Azərbaycanca

Osmanlı imperiyası I dünya müharibəsi illərində ( I hissə)

22.04.2013 | 11:46

 1366616460_taleh1 I Dünya müharibəsinin başlanmasından az sonra Şərqi və Cənub-Şərqi Anadolu bölgələrindən gələn sarsı­dıcı xəbərlər, o cümlədən rus qoşunlarının sərhəddə yaxınlaşaraq burada erməni millətçi ekstremistləri ilə birgə türk müsəlman əhalisini qətlə yetirməsi Ali Baş Komandan vəkili Ənvər Paşanı radikal addımlar atmağa məcbur etdi. Artıq imperiyanın Şərqi Anadolu bölgəsi demək olar ki, erməni-rus silahlı birləşmələri tərəfindən zəbt edilmək təhlükəsi ilə üzləşmişdi. Geosiyasi və geostrateji baxımdan əlverişli mövqeyə malik, eyni zamanda nəqliyyat və kommunikasiya xətlərinin kəsişmə nöqtəsində yerləşən Van vilayətində erməni komitəçiləri və rus silahlı birləşmələri tərəfindən misli görünməmiş vəhşiliklər törədildi.

      Qeyd edək ki, erməni cəlladları tərəfindən dəfələrlə törədilən qanlı qırğınlar bütün dəhşətləri ilə insan zəkasına sığmayan və dilə gətirilməsi mümkün olmayan bir faciədir və türklərə qarşı əsl genosid və soyqırımı siyasətidir. Bunun tam əksinə olaraq erməni başbilənləri artıq bir əsrdən çoxdur ki, 24 aprel tarixini özlərinin uydurma “soyqırımı” günü kimi qeyd edirlər. Əslində 24 apreldə nə baş vermişdir? Nə üçün bu tarix ermənilərin saxta “soyqırımı” günü kimi qeyd edilir? Bu və ya digər suallara aydınlaq gətirmək üçün bir sıra məsələləri ətraflı şəkildə təhlil etmək lazımdır. 1915-ci il aprelin 24-də DİN-nin sərəncamı ilə İstanbul və digər böyük şəhərlərdə erməni təşkilatları dərhal bağlanmalı, terrorçu təşkilat­ların başçıları isə həbs edilməli idi. Bu sərəncam əsa­sında 2345 nəfər həbs edildi. O dövrün şahidlərinin verdiyi ifadələrə əsasən 600 nəfər erməni yazıçısı, şairi, jurnalisti, siyasətçisi, həkimi, vəkili, hüquqşünası, müəllimi, alimi və ruhanisi həbs edildi. Lakin rəsmi türk mənbələrində də 2345 nəfərin həbs edilməsi qeyd edilirdi. Məhz 24 aprel günündə erməni hərəkatına rəhbərlik edən bu peşə sahiblərinin həbs edilməsi erməni millətçi ekstremist-lərini bərk narahat edirdi. Çünki, bu şəxslərin uzun müddət həbsdə saxlanılması “erməni məsələsi”ni öz istiqamətini itirməsi və bununla da erməni hərəkatının əsas hərəkətverici “beyinlərin”in zərərsizləşdirilməsi ilə nəti­cələnə bilərdi. Odur ki, həmin tarixdən etibarən ermənilər aprelin 24-nü soyqırımı günü kimi qeyd edir-lər. Təəssüflər olsun ki, zaman-zaman müxtəlif yollarla dün­yanın aparıcı dövlətlərində özlərinə yaşamaq hüququ qazanan ermənilər həmin dövlətlərin məmurlarını, döv­lət və iş adamlarını, icitmai siyasi xadimləri, alimləri, hö­ku­­mət rəhbərlərini ciddi təsir və hətta təzyiq altına alaraq qondarma “erməni soyqırımı”na onları inan­dırmağa və parlamentlər tərəfindən qəbul etdirməyə çalış­mış, bəzi hallarda isə hətta istəklərinə də belə nail ola bilmişlər.

