Azərbaycanca

Osmanlı imperiyası I dünya müharibəsi illərində ( II hissə)

24.04.2013 | 08:31

1366777393_taleh11 iyun 1915-ci ildə Daxili İşlər Nazirliyi 30 may təlimatnaməsinə əlavə olaraq bəzi məsələlərin yerinə yetirilməsi barədə qərar qəbul etdi. Bu barədə ingilis tarixçisi Selahi Sonyel yazırdı: “Hökumət başqa bölgələrə köçürüləcək ermənilərin özləri ilə apara bilmədikləri mal-qaranın silahlı qüvvələr tərəfindən saxlanılması, həm­çinin müəy­yənləşdirilmiş ərazilərdə yerləşdirilən əhali­nin mü­ha­ribə qurtarana qədər öz yerlərini ticarət və di­gər məqsədlərlə dəyişdirilməməsini təmin edən tədbir­lərin həyata keçirilməsi barədə göstəriş verdi(114,  25). Bununla yanaşı, elə həmin gün Daxili işlər Nazirliyi daha bir qərar qəbul etdi. Qərarda əsasən köçürülmə ilə əlaqədar hazırlanmış təlimatlarda bəzi nöqsanlara yol verildiyi və bu kimi halların tezliklə aradan qaldırılması məsələləri öz əksini tapdı. Burada hansı nöqsanlara yol verildiyi barədə türk tarixçisi Kamuran Gürün yazır: “Komitələrə rəhbərlik edən günahkar ermənilərin tutu­laraq hökumətə təhvil verilməsi əvəzinə bəzi yerlərdə yanlış olaraq günahı olmayan, amma gözə görünən ermənilərin həbsi və yaşadıqları yerlərdən çıxarılaraq digər qonşu ərazilərə köçürülməsi kimi hallar baş vermişdir(98, 219). Digər tərəfdən hökumət 2 iyul 1915-ci ildə az sayda Osmanlı ordusunda xidmət edən erməni əsgər­lərinin barəsində də qərar qəbul etdi. Qərarda erməni əsgərlərinin ön cəbhədən alınaraq arxa cəbhəyə gön­dərilməsi ilə yanaşı, eyni zamanda döyüş bölgəsində xidmət edən erməni əsgərlərinin də İraqa göndərilməsi və s. məsələlər öz əksini tapmışdır.

      Osmanlı dövləti köçürülən ermənilərin yaşadığı ərazilərə ciddi nəzarətin tətbiq edilməsi barədə qərar qəbul etdi. Daxili İşlər Nazirliyinin 9-10 iyun tarixli qərarı ilə ermənilərin əmlakı hökumət tərəfindən müəyyən edilmiş məmurların ixtiyarına verildi. Belə ki, qərara əsasən “Erməni Metruke Komissiyonu” (Tərk edilmiş Mallar Komissiyası) yaradıldı. Qərara görə, Komissiyanın tərkibi bir nazir və iki rəsmi şəxsdən ibarət olmalı idi. Onlardan biri Daxili İşlər, digərləri isə Maliyyə Nazirliyi tərəfindən təyin edilmişdi. Komissiya 10 iyun 1915-ci ildə 34 maddədən ibarət “Müharibə və siyasi hadisələrə görə başqa yerlərə köçürülən ermənilərə aid mülk və ərazinin idarə edilməsi haqqında tövsiyələr” adlı sənəd işləyib hazırladı. Biz bu maddələrin hər birinə ayrı-ayrılıqda toxunmasaqda ümumilikdə bəzi məsələlərə diqqət yetir­məyimiz daha vacibdir. Burada komissiyanın üzərinə düşən məsələlər tam təfərrüatı ilə işıqlandırılır. Məsələn, komissiya boşaldılan kənd və qəsəbələrdə ermənilərə məxsus daşınan və daşınmaz əmlakı siyahıya almaq üçün xüsusi dəftərlər tutmalı, dəftərlərdən biri məhəlli kilsə­lərdə qorunmalı, biri məhəlli idarəyə verilməli, digəri də komissiyada qalmalı idi. Komissiya tərəfindən müəyyən edilmiş əşya və mal-qaranın sayı artırılmaqla açıq satışa çıxarılmalı və dəyəri qorunmalıdır. Komis­siyanın gedə bilmə­diyi yerlərdə isə bu işi yerli idarəçilər yerinə yetir­məli idi. Əmlakın ermənilərin yenidən öz əvvəlki yer­lərinə qayıtmasına qədər qorun­masında həm komissiya, həm də yerli idarəçilər mə­suliyyat daşımalı idilər. Türk tarixçisi Kamal Çiçək yazır ki, “Tərkedilmiş Mallar Komis­siyasının yaradılması qərarı Amerikalı diplomatlar tərəfindən də müsbət qarşılandı(100, 62)”.

