Azərbaycanca

Qərbin geosiyasi oyunları

09.06.2014 | 06:47

1402294085_qarabagggggggggQərb geosiyasi oyunlar oynayaraq sadəcə Azərbaycan torpaqlarının erməni təcavüzkarları tərəfindən işğal olunması faktı ilə razılaşmaqla kifayətlənir. Qərbin heç bir ölkəsi və ya beynəlxalq təşkilatı indiyə kimi Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa məcbur edə bilmir. Qərbin bu ikili standart mövqeyini Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev də öz müsahibəsində mənfi dəyərləndirib. R.Mehdiyev ermənilərin təcavüzünə Qərbin nədənsə barmaqarası baxdığını bildirib:

–         Sizcə, bu, ikili standartların aşkar təzahürü deyilmi?

 

–         Lakin fakt faktlığında qalır – amerikalılar beynəlxalq hüquq normalarını təcavüzkara münasibətdə tətbiq etməkdə fəallıq göstərməyi zəruri hesab etmirlər. Bunun əvəzinə onlar erməni işğalçıların hərəkətlərini sanki təşviq edirlər.

Dövlət rəsmisinin sözlərinə görə, ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün indiyə qədər lazımınca səy göstərməyib: “Qərb birdən-birə ayılıb ki, Ukraynanın ərazi bütövlüyü məsələsində beynəlxalq prinsipə riayət edilməlidir. Azərbaycana münasibətdə bu prinsip, eləcə də “təcavüzkar” ifadəsi nədənsə bütün beynəlxalq sazişlərdən və beynəlxalq təşkilatların sənədlərindən pozulur”.

 

“Qərb birmənalı şəkildə Qarabağ problemindən faydalanır”

 

1402294147_zahid-orucMillət vəkili Zahid Oruc “KarabakhİNFO.com” e-jurnalına açıqlamasında bildirib ki, Qərb Ukrayna adına Rusiya ilə dava edir: “Bu məsələ Rusiya ilə aparılan uzunmüddətli siyasi, iqtisadi, hərbi mübarizənin bir tərkib hissəsidir. Yəni faktiki olaraq məsələ Ukraynanın müdafiə olunmasından, onun Qərb üçün önəmindən getmir. Ən önəmli cəhət Ukraynanın Avropanın yanında yer alacağı təqdirdə, onun Rusiyanın gücünü necə sarsıdacağı və bu ölkəyə qarşı mübarizədə bundan necə faydalanacağı məsələsidir. Ona görə də Krım, Donetsk, Luqansk və digər münaqişələrlə bağlı antirusiya propoqandası aparılmaqdadır”.

 

Qərbin Qarabağ adına da bu davanı Rusiya ilə aparmasına gəlincə, Z.Oruc qeyd etdi ki, 90-cı illərdə sanki razılaşdırılmış oyunlar var idi: “Cənubi Qafqaz Rusiyanın maraq dairəsinə müəyyən mənada daxil olduğundan digər Şərqi Avropa ölkələrini hələki Avropa Birliyinə və NATO-ya qatmaq vəzifəsi qarşısında qaldıqlarından məsələdə sanki siyasi bazarlıq əldə olunmuşdur. Qeyri-rəsmi şəkildə sanki bu ərazilər Rusiyaya tapşırılmışdır. Ona görə də məhz bizim tərəfdən də Rusiya ilə hər hansı savaş aparılmadı”.

 

Onun fikrincə, indi Qərb Dağlıq Qarabağ problemini həll etməməklə Rusiyanın sadəcə güclənməsinə şərait yaradır: “Bu, onlar üçün strateji mənada səhv olub, bundan da əlavə hazırkı məğlubiyyətlərinin başlıca səbəblərindən biridir. Qərb birmənalı şəkildə təkcə Azərbaycanın sərvətlərini sümürməyib, eləcə də bizə iqtisadi və siyasi cəhətdən təsir göstərib, xarici siyasətimizi əllərində saxlamaq üçün Qarabağ problemindən faydalanıb. Lakin özləri də fərqində olmayıblar ki, Rusiya bölgədə özünün imkanlarını artırıb. Yəni Qarabağ problemi, Dnestryanı ərazi, Abxaziya məsələsi Qərbi bu gün Rusiyanın qarşısında zəif edib”.

 

 

“Qərbin təminatı bizi qane etmir”

 

1402294095_qabil-huseynliPolitoloq Qabil Hüseynli isə hesab edir ki, bu məsələlərdə qeyri-obyektivlik özünü göstərir. Bizimlə söhbətində politoloq vurğuladı ki, bu qeyri-obyektivliyin kökü Sovet İttifaqı dağılandan başlayıb: “ATƏT-in Lissabon sammitində Moldova və Gürcüstanın ərazi bütövlüyü tanındı, amma Azərbaycanla bağlı tamam başqa bir rəy verildi. Ukrayna və Qərbin strateji maraqları var və bu strateji maraqlar Rusiyanın şıltaq hərəkətləri ilə ciddi surətdə bağlıdır. Digər tərəfdən də Ukraynanın Avropa Birliyinə qəbul olunması məsələsi daha aydın görünür. Bu baxımdan da Qərb Ukraynanı öz sıralarına çəkmək üçün ciddi səylər göstərir və maksimum ona dəstək verməyə çalışır”.

 

Onun fikrincə, Azərbaycan Qərbin maraqlarının strateji nöqtəsinə çevrilməlidir: “Düzdür, neft amili var. Amma biz nefti siyasi amilə çevirmək üçün var qüvvəmizi sərf etməliydik. İndi Prezident İlham Əliyev təbii qaz amilini siyasi amilə çevirə bilib. O, Qərblə əməlli-başlı bazarlıq siyasəti həyata keçirir. Yəni mən sənə təbii qazı verəcəm, sən də mənim ərazi bütövlüyümü təmin etmək üçün ciddi səylər göstərəcəksən. Bu gün Rusiya ilə gedən danışıqlar onu göstərir ki, Qərbin təminatı bizi qane etmədiyinə görə, biz də Qərblə münasibətdə bir qədər ehtiyatlıyıq”.

 

 

Fuad Hüseynzadə

“KarabakhİNFO.com”

09.06.2014 06:47

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*