Azərbaycanca

Qəhrəmanlarımızın dönüşündən 2 il ötür

06.11.2012 | 19:21

1352217763_mubariz-ve-ferid-shehidlerMübariz İbrahimovun şərəfli ömür yoluna baxış

II Dünya Müharibəsindən sonra faşist Almaniyasının bəşəriyyətə qarşı törətdiyi qeyri-insani hərəkətlərdən sonra bu halların bir daha təkrarlanmaması üçün BMT-nin diqqət mərkəzində olan doktrinalardan ən başlıcası – “müharibə hüququ” və ya “silahlı münaqişə hüququ” adlanan humanitar hüquq qəbul olundu. Lakin Ermənistan dövlətinin müharibə edən tərəf kimi beynəlxalq humanitar hüququn (müharibə hüququnun) əsas mənbələrindən olan hərbi əsirlərlə (qarşı tərəfdə qalan və qaytarılmayan hər bir cəsəd də əsir hesab olunur) rəftar haqqında 12 avqust 1949-cu il tarixli konvensiyalarının və onlar əlavə protokolları ratifikasiya etməyinə baxmayaraq, öz əməllərində xalqımıza qarşı yürütdüyü kin və nifrəti bu gün də nümayiş etdirir. İşğalçı dövlət siyasəti yürdən Ermənistan humanitar hüquqla bağlı məsələləri öz cinayətkar və çirkin siyasətinə məxsus tərzdə tənzimlədiyi səbəbindən və dünya ictimaiyyətinin, eləcə də qədim demokratik dəyərlərə mənsub olan dövlətlərin həqiqəti dərindən, kimin işğalçı, kimin işğala məruz qalan olduğunu biliərək susduqları səbəblərindəndir ki, illər öncə əsir götürülən, eləcə də şəhid olaraq cəsədi düşmən əlinə keçən vətəndaşlarımızın qaytarılması istiqamətində aparılan danışıqlar fayda vermir. Qaytarılanlar isə gərgin müzakirələrdən və uzun zaman ötəndən sonra mümkün olur. Hansı ki, iki il öncə düşmənlə mübarizə apararaq həlak olan Milli Qəhrəman Mübariz İbrahimov və Fərid Əhmədovun cəsədinin qaytarılması hətta digər  dövlət rəhbərlərinin də müdaxiləsindən sonra mümkün oldu. Belə ki, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyası Prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində, Azərbaycan Respublikasının Tərtər rayonu istiqamətində Ermənistan hərbçilərinin hücumunu dəf edərkən 18 iyun 2010-cu il tarixdə şəhid olmuş Azərbaycan hərbçi İbrahimov Mübariz Ağakərim oğlunun meyiti 7 noyabr 2010-cu il tarixdə qarşı tərəfdən alınmışdır. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir.

 

 

Anaya verdiyi söz

 

Iki şəhidimizin – Mübariz və Fəridin torpağa tapşırılmasından bu gün 2 il ötür. Torpaqlarımızın 20 faizinin düşmən tapdağı altında olduğu bir vaxtda Mübariz kimi qəhrəmanlarımızın bir çoxlarına örnək olacaq şərəfli ömür yoluna bir daha nəzər salaq. “Mübariz dastanı”na gedən yol 1988-ci ilin fevralı ayının 7-də başlayır. Belə ki, bu tarixdə Biləsuvar rayonunun Əlabad kəndində seyid ailəsində evin sonbeşiyi dünyaya gəlir. 3 qardaş olublar – Bəhruz, Rəşad, Mübariz. Ailənin sonbeşiyi olan Mübariz hələ uşaqlıqdan ailəsinin sevimlisi olub. Tərbiyəli, abır-həyalı olduğuna görə bütün yaxınları da onun xətrini əziz tutublar. Anası Şamama xanım Mübarizin 6-cı sinifə qədər yaxşı oxuduğunu deyir. Sonralar isə meylini idmana salan Mübariz həm də dini kitablar, bu qəbildən olan filmlərlə maraqlanıb. Ən çox maraqlandığı isə “Samanyolu” televiziyasında yayımlanan “Sırlar dünyası” verilişi olub. Mübariz Bakıda hərbi xidmətdə olub. Əsgərlikdən gələndən sonra cəmi bircə ay dincəlib evdə. Sonra Bakıda banklardan birində mühafizəçi kimi işə düzəlib. Yaxşı da maaş alırmış. Qazancı ilə anasına canamaz, atasına isə namaz qılanda başına qoymaq üçün papaq alıb. Anasına söz verib ki, namaz qılanda geyinmək üçün paltar da alacaq. Bütün bunları Şamama xanım deyir. 7 ay işlədikdən sonra Mübariz işdən öz ərizəsi ilə çıxıb. Evə dönərkən hərbçi olmaq arzusunu valideynlərinə desə də nə atası, nə də anası razılıq veriblər. “Hərbçi olmaq istəyirdin elə Bakıda əsgərlikdən sonra qalardın davam edərin” – deyiblər. O isə cavabında “Bakının ortasında hərbçi olmaq istəmirəm. Mən ancaq cəbhə bölgəsində olmalıyam” – deyə cavab verib.

