Azərbaycanca

Papanın anlaşılmayan duası

05.12.2014 | 11:20

pope_francis_060913Dəfələrlə Türkiyə rəsmiləri tərəfindən bəyan olunub ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca bu ölkənin Ermənistanla sərhədlərinin açılması mümkünsüzdür. Bu məsələdə Türkiyə rəsmi dairələri ilə türk xalqının da düşüncəsinin üst-üstə düşməsi iki ölkə və xalqın qardaşlığından irəli gəlir. Elə ona görədir ki, Türkiyə bu sərhədi öz istəyi ilə Azərbaycana olan qardaşlıq münasibətindən bağlayıb. Yəni hansısa hegemon dövlətin diqtəsi ilə bu sərhədlər bağlanmayıb. Nəzərə almaq lazımdır ki, regionda ilk və tək bu addımı atan ölkə Türkiyədir. Onu da deyək ki, iki ölkə arasında sərhədlərin açılması üçün bir neçə dəfə siyasi cəhdlər edilib, lakin uğursuzluğa düçar olub. Hələ bir neçə il əvvəl Ermənistan və Türkiyə arasındakı əlaqələrin düzəlməsi üçün imzalanan protokollar iki ölkənin milli məclislərinə təsdiq üçün təqdim edilmədən rəfə atıldı.

 
Bu gün Ermənistan iqtisadi blokadaya düşdüyündən Qərb müxtəlif təzyiq metodları ilə diqtə edir ki, Türkiyə bu ölkə ilə sərhədləri açsın. Bu günlərdə Türkiyədə “Möhürlü qapılar” adı altında keçirilən beynəlxalq konfrans da elə bu təzyiqin bir növüdür. Doğurdan da çox paradoksal vəziyyət yaranıb: Türkiyəni başına qondarma soyqırım oyunu açan bir ölkə ilə məcbur edirlər ki, münasibətlərini bərpa etsin. Hətta Roma Papası Fransiskini də bu məsələyə cəlb edirlər. Papanın bu günlərdə Türkiyədə səfərdə olarkən Türkiyə-Ermənistan sərhədlərinin açılmasını hansı haqla istəməsini anlamaq olmur. Əgər Roma Papası belə insanpərvərdirsə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsi üçün dua etsin və bunu bəyan etsin.

 
“Türkiyə Ermənistanla sərhədinin bağlanma səbəbi aradan qalxmadan sərhədi açmamalıdır”

 
Kamer_Kasim_BuyukTürkiyənin nüfuzlu beyin mərkəzlərindən olan Beynəlxalq Araşdırmalar Mərkəzinin (USAK) direktor müavini, professor Kamer Kasım mərkəzin rəsmi saytındakı “Türkiyə-Ermənistan sərhəd qapıları” adlı məqaləsində qeyd edib ki, Türkiyə Ermənistanla sərhədinin bağlanma səbəbi aradan qalxmadan sərhədi açmamalıdır. Onun fikrincə, Dağlıq Qarabağ problemi həll edilmədən belə bir cəhd Azərbaycanla münasibətlərdə təsiri uzun illər davam edəcək təxribata gətirib çıxaracaq. Bundan əlavə, bölgə ölkələrində, Türkiyənin ən yaxın əlaqəsinin olduğu, strateji ortağı səviyyəsindəki bir ölkə üçün çox əhəmiyyətli bir mövzuda siyasi iradə göstərə bilmədiyi təəssüratı yaradacaq: “Türkiyənin ən səlahiyyətli insanları tərəfindən problem həll edilmədən sərhədin açılmayacağını bəyan edildiyi nəzərə alınarsa, ediləcək hər hansı əks-cəhd Azərbaycanın inamının qırılması ilə yanaşı, Türkiyənin nüfuzdan düşməsinə gətirib çıxaracaq”. K.Kasım bildirib ki, Türkiyənin Ermənistan sərhədini Dağlıq Qarabağ problemi həll edilmədən açması həm etik baxımdan, həm də siyasi baxımdan düzgün olmayacaq: “Etik baxımdan Azərbaycan torpaqlarını işğal altında saxlayan, üstəlik, işğala son qoymaq məsələsində iradəsi olmayan, əksinə, işğalın davamlı olmasına çalışan Ermənistan ilə sərhədi açmaq problemli yanaşma olacaq. Bununla yanaşı, BMT-nin işğalın sona yetməsini tələb edən qərarları var və öz icrasını gözləyir. Real siyasi baxımdan isə Türkiyənin Ermənistanla sərhədini açmasından sonra əldə edə biləcəyi qazancla və bunun qarşılığında itirə biləcəklərinə baxdıqda ortada ciddi bir uyğunsuzluq var. Ermənistan sərhədinin Dağlıq Qarabağ problemi həll edilmədən açılması Azərbaycan ilə əlaqələrə xələl gətirər”.

