Azərbaycanca

Orta məktəblərdə hərbi dərslərinin tədrisi qənaətbəxşdirmi?

15.07.2013 | 15:17

1373886772_1Hərbi ekspertlər ordudakı müəyyən nöqsanları əsgərlərin hərbi xidmətə hazırlıqsız yollnmaları ilə izah edirlər. Orta məktəbdə hərbi hazırlıq dərslərinin tədrisinə səthi yanaşılması problemin yaranmasına səbəb kimi göstərilən amillərdən biri hesab olunur. Dəfələrlə mətbuatda da qeyd olunur ki, hərbi xidmətə göndərilən gənclər əsgərlikdə bəzən adi komandaları icra edə bilmir, hətta düzgün addımlamağı da bacarmırlar. Silahı ilk dəfə hərbi hissədə görən gəncin həmin çətin mühitə uyğunlaşması prosesi gərgin keçir.

Odur ki, orta məktəblərdə hərbi hazırlıq dərslərinin yüksək səviyyədə tədris olunması vacib sayılır.

 

Orta məktəblərdə hərbi dərslərinin tədrisi qənaətbəxşdirmi?Mövzu ilə bağlı fikrini öyrəndiyimiz Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyir ki, orta ümumtəhsil məktəblərində çağırışa qədərki hərbi hazırlıq fənninin tədrisinin əsas məqsədi birinci növbədə ölkənin müdafiəsinə gəncləri əvvəlcədən psixoloji cəhətdən hazırlamaqdır. Onun sözlərinə görə, bu fənn vasitəsi ilə yeniyetmələrə hələ məktəbdə ikən vətəni müdafiə etmək üçün hərbi hazırlıq keçilir, məlumatlar verilir, adi hərbi silahlarla da tanış olurlar: “Bu dərslərdə özünümüdafiə ilə, müəyyən hərəkətlərlə – sürünmək, maneələri keçmək, yaralını ərazidən uzaqlaşdırmaq və sairə ilə tanış olmalıdırlar. Təəssüf ki, Azərbaycan məktəblərində bu cür məlumatlar ancaq şəkillər üzərində keçirilir. Məktəblərdə silah yoxdur. Bir-neçə dəfə məktəblərdəki silahlar xətalı nəticələr verdi, ondan sonra da silahları məktəblərdən tamam yığışdırdılar. Yığışdırılandan sonra da şagirdlər ancaq şəkilə baxmalı olurlar. Nəticədə də hərbə çağırış zamanı  silahla davranma qaydalarında nabələdliklər üzə çıxır. Yəni onların müəyyən təsəvvürləri olsa da, praktik hazırlıqları olmur. Hər halda bu dərslərlə vətənin müdafiəsi üçün vacibliyi, zəruriliyi hər bir insanın onun müdafiəsində iştirakı, borcu aşılanır”.

Hərbi dərslərin keyfiyyətinin artırılmasının vacibliyindən söz açan Ə.Ağayev hərbi hazırlıq dərslərinin təqaüdə çıxmış zabitlər tərəfindən keçirilməsinin əhəmiyyətli olduğunu bildirir. Onun sözlərinə görə, təqaüddə olan zabitlər şagirdlərə hərbi-vətənpərvərlik hisslərini daha keyfiyyətli şəkildə aşılaya bilərlər: “Bundan əlavə, hərbi-vətənpərvərlik hisslərinin artırılmasında canlı ünsiyyətin də mühüm rolu var. Hərbi dərslər zamanı şagirdlərin hərbi hissələrə aparılması və onların əsgərlərlə söhbətlər etməsi də yeniyetmələrin formalaşmasında, onların vətənə bağlılığının artırılmasında və vətənin, torpağın müdafiəsində durmaq kimi hisslərinin inkişaf etdirilməsi üçün mühümdür. Yaxud milli qəhrəmanlarla, orduda nailiyyətləri olan zabitlərlə görüşlər keçirir, şagirdlər də hər şeyi bu həyatı yaşayan adamların dilindən eşidirlər. Əlbəttə, bu kimi tədbirlərin çox böyük əhəmiyyəti var və bunların sayını da artırmaq lazımdır”.

 

Orta məktəblərdə gənclərin çağırışaqədərki hərbi hazırlıq dərslərini tədris edən müəllimlər isə dərslərə ciddi yanaşılmaması ilə bağlı deyilən iradlarla razılaşmırlar.  12 ildir ki, “Gənclərin çağırışa qədərki hazırlıq” fənnini tədris edən Şahin Əmirov deyir ki, şagirdlərə istər, şifahi, istərsə də, praktiki biliklər verilməsində problem yoxdur. Silahlarla tanışılıq, yeri gələndə hərbi hissələrdə təcrübə keçmələri də təmin olunur. 10-11-ci sinif şagirdlərinə tədris edilən bu fənn üzrə müvafiq dərsliklər də var: “Biz əsgər yox, vətəndaş yetişdiririk. Şagirdlərə savad verir, onlara əməli bacarıqları, bilikləri öyrədirik. Hərbçi yetişdirmək üçün isə Naxçıvanski adına ali hərbi məktəb və digər ixtisaslaşmış təhsil ocaqları var. Ümumtəhsil məktəbləri ölkə üçün vətəndaş hazırlayır”. Bu fənni keçən müəllimlərin qeyri-peşəkarlığına gəlincə, Ş.Əmirov qanunları xatırladır: “Qanuna əsasən, məktəbdə dərs deyənlər pedaqoji təhsilli insanlar olmalıdır”.

 

Orta məktəblərdə hərbi dərslərinin tədrisi qənaətbəxşdirmi?Keçmiş döyüşçü, hərbi ekspert Tahir Məmmədov isə bildirir ki, sovet dövründə hərbi dərslərə çox ciddi önəm verilirdi. Hərbi kabinetlərin mövcud olduğu o vaxtkı məktəblərdə hərbi hazırlıq dərsləri peşəkarlar tərəfindən tədris olunurdu: “Uşaqlara sıra hazırlığı, atəş açmaq, əleyhqaz geyinməyi öyrədirdilər. Yürüş keçirirdilər. Hətta təlimlərə də gedirdilər, orada ordudakı şəraiti öyrənirdilər. Həmçinin, orta məktəblərdə ilkin hərbi hazırlıq üçün düşərgələr də təşkil olunurdu”.

 

T.Məmmədovun sözlərinə görə, əvəllər məktəblərin hamısında silah olub: “İndi qorxularından məktəblərə silah da vermirlər. Yeniyetmə də orduya gedənə qədər silah görmür”.

 

Qarabağ Azadlıq Təşkilatından isə bildirdilər ki, hələ iki il öncə gənclərin ilkin hərbi hazırlığı ilə bağlı orta  məktəblərdə aparılan yoxlamalar zamanı bu sahədə bir sıra problemlərin olduğu üzə çıxıb. Belə ki, dərsliklərin müasir tələblərə, müasir ordu quruculuğu standartlarına cavab vermədiyi, hərbi hazırlıq dərslərinin çox yerdə formal xarakter daşıdığı məlum olub. Qurumda hesab edirlər ki, dərslər qeyri-ixtisas müəllimləri tərəfindən aparılması, maddi-texniki bazanın, əyani vəsaitləri azlığı, şagirdlərin ixtiyarında silah, texnika, partlayıcı qurğular və digər vasitələrin nümunələrinin olmaması çatışmazlıqdan xəbər verir.

 

Naibə Qurbanova

“KarabakhİNFO.com”

15.07.2013 15:17

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*