Azərbaycanca

Qəhrəmanlıq hekayəti

21.05.2013 | 12:33

  1369124836_img_3278Kimi deyir satdılar, kimi də deyir işğal etdilər, kimi də deyir qoruya bilmədilər Qarabağı…

Qoruduq axı, son damla qanımıza qədər qoruduq. Öldük də, qisas da aldıq, şəhidlər də verdik. Amma…

İtirdiyimiz çox şey oldu. Ən əsası torpağımızı, yurdumuzu, heç vaxt dönə bilməyəcəyimiz qayğısız uşaqlığımızı itirdik… Bir də qəhrəman oğullarımızı. O oğullar ki, ermənilər onların yalnız meyitinin üstündən keçib Cəbrayılı, Zəngilanı, Ağdamı, Şuşanı, Laçını, Ağdərəni, Qubadlını, Füzulini işğal edə bildilər. Sağlığında özlərinin dediyi kimi…

Qarabağ müharibəsi təkcə evlərdən yox, ellərdən apardı qəhrəman oğulları. Şəhid Baloğlan Süleyman oğlu Süleymanov kimi… Müharibə çoxlarının iç üzünü göstərdi həm də. Bir çoxu döyüşə getməmək üçün gizlənəndə Süleymanovlar ailəsinin  4 üzvü – Baloğlan, Elman, Saleh və Xanoğlan qardaşları birdən döyüşə yollandı. Indi o günləri Zəngilanın ilk döyüşçüsü, şəhid Baloğlan Süleymanovun qardaşı Elman Süleymanovla xatırlayacağıq. Özünün döyüş yolu bir romana sığmayacaq qədər zəngin olsa da, özü haqqında bir kəlmə belə danışmaq istəmir Elman Süleymanov.

“Baloğlanın qəhrəmanlığını qoyub özümdən danışmağım mənə yaraşmaz. O bir qardaş yox, qəhrəman idi. Mən yaşadıqca da onun adını yaşadacam. Onun qəhrəmanlıqlarını qoyub, özüm haqqında danışmağa lüzum görmürəm”.

 Elmanın bir qardaş yox, cəsarətli bir döyüşçü kimi Baloğlanın ermənilər tərəfdə qalan cəsədini təkbaşına gətirməyini öyrəndikdən sonra onun özü haqqında bu dərəcədə təvazökar olduğuna təəccüblənməmək olmur. Bu barədə bir qədər sonra danışacağıq.  Baloğlan Süleymanov haqqında onun həm  qardaşı, həm döyüş yoldaşı, həm də nəşini ermənilərdən təkbaşına xilas etmiş Elman Süleymanov danışdı.

 

”  Biz ailədə 5 qardaşıq. 1992-ci ildə mən və daha 3 qardaşım Milli Orduda xidmət edirdik. Rəhmətlik Baloğlan tank komandiri idi. O, ixtisasca mexanizator olduğu üçün tankın “dilini” yaxşı bilirdi. Biz kürək-kürəyə verib, bir çox qanlı döyüşlərdə iştirak etmişik. Bir dəfə ermənilər Şayıflı kəndi istiqamətində hücuma keçmişdilər. Aralarında 500-ə yaxın rus əsgəri də vardı. Dərhal bizim bölüyü köməyə çağırdılar. Hücumu dəf etmək üçün ermənilərin arxasına keçdik. Amma düşmən bundan xəbər tutduğu üçün bizi “tələ”yə saldı. Nə qədər cəhd etsək də, mühasirədən çıxa bilmədik. Axırda özümüzü Oxçu çayına atıb, çətinliklə də olsa geri qayıda bildik”.

Qəhrəmanlıq hekayəti 

Baloğlan və oğlu Sadiq

Ailənin ilk şəhidi – 10 yaşlı Sadiq…

Zəngilanı qorumaq üçün silaha sarılan Süleymanovlar ilk itkini 1992-ci ilin avqustunda veriblər. Avqust ayının 21-də Baloğlan Süleymanovun 10 yaşlı oğlu Sadiq Süleymanov erməni tankından açılan mərmi ilə faciəli şəkildə həlak olub:

