Azərbaycanca

Qənirə Paşayeva həmsədrləri Ermənistanın qeyri-insani əməllərinə qarşı çıxmamaqda qınayıb

13.02.2015 | 15:04

9dd78ee6e7418fae262fe80e194b3c99     Millət vəkili Qənirə Paşayeva Milli Məclisin iclasında Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində törətdiyi vandalizm aktlarından danışıb

 

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının  APA-ya istinadən verdiyi xəbərə görə, Q. Paşayeva bildirib ki, Ermənistan silahlı qüvvələri atəşkəsi pozaraq 100-ə yaxın evi hədəfə alıb: “Altı nəfərlik bir ailənin – Nəbiyev İsmayıl Əkbər oğlunun evini atəşə tutaraq yandırıblar. Yanğını söndürməyə gələn yanğınsöndürənlərə belə evi söndürmək imkanı verməyərək qeyri-insani əməllərə əl atıblar. Bundan başqa, kənd sakini Əliyeva Xatirə Tofiq qızı evlərinin atəşə tutulması nəticəsində yaralanıb”.

 

 

Q. Paşayeva ATƏT-in Minsk Qrup həmsədrlərini Ermənistanın bu cür qeyri-insani əməllərinə qarşı etiraz səslərini ucaltmamaqda, bunu pisləyən açıqlamalar verməməkdə ittiham edib. O bildirib ki, nə həmsədrlər, nə həmin ölkələrin buradakı səfirləri, nə insan haqlarından danışan beynəlxalq təşkilatlar və onların Azərbaycandakı ofisləri bununla bağlı heç bir bəyanat və açıqlamalarla çıxış etməyiblər:

 

“Ön cəbhədə yaşayan insanlar onları bu ikili standartlara son qoymağa çağırır. Biz beynəlxalq təşkilatlarda olanda, onların təmsilçiləri ilə görüşəndə hər zaman bunu açıq deyirik və cənab prezident də Münhendəki çıxışında bunu ən yüksək səviyyədə bir daha açıqladı. Mən beynəlxalq təşkilatları, onların buradakı təmsilçilərini dəvət edirəm, getsinlər Ermənistanın atəşkəsi pozaraq evlərini yandırdığı, dağıtdığı, öz evinin içində güllə ilə yaraladıqları insanlarla görüşsünlər və Ermənistanın mülkü vətəndaşlara qarşı bu vandalizm aktlarına susmasınlar, öz etiraz səslərini ucaltsınlar, buna qarşı tədbirlər görsünlər”.

 

 

Q. Paşayeva deyib ki, cəbhədə ən öndə yerləşən evlərin qarşısında istehkam divarlarının, qoruyucu divarların tikintisi sürətlənməlidir. O, eyni zamanda Əlibəyli kimi kəndlərdə sığınacaq tikilməsi və ön cəbhə kəndlərində yaşayan ailələrin evlərinin təcili sığortası məsələsinin öz həllini tapmasının vacibliyini də vurğulayıb.

 

 

 

“KarabakhİNFO.com”

 

 

13.02.2015 15:04

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*