Azərbaycanca

“Ona demişdilər ki, get ailənlə görüş. Amma…”

15.04.2014 | 11:37

1397542120_img_0395“İnanılmaz dərəcədə şərəf duyuram ki, atamın yolunu davam etdirirəm”   Dağlıq Qarabağla yanaşı Naxçıvan Muxtar Respublikasına da torpaq iddiaları olan ermənilər ötən əsrin sonlarından etibarən bu əraziyə hücuma keçiblər. Hər zaman torpaqlarımıza göz dikən qəsbkar qonşular vətənpərvər oğullarımız tərəfindən dəfələrlə layiqincə cavablarını alıblar. Onlar torpaq uğrunda canlarını sipər edərək son nəfəslərinə qədər döyüşməyi özlərinə borc biliblər. 

Canlarını-qanlarını qurban verdikləri yolda əsas amalları doğma torpaqları işğalçı hücumdan qorumaq idi.  Milli Qəhrəman Məhərrəm Mirəziz oğlu Seyidov da bu amal uğurunda şəhid olan igidlərimizdəndir. 1952-ci il sentyabrın 7-də Şərur rayonu Alışar kəndində anadan olan M.Seyidov polis kapitanı kimi Sədərək, Kərki və digər yaşayış məntəqələrinin müdafiəsində fədakarlıqla döyüşüb. O, 1990-cı ilin yanvarın 19-da ermənilərin Sədərək istiqamətində hücumlarının qarşısının alınmasında xüsusi şücaət göstərib.  Mühasirəyə düşmüş yoldaşlarını xilas etmək məqsədi ilə yenidən döyüşə atılan M.Seyidov onları mühasirədən çıxararaq qəhrəmanlıqla həlak olub. 6 iyun 1992-ci il tarixdə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilən M.Seyidov Şərurda, Şəhidlər Xiyabanında dəfn edilib.
Hazırda Milli Qəhrəmanının adına Şərurda küçə, büst var. Şəhər orta məktəbi də onun adını daşıyır.

  “El-obasını, qız-gəlini qoyub Bakıya gəlmədi”

 

  1397542168_img_0396Dörd övlad atası olan M.Seyidovun ölümündən 24 il ötür…Böyüyüb boya-başa çatan övladları da bu gün onun yolunu davam etdirir. Övladlarının bu layiqli yolu davam etdirməsində anaları Şəkər Seyidovanın da rolu danılmazdı. Əlbəttə ki, 4 övladın yükünü çiynində daşımaq Şəkər xanım üçün  elə də asan olmayıb. Bizimlə söhbətində ağrılı-acılı günlərini bir daha xatırlayan Şəkər xanım onun ölümündən üç gün öncə də döyüş meydanında olduğunu deyir: “O günləri Allah heç kimə nəsib etməsin. Həyat yoldaşım mühafizə bölməsində müavin idi. Tez-tez döyüşə gedirdi. Ölümdən üç gün qabaq da döyüşdə idi. Ona demişdilər ki, get ailənlə görüş. Amma o gəlmədi”.   Şəkər xanım deyir ki, həyat yoldaşı heç zaman uzanımış halda güllə atmazmış: “Həmişə ayaq üstə güllə atardı. Neçə dəfə ona xəbərdarlıq edilmişdi ki, ayaqüstə döyüşməsin. Həmişə deyirdi ki, erməni kimdir ki, mən seyid adam onun qabağında uzanıb güllə atım. Bir dəfə mən ona dedim ki, döyüşə çox gedir… 4 uşağı böyüdə bilməyəcəyəm. Dedim ki, gəl Bakıya gedək. İnanın, düz bir həftə məni dindirmədi. Ailəsinə bağlı, qorxmaz, cəsarətli insan idi. El-obasını, qız-gəlini qoyub Bakıya gəlmədi…Qaynanam həmişə deyərdi ki, onu özü üçün yox, Vətən üçün dünyaya gətirib. Vətən yolunda da şəhid oldu. Allah cəmi şəhidlərə rəhmət etsin. Allah valideynlərinə, ailəlilərinə, həyat yoldaşlarına və digər yaxınlarına səbr versin”.   Dövlət tərəfindən hər zaman dəstək  aldıqlarını deyən Şəkər xanım övladlarının təhsil almasında daxili işlər naziri Ramil Usubovun da rolunun danılmaz olduğunu söyləyir: “Təkbaşına dörd uşağın yükünü çəkə bilməzdim. Ulu öndər Heydər Əliyev, daxili işlər naziri Ramil Usubov övladlarımın təhsil almasında bizə  dəstək olublar. Bu gün Prezident İlham Əliyevə minnətdaram ki, şəhid ailələrini həmişə diqqətdə saxlayır”.  

 

 

“Atam kimi mən də işimi sevirəm”  

 

 

1397542227_img_0394Şəhid övladı, polis mayoru Rasim Seyidov da atası ilə bağlı xatirələrini bizimlə bölüşüb. Atasının son gedişini xatırlayan R.Seyidov deyir ki, atası çox erməni öldürüb: “Axırıncı dəfə evdən çıxanda xəstə idi. Sobanın yanında uzanmışdı. Birdən zəng gəldi ki, ermənilər Sədərəyə hücum ediblər. Ona “AK” avtomatının verilməsindən xəbərdar olanda çox sevindi. Sevincinin həddi-hüdudu yox idi. Gülə-gülə getdi. Hansı ki, biz həmişə onu ciddi bir görkəmdə görmüşdük. Birinci dəfə idi ki, onun gülər üzünü görürdüm. Bir neçə gün döyüşdə oldu. Ona bir neçə dəfə xəbər göndərildi ki, evə qayıtsın. Deyirdi ki, ermənilər  torpağımıza hücum etdiyi bir vaxtda evdə gizlənə bilməz. Döyüş bölgəsində təxminən bir gün mühasirədə qalmışdı. Sonradan çox çətinliklə onu yaralı vəziyyətdə mühasirədən çıxartdılar…Çox erməni öldürmüşdü. Ona görə də ermənilər hər an çalışırdılar ki, onu öldürsünlər. Atamın döyüş yoldaşları deyirlər ki, o, həmişə erməniləri fitlə çağırarmış. Ermənilər başlarını qaldıranda, atam güllə ilə vurarmış. Güllə atmaqda çox sərrast idi”.   R.Seyidov atasının ömrünün son illərini döyüşə həsr etdiyini deyir: “İşini bilirdi, ancaq döyüş haqda fikirləşirdi. Demək olar ki, evdə qalmırdı. Ancaq döyüşdə olurdu. Hətta növbəsi qurtaranda belə evə qayıtmırdı…Onun çoxlu dostları var idi. Harada işləmişdisə hörmət qazanmışdı. Gözəl insan olub”. Atası ilə şərəf duyduğunu deyən R.Seyidov Ali Baş Komandanın döyüş əmrindən dərhal sonra cəbhə bölgəsinə yollanmağa hazır olduğunu söyləyir: “İnanılmaz dərəcədə şərəf duyuram ki, atamın yolunu davam etdirirəm. Fəxr edirəm ki, Milli Qəhrəmanın oğluyam. Atam kimi mən də işimi sevirəm. Əgər Ali Baş Komandan döyüş əmri verərsə ailəmizdən birinci mən gedib döyüşəcəyəm. Atamın, ümumiyyətlə bütün şəhidlərimizın qanını yerdə qoymamaq üçün canla-başla vuruşacağam”.  

 

 

Fuad Hüseynzadə  

 

“KarabakhİNFO.com” 

15.04.2014 11:37

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*