Azərbaycanca

Putinin ardınca, Obamanın da Qarabağ münaqişəsinin həllində iştirakı məsələsi gündəmə gətirildi

01.09.2014 | 15:08

10643190_628611423919011_1874574690_nABŞ-ın Azərbaycandakı sabiq səfiri, bir müddət Minsk qrupunun həmsədri postunda çalışan Metyu Brayza bu günlərdə maraqlı bir açıqlama ilə çıxış edib. Beləki o ABŞ prezidenti Barak Obama və dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin çözümündə şəxsən iştirak etməli olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, münaqişənin həlli ilə Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan ibarət üç həmsədri məşğuldur. Bu günə qədər həmsədr ölkələrin dövlət başçıları konfliktin çözülməsində şəxsən iştirak etməyiblər. Yalnız Rusiya istisna olmaqla. Rusiya Medvedevin prezidentliyi dönəmində dəfələrlə üç tərəfli əsasda prezidentlərin görüşünü təşkil edib. Hazırkı dövlət başçısı Putin də bu yaxınlarda Soçidə analoji istiqamətdə addım atdı. Düzdür, Rusiya rəhbərlərinin təşkil etdiyi bu görüşlər konfliktin həlli yolunda zərrə qədər də olsa irəliləyişə gətirib çıxarmadı. Digər iki həmsədr ölkələrin dövlət başçıları isə münaqişənin çözümündə bu günə qədər şəxsən iştirak etməyib. Fransa isə sadəcə olaraq, bu istiqamətdə addım atmaq istədiyini dilə gətirib. Vaşinqtondan isə dövlət başçısının sözügedən konfliktin həllində şəxsən iştirak etməsi məsələsi bu günə qədər gündəmə gəlməyib. Ağ Ev məsələnin çözümünü birbaşa olaraq həmsədrə həvalə edib.

 
Lakin indi birdən-birə Metyu Brayzanın timsalında okeanın o tayından çözüm prosesinə Obama ilə Kerrinin fəal şəkildə qatılması məsələsi də ortaya gətirilir. Görəsən, Qarabağ konfliktinin həllində Obama ilə Kerrinin şəxsən iştirakı mümkündürmü və bu baş verərsə, prosesin irəliləməsi ilə bağlı nə vəd edir?

 

 

10637951_628611113919042_394951499_nMilli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayevin fikrincə, Brayza tərəfindən səslənən bu kimi məlumatları Minsk qrupunun həmsədrlərindən biri olan Rusiyadan son vaxtlar münaqişə ilə bağlı gələn informasiyalar, bu ölkənin müəyyən əməli işləri, prezidentlərin son görüşü kontekstində dəyərləndirmək olar: “Hər zaman deyilib ki, münaqişənin tənzimlənməsi üçün həmsədrlikdə təmsil olunan böyük üçlük dövlətlərin münasibətləri məsələsinin bəlkə də həlledici rolu var. Fikir verirsinizsə, ABŞ qlobal mənada hansı problemlərlə üz-üzədir. Rusiyanın problemi isə hazırda əsasən Ukrayna məsələsi ilə bağlıdır. ABŞ-la Rusiya arasında münasibətlər heç də yaxşı deyil. Amerikadan gələn bu siqnalları onunla dəyərləndirmək olar ki, Vaşinqtonun marağı var. Amma Amerikanın marağına uyğun da bu ölkədən fəaliyyət lazımdır. Amerikanın münaqişənin tənzimlənməsi üzrə fəaliyyəti onun maraqlarına düz mütənasibdir. Lakin heç kəs iddia edə bilməz ki, Qarabağ münaqişəsi Ağ Ev üçün Yaxın Şərqdə baş verən hadisələr qədər əhəmiyyətlidir. Sözügedən siqnalların verilməsi heç nəyi nəinki həll etmir, heç ciddi təsir də göstərə bilmir. Metyu Brayza ABŞ-ın rəsmi siyasətini təmsil etmir. Sadəcə regionu və buradakı prosesləri yaxşı bilir, bəzi hallarda da ziddiyyətli bəyanatlar da verir. Dəfələrlə bunun şahidi olmuşuq. Zənnimcə, əvvəllər belə fikir vardı ki, Qarabağ münaqişəsinin tənzimlənməsinə müsbət mənada əsaslı təsir edən amillərdən biri kimi Rusiya ilə Amerika arasında münasibətlərdə müəyyən razılaşmaya oxşar münasibətlər olmalıdır. Amma bu sadəcə olaraq deyildi, lakin Rusiya ilə Amerika arasında oxşar münasibətlər ancaq beynəlxalq terrorizmə qarşı mübarizə müstəvisində mövcuddur. Qalan məsələlərdə isə Vaşinqton Moskvaya qarşı sanksiyalar tətbiq etmək iradəsini hər gün ifadə edir. Rusiya da ona cavab verir. Yəni indiki halda onlar arasında hansısa ortaq yaxınlaşmanın, xüsusən də Qarabağ məsələsində olacağına inanmıram. Sadəcə, Amerika münaqişəyə münasibətdə öz mövqeyini ifadə edir”.