“Həmin vaxt mən alayda idim. Rəzdərə kəndi istiqamətində qızğın döyüşlərin getdiyini eşidəndə, dərhal silahlanıb dostum Namiqlə birlikdə öz kəndimizə getdim. Kəndə çatanda eşitdim ki, ermənilər tankdan açdıqları atəşlə qardaşım oğlu Sadiqi qətlə yetiriblər. Birbaşa evə getdim. Gördüm ki, Sadiqin cəsədini həyətin ortasına qoyub, üstünü də ağ mələfə ilə örtüblər. Dünya başıma fırlandı. Dərhal silaha əl atdım. Bu vaxt Baloğlan da gəlib çıxdı. Biz Sadiqin cəsədini həyətin ortasında qoyub, ermənilərin yaşadığı Hənd qəsəbəsinin üzərinə hücuma keçdik. Tankla bu qəsəbəni bir müddət atəşə tutandan sonra geri qayıtdıq. Camaat artıq Sadiqi dəfn etmişdi. Baloğlan dedi ki, oğlumun qisasını almasam, onun qəbrinin üstünə getməyəcəm. Axşam Baloğlan, Elşən, Namiq, Pənah və mən silahlanıb, ermənilərdən qisas almağa getdik. Gecə səhərə kimi meşə ilə yol gedib, bir erməni kəndinə çatdıq. Gördük ki, kəndin kənarında bir neçə çoban qoyun otarır. Hamısı yaşlı ermənilər idi. Düşmən ürəyimizə nə qədər ağır dağ çəksə də, qoca və silahsız adamları öldürməyi qeyrətimizə sığışdırmadıq.

 

“Sadiqin qəbrini qucaqlayıb dedi ki …”

Avqustun 22-də səhərdən axşama kimi Sadiqi öldürən tankı axtardıq. ”Qızlar ağacı” adlanan yüksəklikdə özümüzə mövqe seçmişdik. Həndə qəsəbəsindən “Qızlar ağacı”na yalnız bir yol qalxır. Biz bilirdik ki, həmin tank bu yolla “Qızlar ağaca”na gəlib, Zəngilanın kəndlərini vuracaq. Gecə səhərə kimi öz mövqeyimizi tərk etmədik. Səhər saat 6-da gördük ki, bir “Niva” bizə doğru irəliləyir. Maşının içində 4 erməni hərbçisi vardı. Biz qranatatanla “Niva”nı vurub, ermənilərin dördünü də öldürdük. Sonra isə dərhal həmin ərazidən uzaqlaşdıq. Beş kilometr məsafə qət edəndən sonra Kilsə kəndinə yaxın bir ərazidə özümüzə mövqe seçdik. Burdan erməni tankının hərəkət trayektoriyasını müşahidə etmək daha asan idi. Səhər saat yeddidən günorta ikiyə kimi həmin tankın gəlməsini gözlədik. Düz 3 günüydü ac idik. Aclıq və yuxusuzluq bizi əldən salsa da, heç kim geri qayıtmaq istəmirdi. And içmişdik ki, Sadiqin qisasını almasaq, kəndə qayıtmayacağıq. “Niva”dakı 4 ermənini öldürməyimiz də hirsimizi soyutmamışdı. Bir müddət də gözləyəndən sonra Kollu kəndi ilə üzbəüz yerləşən erməni postunun arxasına keçdik. Baloğlan dedi ki, mən qranatatanla “blendaj”dakı erməniləri qıracam, siz də postdakı əsgərləri aradan götürün. Baloğlanın işarəsi ilə əməliyyat başladı.O, qranatatanla arxa qapıdan “blendaj”ın içini vurdu. Biz isə postdakı əsgərləri atəşə tutduq. Postdakı əsgərləri zərərsizləşdirəndən sonra Baloğlanın köməyinə getdik. Biz ona çatanda gördük ki, Baloğlan qranatatanla “blendaj”dakı əsgərlərin çoxunu öldürüb. Məqsədimiz “blendaj”dakı ermənilərin hamısını öldürmək idi. Buna görə də “blendaja” 18 əl bombası atıb, bir nəfərin də sağ qalmağına imkan vermədik. Ertəsi gün öyrəndik ki, postdakı əsgərlərlə birlikdə 25 erməni öldürmüşük. Əməliyyatı uğurla başa çatdırıb, kəndə qayıtdıq. Beşimiz də bir yerdə Sadiqin qəbrinin üstünə getdik. Baloğlan Sadiqin qəbrini qucaqlayıb dedi ki, ay oğul, qisasını aldım, rahat uyu…”