      Beləliklə, hökumət tərəfindən 27 may 1915-ci ildə köçürülməyə rəsmi icazə verildikdən sonra köçürül-mənin II mərhələsinə start verildi. Amma hökumət bu işə rəsmi olaraq 3 gün sonra 30 may Təlimatnaməsinin işlə-nib ha­zır­lanmasından sonra başladı. Arxiv materialların-dan da göründüyü kimi ilk öncə Tələt Paşa tərəfindən hazırlanaraq həyata keçirilən və daha sonralar Meclisi-Vükelanın da məsləhət bildiyi köçürülmə siyasəti ilk öncə müharibə gedən bölgələrdə həyata keçirilməkdə idi. Bun­lardan birincisi, Qafqaz və İran cəbhəsinin Qərb sərhəd­lərinə yaxın olan Ərzurum, Van və Bitlis əraziləri, ikincisi isə Sinay cəbhəsinin cənub ətraflarını əhatə edən Mersin-İskəndərun bölgələri idi. Adları köçürülmə siyahısına daxil edilmiş vilayətlərin erməni əhalisi mərkəz hesab edilən Konya, Diyarbəkir, Cizrə, Biləcik və Hələb kimi ərazilərə toplaşmağa başladılar. Yolların uzunluğu və qış mövsümünün olduqca sərt keçməsi ilə əlaqədar olaraq əhalinin qısa yollarla köçürülməsi məqsədəuyğun hesab edildi. Beləliklə, Kayseri və Samsuna toplaşmış ermənilər Malatya yolundan, Sivas, Mamuratülaziz (Elazığ), Ər­zurum və digər ərazilərdən köçürülənlər isə Diyar­bəkir-Cizrə yolundan istifadə etməklə Mosulda yerləşdirildi. Bu barədə Yusuf Halaçoğlu yazır: “Şərqi Anadoludan köçürülən ermənilər isə Kutahya – Qarahisar – Konya – Qaraman – Tarsusdan keçməklə Qars-Maraş-Ba­zarcıq yo­lu ilə Zor sancağına köçürülmüşlər” (126, 129).

      29 avqust 1915-ci ildə hökumətin bir sıra vilayət və mütasarrıflıqlara göndərdiyi şifrəli teleqrafda köçürül­mənin məqsəd və qayəsi bu şəkildə izah edilirdi: “Ermə­nilərin yaşadığı yerlərdən çıxarılaraq təyin edilən ərazi­lərə köçürülməsində hökumətin əsas qayəsi dövlət əley­hinə antitürk təbliğatı aparılması və müstəqil Ermənistan dövlətinin yaradılması ehtimalını aradan qaldırmaq idi (120,  28)”.

       Ayrılmış ərazilərin məhdudluğunu nəzərə alan hökumət düşərgələrin genişləndirilməsi ilə bağlı qərar qəbul etdi. 1915-ci il 5 iyulda hökumətin bir sıra vilayət və mütasarıflıqlara göndərdiyi məktubda aşağıdakı ərazi­lərin ayrıldığı barədə məlumat yer almaqda idi.

