Azərbaycanca

I Pyotrdan bu günə qədər rus-erməni “dostluğu”

22.09.2014 | 14:24

rus-ermeni dostluguErmənistan «psevdo» tarixçilərinin uydurmalarına baxmayaraq Rusiya – Ermənistan əlaqələrinin kökləri o qədər də dərin deyil, erməni tarixşünaslığının iddia etdiyi kimi, heç də minilliklərlə ölçülmür. Belə ki, ermənilərə Rusiyanın Şərq siyasətində xüsusi diqqət verilməsi ilk dəfə I Pyotrun vəsiyyətnaməsində öz əksini tapmışdır. Vəsiyyətnamədə deyilirdi ki, Rusiya İran və Türkiyəyə münasibətdə yeritdiyi siyasətdə ermənilərdən fəal şəkildə istifadə etməli, göstərilən ölkələrdə ermənilərin fəaliyyətinə dəstək verməlidir.
Dr.Turab Qurbanov araşdırmasında haqlı olaraq yazır ki, erməni-rus münasibətləri çar Rusiyasının Kazanı (1552) və Həştərxanı (1556) işğalı, Türkiyə müharibələri ilə (1635-1639, 1711, 1768-1774, 1787-1791 və b.) genişlənmiş, onun Xəzər sahili torpaqları istila etmək cəhdləri ilə daha da möhkəmlənmişdir. Bu hadisələrin gedişi zamanı ermənilərin çar Rusiyasına köçürülməsinə və burada erməni koloniyaları yaradılmasına başlanır.
Erməni xadimləri təkcə 1701- ci ilin iyul ayı üçün Rusiya dövlətinə 18 dəfə müraciət etmişlər. Bu sənədlər arasında şərti olaraq nömrələdiyimiz İsrael Ori tərəfindən Pyotra göndərilmiş üç məktub daha çox diqqəti cəlb edir. O, iyulun 14-də göndərdiyi məktubda Pyotra onun işğalçılıq yürüşlərində ermənilərin yaxından kömək göstərəcəklərini vəd edir, müsəlmanların Qafqazda yerləşən hərbi qüvvələri barədə məlumat verməklə yanaşı göstərirdi ki, «məktubda yazılanlardan əlavə, sizinlə görüşməyi və bəzi məsələləri şifahi şəkildə çatdırmağı özümə borc bilirəm
Bu işdə I Pyotrun erməni xalqına dair dövlət fərmanı (1724-cü il 10 oktyabr) böyük rol oynadı. Həmin fərmana görə, çar Rusiyasının işğal etdiyi torpaqlara ermənilərin köçürülməsi və məskən salmaları üçün yerlər ayrılmasına razılıq verilirdi. Pyotr təkcə bu fərmanla kifayətlənməmiş, xarici işlər naziri Rumyantsevə məktubla bildirmişdi ki, «…yeni ələ keçirdiyimiz ərazilərdə onların (ermənilərin) bizim səlahiyətimiz altında yaşamalarına icazə verməliyik. Siz onlara bildirin ki, Rusiya sizə qoşunla kömək edə bilməz, amma Xəzərsahili əyalətlərdə yaşamağınıza razılıq veririk. …türklər ermənilərə bu qədər diqqət göstərməyimizə, onların Xəzərsahili əyalətlərdə yerləşdirilməsinə razılıq verməyimizə öz iradlarını bildirsələr, siz onda deyərsiniz ki, ermənilərlə biz eyni dinə xidmət edirik. Onlar bizim himayəmiz altında olmağı özləri xahiş etmişlər».
I Pyotrun bu siyasi xətti onun varisləri tərəfindən sonrakı bir əsr ərzində davam etdirildi.
1804-1813-cü illər Rus-İran müharibəsində çar Rusiyasının qələbəsi və Azərbaycanı parçalayan “Gülüstan müqaviləsi” ermənilərin köçürülməsi və birləşdirilməsini bir daha qəti şəkildə irəli sürdü.