“Dayısının dostu komandiri idi. Qardaşım Vəliyə dedim ki, bəlkə Mübarizi komandirinə tapşıraq. O, da elə mənim yanımdaca zəng vurub dedi ki, bəs mənim bacım oğlundan muğayat olun. Başqa heç nə” – deyir Şamama xanım.

Bir az keçmiş Mübarizdən zəng gəlir.

– Məni kim tapşırıb komandirə?

– Dayına mən demişəm.

– Mən işə başlayanda Allaha təvəkkül edib qərar verdim. Mənə tanışlıq-filan lazım deyil. Allah da nə təhər qismət edib, elə də olacaq.

– Mubu, dedim birdən orada çətinliyin olar, ona görə dayına dedim.

– Bir də belə etməyin.

 

Yeddi qurbandan cəmi dördü kəsildi

Şamama xanım deyir ki, onun qəribə adəti var idi. Evə gələn kimi saçını qırxdırardı. Növbəti dəfə də adətinə xilaf çıxmır: “Saçı elə də uzun olmasa da, yenə qırxdırdı. Elə bir əhval-ruhiyyədə idi ki, sanki toydan gəlmişdi”. Şamama xala oğlunun əhval-ruhiyyəsindən sevinib və yerinin yaxşı olduğuna görə Mübarizin sevincli olduğunu güman edib.

– Mubu, indi yerin nə təhərdir?

– Sizə deməmişəm. Yerimi dəyişmişəm, başımızın üstündən güllələr o yan-bu yana gedir.

– Ay bala, bəs sən Goranda deyildin?

– Neçə vaxtdı öz xahişimlə cəbhə bölgəsinə getmişəm. Gərək yerimi sizə deməyəydim.

– Özünü qoru ay bala. Atışma olanda özünü gözlə.

Anasının bu sözlərinə gülən Mübariz ona ürək-dirək verib. Şamama xanım deyir ki, bəlkə də o bizə gülürdü: “Bizə gülürmüş ki, mən nə fikirdəyəm, siz nə deyirsiniz. Cəmi 8 gün qaldı. Qurbanı var idi, onu kəsdik. Əsgərliyə gedəndə 7 qurban demişdik. Onun 4-nü kəsdik, 3-ü qalır. Övladın hamısı əzizdir. Amma görünür onu hamısından çox istəyirik. O ağı-qaradan seçən dünyagörmüş yaşlı bir insana bənzəyirdi. Həmişə şükür edirdim ki, nə yaxşı bunu belə yaratmısan”.

Övladının ləyaqətli və tərbiyəli olması bir yana, Tanrının ona bəxş etdiyi görkəmi Şamama xalanı həmişə qürurlandırırmış: “Allah ondan heç nəyi əsirgəməmişdi. Şəkildə gördüyünüz heç onun yaraşığının yarısı da deyil. Gözəllik, sağlamlıq, dürüstlük, qorxmazlıq, təmiz ürək vermişdi Allah ona. Bütün bunlara görə həmişə Allaha şükr eləmişəm. Fikirləşirdim ki, bütün bunları ona verən Allah ona kömək edəcək. Elə də oldu. Allah onu özünün istədiyi yerə çatdırdı. Mübarizi sanki bizi hazırlamışdı bu günlərə. Məni ağlayan görəndə məclisdə otura bilmirlər. Amma onun məktubunu oxuyandan sonra özümü ələ almağa çalışıram. Çünki uşağım istədiyi yolu seçib və arzusuna çatıb”.