1. Kərkük sancağının İranla 80 km. məsafədə yerləşən kənd və qəsəbələr daxil olmaqla Mosul vilayə­tinin şərq və cənub bölgəsi;

2. Diyarbəkir vilayətindən 25 km. daxildə Xabur və Fərat çayları vadisindəki yaşayış məskənləri daxil ol­maqla Zor sancağının şərqi və cənubu;

3. Hələb vilayətinin şimal əraziləri istisna olmaqla şərq, cənub və cənub-şərqində yerləşən kənd və qəsəbə­lərlə Suriya vilayətinin Havran və Kereksancaqları daxil olmaqla dəmir yolu xəttindən 25 km. məsafədə salınan kənd və qəsəbələrdə ümumi əhalinin 10%-i nisbətində köçürüləcəkdir(126, 74).

        Köçürülmə tarixi ayrı-ayrı ərazilərdə müxtəlif vaxt­larda başlanmışdır. Məsələn: köçürülməyə Bay­burtda 1 iyunda, Eriznədə 8 iyunda, Kayseridə 9 iyunda, Sivas vilayətində 14 iyunda, Sisdə 17 iyunda, Merzifonda 28 iyunda start verildi. Yozqartda isə ilk köçürülmə əmri 18 iyulda verilsədə, köçürül­məyə 3 gün sonra başlanmışdır. Digər ərazilərdə olduğu kimi burada da komitəçi ermənilər daha tez 18-21 iyul tarixlərində köçürülmüşlər

       Köçürülmə zamanı əsas nəqliyyat vasitələri kimi dəmir yolu və su nəqliyyatından istifadə edilmişdir. Xü­su­silə, Şərqi Anadoludan köçürülən erməni əhalisi dəmir­yolu vasitəsilə köçürülmüdür. Bununla yanaşı, alternativ nəqliyyat vasitələrindən də istifadə edilmişdir. Qış möv­sü­münün olduqca sərt keçməsinə baxmayaraq, əhalinin əksəriyyəti vaqonlardan, dəvə karvanlarından və öküz ara­ba­larından istifadə etməklə müəyyənləşdirilmiş vaxtdan gec də olsa yerlərinə çatmışlar. Hətta bir sıra arxiv materiallarından aldığımız məlumatlara görə III Orduya ərzaq daşıyan 600 arabadan 510-nun ermənilərin daşınması üçün istifadəyə verilməsi də qeydə alınmışdır (34, 61). Bununla yanaşı əhalinin Dəclə çayından keçiril­məsi üçün çoxlu sayda qayıqlardan da istifadə edilmişdir. Ümumiyyətlə, 1915-ci ilin may ayının sonlarından başlayaraq, 1916-cı ilin 16 fevralınadək davam etmiş və ümumilikdə 9 ay müddəti ərzində hökumət erməni köçkünlərinin işini asanlaşdırmaq üçün istənilən vasitə­lərə əl atmışdır. Bütün təhlükəsizlik tədbir­lərinin görül­məsi ilə yanaşı, eyni zamanda ərzaq, geyim və nəqliyyat vasitələri ilə təmin olunma sahəsində Valiliklər İskanı-Aşair və Mühacirin müdiriyyəti ilə birgə fəaliyyət göstərirdilər. Büdcədən 1915-ci il köçürülmələri üçün Konyaya 400 min, İzmitə 150 min, Əskişəhərə 200 min, Adanaya 300 min, Hələbə 300 min, Mosula 500 min lari olmaqla, cəmi 2.250.000 lari vəsait ayrılmışdır (126, 66-67). Türk tarixçisi Kamuran Gürün isə növbəti illərdə bu vəsaitin xeyli artırıldığı barədə yazır: “Bəhs olunan dövrdə 702.900 nəfərə qədər əhalinin köçürülməsi üçün ilkin olaraq  25 milyon lari xərclənmişdir. Müəllif 1916-cı ilin oktyabr ayının sonuna qədər 86 mln. lari xərcləndiyini qeyd etməklə ilin sonuna qədər, bu məbləğin 150 mln. lariyə çatdığını qeyd etmişdir (98, 223). Gün­dəlik məsələlər üçün hansı miqdarda vəsaitin ayrıl­ması barəsində məlumatlara da arxiv material­larından rast gəlmək mümkündür. Burada ermənilərlə yanaşı, yunanlara da eyni məbləğdə, yəni böyüklər üçün 3 lari, kiçiklər üçün 60 para məbləğində vəsaitin ayrıldığı qeyd edilirdi. Bununla yanaşı hökumət daha bir humanist addım ataraq köçürülən ermənilərin vergi borlarını da ləğv etmişdi. Təkcə bünü nəzərə alsaq bəhs olunan dövrdə büdcəyə külli miqdarda ziyan dəydiyini görmək mümkündür. Dəymiş ziyanı nəzərə almasaq, köçürülmə ən qısa zamanda başa çatdırılmış və 9 ay ərzində 702. 900 nəfərə qədər qeyri-türk millətinin yeri dəyişdirilmiş, ümumilikdə plan müvəffəqiyyətlə yerinə yetirilmişdir. Köçürülmə zamanı meydana gələn xırda-para nöqsanları nəzərə almasaq, ümumilikdə hökumət bu işin öhdə­sindən layiqincə və çox ustalıqla  gələ bilmişdir. Bunu bir sıra Avropa və Amrekalı müəlliflərin əsər­lərindən də açıq-aydın görmək mümkündür. Bu haqda Osmanlı III Ordusunun komandanı olmuş Feliks Güsenin fikirləri olduqca maraqlıdır. O, yazırdı: “Məcburi köçürülmə za­manı əlbəttə ermənilər bir çox təzyiqlərlə qarşılaş­mışlar. Ancaq Osmanlı hökuməti köçürülmə za­manı gözlənilən təhlükələrə qarşı qabaqlayıcı tədbirlər planı işləyib hazırlamışdı. Şübhə yoxdur ki, həyata keçirilən tədbirlərə baxmayaraq, bir çox insan istənil­mədən belə köç zamanı tələf olmuşdur. Fəqət bu gün Qərb mətbuatı ermənilərin şikayəti əsasında erməni­lərin guya 1915-ci il hadisələri zamanı kütləvi qırğına məruz qaldığı haqqında məlumatlar yaymaqdadır. Bütün bu yalanlara inanmaq və doğruluğunu qəbul etmək çox yanlış bir addımdır (121, 57)”. Əlbəttə müharibənin törətdiyi fəsadlar, eyni zamanda həmin dövrdə Rusiya ərazisindən bir milyona yaxın türkün Türkiyə ərazisinə qovulması, Şərqi Anadolu bölgəsinin nəzarətdən çıxması ilə yanaşı hökumətin köçürülmə işini qısa zamanda başa çatdırmaq istəyi nəticədə çoxlu sayda itkilərin verilməsi ilə nəticələnmiş-dir. Həmin dövrdə aclıq və xəstəlik üzündən 25-30 min nəfərə qədər erməni də tələf olmuşdur(126, 78)”.

