Azərbaycanca

Öz müqəddəratını təyinetmə prinsipi və Qarabağın işğalı

05.12.2014 | 16:59

dagliq qarabagBugün də beynəlxalq münasibətlərdə siyasi coğrafiya həlledici rol oynayır. Buna görə də beynəlxalq münasibətlər tarixində siyasi münaqişələrin əsas obyekti əraziyə nəzarət olmuşdur. «Böyük Ermənistan» ideyasının əsası da məhz bundan başlanğıc götürürdü. Cənubi Qafqazda gələcək siyasi proseslərə nəzarəti Rusiya əslində ələ keçirmiş, burada daim iqtisadi, siyasi, milli gərginliyin mövcudluğunu isə Ermənistanın əli ilə həyata keçirmişdir. Əslində isə Azərbaycanın tarixi torpaqları üzərində münaqişə vəziyyəti maraq və mənafelərin toqquşması prosesinə uyğun olaraq bəzən dondurulmuş, bəzən isə müxtəlif formalarda baş qaldırmışdır. Münaqişənin mahiyyətində daha bir cəhət odur ki, beynəlxalq aləmdə bu gün bir dövlətin digər bir dövlətin ərazisini işğal edərək orada kütləvi etnik təmizləmə aparması kimi ikinci bir genosid hala rast gəlmək mümkün deyildir.

 

 

Ümumiyyətlə müasir praktika sübut edir ki, dünyada hər hansı bir dövlətin ərazisi yalnız həmin dövlətin razılığı ilə dəyişə bilər. Beynəlxalq hüququn subyekti olan hər bir dövlətin dünyada bu həqiqəti başqa cür yozmağa ixtiyarı yoxdur. Azərbaycan ərazilərinin zəbt edilməsi quldurluq, qonşu dövlətinin ərazisinin işğal, ilhaq etməkdir. 20 ildən çoxdur ki, Azərbaycanın milli ərazisinin böyük bir hissəsi Ermənistan Respublikasının hərbi qüvvələri tərəfindən işğal edilmişdir. Söhbət ilhaqdan gedir.

 

 

Helsinki Müşavirəsi Prinsipləri Bəyannaməsinin – “Fikir, vicdan, din və əqidə azadlığı da daxil olmaqla insan hüquqları və əsas azadlıqlara hörmət”ə dair 7-ci bəndində deyilir: “Ərazisində milli azlıqlar olan iştirakçı dövlətlər bu cür azlıqlara mənsub olan şəxslərin qanun qarşısında bərabərlik prinsipinə hörmət edəcək, onlara insan və əsas azadlıqlardan istifadə etməyə tam imkan verəcəklər”.

 

 

Bəyannamənin 8-ci bəndində deyilir ki, xalqlar eyni hüquqa malikdirlər və öz talelərini özlərinin həll etmək hüququ vardır. Erməni politoloqları bu bəndə tez-tez istinad edirlər. Lakin burada azlıq təşkil edən millətlərin bu və ya digər səbəbdən bu və ya digər dövlətin tərkibindən çıxmaq haqqında heç nə deyilmir. Bu, sırf erməni yozumudur. Onlar “azlıq təşkil edən millətin hüququnu” vahid dövlətin xalqının hüququ kimi qələmə verirlər. Bəyannamədə bildirilir ki, xalqlar kənardan müdaxilə olmadan özlərinin siyasi, iqtisadi, sosial və mədəni inkişafını istədikləri kimi həyata keçirmək hüququna malikdirlər. Başabəla erməni nəzəriyyəçiləri Leninin əsərindən “millətlərin öz müqəddəratlarını təyinetmələri haqqında” ifadəsini qopararaq bu anlayışı şərh etməkdə çətinlik çəkməyiblər. Bu anlayış erməni uydurmalarının və cəhdlərinin əleyhinədir. XX əsrdə “öz müqəddəratını təyin etmə” halları olub. Lakin bu, zorla başqalarına birləşdirilmiş dövlətlərin ayrılmasından ibarət idi. Məsələn, Norveç İsveçdən ayrılıb. Bunlar müxtəlif əlif millətlərdir. Finlandiyanın Rusiya imperiyasından ayrılması da belədir.

