Azərbaycanca

Qəhrəman Ana

07.01.2013 | 18:30

1352300087_sohrabBir neçə gün bundan əvvəl,1993- cü ilin mart ayının 31-də məlum Dağlıq  Qarabağ  hadisələri zamanı ermənilərin  Laçın rayonunun sonuncu bizdə qalan kəndlərinə hücumu vaxtı “Kəlbəcər tuneli” adlanan ərazidə  9 aylıq körpə ikən anası ilə bərabər ermənilərə əsir düşmüş və 6 ay əsirlik həyatı yaşamış,  Laçından olan məcburi köçkün Hümbətova Nurlanənin nənəsi Kərimova Sevdanın evində oldum. Kərimova Sevda  xanım Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ömrünə köçkünlük həyatını yaşamaq düşən 1 milyon soydaşımızdan biridir. Bu təcavüz nəticəsində Sevda xanım ailə üzvlərini, doğmalarını itirib. Qızı Hümbətova Səma isə, əsir düşüb. Əsir düşən Səma  xanım hamilə olmaqla bərabər, qucağında da 9 aylıq körpə qızı Nurlanə olub. Erməni əsgərlərinin açdığı atəş nəticəsində Səma xanım həm bətnindəki körpəni itirmiş, həm də 9 aylıq körpəsi olan Nurlanə ayağından güllə yarası almışdı. Xankəndindəki uşaq baxçasında əsirlikdə olduqları 6 ay ərzində dəhşətli əzablara, işgəncələrə məruz qalan ana, sonda intihar edib. Ermənilər tərəfindən boyun nahiyəsinə avtomat qundağı ilə iki dəfə vəhşicəsinə zərbə alan körpə Nurlanə isə görmə qabiliyyətindən məhrum olub.

Qızının cəsədini ermənilərdən almaq üçün, Sevda ana və yaxınları ermənilərə  külli miqdarda pul veriblər. İntihar etmiş qadının cəsədini Tuğ qəbiristanlığında basdıran ermənilər onun cəsədini geri almaq istəyən qardaşını hər dəfə bir bəhanə ilə aldatmaqla və ya atəşkəsi pozmaqla bu işi  ləngidirdlər.  Cəsədi  almağa  getdiyi müxtəlif  zamanlarda  isə, qəsdən aldadaraq 15  sayda ayrı-ayrı qəbirləri qazdırıblar.

Qızının cəsədini aldıqdan sonra Sevda xanım nəvəsini ermənilərdən almaq məqsədilə əsir düşmüş erməni qadınını bir müddət öz evində “əlinin içində” saxlayır.  Allahın köməkliyi ilə axır ki, Nurlanəni də qaytarırlar. Bütün bunları yazmaqda məqsədim erməni vəhşiliyinin hüdudsuz olduğunu bir daha diqqətinizə çatdırmaqdır.

Milli Qəhrəmanımız Mübariz İbrahimovun anası və digər yüzlərlə soydaşımız da eyni iztirabları çəkib. Diri ikən Mübarizdən “it kimi qorxan” erməni əsgərləri , Milli Qehramanımız şəhid olandan sonra onun əllərini məftillə bağlayıb, şəkillərini çəkib internetdə yaymışlar. Amma bütün bunlara baxmayaraq,  Mübarizin anası kimi, Sevda xanım kimi analar öz dəyanətini qoruyub saxladı, övladlarını itirsələr də, “Vətən Sağ olsun!” dedilər.

İndi gəlin kiçik bir müqayisə aparaq. Bir tərəfdə doğmalarını, hamilə qızını erməni vəhşiliyi nəticəsində itirən, nəvəsi hələ körpə ikən ermənilər tərəfindən  görməkdən məhrum edilən və bütün bunlara baxmayaraq evində saxladığı əsir erməni qadınına zərrə qədər də işgəncə verməyən Sevda xanım, digər tərəfdə isə yuxarıda sadalanan  vəhşiliklər. Hamilə qadının bətnindəki körpəni qətlə yetirən, 9 aylıq Nurlanəni dünya işığından məhrum edən erməni faşistləri.

Bütün bu edilən  haqsızlıqların,vəhşiliklərin qarşısında tab gətirməyin və buna baxmayaraq erməni əsirini heç bir işgəncə vermədən erməni tərəfinə təhvil verməyin insandan necə böyük iradə, dözüm və güc tələb etdiyini təsəvvür etmək olduqca çətindir. Müqayisədən sonra ortaya çıxan nəticə Azərbaycan və erməni xalqları arasında fərqi açıq-aydın ortaya qoyur. Erməni əsgəri, erməni kişisi, Edik kimi erməni polkovnikləri (yadımdan çıxmamış qeyd edim ki, Edik əsirlərin dəyişdirilməsində iştirak etmiş Ermənistanın işğalçı ordusunun polkovniki olub) indiki prezidentləri Serj Sarkisyan kimi qadına, uşağa, südəmər körpəyə, qocaya zülm etməyi özünə “kişilik, hünər” hesab edə bilər. Amma Sevda xanım qadın olmağına baxmayaraq bu davranışı ilə Azərbaycan qadınının, əsgərinin, vətəndaşının necə yüksək əqidə, mənəviyyat sahibi olduğunu bütün dünyaya sübut etdi. “Düşmən də olsa uşağa, körpəyə, qadına, qocaya toxunmaq olmaz ! ”. Bizi erməni xalqından fərqləndirən əsas keyfiyyətimiz bax budur.

Sevda xanımla müsahibədən ən çox yadımda qalan isə bu sözləri oldu: “Bu Azərbaycan xalqının timsalında mənim soyqırımım idi.”  Vətənimizin keşiyində dayanan əsgərləri Sevda xanım kimi analar dünyaya gətirib və gətirəcək. Bu cür hünər, igidlik və dözüm nümayiş etdirən Azərbaycan qadınına isə ancaq bir ad vermək olar  QƏHRƏMAN ANA!

 

Söhrab İsmayıl

KarabakhİNFO.com

 

07.01.2013 18:30

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*