      Hökumət cinayətkar dəstələrin cəzalandırılması üçün Məhkəmə İstintaq bölməsinin yaradılması barədə qərar qəbul etdi. Müxtəlif qruplardan təşkil olunmuş komissiyaya Asmi bəyin rəhbərliyi altında I heyət Adana, Hələb, Suriya, Urfa, Zor və Maraş bölgələrinə; Hulusi bəyin rəhbərliyi altında yaradılmış II heyyət Huda­vendigar, Ankara, İzmit, Karesi, Kütahya, Əski­şəhər, Kayseri, Qarahisarı-Sahib və Niğdə bölgə­lərinə; Bitlisin keçmiş valisi Mazhar bəyin rəhbərliyi altında yaradılmış III heyət isə Sivas, Trabzon, Ərzurum, Mamuratülaziz (Elazığ), Diyarbəkir, Bitlis, Canik bölgələrinə gön­dəril­dilər (43, 36). Hökumətin heyətlərə verdiyi təlimat­ların nələrdən ibarət olduğu barəsində Y.Halaçoğlu yazır: “Heyət­lərə verilən tədlimatlara görə jandarma, polis, mə­mur və digər vəzifəli şəxslər barəsində aparılan istintaq za­manı ortaya çıxan oxşarlıqlar qeydə alınmalı və bütün sə­nədlər Divani-Hərbə göndərilməlidir. Divani-Hərbə gön­dərilən sənəd­lərdən bir nüsxəsi də DİN-ə göndəril­məlidir. Vali və kaymakamlar barəsində aparılan təhqi­qatın material­larında cinayət motivli əməllər sübuta ye­tirilərsə bu barədə raport hazırlanaraq çıxarılmış məh­kəmə qərarı ilə cəzalandırılmalı idilər. Divani-Hərbdə çalışan məmurlar arasında da hər hansı bir xoşagəlməz ha­disə baş verərdisə bu zaman aidiyyatı qurumlara bu ba­rədə məlumat verilməli idi (126, 81).