Qəhrəmanlıq hekayəti 

Üç gündən sonra tankı ələ keçirə bildik

Oğlunu öldürən erməni tankını ələ keçirmək Baloğlan Süleymanova 1993-cü il aprel ayının 10-da nəsib olur. Həmin vaxt Azərbaycan Ordusu ermənilərin yaşadığı Kilsə kəndinin və Hənd qəsəbəsinin üzərinə hücuma keçib:

“Zəngilanın Kollu kəndi ilə üzbəüz yerləşən erməni postunu məhv edəndən sonra Baloğlanı kəşfiyyat bölüyünün komandiri təyin etdilər. Həmin vaxt mən də kəşfiyyat bölüyündə xidmət edirdim. Bölüyümüzdə 100-ə yaxın əsgər vardı. Bizə gecə dağ yolu ilə gedib, Şıxavız kəndini mühasirəyə almaq tapşırılmışdı. Səhər 6-da ermənilərin arxasına keçib, Şıxavız kəndini mühasirəyə aldıq. Bundan bir neçə dəqiqə sonra döyüş əmri verildi. İlk işimiz Sadiqi vuran tankın ekipajını öldürmək oldu. Amma tanka çox zərər vermədik. Tankı ələ keçirən kimi yaxınlıqdakı Kilsə kəndinin üzərinə hücuma keçdik. Ermənilərlə bizim aramızda şiddətli döyüş oldu. Biz həmin gün ermənilərin yaşadığı bir qəsəbəni və 2 kəndi ələ keçirdik. Qənimət olaraq 1 tank, 1 BMP, 2 iriçaplı top və 100-ə yaxın silah-sursat götürdük. Kilsə kəndi uğrunda gedən döyüşlərdə ermənilərin qranatatanla açdıqları atəş nəticəsində bir mərmi də mənə dəydi. Zərbənin təsirindən əynimdəki qoruyucu zireh parça-parça olub, yerə töküldü. Həmin gün möcüzə nəticəsində sağ qaldım”.

Qəhrəmanlıq hekayəti

Qardaş yükü…

1993-cü il oktyabr ayının 25-də Süleymanovlar vətən uğrunda ikinci dəfə şəhid veriblər. Kəşfiyyat bölüyünün komandiri Baloğlan Süleymanov həmin gün qəhrəmancasına şəhid olub:

“Ermənilər Horadiz yolunu bağladıqları üçün Zəngilan mühasirədə qalmışdı. Baloğlan öz bölüyü ilə Cəbrayıl rayonunun ərazisinə keçib, ermənilərin Zəngilana girməsinə mane olmağa çalışırdı. O, öz əsgərləri ilə birlikdə oktyabrın 24-dən 25-nə keçən gecə səhər saat 5-ə kimi ermənilərə müqavimət göstərib. Amma əsgərlərin çoxu şəhid olduğu üçün Baloğlan bir neçə nəfərlə Araz sahilinə çəkilmək istəyib. Ermənilər Baloğlanı və sağ qalan bir neçə əsgəri elə səngərdəcə vurublar.

