KarabakhİNFO.com beynəlxalq elektron jurnalı Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi itirdiyi hərbi qulluqçuların sayını gizlətməyə çaışsa da, daha bir neçə fakt üzə çıxıb. Belə ki, Qarabağda həlak olan əsgərlərin valideynləri Ermənistan hökümətini ölən əsgərlərin sayını gizlətməsinə etiraz edir.
İrəvanda prezidentin iqamətgahı qarşısında əsgərlikdə qətlə yetirilmiş Ermənistan ordusunun əsgəri Artur Ğazaryanın anası İrina Ğazaryan bəyan edib ki, Qarabağda bir əsgər yox, beş əsgər həlak olub. O, dediklərinin dəqiq olduğunu qonşusundan eşidib, həmin qonşusu “Qarabağda yerləşən hərbi hissələrdən birində” işlədiyini bildirir.
İrina qeyd edib ki, hakimiyyət həlak olan əsgərlərin sayını xalqa düzgün açıqlamır. Ölənləri bir-bir üzə çıxarırlar ki, əsl həqiqəti gizlətsinlər.
İrina Ğazaryan deyir ki, Qarabağda həyatını itirən əsgərlərlə bağlı xəbəri verən qonşusu Gümrüdəki qətl zamanı hadisə yerində olub, lakin Qarabağdakı itirilən hərbi qulluqçuların sayı artdığından, onu təcili Qarabağa hərbi hissəyə çağırıblar.
Əsgərlərin anaları Serj Sarqsyanla görüş tələb edirlər. Əsgər anaları axırıncı dəfə baş nazir Hoviq Abrahamyanın qəbulunda olarkən, Abrahamyan həmin valideynləri Serj Sarksyanın yanına göndərib.
Baş nazir əsgər analarına qeyd edib ki, tələblərinizi ölkə prezidentindən istəyin, bu barədə ancaq prezident qərar verə bilər.
İrina Ğazaryan bildirir ki, həmin bu həlak olan əsgərləri morqda- soyuducuda saxlayıb, daha sonra bir-bir üzə çıxaracaqlar ki, guya biri özünü güllələdi, biri isə xəstəlikdən öldü.
Bu hadisələr demək olar ki, hər gün baş verir. Hökümət itkiləri bütün vəchlə gizlədir.
Digər həlak olan əsgərin anası isə fikirlərini bu cür izah edib : “Biz artıq bilirik ki, ölkənin rəhbəri Sarksyan yox Putindir. Putin ölkəni öz barmağında fırladır, belə getsə dərdimizi Putinə deyəsi olacağıq.
Yaxşı, neçə müddətdir ki, biz burada etirazımızı bildiririk. Prezidentin bunlardan xəbəri yoxdur mu? Niyə çıxıb demir ki, dərdiniz nədir? Heç olmasa qoy çıxıb bəyan etsin ki, mənim ətrafımdakı komandirlər sizin övladlarınızın ölümündə və məhkəmədə bu halların gizlədilməsində əsas səbəbkardırlar və düz edirlər. Biz də bunu onun dilindən eşidək”.
“KarabakhİNFO.com”