Azərbaycanca

Ordudakı döyüş hazılığından hansı yeni keyfiyyət gözləmək olar?

08.11.2013 | 14:27

1383905814_azerbaycan_ordusu_1Əliağa Hüseynov“Güclü ordumuz lazımdır ki, bizə diqtə etməsinlər”

 

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf dövrünü yaşayır. Son günlər Silahlı Qüvvələrdə yeni təyinatların olması da bu inkişafa təkan verən amil kimi hesab olunmalıdır. Əlbəttə ki, ordumuzun əsas strategiyası Azərbaycan torpaqlarını etibarlı müdafiə etməyə qadir olmaq və torpaqlarımzı erməni işğalından azad etməkdir. General-polkovnik Zakir Həsənov da müdafiə naziri vəzifəsinə təyin olunandan sonra ilk açıqlamasında bu məsələni xüsusi vurğulayıb.  O, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Leforu qəbul edərkən bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin ordu siyasətində qoyduğu hədəflər dəyişməzdir və güclü dövlət, güclü ordu siyasəti başlıca məqsəddir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyəti şərh edən müdafiə naziri, Azərbaycan tərəfinin işğal altında olan torpaqların sülh yolu ilə azad edilməsinin tərəfdarı olduğunu, xalqımızın işğal faktı ilə barışmayacağını və ərazilərinin azad edilməsi hüququnun özündə saxladığını bildirib.

Qeyd edək ki, yeni müdafiə naziri Zakir Həsənovla bağlı təyinat Azərbaycan torpaqlarını işğalı altında saxlayan Ermənistanda ajortaj yaradıb. Belə ki, Ermənistan politoloqu Riçard Giragosiyan “Eurasianet.org” portalına açıqlamasında Qarabağ müharibəsi təhlükəsinin üç dəfə artdığını deyib. Onun fikrincə, bu addım əsl müdafiə islahatlarının, ciddi hücum mövqeyinin seçiləcəyini göstərir.

Ordudakı döyüş hazılığından hansı yeni keyfiyyət gözləmək olar?Azərbaycan ordusu daimi hücum mövqeyindəndir. Ordudakı yeni təyinatların bu istqamətdə işləri nə dərəcədə aktivləşdirəcəyi maraq doğurur. Eyni zamanda ordudakı döyüş hazılığından hansı yeni keyfiyyət gözləmək olar? Milli Məclisin deputatı, general Əliağa Hüseynov bu məsələlərlə bağlı e-jurnalımıza bildirdi ki, ordumuz həmişə güclü olub: “Ordumuz getdikcə daha da güclənəcək. Cənab Prezidentimiz həmişə deyib ki, bizim ordumuz həm təchizatına, həm də şəxsi heyətin peşəkarlığına görə Qafqazda ən güclü ordu sayılır. Çünki ordumuzun əsgər heyəti və zabit kadrları öz millətimizdəndir. Hörmətli Prezidentimizin orduya göstərdiyi diqqət və qayğısını hamı bilir. Əlbəttə ki, belə ordu güclü olmalıdır. Dövlət başçısının sərəncamı ilə general-polkovnik Zakir Həsənov müdafiə naziri vazifəsinə təyin olundu. Əvvəlki nazir Səfər Əbiyev də ordumuz üçün az işlər görməmişdi. Yeni müdafiə naziri çox peşəkar, sanballı, təmkinli, işini bilən, xalıqını və dövlətini sevən hərbçilərdən biridir. Mən elə bilirəm ki, yeni nazir orduda həm yeni quruculuq işləri görəcək, həm də təkmilləşmə aparcaq. Cənab Prezidentin, xalqın istədiyi kimi yüksək, mobil ordu yaradacaq”.

General Ə.Hüseynov yeni müdafiə nazirinin ordu siyasəti və Dağlıq Qarabağ məsələsi ilə bağlı ilk açıqlamasına da münasibət bildirdi: “Hörmətli nazir demək istəyir ki,  biz həmişə Qarabağ torpaqlarının azad edilməsi uğurunda mübarizə aparmışıq və bundan sonra da mübarzəmizi davam etdirəcəyik. Biz istəyirik ki, insanlar qırılmasın. Güclü ordumuz lazımdır ki, bizə diqtə etməsinlər. Bilsinlər ki, güclü ordumuz var və ona görə də bizlə hesablaşsınlar”.

“Azərbaycan siyasi rəhbərliyi beynəlxalq qurumlar qarşısında konkret vaxt qoymalıdır”

 

 “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri, polkovnik Üzeyir Cəfərov bizimlə söhbətində ordunun müharibəyə hazır olduğunu dedi: “Döyüşü əsgərlər apararlar. Hərbçilər əmrə tabe şəxslərdir. Hərbçilər müharibəylə bağlı yalnız onlara veriləcək əmri yerinə yetirməyə hazırdır. Ordunun işi-gücü müharibəyə hazırlaşmaqdır. Bu işi də ordu görür”.

