Azərbaycanca

Qadın rollarının ilk ifaçısı

06.03.2014 | 14:22

1394101197_mirze-muxtar1Tarixin bütün dövrlərində Qarabaq mədəniyyəti özünəməxsus çalarları ilə diqqət mərkəzində olmuşdur. İncəsənətin bütün növlərində Qarabaqçılıq motivinin şahidi ola bilərik.Bu mənada XIX – XX əsr teatr sənətində ilk qaranquşlardan olan   Mirzə Muxtarı qeyd etmək olar.

Mirzə Muxtar dövrünün ən görkəmli və istedadlı sənətkarı idi. Uzun və mənalı bir ömür yolu keçmiş Mirzə Muxtar Azərbaycanın mədəniyyət tarixində səhnə xadimi, xalq müəllimi və musiqişünas –müğənni kimi fəxri yer tutur.

Mirzə Muxtar Məmmədzadə 1841-ci ildə Şuşa şəhərində musiqiçi ailəsində anadan olmuşdur. Onun atası Mirzə Əli Əsgər Qarabaği Azərbaycan musiqi mədəniyyəti tarixində görkəmli rol oynamışdır. Mirzə əli əsgər gözəl səsə malik bir xanəndə, həm də kamil bir kamança çalan olmuşdur. Əli Şirazi İran tarını Qarabağa gətirəndən sonra bu sənətə yiyələnmiş, bütün Qafqazda virtouz bir tarzən kimi şan-şöhrət qazanmışdır.

Mirzə Əli Əsgər əvvəllər Xurşudbanu Natavanın atası Mehdiqulu xanın sarayında “Saray musiqiçisi” kimi şərəfli vəzifəyə layiq görülmüş, uzun illər  Mirzə Hüseyn, Həsəncə, Keştazlı  Həşim, Hacı Hüsü, Məşədi İsi kimi məşhur xanəndələri tarda müşayət etmişdi. Mirzə Əli Əsgər qonşu ölkələrə də sayahət etmiş, İran hakimi Nəsrəddin şahın sarayında qurulan məclislərdə mahir bir tarzən kimi ad-san çıxarmışdır.

XIX əsrin Sadıqcan, Cavad bəy Əlibəy oğlu (Xanəzəyski), Şəkər oğlu Kərim, Artemi və Məşədi Zeynal kimi məşhur tarzənlər onun şagirdləri olmuşdur.

Göründüyü kimi Mirzə Muxtarın kamil bir musiqişünas kimi yetişməsində atası həlledici rol oynamışdır. Mirzə Muxtar hələ kiçik yaşlarından atasının çalıb – oxumasını dinləmiş, onun qurduğu məclislərdə yaxından iştirak edərək, musiqinin incə nöqtələrini əxz etmişdir. İlk təhsilini Şuşa mədrəsələrindən birində alan Muxtar türk, ərəb, fars dillərini mükəmməl öyrənmiş, hətta bu dllərdə qəzəllər belə yazmışdır. O, eyni zamanda şəxsi mütaliə yolu ilə Şərq və Azərbaycan klassik ədəbiyyatına, o cümlədən, Firdovsi, Nizami, Sədi, Hafiz və Füzuli yaradıcılığına dərindən bələd olmuşdur.

O, 1870-ci ildə yerli ziyalıları (əsasən müəllimləri) ətrafına toplayıb Şuşada, “Hacıquluların zalı”nda M.F.Axundovun “Hacı Qara” komediyasını tamaşaya qoyur. Lakin bəzi səbəblər üzündən tamaşa müvəffəqiyyətlə keçmirsə də, teatr tarixində ilk tamaşa kimi şəhərin mədəni həyatında müsbət rol oynayır. İlk müvəffəqiyyətsizlik Mirzə Muxtarı ruhdan salmır, üç il sonra, yəni 1873-cü ildə ziyalı həvəskarların köməyi ilə “Hacı Qara”nı yenidən tamaşaya qoyur.

Azərbaycanda teatr sənəti bütün Şərq ölkələrində olduğu kimi çətin və mürəkkəb şəraitdə inkişaf edirdi. Hər yerdə səhnəyə çıxmaq, tamaşa göstərmək dinxadimləri tərəfindən günah hesab edildiyindən, aktyorlar “kafir”, “dinsiz” adlandırılır, təqib edilirdilər. Milli teatrın ilk qaranquşlarından biri olan Mirzə Muxtar da bu ağır şəraitdə bütün təhqir və təqiblərə dözərək avam, dindar kütlələri qəflətdən oyatmaq üçün əlindən gələni əsirgəmirdi.

Yarım əsirlik səhnə fəaliyyəti ərzində o, Molla İbrahimxəlil, Dərviş Abbas, Molla Həmid (“Molla İbrahimxəlil kimyagər”), Məstəli şah (“Müsyö Jordan və dərviş Məstəli şah”), Mirzə Əziz (“Sərgüzəşti-vəziri-xani-Lənkıran”), Şeyx Əhməd (“Ölülər”), Hacı Səməd ağa (“Bəxtsiz cavan”) və başqa rollarda səhnəyə çıxmış, dini, cəhaləti, istibdadı, tamahkar və yalançıları, feodal mühitin eybəcərliklərini cəsarətlə ifşa etmişdir.