      Van vilayətində müsəlman əhalisinin vəhşicəsinə qətlə yetirilməsi xəbəri hökumət başçısı Ənvər Paşanı daha da hiddətləndirdi. 1915-ci ilin aprel ayının orta­larından başlayaraq təxminən iki aya qədər davam edən və xüsusilə dinc müsəlman əhalisinə qarşı amansız işgəncələrin verilməsi ilə xarakterizə olunan Van üs­yanının qarşısını almaq, eləcə də üsyançıların digər böl­gələrə köçürülməsinin vacibliyini nəzərə alan Ənvər Paşa 2 may 1915-ci ildə Daxili İşlər Naziri Tələt Paşaya gizli teleqram yolladı. Məktubda Ənvər Paşa seçimin Tələt Paşanın ixtiyarına verdiyini bildirməklə yanaşı həmçinin bir sıra məsələlərlə bağlı öz fikir və tövsiyyələrini də qeyd etmişdir. Burada Ənvər Paşa xüsusi olaraq qeyd edirdi: “Van gölü ətrafında, eləcə də, Van vilayətində yaşa­­yan ermənilər döyüşə hazır vəziyyətdədirlər. Onlar üsyanı davam etdirəcəklər. Aldığım məlumata görə ruslar 20 aprel 1915-ci ildə Rusiya ərazilərində məskən salan müsəlman türklərini Türkiyə ərazisinə qovublar. Rusiya hökumətinin atdığı bu addımı nəzərə alsaq cavab tədbiri kimi erməniləri ailələri ilə birgə Rusiya ərazisinə və yaxud da Anadolu daxilində müxtəlif yerlərə səpələmək lazımdır. Bu iki variantdan birini seçmənizi və icra etmənizi rica edirəm. Müvafiq bildiyiniz tədbiri qəbul edin və həyata keçirin. Köçürülən erməni ailələ­rinin yerinə xaricdən gələn müsəlmanları yerləşdirin (126, 105-106). Tələt Paşa Ənvər Paşanın bu təklifinə Bakan­lar Kurulundan (Meclisi-Vükela)” qərar çıxarıl­masını gözlə­mədən ermənilərin müharibə ocaqlarından imperiyanın cənub ərazilərinə köçürülməsini məqsədə­uyğun hesab etdi və tək başına bu məsələnin məsuliy­yətini öz üzərinə götürməş oldu. Köçürülmə siyasətinin ilk siqnalı olan bu göstəriş ilə Ənvər Paşa erməni üsyan­larının qarşısının alınmasına çalışırdı. Onun fikrincə, əgər ermənilər xırda-xırda birləşmələr şəklində ölkənin müx­təlif yerlərinə dağıdılarsa o zaman üsyanlarında baş verməsi prosesi çətinləşəcəkdi (126, 66). Qısa müddətdə köçürüləcək bölgələrin adları açıqlanmış oldu. Belə ki, Tələt Paşa ilk olaraq Van, Bitlis və Ərzurum vilayət­lərində yaşayan ermənilərin müharibə meydanından çıxarılması haqqında göstəriş verdi. Bu haqda türk tarixçisi Yusif Halaçaoğlu yazır: “Tələt Paşa 23 may 1915-ci il tarixdə IV Ordu Komandanlığına göndərdiyi raport-da başqa vilayətlərə köçürüləcək ermənilər haqqında mə-lumat verməklə yanaşı boşaldılacaq ərazilərin adlarını da aşağıdakı şəkildə açıqlamış oldu:

1. Ərzurum, Van və Bitlis vilayətləri;

2. Hələb vilayətinin mərkəzi qəzası istisna olmaqla İskəndərun, Beylan (Beten), Cisri-Şuqur və Antakya qəzaları daxilindəki kənd və qəsəbələr;