Ermənilərin Azərbaycan torpaqlarında qonaq olmaları digər erməni tədqiqatçılarının əsərlərində də statistik göstəricilərlə təsdiq olunur. Belə ki, Z.Korkodyan 1932-ci ilə nəşr etdiyi “Sovet Ermənistanının əhalisi 1831-1931″ adlı kitabında yazırdı ki,1883-cü ildə İrəvan şəhərinin on səkkiz min yeddi yüz altmış altı nəfər əhalisinin on beş min doqquz yüz doxsan iki nəfəri, 1866-cı ildə isə iyirmi yeddi min iki yüz qırx altı nəfərindən iyirmi üç min altı yüz iyirmi altı nəfəri, yəni 85,2 faizi azərbaycanlı olmuşdur. Eyni fikir Z.Balayan tərəfindən də təsdiq olunur. O, özünün “Ocaq” adlı kitabında vurğulayır ki, 1828-ci ildə məşhur “Türkmənçay” müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı, bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları olmayacaqdı. Təkcə son onillikdə (60-70-ci illərdə) buraya iki yüz mindən çox erməni köçmüşdür.
Z.Qorqodyan adlı müəllif yüzillik (1831-1931-ci illər) bir dövr ərzində Qərbi Azərbaycan ərazisindəki yaşayış məntəqələrinin adlarını toplamış, 1932-ci ildə erməni dilində çap etdirmişdir. O bu ərazidə 2310 yaşayış məntəqəsinin adını qeyd etmişdir ki, ondan da 2000-i sırf Türk mənşəli adlardır.
Yüzilliklər boyu Rusiya öz ənənəvi «Şərq siyasətində» bu vəsiyyətlə hesablaşmış, bu gün də həmin ənənəyə sadiq qalmışdır. 1988 – ci ildə «Türk kulturu» jurnalında «Rusiyanın Qafqazda yaratdığı İsrail – Sovet Ermənistanı» sərlövhəli məqalə dərc etdirmiş E.Erkan Rusiyanın həmin vəsiyyətə son dərəcə sadiq qaldığını son iki yüz illik dövrün materialları əsasında sübut etmiş və əlavə olaraq göstərmişdir ki, Rusiya – Ermənistan münasibətləri ABŞ – İsrail münasibətlərinin Qafqaz variantından başqa bir şey deyildir. Rusiyada da ABŞ –ın Şərq siyasətində tutduğu yola uyğun olaraq Qafqaz siyasətində Ermənistana dəstək verməklə onu Qafqazın «jandarmına» çevirməyə çalışır.
1991-ci ilin dekabrında SSRİ süqut etdikdən sonra Rusiya Federasiyasının Şərqdə ilk diplomatik münasibət yaratdığı respublikalardan biri məhz Ermənistan idi. 1992-ci il aprelin 4-də Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında diplomatik münasibətlər yaradıldı, Ermənistanın dövlət müstəqilliyi Rusiya hökuməti tərəfindən tanınmış oldu.
Ermənistan respublikası tarix etibərı ilə olduqca qısa müddətə Rusiyanın strateci partnyoruna çevrildi. Bu gün Ermənistan – Rusiya əməkdaşlığı sosial – siyasi, hərbi, iqtisadi, maliyyə və s. sahələrdə geniş spektrə əsaslanır. Hələlik Rusiyanın Qafqazda qalması başlıca olaraq bu faktorla bağlıdır. Ermənistanın Rusiya orbitindən çıxması bir tərəfdən Rusiyanın regiondakı maraqlarının üstündən xətt çəkər, digər tərəfdən isə Ermənistanın özü üçün naməlum və məchul gələcək yaratmış olardı.

 

 

Zaur Əliyev
Siyasi elmlər üzrə fəlsəfə doktoru
“KarabakhİNFO.com”

 

 

22.09.2014 14:24

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*