Azərbaycanca

Politoloq: Dağlıq Qarabağın Ermənistanın “ayrılmaz hissəsi” olduğunu deməklə Sərkisyan erməniləri ələ saldı

07.09.2015 | 13:03

trend_mubariz_ahmadoglu_050613_2

Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağın “Ermənistanın ayrılmaz hissəsi” olduğunu bildirdi. Serj Sərkisyanın bu bəyanatı Azərbaycan ordusunun apardığı əməliyyatların yaratdığı nəticəyə verdiyi reaksiya idi.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, bu bəyanatı “erməni soyqırımı” ilə məşğul olan ekspertlərin Yerevanda keçirilən iclası zamanı verməsi də Serj Sərkisyanın mahir aktyor kimi tamaşa janrının qaydalarına da diqqətlə əməl etməsinin göstəricisidir: “Türkiyəni yıxmaq üçün dəvət etdiyi xarici qonaqların qabağında Türkiyədən kiçik Azərbaycanın Ermənistana qan uddurduğunu etiraf edə bilməzdi. Ona görə də mahir blef ustası kimi nağara effektindən istifadə etdi. Dəyən ziyanın və itkilərin acısını gizlətmək üçün çox gurultulu bəyanat verdi”.

M.Əhmədoğlu bildirib ki, S.Sərkisyanın bu bəyanatı onun öz xalqını və dünya erməniliyini ələ saldığının göstəricisidir: “Serj Sərkisyan dəfələrlə öz xalqı və dünya erməniçiliyi qarşısında çıxışlarında bildirib ki, beynəlxalq aləm millətlərin öz müqəddəratını təmin etmək prinsipi əsasında “Artsax” xalqının müstəqilliyini tanımaqla bağlı sənədlər hazırlayıb, bir müddətdən sonra bunu Azərbaycana qəbul etdirəcəklər. İndi həmin Sərkisyan Dağlıq Qarabağın müstəqil deyil, Ermənistanın tərkib hissəsi olduğunu bildirir. Əlbəttə, erməni xalqının, dünya erməniliyinin, auditoriyada onun qarşısında oturanların səviyyəsini Serj Sərkisyan daha yaxşı bilir. Ona görə də belə ələ saldı. Əvvəla, heç bir sənəddə “Artsax” xalqı və ya “Dağlıq Qarabağ ermənisi” termini yoxdur. Dağlıq Qarabağın müstəqil olacağına və ya Ermənistanın tərkib hissəsi kimi qəbul ediləcəyinə dair heç bir sənəd də yoxdur. Əgər belə bir sənəd varsa, prezident, xarici işlər naziri və Ermənistanın ekspertləri bu sənədi çoxdan ortalığa qoyardılar”.

Mərkəz rəhbəri sonra qeyd edib ki, Ermənistanın rəhbərliyi və ekspertləri bu günədək Yenilənmiş Madrid Prinsiplərinin izahını verməyiblər: “Bu anlamda Ermənistanın analitikası demək olar ki, sıfır səviyyəsindədir. Digər tərəfdən, Serj Sərkisyan ATƏT-in Minsk Qrupunun mandatına müdaxilə etdi. Dağlıq Qarabağın statusunun müəyyənləşməsi onun səlahiyyətindədir. Konsensus mexanizminə görə, həmsədrlərin ardıcıl ermənipərəstliyinə görə, S.Sərkisyan üçün ATƏT-in Minsk Qrupu həyati əhəmiyyətlidir. S.Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmə siyasətini yalnız bu qurum çərçivəsində apara bilər. İndi isə həmin qurumun fəaliyyətinə xitam verə biləcək addım atdı. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Nyu-York da S.Sərkisyanla görüş ərəfəsində onun siyasi cəhətdən səhv, ATƏT-in Minsk Qrupunun əleyhinə yönəlmiş bəyanatına düzəliş etdi”.

Politoloq hesab edir ki, S.Sərkisyanın Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi elan etməsi onun digər qurum – AİB qarşısında da nüfuzunu heçə endirəcək: “Ermənistan AİB-ə üzv olarkən Dağlıq Qarabağı öz tərkib hissəsi etməyəcəyi barədə öhdəlik götürüb. Bunu verbal nota ilə təsdiqlədi. Beləliklə, S.Sərkisyanı insan və dövlət başçısı kimi tanımaq üçün mühüm mənbə yarandı. Əslində, ermənilərin Dağlıq Qarabağ siyasətinin real mahiyyəti Dağlıq Qarabağı Azərbaycandan ayırmaqdır. 1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Soveti Azərbaycan SSR-in tərkibindən çıxıb, Ermənistan SSR-in tərkibinə birləşməklə bağlı qərar qəbul etdi. Sonradan Ermənistan parlamenti buna ilk dəfə müsbət rəy verdi. Ermənilərin anlamına görə, Dağlıq Qarabağın Azərbaycandan ayrılıb birbaşa Ermənistana birləşməsi mümkün deyil. Ona görə də “Dağlıq Qarabağ ermənisi” və ya “Artsax xalqı” uydurma etnos yaradaraq, Dağlıq Qarabağın müstəqilliyini elan etdilər. Dağlıq Qarabağın müstəqilliyi tanındıqdan sonra o, Ermənistanın tərkibinə qatılmalıdır. Ona görə də Ermənilər 1991-ci ilin sentyabrında beynəlxalq ictimaiyyəti aldadırlar. Beynəlxalq ictimaiyyətin müəyyən bir qurumu ermənilərin bu yalanlarına indi də inanır. Dağlıq Qarabağın müstəqilliyi uğrunda mübarizə aparan Avropa və ABŞ siyasətçilərinin halına acımaq lazım deyil, çünki onlar özləri erməni yalanlarına inanmaq istəyiblər”.

Trend.az

07.09.2015 13:03

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*