Ordudakı döyüş hazılığından hansı yeni keyfiyyət gözləmək olar?Ü.Cəfərov qeyd etdi ki, Qarabağ məsələsinin daha tez həll olunması üçün Azərbaycan narahatçılığını müvafiq qurumlara çatdırmalıdır: “Çünki ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçılıq siyasətinin vaxtını uzatmaqla məşğuldur. Bu məsələ ona dəlalət edir ki, düşmən hələ bizim torpaqlarımızı işğal altında saxlamaq fikrindədir. Biz də oturub ona imkan verməməliyik. Azərbaycan siyasi rəhbərliyi beynəlxalq qurumlar qarşısında konkret vaxt qoymalıdır”.

Onun fikrincə, yeni müdafiə naziri ordumuzun daha da güclənməsi üçün lazımı addımlar atacaq: “Əgər bunun əksi olacaqsa, bir qədər çətin olacaq. Orduda istənilən vaxt işlər aparılmalıdır və bu normal qarşılanmalıdır. Zakir Həsənov əgər nazirdirsə, o artıq siyasi fiqurdur. Hər bir yeni rəhbər fəaliyyətə başlayanda çalışır ki, güclü komandası olsun. O komanda əgər varsa, sabah qarşıya qoyulan vəzifə yerinə yetirilə bilər. Amma onun komandasında təmsil olunan şəxslərin kimliyi də önəmlidir.

Bütün hallarda aparılan islahatlar lazımdır. Bundan sonra aparılacaq islahatlar da yəqin ki, müsbət nəticəyə gətirib çıxaracaq”.

“Birinci hədəf dövlətçiliklə bağlı olan məsələlərdir”

 

Ordudakı döyüş hazılığından hansı yeni keyfiyyət gözləmək olar?Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli hesab edir ki, bütün qoşun növlərinə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı var: “Daxili, xarici, hərbi, ümumiyyətlə, bütün sahələrdə siyasəti cənab Prezident təyin edir. O, bütün cəbhə bölgələrini gəzib, hərbi təlimlərin bir çoxunda iştirak edib. Orduda xeyli islahatlar həyata keçirilib. Fikrimcə, bu bir canlı mexanizmdir. Təbii ki, bu proses daimi yenilənəcək. Cənab Prezident bu yöndə lazımi addımlar atacaq. Müdafiə nazirliyindəki son vəzifə dəyişiklikləri də bu islahatların tərkib hissəsidir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Daxili Qoşunların komandanı olanda da DQ-da xeyli islahatlar aparmışdı. Həmin işlər Müdafiə Nazirliyi sistemində də davam edəcək. Bu prosesin başında Ali Baş Komandan durur. Hədəfləri o müəyyənləşdirir. Hədəflər dəyişməz olaraq qalacaq”.

Onun sözlərinə görə, əsas hədəfimiz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, müstəqilliyin qorunması və güclü, peşəkar orduya sahib olmaqdır: “Birinci hədəf dövlətçiliklə bağlı olan məsələlərdir. Bu istiqamətdə nə gərəkirsə Ali Baş Komandan edir. Cənab Prezident dəfələrlə qeyd edib ki, bizim əsas məsələmiz Qarabağdır. Bunun həlli yönündə həm beynəlxalq siyasətdə, həm də ordu qurculuğu sahəsində ardıcıl işlər aparılır. Bu işlər sonuda qələbəni təmin edəcək. Orduda son dəyişikliklər də, ondan əvvəlki verilən qərarlar da hamısı buna xidmət edir”.

“Orduda canlanma gözlənir”

 

Ordudakı döyüş hazılığından hansı yeni keyfiyyət gözləmək olar?Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin sədri, polkovnik Mehdi Mehdiyev də  orduda yerdəyişmələri labüd sayır. O, bütün ordularda bu prosesin  getdiyini vurğuladı: “Prinsip baxımdan bir adam bir yerdə müəyyən bir vaxta qədər xidmət edə bilər. Ondan sonra yeni baxışlar, yeni insanlar lazımdır ki, inkişaf daimi getsin. Təbii ki, Ali Baş Komandanımız bu dəyişiklikləri yalnız ordunun daha da irəliyə getməsi, döyüş hazırlığının daha da yüksəlməsi üçün aparır. Yəqin ki,  yeni nazir döyüş hazırlığının daha da artırılmasıyla bağlı tapşırıqlar verəcək. Orduda canlanma gözlənir və bu da təbiidir”.

M.Mehdiyev də bu gün strategiyamızın torpaqlarımızı işğaldan azad etməyə yönəldiyini bildirdi: “Yəni bu sahədə strategiyada dəyişiklik etmək lazım deyil. Amma zamanın tələbindən irəli gələrək korrektələr edilməsi təbii ki, mümkündür”.

Fuad Hüseynzadə

 

“Karabakhinfo.com”

 

08.11.2013 14:27

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*