 
USAK-ın direktor müavini bildirib ki, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması və xüsusilə sərhədlərin açılması üçün Türkiyədə lobbiçilik edənlərin ortaya qoyduğu rəqəmlər Ermənistanın iqtisadi həqiqətləri ilə uyğun gəlmir: “Bundan əlavə, Dağlıq Qarabağ probleminin Türkiyə-Ermənistan əlaqələrindən ayrı olması arqumenti isə Türkiyənin Ermənistanla sərhədi bağlamasının səbəbini nəzərə almamaq mənasını daşıyır. Ermənistanın işğalçı mövqeyini davam etdirməsini nəzərə almadan Qərbə yaxınlaşacağı düşüncəsi ilə ona çoxlu maliyyə dəstəyi verən ölkələr isə Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olmasından sonra hələ kifayət qədər etiraf etməsələr də səhv etdiklərini dərk ediblər. Həmin ölkələrin vergi ödəyən vətəndaşları işğalçı bir ölkəyə siyasətini dəyişdirmədiyi ya da dəyişdirəcəyinə dair işarə vermədiyinə görə verilən pulların hesabatını tələb etməlidirlər”.
“Azərbaycan bu gün öz torpaqlarını azad etsə belə, Türkiyə o sərhədləri açacaqmı?”

 
Anar Xelilov“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov e-jurnalımıza açıqlamasında deyib ki, Ermənistan hələ SSRİ-nin tərkibində olduğu dövrdə Sovet hökuməti bu sərhədləri dəmir məftillərlə bağlamışdı: “SSRİ dağıldıqdan sonra isə Ermənistan həm Türkiyəyə, həm də Azərbaycana ərazi iddiası ilə çıxış etdi və sonda Azərbaycan ərazilərini işğal etdi. Həmçinin qondarma soyqırım məsələsinin bu gün də dünyada tanıtmağa çalışaraq Türkiyəni ittiham edir. Yəni bu sərhədlərin bağlı qalmasının əsas səbəbkarı Ermənistandır. Mən inanmıram ki, Türkiyənin hər hansısa bir siyasətçisi belə vəziyyətdə sərhədlərin açılmasını istəyə və buna tərəfdar ola. Bu, Türkiyənin öz dövlət marağı çərçivəsindədir. Yəni bu məsələ tək Azərbaycana görə deyil. Təkrar qeyd edirəm ki, bu, həm də Türkiyənin öz marağında olan məsələdir. Hətta Azərbaycan bugün öz torpaqlarını azad etsə belə, Türkiyə o sərhədləri açacaqmı? Bax, bu, sualdır”.

 
Onun sözlərinə görə, bu məsələ dəbdə olan bir siyasi mövzudur və tez-tez qabardılır: “Bəzən də Türkiyə və Azərbaycan münasibətlərinin pozulmasına yönəlir. Bəzi qüvvələr bilir ki, Azərbaycanda bu məsləyə həssas yanaşırlar”.

 
A.Xəlilovin fikrincə, Roma Papasının sərhədlərin bağlı olmasını az qala İsa peyğəmbərin dara çəkilməsi səviyyəsinə qaldırması, düzdür, xristian təəssübkeşliyi kimi görünsə də, əslində arxasında siyasi məqsədlər var: “Dünyanı idarə edən əsas gizli qüvvələrin sözçüsü olan Papa, əslində, bununla Türkiyəyə təzyiq edirdi. Bilirsiz ki, Türkiyə artıq regionda söz sahibi və əsas oyunçuya çevrilir, daha keçmiş müttəfiqlərinin sözü ilə oturub-durmaq istəmir. Rusiyaya qarşı sanksiyalarda iştirak etmək istəmir. İsrailə qarşı, Avropa Birliyinin maraqlarına qarşı çıxış edir və s. Bu isə öz növbəsində dediyim kimi bəzi qüvvələri narahat etməyə bilməz və sərhəd məsələsinin də yenidən gündəmə gəlməsinin başlıca məqsədlərindən biri də budur”.