3. Maraş şəhər mərkəzi istisna olmaqla Maraş sancağı;

4. Adana, Sis (kozan) və Mersin səhər mərkəzləri istisna olmaqla Adana, Mersin, Kozan və Cebeli-Bərəkət sancaqları (126, 67). İln öncə Ərzurum, Van və Bitlis vilayətlərindən çıxarılan ermənilər Mosul vilayətinin cənubuna, Zor sancağına, həmçinin mərkəzi istisna olmaqla Urfa sancağına yerləşdiriləcəkdi. Adana, Hələb, Maraş ərazilərindən köçürülən ermənilər isə Suriya vila­yətinin Şərq hissəsi ilə Hələb vilayətinin şərq və cənub-şərqinə məxsus olan ərazilərdə yerləşdiriləcəkdi. Köçü­rül­­mənin gedişatı zamanı təhlükəsizliyin təmin edilməsi üçün Adana bölgəsinə Əli Seydi bəy, Hələb və Maraş bölgə­lərinə isə Həmid bəy təyin edildi (100, 40). Adlarını qeyd etdiyimiz ərazilərdə erməni ailələri ya mövcud kənd və qəsəbələrdə, ya da hökumət tərəfindən müəy­yənləşdirilmiş yerlərdə yeni salınacaq qəsəbələrdə yerləş­diriləcəkdi. Nəzərdə tutulmuş plana uyğun olaraq kənd və qəsəbələrin Bağdad dəmir yolu xəttindən ən azı 25 km. məsafədə salınması məqsədəuyğun hesab edil­mişdi. Köçürülmənin bütün məsuliyyəti vilayət mə­mur­larının öhdəsinə buraxılmışdı. Müəyyənləşdirilmiş ərazilərə köçürülən ermənilərin istəklərinə uyğun olaraq onların əmlakı da özləri ilə birlikdə aparılırdı (126, 67-68).

        Qeyd etmək lazımdır ki, köçürülmə siyasəti şərti olaraq iki mərhələdə həyata keçirildi. Van üsyanından başlayaraq köçürülmə qanununun imzalandığı 27 may tarixinə qədərki I mərhələ, 1915-ci ildən başlayaraq 1916-cı ilin fevral ayına qədərki II mərhələ. I mərhələ hökumətin çıxardığı qərara qədərki mərhələdir ki, Tələt Paşanın birbaşa razılığı əsasında həyata keçirilmiş və kütləvi hal almamışdır. II mərhələ isə hökumətin rəsmi qərarından sonrakı mərhələni təşkil edir ki, ermənilərin kütləvi şəkildə köçürülməsi də bu mərhələdə həyata keçirildi. Bununla bağlı Kamal Çiçək “Ermənilərin zorunlu köçü” adlı əsərində yazır: “Buna bənzər yeni bir əmrdə 23 may 1915-ci ildə Daxili İşlər Nazirliyindən Mosul vilayəti ilə yanaşı Urfa və Zor Mutassarrıflığına (inzibati ərazi bölgüsü-T.C) da göndərilmişdi. Burada Van, Bitlis və Ərzurumdan köçürülən ermənilərin Urfada və erməni yaşamayan ərazilərdə eləcə də, Mosulun cənubundakı kənd və qəsəbələrdə yerləş­dirilməsi göstərilirdi (100, 40)”. Bəzi erməni (Hovanesyan, Karac­yan və s.) və Avropalı alimlərin fikirlərinə görə erməni­lərin Suriya və Mesopotamiya ərazilərinə köçürülməsi nəticə etibarı ilə ermənilərin növbəti fəlakəti idi. Onlar bunu çöl və quraq iqlimlə əlaqələndirirdilər. Əslində bu ərazilərin tarixən bərəkətli, məhsuldar torpaq olması və ilk dövlətçilik ənənələrinin də bu ərazilərdə meydana gəlməsi adlarını çəkdiyimiz və adları hələ də bizə bəlli olmayan əcnəbi “alimlərin” fikirlərinin üstündən birdə­fəlik xətt çəkir.