      Məhkəmə İstintaq Orqanlarının hazırladığı raportlar da xüsusilə vəzifəsindən sui-istifadə edərək erməni köçkün­lərindən pul və qiymətli zinət əşyalarının top­lanması, təhlükəsizlik tədbirlərinə vaxtında əməl edil­məməsi nəticəsində silahlı birləşmələrin davamlı hücum­ları, köçürülmə əmrinə qarşı ciddi şəkildə mübarizə aparan, bu və ya digər arzuolunmaz hadisələrdə birbaşa əli olan şəxslərin tutduqları vəzifələrdən azad edilməsi barədə faktlar yer almaqda idi.

      Məlum olduğu kimi, 1915-ci ilin may ayında höku­mətin ermənilərin imperiyanın cənub ərazilərinə köçürül­məsi ilə bağlı qəbul etdiyi qərar bütün ermənilərə şamil edilmədi. Bu barədə Eriq Fayql yazır: “Köçürülmə qərarı bü­tün ermənilərə şamil edilmədi. Köçürülmənin ilk ay­larında bəzi bölgələrdə (Urfa, Germiş, Biləcik, Ərzurum, Ay­dın, Trabzon, Ədirnə, Canik, Ada­bazarı, Hələb, Bolu, Kas­tamonu, Temirdağ, Konya və Qarahisarı-Sahib) ya­şayan ermənilərin bir hissəsi köçürül­mədən kənarda qal­mışdır. Fəqət daha sonra bunların da müxtəlif olaylarla qarşılaşmaları səbəbi ilə böyük bir hissəsi köçürüldü (130, 82)”. Ümumiyyətlə, bəhs olunan dövrdə köçürülmə qərarının kimsəsiz uşaqlara, sənətkar və tacirlərə, dövlət işlərində çalışan məmurlara və dini məzhəbindən asılı olmayaraq katolik və protestant ermənilərə şamil edil­mə­məsi bir daha türk hökumətinin humanizmindən xəbər verirdi. Bununla əlaqədar, hökumət 30 aprel 1916-cı ildə qərar qəbul etdi. Dörd maddədən ibarət qərarda aşağı­dakı məsələlərə toxunulurdu:

a) ailə başçısını itirmiş və ya köçürülmüş, həmçinin ailə üzvlərindən hərbi xidmətdə olan kimsəsiz ermə­nilərin erməni və əcnəbi yaşamayan kənd və qəsəbələrdə yerləşdirilərək iaşə xərclərinin dövlət tərəfindən tənzim­lənməsi;

b) 12 yaşına çatmış uşaqların bölgələrdəki uşaq evlərinə verilməsi və yerdə qalanların varlı müsəlman ailə­lərinə verilərək böyüdülməsi;

c) maddi baxımdan elədə imkanı olmayan mü­səlman ailələrinə verilmiş erməni uşaqlarının iaşə xər­clərinin tənzimlənməsi üçün Mühacirin Təhsisatından gündəlik 30 lari ödənilməsi;

d) Gənc və dul qadınların arzu və istəkləri ilə müsəlman kişilərlə ailə qurmalırına icazə verilməsi (45,  201).

