Qeyd etdi ki, Azərbaycanın tarixi bölgəsi olan Dağlıq Qarabağa ermənilər sonradan gəlmişlər və bu ərazilərin Azərbaycana məxsus olduğunu tarixi abidələr də təsdiq edir. Ermənilərin tarixi torpaqlarımızda etnik təmizləmə apardığını, Dağlıq Qarabağ regionu və ətrafındakı 7 rayonun 20 ildən çoxdur işğal altında olduğunu deyən Prezident İlham Əliyev beynəlxalq hüququn Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını vurğuladı. Azərbaycan Prezidenti BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnamə qəbul etdiyini, lakin onların hələ də icra olunmadığını, baxmayaraq ki, bənzər hallarda bu qətnamələrin bir neçə saat ərzində həyata keçirildiyini bildirdi. Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının status-kvonun saxlanmasının mümkünsüzlüyü ilə bağlı bəyanatlarını xatırladan Azərbaycan Prezidenti digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin də icrasının vacibliyini diqqətə çatdırdı. Ermənilərin işğal etdikləri ərazilərdə abidələri, qəbirləri dağıdaraq vandalizm hallarına yol verdiklərini ATƏT-in bölgədə olan faktaraşdırıcı missiyasının da təsdiqlədiyini deyən Prezident İlham Əliyev tarixi Azərbaycan torpağı olan İrəvanın XX əsrin əvvəllərində Ermənistana paytaxt kimi verildiyini bildirdi.
“KarabakhİNFO.com”