Məlum hadisədən 1 gün əvvəl Mübariz telefonla anası ilə danışıb. “Məktubda yazdıqlarının hamısını telefonda danışdı mənə. Dedi məndən nigaran olma. Bol-bol sədəqə payla”. Qəhrəmanın bundan sonrakı taleyi artıq hamıya məlumdur.

 

O, indi bütün xalqımızın, onu sevənlərin balasıdır

Şamama xanımın ötən bu müddət ərzində təsəllisi Mübarizin son məktubu olub: “O, şəhərdə bahalı maşınlara həsəd aparan cavanların halına acıyardı. Deyirdi mənim onlara yazığım gəlir. Uşağımın nə dünya malında gözü oldu, nə də dəbdəbəli həyatda. O bu yolu seçdi və bu mənə təsəllidir. Amma ən böyük təsəllim o zaman olar ki, torpaqlarımız azad olunsun. Bu mənim kimi yüzlərcə ananın təsəlli yeri olar. Mübariz təkcə mənim oğlum olmaqdan çıxıb. O, indi bütün xalqımızın, onu sevənlərin balasıdır. Bunu onun dəfnində də mən bir daha gördüm.

Atası Ağakərim İbrahimovun dediklərindən:

– İyunun 19-u səhər mənə zəng etdilər. Tərtərə getdim. Mübariz düşmən cəbhəsindən 70 metr uzaqlıqda yerləşən səngərdə keşik çəkirdi. Onun qarşı tərəfə keçdiyi yeri mənə göstərib dedilər ki, şəhid olub. Bir neçə dəqiqə özümə gələ bilmədim. Sonra “Allah qəbul eləsin! Oğlum şəhid olub, Vətən sağ olsun” – dedim. Mübarizin keçdiyi yerlərdəki ayaq izlərini öpüb səngəri tərk etdim. Mübarizin paltarı, telefonu, bizə yazdığı sonuncu məktubu hərbi prokurorluqda olduğundan ora gedib əşyalarını istəsəm də vermədilər. Dedilər hələ yoxlanılacaq. Məktubun surətini çıxarıb evə qayıtdım. Hamı ağlayırdı. Dedim ağlamağa gərək yoxdur, oğlum arzusuna çatıb. Məktubunu anasına göstərəndən sonra o da bir az sakitləşdi”.

Mübarizin dillər əzbəri olan məktubunun məzmunu belədir: “Canım atam və anam! Məndən sarı darıxmayın! İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Bunu Allah üçün etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olana kimi bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam, ağlamayın. Əksinə sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun!

Oğlunuz Mübariz”.

 

Onların ölümü kimi, dönüşü də şərəfli oldu

 

Qeyd etdiyimiz kimi erməni tərəfi Mübariz İbrahimovun və ondan bir müddət sonra şəhid olmuş Fərid Əhmədovun cəsədini təxminən 4 aydan sonra qaytardı. Hər iki şəhidimizin vətənə dönüşü böyük izdihamla qarşılandı və onların nəşi II Fəxri Xiyabanda torpağa tapşırıldı. İndi həmin qəbirlər əksər gənclərin and yerinə dönüb. Azərbaycan boyda bir ölkəni ayağa qaldıran 2 gəncin şəkillərdən boylanan baxışlarından məğrurluq, eyni zamanda uşaq məsumluğu yağır. Elə ziyarətə gələnlərin də dilində ilk kəlmə bununla bağlı olur. Fərid Əhmədov 1986-cı ildə doğulubmuş. Mübariz isə 1988-də. İndi onların təqdimata ehtiyacı yoxdur. Hamı onları tanıyır, yad edir, qəhrəmanlıqlarından danışdıqca danışırlar. Fərid Mübarizin yolunun davamçısıdır. İndi isə hər ikisi yan-yana uyuyur. Mənzilləri də qoşa, ömür yolları da, əqidələri də bir olan bu iki qəhrəman birlikdə də yad olunur.

Qoyub getdiyiniz kişilik məktəbiniz mübarək! Qəhrəmanlığınız mübarək! Qovuşduğunuz haqq dünyanız mübarək! – deyirik.

Naibə Qurbanova

 

06.11.2012 19:21

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*