 
“Vatikan hər zaman terrorist Ermənistanı dəstəkləyib”

 
Ramiz AliyevPolitoloq Ramiz Alıyev isə bizimlə söhbətində bildirdi ki, Roma Papasının kim olmasından asılı olmayaraq Vatikan hər zaman terrorist Ermənistanı dəstəkləyib və bu terrorizm mərkəzinin etdiyi vəhşiliyə göz yumub: “Təbii ki, Roma Papası Fransisk Türkiyəyə Prezident Ərdoğanı prezident seçilməsinə görə təbrikə gəlməmişdi. Hesab edirəm ki, o heç vaxt səmimi qəlbdən istəməz ki, Türkiyəyə Ərdoğan kimi qətiyyətli bir lider rəhbərlik etsin. Vatikan başda olmaqla Qərbin bir çox ölkəsini narahat edən ən önəmli məsələlərdən biri də məhz Azərbaycan-Türkiyə dostluğu və qardaşlığıdır! Onların məqsədi isə bu münasibətləri korlamaq, Türkiyənin müsəlman dünyasında olan nüfuzunun aşağı düşməsi və hər bir dövlətə görə etibarsız bir tərəfdaş ölkə kimi tanınması, Türkiyə vətəndaşlarının gözündən Ərdoğanı salmaq üçün Türkiyə-Ermənistan arasında bağlanmış sərhədlərinin açılmasına nail olmaqdır. Çünki hər kəs bilir ki, illərdir bu sərhədlər hansı səbəbə bağlanıb və açılması üçün də hansı proses olmalıdır. Ərdoğanın dəfələrlə bəyan etməsinə baxmayaraq ki, sərhədlər yalnız Ermənistanın işğalçılıq əməllərindən əl çəkəcəyi, Azərbaycanın ərazi bütovlüyü beynəlxalq hüquq normalarına uyğun formada təmin olunacağı və Ermənistan qondarma erməni soyqırımından əl çəkəcəyi təqdirdə açıla bilər. Bu cür bəyanatları dəfələrlə eşitməsinə baxmayaraq Roma Papası və onun kimi düşünənlər müxtəlif variantlardan istifadə edərək Türkiyə Prezidenti Rəcəb Təyib Ərdoğanı bir növ sınağa çəkmək istəyirlər”.

 
Politoloqun sözlərinə görə, Fransisk belə insan hüquqlarına öz töhfəsini vermək istəyirsə, Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkününün hüquqları illər öncə pozulub və hələ də dünyanın “hüquq keşikçiləri” bu hüquqları bərpa etmək istəmir: “Ən ali orqan olan BMT-nin çıxardığı qərarlar icra olunmur və icra olunması üçün tələb belə edilmir! Azərbaycan tərəfi də hərəkətə keçib haqqını hərbi yolla tələb edəndə bütün dünya etirazını bildirir. Bir neçə ay bundan əvvəl öz ata-baba torpaqlarını və yaxınlarının orada olan məzarlarını ziyarət etmək üçün anadan olduğu ərazilərə (hansı ki bu ərazilər bütün beynəlxalq təşkilatlar və dünya dövlətlərinin təsdiqlədiyi kimi Azərbaycana məxsusdur) gedən azərbaycanlılar erməni hərbiçiləri tərəfindən öldürülür, girov götürülür və bugün də olmazın işgəncələrinə məruz qalırlar! Görəsən, Fransisk insan hüquqlarının, ölkələrin ərazi bütövlüyünün və toxunulmazlığının, beynəlxalq hüquq normalarının nə olduğun bilir?! Fikrimcə, ya bilir və ancaq özlərinə sərf edəndə istifadə edir, ya da ümumiyyətlə, bilmək istəmir”.

 

 

Fuad Hüseynzadə
“KarabakhİNFO.com”

 

 

05.12.2014 11:20

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*