 

 

10637659_628611117252375_379758990_nPolitoloq Elşən Manafov münaqişənin çözülməsində belə bir formatda iştirakın o qədər də mümkün olmadığı qənaətindədir: “Yəqin ki, Metyu Brayzanın Qarabağ konfliktinin çözülməsində Obama və Kerrinin şəxsən iştirak etməli olduğu barədə açıqlaması Cənubi Qafqazda yaranmış vəziyyətdən irəli gəlir. Brayza belə bir açıqlama verməklə problemin çözülməsi ilə bağlı danışıqların Obamanın nəzarəti altına keçməsinə eyham edir. Məqsəd də bundan ibarətdir ki, prezidentin öz nəzarəti altında danışıqlara daha impulsiv və dinamik xarakter vermək olar. Əsas məsələ odur ki, Amerika bu danışıqlarda ya formatın dəyişilməsinə nail olmalı, ya da mahiyyət etibarı ilə təşəbbüsü ələ almalıdır. Amma güman etmirəm ki, Obama və ya Kerri danışıqların aparılması ilə bağlı məsələdə mandat sistemindən imtina edib, bilavasitə prosesi öz nəzarətləri altına alsınlar. Hər halda bu diplomatik qaydalarla ciddi ziddiyyət təşkil edəcək. Ümumiyyətlə, ABŞ praktikasında belə bir halı xatırlamıram ki, səlahiyyətli nümayəndə ola-ola prezidentin özü birbaşa danışıqları nəzarət altına alsın. Digər tərəfdən, güman edirəm ki, hazırda atəşkəs xəttindəki müəyyən gərginlik aradan qalxdıqdan sonra, ABŞ-ın bu danışıqlarda təşəbbüsü öz əlinə almaq və belə də prosesi prezidentin nəzarəti altına verməsinə hələlik heç bir ciddi zərurət yoxdur. İkinci amil ondan ibarətdir ki, hazırda ABŞ, Qərb və Rusiya arasında Ukrayna ətrafında kəskin bir qarşıdurmanın yaşandığı bir şəraitdə, Cənubi Qafqazda da qarşıdurmanın güclənməsinə zərurət yoxdur. Amerika bunu başa düşür. Nəzərə almaq lazımdır ki, tənqidçiləri Obamanı məhz loyallıq, daha ciddi, radikal addımlar ata bilməməkdə ittiham edirlər. Bu fikirlərin arxasında da müəyyən məntiq var. Obama hər halda Putin rejimi ilə mübarizəni diplomatik kanallarla və daha çox iqtisadi sanksiyalar tətbiq etmək yolu ilə aparmaqda həmişə israrlı olub. Yəqin ki, bu da ABŞ rəsmilərinin Rusiya kimi nüvə silahına malik nəhəng dövlətlə hərbi qarşıdurmaya getməyin istənilən nəticəni verməyəcəyini anlamalarından irəli gəlir. Gerçəkdən Rusiya güclü bir dövlətdir və Ukraynada yaşayan hadisələr bir daha bu fikri təsdiqləyir. Ukrayna separatçılarının arxasında bu və ya digər mənada Rusiyanın dayandığı birmənalı olaraq məlumdur. Son günlərdə onu görürük ki, Rusiyanın desant qüvvələri Ukrayna ordusu tərəfindən alınan yaşayış məntəqələrinin bəzilərini azad edib. Bu mənada güman etmirəm ki, Obama Ukrayna problemini çözmədən Cənubi Qafqazda Rusiya ilə daha ciddi bir qarşıdurmaya getmiş olsun. Hazırki status-kvo ABŞ və onun Qərbdəki müttəfiqlərini qane etməməlidir. Lakin bununla belə status-kvonun dəyişməsi üçün nə regional, nə də digər geopolitik şərtlər hələlik yetişməyib”.

 

 
Rüfət Sultan
“KarabakhİNFO.com”

01.09.2014 15:08

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*