       Hökumət köçürmə siyasətini çox ehtiyatla və dü­şünülmüş şəkildə həyata keçirirdi. Osmanlı arxiv sənəd­lərində də göründüyü kimi, hökumət “Köçürülmə haq­qında” qanunda nəzərdə tutulan müddəaların ermənilərə çatdırılması üçün qabaqlayıcı tədbirlər planı işləyib hazırladı. Bu işlə məşğul olan şəxslər bunu ermənilərə müxtəlif vasitələrlə çatdırırdılar. Belə ki, ilk olaraq Trab­zonda sürgün əmrini bildirən afişalar küçə və meydanlardan asıldı. Ərazilərdəki yerli təlimatçılar ermənilərə qərarın mahiyyətini anlatmağa çalışırdılar. Xüsusilə, onlar ermənilərə köçürülməyə rəsmən iki həftədən sonra start veriləcəyini bildirirdilər. Yalnız bəzi ərazi­lərin təhlükədə olduğu nəzərə alınmış və həmin ərazi­lərdə köçürülməyə daha tez başlanılmışdır. Türk tarixçisi Kamal Çiçək arxiv sənədlərinə əsaslanaraq yazır: “27 may 1915-ci ildə Ərzuruma göndərilən şifrəli teleq­rafda bölgənin Rusiya sərhədlərinə yaxın olduğu nəzərə alınaraq bir erməni belə buraxılmamaq şərti ilə” bütün ermənilərin ölkə xaricinə köçürülməsi vurğu­lanırdı. Burada həmçinin Diyarbəkir, Harput və Sivas erməni­lərinin hələlik köçürülməsinə lüzum və ehtiyac duyulmadığı göstərilirdi(100, 88-89). Qeyd etdiyimiz teleq­rafın mətninə diqqətlə baxsaq burada köçürülmə üçün komitəçi olmayan sadə ermənilərə 15 gün vaxt verildiyini aşkar şəkildə görmək mümkündür. Hökumət bununla köçürülənlərin hazırlıq işlərini asanlaşdırmağa, qida azuqəsi toplamağa, həmçinin məişət əşyalarının siyahılaşdırılmasına şərait yaratmışdır. İlk öncə teleqram­da açıq şəkildə bəzi ermənilərin təcili olaraq ölkə hüdud­larından kənara köçürülməsi qeyd edilirdi.

       Qeyd etmək lazımdır ki, 26 may 1915-ci ildə Baş Ko-mandan tərəfindən Daxili İşlər Nazirliyinə göndərilən raportda ermənilərin Şərqi və Cənub-Şərqi Anadolu vi­layət­lərindən çıxarılaraq Diyarbəkir vilayətinin cənu­buna, Fərat çayı vadisinə və Urfa-Süleymaniyyə ərazi­lərinə yaxın olan bölgələrə köçürülməsi rəsmən təsdiq­lənirdi. Hökumət yeni üsyan mərkəzlərinin yaranmasının qar­şısını almaq üçün aşağıdakı qaydalara əməl etməyi vacib bilirdi:

       A) Yeni yaşayış məntəqələrinə köçürülmüş erməni əhalisinin ümumi sayı yerli müsəlman əhalisinin 10%-dən çoxunu təşkil etməməlidir.

       B) Erməni ailələri üçün salınmış yeni yaşayış evlərinin ümumi sayı 50-dən çox olmamalıdır;

       C) Erməni ailələri səyahət və köç zamanı öz şəxsi evlərini digərləri ilə dəyişdirə bilməzdilər(137,  78).

      Avropa dövlətləri Osmanlı imperiyasında erməni­lər­lə bağlı həyata keçirilən bir sıra köçürülmə tədbirlərində bir başa Tələt Paşa günahlandırılırdı. Mə­sələnin bu şəkildə qiymətləndirilməsinə qarşı çıxan Tələt Paşa köçürülmə siyasətinin təkbaşına aparılmasının ağırlığını nəzərə alaraq hökumətin bununla bağlı rəsmi qərar çıxarılmasını vacib bildi. Nəticədə, 26 may 1915-ci ildə hökumətə dövlətlərin öz istəklərini gerçək­ləşdir­mək­dən ötrü Osmanlı təbəəsi olan ermənilər arasında nifaq toxumu səpdiklərini, eyni zamanda üsyançı ermə­ni­­lərin düşmənə qarşı vuruşan türk ordusuna arxadan zərbə endirmələri, düşmənlə iş birliyi qurduqlarını, bir qismi­nin düşmən tərəfinə keçdiklərini, əsgərlərə və günah­sız insan­lara qarşı silahlı basqın etdiklərini, şəhər və qəsəb­ə­lərdə qarətçiliklə məşğul olduqlarını, düşmənin hərbi dəniz qüvvələrini ərzaq və digər yeyinti məhsulları ilə təmin etdiklərini, strateji və məxfi obyektlərin kor­dinat­larının düşmən tərəfə ötürülməsini açıqladıqdan sonra dövlətin təhlükəsizliyi naminə köklü tədbirlərə eh­tiyac duyulduğunu və onun üçün müharibə mey­danında üsyan törədən ermənilərin başqa bölgələrə köçürülməsi lehinə hökumət tərəfindən rəsmi qərar qəbul edilməsinin vacibliyini ifadə etməkdə idi (126, 69). Nəticədə, 27 may 1915-ci ildə Nazirlər Kabineti köçürülməni zəruri bilərək “Sefer zamanında hökumətin icraatına qarşı gələnlər üçün ordu tərəfindən alınacaq önlemler hakkında Geçici Kanun” başlıqlı qərar qəbul etdi. Qərarın mətni 1 iyun 1915-ci ildə Takvimi Vekayidə dərc edildi. Dörd mad­dədən ibarət olan “Köçürülmə haqqında” qanunun mətni aşağıdakı kimi idi:

Maddə 1. Səfərbərlik zamanı ordu, artileriya və diviziya komandanları və onların vəkilləri, müstəqil bölgə koman­daları xalqdan hökumətin əmrləri məm­ləkətin mü­dafiəsi və asayişin qorunması ilə əlaqəli icraat və hazır­lıqlara qarşı  hər hansı bir müxalifət, silahlı təcavüz və müqavimət görülərsə bu müxalifətləri ən şiddətli şəkildə söndürməyə məcburdur.

Maddə 2. Ordu, müstəqil artileriya və diviziya ko­mandaları əsgəri səbəblərə görə və ya cəsusluq, xəya­nətlərini hiss etdikləri kənd, qəsəbə əhalisini bir-bir və ya cəm halında digər bölgələrə köçürə bilər.

Maddə 3. Bu qanun imzalandığı gündən qüvvəyə minir.

Maddə 4. Qanuun icra edilməsində Baş Komandan vəkili və Hərbi Nazirlik birbaşa məsuliyyət daşıyır(98,  199).

Göründüyü kimi tarixşünaslığa “Köçürülmə haq­qında” qanun kimi daxil edilən sənədin heç bir yerində erməni kəlməsi belə işlədilməmişdir. Bəzi qərb və erməni müəllif­lərinin iddia etdikləri əsas məsələ də güya höku­mətin çıxardığı qanunun bir başa ermənilərə şamil edil­məsidir. Əslində qanunun birinci maddəsinə baxsaq görə­rik ki, erməni və qərb müəlliflərinin fikirləri sadəcə ola­raq cəfəngiyyatdan başqa bir şey deyildir. Çünki, birin­ci maddədə dövlətin bütövlüyünə və təhlü­kəsiz­liyinə əngəl törədən milliyyətindən asılı ol­mayaraq bütün qüvvələr zərərsizləşdirilməli və yerlərini dəyiş­dirməlidir. İlk öncə hökumət ona qarşı əks mövqedə dayanan bütün qüvvələri zərərsizləşdirməyi qarşısına məqsəd qoymuş-du. Bu zaman yunanların və ərəb qəbilə­lərinin də digər ərazilərə köçürülməsi məhz bu qəbildən olan hadisə-lərdəndir. Belə ki, köçürülmə zamanı Ərə­bistan yarma-dasından Anadolu bölgəsinə çoxlu sayda vəhabi ərəb-lərin köçürülməsi də bir daha bizlərə əsas verir ki, həqiqətən də köçürülmə (türkcə-tehcir) qanunun bir başa ermənilərə şamil edilməsi kökündən yanlış və absurt bir məsələdir. Bir şeyi qeyd etmək lazımdır ki, müharibə zamanı istənilən bir ölkənin vətəndaşlı əgər öz ölkəsinə xəyanət edib düşmən tərəfə keçirsə onda hökumətin atdığı addım bir mənalı olaraq həmin əhalini müharibə ocağından çıxarılaraq digər ucqar ərazilərə köçürül­məsidir. Məhz Osmanlı hökumətinin atdığı bu addım ölkənin bütövlüyü və təhlükəsizliyinin qorunması baxı-mından təqdirəlayiq və alqışlanası bir haldır. Məhz belə bir hadisə eyni ilə Fransa, İngəltərə, ABŞ və ya Rusiyada baş versə idi şübhəsiz aidiyyatı ölkənin rəsmiləri də oxşar qərarlar çıxarmış olacaqdı…

Ardı var…

Taleh Cəfərov
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türk və Şərqi Avropa xalqları tarixi

və tarixin tədrisi metodikası kafedrasının baş müəllimi

 

KarabakhİNFO.com

22.04.2013 11:46

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*