 

 

Bununla yanaşı, bu və ya digər millət və xalq öz dövlətini, özünün milli vətənini yaratmaq hüququna malikdir. Lakin keçmişdə olduğu kimi indi də dünya praktikasından aydındır ki, hər bir millət doğulduğu yerdən asılı olmayaraq öz müqəddəratını təyin edə bilər. Coğrafi vəziyyətinə görə öz müqəddəratını bir neçə dəfə təyin edə bilməz. Erməni bir dəfə öz müqəddəratını təyin etmişdir, həm də özünün şimaldakı hamilərinin köməyi ilə əzəli Azərbaycan torpaqlarında erməni dövləti və bu dövlət beynəlxalq subyektdir. Hazırda Ermənistan Respublikasında deyildiyi kimi hər bir erməni dünyanın harasında yaşayırsa-yaşasın, avtomatik respublikanın vətəndaşıdır, deməli, bu və ya digər səbəbdən sıxışdırılan hər bir erməni ”azad” Ermənistana gəlib burada yaşaya bilər. Ermənilərin məntiqinə görə, “öz müqəddəratını təyinetmə prinsipini” rəhbər tutmaqla ermənilərin yığcam yaşadığı yerlərdə ən azı on yeni erməni yaratmaq olar. Bu halda Gürcüstanda, Fransada, ABŞ-da, İtaliyada, Livanda, Suriyada, Mərkəzi Asiyada, Rusiya Federasiyasında (Moskva şəhərində, Rostov vilayətində, Krasnodar və Stavropol diyarlarında və s.) erməni respublikaları yarana bilər. Bu təcrübədən istifadə edərək azərbaycanlılar da öz müqəddəratlarını təyin edər və Gürcüstanda, Özbəkistanda, Türkiyədə, Almaniyada, Skandinaviya ölkələrində, ABŞ-da, Kanadada və s. Azərbaycan Respublikaları yarada bilərlər.

 

 

İşğalçı tərəfin iddialarının əsassızlığını şərh edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının 1993-cü il 29 iyul tarixli 853 nömrəli qətnaməsinin 9-cu bəndində deyilir: «Azərbaycanın Dağlıq Qarabağ regionunun ermənilər tərəfindən riayət olunmasının təmin edilməsi…». Bu forma BMT Təhlükəsizlik Şurasının 1993-cü il 14 oktyabr tarixli 874 nömrəli qətnaməsində də təkrar edilmişdir. Burada deyilir: Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda münaqişənin davam etməsindən ciddi narahat olduğunu ifadə edərək…». 1993-cü il 12 noyabr tarixli 884 nömrəli qətnamədə də deyillir: «Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda münaqişənin davam etməsindən özünün ciddi narahatlığını ifada edərək…». Avropada Təhlükəsizlik və Əmakdaşlığa dair Helsinki müşavirəsinin prinsipləri Bəyyanaməsində yazılmış bu sözlər – «zor işlətmək və ya zor işlətməklə hədələmək» sözləri suveren Azərbaycan dövlətinin milli ərazisinə göz dikmiş ermənilərə tutarlı cavabdir. Bəyannamədə deyilir: «İştirakçı dövlətlər, ümumiyyətlə, bütün beynəlxalq münasibətlərdə olduğu kimi bir-birləri ilə olan qarşılıqlı münasibətlərdə də Birləşmiş Millətlərin məqsədləri ilə və bu bəyannamə ilə bir araya sığmayan hər hansı bir dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı zor işlətməkdən və ya zor işlətməklə hədələməkdən imtina edəcəklər. Bu prinsipi pozaraq zor işlətməklə hədələmək və ya zor işlətməyi əsaslandırmaq üçün heç bir mülahizədən istifadə etmək olmaz». Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqisəsinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hamısında «Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bir daha təsdiq edilir».

 

 

Aynur Tağıyeva
“KarabakhİNFO.com”

 

 

05.12.2014 16:59

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*