinin də öz vətənimizdə sərgilərdə dəfələrlə nümayiş etdirilmişdir. Eyni zamanda, Əlövsət Qasımov Ulu Öndərimiz Heydər Əliyevin göstərişi ilə erməni ordusunun əsgərlərinə məxsus 1017 avtomat silahı döyüş gedən ərazilərdən toplayaraq, rəsmi sənədlərlə Azərbaycan ordusuna təhvil vermişdir.
– Şəkildən yazıya köçən hadisələr. O, bu yöndə indi də qələmiylə mübarizə aparır.
Bundan başqa o, Qarabağ döyüşlərində 38 cinayətin üstünü açmışdır. ”General Əli bəy” adı ilə tanınan bu məhşur qəhrəman döyüşçünün cəbhədə göstərdiyi misilsiz xidmətləri: “Müharibənin canlı ensklopediyası”, “Erməni vandalizmi”, “Başsız meyit”, “Şahid şəhidlər haqqında”, “Qanlı köynəklər”, “Ölümlə üz-üzə”, “Sonsuz erməni vandalizminin iç üzü”, “Oğurlanmış tarixi soyqırım”, “Sağlamlığın sirri”, “Erməni terroru”, “Türklərə qarşı törədilmiş erməni terrorunun qısa xronikası”, “Heydər Əliyevin hər anı bir məktəbdir” adlı kitablarında öz əksini tapmışdır. Onun böyük vətənpərvərlik fəaliyyətindən bəhs edən “Ruhumun harayı” və “Qarabağ çağırır bizi” sənədli filmlər respublikamızda və xarici ölkələrdə nümayiş olunur. Hal-hazırda “Dağlıq Qarabağda erməni terroru vəhşiliyinin canlı şahidi Əlövsət Qasımov” kitabının və eyni zamanda filminin üzərində işləyir. Əlövsət Qasımov 1996 -cı ildə Ordu sıralarından tərxis olunub.
– Özünü vətən üçün qurban vermiş adam.
Belə bir vətənpərvər oğul Qarabağ müharibəsində erməni vəhşiliyinin qurbanı olmuş şəhidlərimizin cəsədlərinin döyüş meydanlarından çıxarılmasında misli görünməmiş işlər görmüşdür. Amma, düşünməmişdir ki, bu işlərdə ağır yoluxucu infeksiyaya yoluxa bilər.
Əlövsət Qasımov Qarabağda çəkdiyi fotolardan ibarət İstanbul şəhərində 11-günlük Sərgi keçirərkən onun xəstəliyi şiddətlənmiş və həkimlərin səyi nəticəsində vəziyyəti yaxşılaşmışdır. Əlövsət Qasımov “Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma”
İctimai birliyinin təsisçisi və sədridir. Bu qədər əməyinə baxmayaraq, Əlövsət müəllimə 2012-ci ildə “Veteranlıq vəsiqəsi” verilib. Bununla bağlı müracitləri isə, bu günə qədər cavabsız qalıb. Sonda Əlövsət müəllim qeyd etdi ki, gələn görüşlərimizdə Qarabağla bağlı bir çox hadisələri bizlərə təqdim edəcək və biz də həmin hadisələri elektron jurnalımızda yerləşdirib vətənpərvər oxucularımıza təqdim edəcəyik.
Vasif Əlihüseyn
KarabakhİNFO.com