Həmin vaxt mən qərargah rəisinin köməkçisi işlədiyim üçün bu döyüşdən bir az gec xəbər tutdum. Baloğlanın şəhid olduğunu əvvəlcə məndən gizlətdilər. Dedilər ki, öz bölüyü ilə birlikdə İrana keçib. Bu sözlərə inanmadım. Dedim ki, Baloğlan ölər, amma ermənilərin qabağından qaçmaz. Bundan sonra onun axtarışına çıxdım. Həmin vaxt bizimkilər 5 kilometr geri çəkilmişdilər. İki-üç gün Baloğlanı axtarsam da, onun nə ölüsünü, nə də dirisini tapa bildim. Oktyabrın 28-də mülki paltar geyinib, İrana getdim. Araz çayının qırağı ilə təxminən 30 kilometr irəliləyəndən sonra Cəbrayıl rayonunun ərazisinə keçdim. Cəbrayılın Xələfli, Qumlaq və Dərzili kəndlərini keçib, Baloğlanın bölüyünün döyüşdüyü əraziyə çatdım. Saat 11 idi. Uzaqdan baxanda bir neçə meyit gördüm. Bildim ki, Baloğlanın da cəsədi orada olacaq. Sürünə-sürünə meyitlərin 100 metrliyinə qədər getdim. Burdan Baloğlanın cəsədi daha aydın görünürdü. Onu səngərdə vurmuşdular.Ətrafda daha 7 meyit vardı. Üç erməni meyitlərin yanında dayanıb, söhbət edirdilər. Üzümü Allaha tutub dedim ki, ey yerin-göyün sahibi, bu ermənilərin gözünü bağla, qardaşımın meyitini aparım. Bu vaxt şösse yolunda bir maşın göründü. Ermənilərin üçü də bir yerdə həmin maşına tərəf irəlilədilər. Fürsəti əldən verməyib, cəld meyitlərə yaxınlaşdım. Baloğlanın cəsədini götürüb, həmin yerdən uzaqlaşdım. Çətinliklə də olsa, 3 kilometr yol qət edib, Cəbrayılın Dərzili kəndinə çatdım. Baloğlanı 3 gün əvvəl vurduqları üçün cəsədi çox ağır idi. Mən özüm də neçə gündən bəri ac-susuz olduğum üçün yeriməyə taqətim qalmamışdı. Dərzili kəndində bir çala tapıb, Baloğlanın meyitini orda gizlətdim. Üstünü də yarpaqla, yovşan kolları ilə örtdüm ki, ermənilər gəlsələr, cəsədi tapa bilməsinlər. Dəmir yolu xəttinə çatanda necə yıxılıb qalmışamsa, bir də onda ayıldım ki, üz-gözüm bütün su içindədi. Yağış yağıb üstümə deyə ayılmışam. Sonra isə kənddəki evlərdən birinə gedib, bir az kiflənmiş çörək və mürəbbə tapdım. Bir-iki tikə çörək, üç-dörd qaşıq da mürəbbə yeyib özümə gələndən sonra əsgərlərimizin yanına qayıtdım. Komandirin mənə qoşduğu əsgərlərlə birlikdə geri qayıdıb, Baloğlanın meyitini götürdük. Sonra isə çətinliklə də olsa, İran rəsmilərindən icazə alıb, Baloğlanın cəsədini Azərbaycana gətirdik. İndi Baloğlan Tərtər rayonunun Köçərli kəndində uyuyur. Əsirlikdə olan yurdlarımıza yaxın olduğu üçün bu rayonu seçdik…”

Qəhrəmanlıq hekayəti

“Milli Qəhrəman adından imtina etmişdi”

Məhz Baloğlanın və döyüşçü dostlarının sayəsində Zəngilanın ikinci Xocalıya çevrilməsinin qarşısı alınıb. Sonuncu gülləsinə kimi ermənilərə qarşı vuruşan Baloğlan Süleymanov 1993-cü il oktyabr ayının 25-də qəhrəmancasına şəhid olub: “Baloğlan ermənilərin içinə girdiyi üçün onun cəsədini götürmək mümkün olmamışdı. Amma bunu bizdən gizlədirdilər. Qardaşı Elman alay komandiri Firudin Şabanovdan Baloğlanın harada olduğunu soruşanda, o, əli ilə İranı göstərmişdi, Elman da demişdi ki, yalan deyirsən, mənim qardaşım heç vaxt əsgərlərini burda qoyub İrana keçməz. Sonra əsgərlərdən biri Elmana deyib ki, Baloğlan şəhid oldu. Amma o, bizdən çox qabaqda olduğu üçün cəsədini götürə bilmədik…”

Deyir ki, Milli Qəhrəman adı verilməsi üçün sağlığında iki dəfə Baloğlan Süleymanovla bağlı təqdimat hazırlanıb. Amma Baloğlan vətən qarşısındakı borcunu yerinə yetirdiyini əsas gətirərək, onunla bağlı hazırlanmış təqdimatın Müdafiə Nazirliyinə göndərilməsinə razılıq verməyib: “məgər mən ad üçün döyüşürəm ki?”-deyirdi.

Baloğlan Süleymanov ölümündən sonra ölkə prezidentinin fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

 

Naibə Qurbanova

“KarabakhİNFO.com”

 

21.05.2013 12:33

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*