      İlk ncə kimsəsiz uşaqların köçürülməməsi ilə bağlı hökumət xüsusi olaraq tədbirlər planı işləyib hazırladı. Burada əsasən kimsəsiz uşaqların yerləşdirilməsi üçün yeni inzibati binaların ayrılması və nə qədər uşağın burada yerləşdirilməsi məsələləri qeyd edilirdi. Bu ba­rədə 26 iyun 1915-ci ildə Maarif Nazirliyindən Diyar­bəkir, Adana, Trabzon, Sivas, Bitlis, Van və digər vilayətlərə göndərilən teleqrafda da kimsəsiz uşaqların uşaq evlərinə yerləşdirilməsi üçün yeni bina ayrılması məsələsi qeyd edilirdi.

      Hökumət kimsəsiz erməni uşaqları ilə yanaşı dövlət işlərində çalışan bəzi erməni məmurlarına da toxun­mamışdı. Bunlardan İstanbul xəstəxanasının foto­qrafı Papaz­yanı, keçmiş deputat Aqop Boyacıyan, Adana Osmanlı bankının işçilərindən Edvard Simkiyanı, Manok Sarrafyanı və Aqop Çağayanı ilə Serkis Kikiyanı qeyd etmək olar. 15 mart 1916-cı ildə DİN-dən bəzi vilayət və mutassarrıflıqlara göndərilən teleqrafda bundan sonra idarə və müəssisələrdə çalışan və erməni komitəçiləri ilə heç bir əlaqəsi olmadığı müəyyənləşdirilən şəxslərin (əsgər, zabit və səhiyyə sistemində çalışanlar, millət vəkilləri və onların ailə üzvləri) köçürülmədən kənarda qaldıqları qeyd edilirdi.

      Qeyd edək ki, köçürülmə qərarına əlavə olaraq 30 may tarixində hazırlanan təlimatnamədə katolik və protestant ermənilərin də köçürüləcəyindən məyus olan Alman və Amerika səfirliklərinin təzyiqləri nəticəsində onların köçürülməsi arxa plana keçdi. Katolik və protestant ermənilərlə yanaşı qriqoryan ermənilərə də toxunul­mamışdı. Bununla bağlı DİN-dən Ərzurum vila­yətinə 17 iyun 1915-ci ildə, həmçinin 4 avqust 1915-ci ildə Adana, Ankara, Bitlis, Hələb, Diyarbəkir, Sivas, Trabzon, Elazığ, Van Vilayətləri ilə yanaşı, Urfa, Canik, Maraş mütasarrıflıqlara göndərilən teleqrafda adı çəkilən 13 vilayətdə yaşayan ermənilərin köçürülməsi barədə məlumat yer almaqdadır. Katolik ermənilərin köçürül­məsinin qarşısının alınmasından 11 gün sonra protestant ermənilərin də köçürülməməsi haqqında qanun qəbul edildi. Bununla da protestant ermənilərin köçürülməsinin qarşısı alınmış oldu. Görkəmli ABŞ tarixçisi Jastin Mak­kartinin hesablamalarına görə 1922-ci ildə Türkiyə Cüm­huriyyətində təxminən 140 min erməninin qaldığını bildirmişdir. 1927-ci ildə Türkiyədə əhalinin ilk siyahıya alınması zamanı ölkədə 77433 nəfər qriqoryan, 6658 nəfər protestant və nəhayət, 34000 nəfər katolik erməninin qaldığı bəlli olmuşdu(95, 126). Köçürülmədən kənarda qalanlar arasında ticarət və sənət­karlıqla məşğul olan ermənilərə rast gəlmək müm­kündür. Dövlətin iqitsadi inkişafının yüksəldil­məsini nəzərə alan hökumət 8 iyun 1915-ci ildə şifrəli teleq­ramla tacir və sənətkarların köçürülməməsi barədə də qərar qəbul etdi. Köçürülmə zamanı meydana çıxan ən problemli məsələ köçürülən­lərin əmlakının qorunması ilə bağlı olmuşdur. Problemin tezliklə həll edilməsi üçün hökumət 10 iyun 1915-ci ildə “Köçürülən­lərin əmlakının qorunması haqqında təlimat­namə” adlı sənəd hazırladı. Təlimat­naməyə görə istifadə müddəti başa çatmış əşyalarla ya­naşı əhalinin mal-qarası və ya artıq istifadəsi mümkün olmayan emalatxanalar komissiyalar tərəfindən açıq satışa çıxarılaraq satılmalı və pulları sahiblərinə göndərilməlidir. Qeyd edək ki, satılan əmlakın ümumi dəyəri Əmvali-Metruke komissiyaları vasitəsilə sahib­lərinə çatdırılırdı.

