Azərbaycanca

“Putinin Bakı səfəri Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərməyəcək”

15.08.2013 | 15:36

1376566354_vvvvvvvvVəfa QULUZADƏ

Politoloq,

Xəzər Regionu Dövlətlərinin Siyasi Tədqiqatı Fondunun prezidenti

 

“Putinin Bakı səfəri Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərməyəcək”. Bunu “KarabakhİNFO”.com e-jurnalına açıqlamasında politoloq Vəfa Quiluzadə Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərini şərh edərkən deyib. O, əlavə edib ki, Putinin bu səfərindən sonra Qarabağ məsələsində irəliləyiş gözləmək sadəlövhlükdür: “Bu səfərdən sonra Qarabağ məsələsinin həllində bir dəyişiklik olmayacaq. Çünki, Putin özü dəfələrlə bu məsələ ilə bağlı açıqlamasında hansı mövqedə olduğunu deyib. O, problemin həllinin Ermənistan və Azərbaycandan asılı olduğunu vurğulayıb. Putin dəfələrlə bildirib ki, Ermənistan və Azərbaycan gedib razılığa gəlsin. Putin yenə bu mövqedədirsə məsələ dondurulmuş vəziyyətdə qalacaq. Rusiya istəyir ki, Azərbaycan daim ondan aslı olsun ”. Ekspertin sözlərinə görə, Vladimir Putin Azərbaycana səfərində qarşısına qoyduğu məqsədlərə nail olmadı və Azərbaycan hakimiyyətindən istədiyini ala bilmədi. Onun fikrincə, keçirilən görüşlərin yekunu olaraq Putin üçün vacib olan məsələlər barəsində ictimaiyyətin anlayacağı heç bir ifadə işlətmədi. Vəfa Quluzadə onu da əlavə etdi ki, Putin üçün vacib olan məsələ Azərbaycanın Gömrük İttifaqı və Avrasiya İttifaqı ilə bağlı mövqeyi idi: “Bu məsələdə Azərbaycan əvvəlki mövqeyində qaldı. Yəni onun istəyi həyata keçmədi. Azərbaycanın bu qurumlara daxil olması öz suverenliyindən imtina etmək deməkdir. Əgər Azərbaycan bu qurumlara daxil olarsa, Rusiya digər MDB ölkələrinə daxil olmaq üçün təzyiq edə bilər. Ona görə də, keçirilən görüşlərdə bu məsələ müzakirə obyektinə çevrilmədi. Amma digər məsələlərdə müəyyən razılıqlar əldə edilib. Putinin Azərbaycana səfərinin əsas səbəblərindən biri bu yaxınlarda Azərbaycanla Türkiyənin keçirdiyi birgə hərbi təlimlər və 2014-cü ildə Əfqanıstandan çıxan qoşunların Azərbaycanda yerləşdirilməsi ilə bağlı idi”.

 

Ekspertin fikrincə, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq yeni mərhələyə keçir: “Bu da Rusiyanı ciddi narahat edir və şimal qonşumuzun narahat olması əbəs deyil. Çünki Türkiyə NATO-nun üzvüdür. Digər tərəfdən də şayiə gəzir ki, ABŞ Əfqanıstandan çıxan qoşunlarını Azərbaycanda yerləşdirmək niyyətindədir. Düzdür, belə məsələlər Azərbaycanın xeyrinə olan məsələlərdir. Bax bütün bu məsələlərdə xoflanan Rusiya prezidenti Vladimir Putini Azərbaycana gəlməyə məcbur oldu. Baxmayaraq ki, burada da onu maraqlandıran məsələlərə hələlik ki, tam razılıq verilmədi”. O, həmçinin əlavə edib ki, bu məsələlərə prezident seçkilərindən sonra yenidən baxılması mümkündür: “Amma bunun əvəzində də Rusiya seçkilərdə Azərbaycan hakimiyətinə öz dəstəyini əsirgəməməlidir. Amma Rusiya seçkiöncəsi vəziyyətdən istifadə edərək Azərbaycandan nə mümkünsə onu aldı. Azərbaycan tərəfi də nə mümkünsə onu rusiya tərəfindən ala bildi. Bax bu məsələlərdə tərəflər razılığa gələ bildilər. Strateji məsələlərdə isə razılıq əldə olunmadı. Bu gün Azərbaycan hakimiyyətinin siyasəti Rusiyadan gözləniləcək təhlükələri aradan qaldırmağa və dəf etməyə yönəlib. Hazırkı məqamda bu təhlükələrin müəyyən qismini dəf etməyə nail ola bilib. Amma arxayınlaşmaq da olçaz, Çünki bu təhlükələr bundan sonra da baş verə bilər”.

 

“KarabakhİNFO.com”

 

15.08.2013 15:36

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*