      Bəhs olunan dövrdə köçdən qurtulmaq üçün hətta bəzi ermənilər din dəyişdirmək kimi çirkin əməllərə əl atmışdılar. 1 iyul 1915-ci ildə DİN-dən bir sıra vilayətlər və mutasarrıflıqlara göndərilmiş teleqrafda köçürülən ermə­nilərin bəzilərinin toplu və ya fərdi halda öz istək və arzuları ilə əvvəlki yaşayış yerlərində qalmalarına icazə verilsədə hökumət islam dinini qəbul etmiş bu insan­lardan daima ehtiyatlı olmalarını məsləhət bilmişdir. Osmanlı təbəsi olan 17-55 yaşları arasında (2 avqust 1915-ci ildən etibarən yaşı 60-a çatanlara da şamil edildi) olan kişi cinsinə mənsub ermənilərin ölkə sərhədlərindən xaricə çıxmalarına icazə verilmədi. Əcnəbi dövlətlərin vətəndaşı olan ermənilərə isə müharibə bitənə qədər ölkəyə geri dönməmək şərti ilə Osmanlı ölkəsindən ayrılmalarına icazə verildi. Kənardan Osmanlı sərhəd-lərini aşaraq ölkənin içərilərinə doğru hərəkət etmiş ermə­nilərə isə hansı ölkə vətəndaşı olmasından asılı ol­mayaraq ölkəni tərk etmək tapşırığı verilmişdir. Kö­çürülən ermənilərin əl atdıqları hiylələrdən biri də özlərini guya əcnəbi dövlətin vətəndaşı kimi təqdim etmələri idi. Köç zamanı bu kimi xoşagəlməz hallar çoxlu sayda problemlər yaratmışdı. 8 iyun 1915-ci ildə DİN-dən Mameratülaziz vilayətlərinə göndərilən teleqrafda hətta Amerika vətəndaşlığını qəbul etmiş ermənilərin köçürül­məsinin dayandırılması tələb edilmişdir. Arxiv sənəd­lərindən göründüyü kimi hətta bəzi ölkələrin konsulları imperiyanın ərazilərini qarış-qarış gəzərək yalan məlu­mat­ları ölkələrinə göndərirdilər. Məhz bu­nunla əlaqədar olaraq hökumətin 12 sentyabr 1915-ci ildə vilayətlərə gön­dəriyi şifrəli teleqrafda əcnəbilərin ölkənin imicinə vura biləcək çirkin əməllərə qarşı ciddi ölçülərin gö­türülməsi tələb edilirdi.

      Beləliklə, 9 ay ərzində davam etmiş köçürülmə prosesi müharibənin şiddətli vaxtlarında müxtəlif səbəb­lərdən müvəqqəti olaraq dayandırıldı. Hökumət 21 fevral 1916-cı ildə bütün vilayətlərə köçürülmənin başa çatması haq­qında məktub göndərdi. 15 mart 1916-cı ildə höku­mətin yeni qanunda bütün vilayətlərə və sancaqlara köçürülmənin qəti olaraq başa çatdığını və bundan sonra hər hansı bir səbəbdən əhalinin köçürülməsinə izn verilməyəcəyi barədə məlumatlar yer almaqda idi.

Nəticədə, I dünya müharibəsinin şiddətli vaxt­ların­da hökumətin güclü iradə nümayiş etdirərək Os­manlı təbəəsi olan ermənilərin imperiyanın cənub ərazi­lərinə köçürül­məsini müvəffəqiyyətlə yerinə yetir­miş oldu.

Taleh Cəfərov
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türk və Şərqi Avropa xalqları tarixi

və tarixin tədrisi metodikası kafedrasının baş müəllimi

 

KarabakhİNFO.com

 

 

24.04.2013 08:31

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*