Mirzə Muxtarın Azərbaycan milli teatr tarixində unudulmaz xidmətlərindən biri də onun teatr səhnəsində ilk dəfə qadın rolunda çıxış etməsidir. Şübhəsiz ki,  bu məsələ o dövrdə heç də asan deyildi. Bir yandan ruhanilərin teatr sənətini “şeytan əməli” və səhnəyə çıxanı isə “kafir” adlandırmaları, digər tərəfdən də qadın hüquqsuzluğu azərbaycanlı qızlarının səhnəyə çıxmasına heç cürə imkan vermirdi. Buna görə də Azərbaycan səhnəsində qadın rollarını kişilər oynamağa məcbur olmuşdular. Lakin o dövrdə qadın rolunda çıxış etmək özü də böyük cəsarət istəyirdi. Çünki qadın rolunda çıxış edən aktyorlar ikiqat hücuma məruz qalırdı. Onları bir tərədən avam camaat, digər tərəfdən qohum-əqraba təqib edirdi. Bütün bunlara baxmayaraq, Mirzə Muxtar qadın rollarında da böyük həvəslə çıxış edirdi.

Mirzə Muxtar 1899-cu ildə Bakıya köçür. Müəllimliklə məşğul olur, eyni zamanda Bakıda teatr tamaşalarında çıxış edir. 1905-ci ildə o, müəllimlikdən əl çəkir. Bütünlikdə taleyinə teatr sənətinə bağlayır.

Mirzə Muxtarı Şərq musiqisinin incəliklərini mükəmməl bilən musiqişünas və görkəmli səhnə xadimi kimi tanıyan  Üzeyirbəy Hacıbəyov onu ilk azərbaycan operası “Leyli və Məcnun” tamaşasında iştirak etməyə dəvət edir. O, ilk dəfə məcnunun atası rolunda çıxış etməklə bərabər tamaşanın hazırlanmasında Ü.Hacıbəyovun ən yaxın  məsləhətçisi və köməkdaşlarından biri olur. O vaxtdan Mirzə Muxtar əsasən opera səhnəsində çalışmış, “Əsli və Kərəm”də Kərəmin atası, “Aşıq Qərib”də Xacə, “Şah İsmayıl”da Rəmmal, “Şah Abbas və Xurşudbanu”da Vəzir, “Mehr və Mah”da Yəmən şahı, “Fərhad və Şirin”də Şapur rollarını yüksək sənətkarlıq və incə nəğməkarlıq məharətilə nümayiş etdirdiyinə görə tamaşaçıların sonsuz məhəbbətini qazanmışdır. Mirzə Muxtarın tamaşaçılar içərisində çoxlu pərəstişkarları var idi. Onlardan biri də Üzeyirbəy özü idi. Mərhum Cəlilbəy Bağdadbəyov söylərdi ki, “Leyli və Məcnun” tamaşası verilərkən Üzeyirbəy arvadı Mələk xanımla teatra gələr, Mirzə Muxtarın ifasında Məcnunun atasının ariyasını dinlədikdən sonra teatrı tərk edərdi. Mirzə Muxtar operetta tamaşalarında da yaxından iştirak etmişdir. 1908 -1918 ci lillərdə Mirzə Muxtar bir aktyor kimi Zaqafqaziyanın, Orta Asiyanın və Şimali Qafqazın bir sıra şəhərlərində səhnələşdirilən opera və musiqili komediya tamaşalarında oynayaraq tamaşaçıların dərin hörmətini qazanmışdır. Çünki Mirzə Muxtarda həm fitri istedad, məlahətli səs , həm də böyük səhnə mədəniyyəti var idi. O, hər hansı bir tamaşanı oynayarkən özünü səhnədə deyil, həyatda hiss edərdi. Heç bir süni və xarici effektə uymayaraq rolunu təbii, canlı oynayardı.Digər tərəfdən Mirzə Muxtarın muğamata, musiqi elminə dərindən bələd olması onun ifasının təsir gücünü artırırdı. O, ərəb, fars, türk dillərini kamil bildiyindən əruz vəznində yazılmış qəzəlləri aydın, rəvan və düzgün tələffüz edirdi. Bu baxımdan dinləyici onun istər bəmdə, istərsə də zildə oxuduğu sözləri  aydın qavrayırdı. O, bir aktyor kimi tamaşaçını öz ehtiraslı oyunu ilə elə ovsunlayırdı ki, hər kəs səhnədəki hadisələrə qəlbən bağlanır və təsirlənirdi. Mirzə Muxtar ömrünün son on ilində (1919-1929) musiqişünaslıqla məşğul olmuşdur. Hələ gənc yaşlarından atası Mirzə Əli Əsgərdən kamil musiqi təhsili alan və Şuşa musiqi məclislərində yaxından iştirak edən, dövrünün ən məşhur xanəndə və sazəndələri ilə oturub – duran Mirzə Muxtar, Azərbaycan xalq musiqisinin mahir bilicisi və “ağsaqqalı” sayılırdı. O, eyni zamanda şərq musiqisinin xüsusilə klassik muğamların dərin nəzəriyyəçisi kimi tanınan bir alim idi. Muğam dəstgahlarının tərkibi, ifa etmək qayda və sirləri onun böyük xanəndəlik sənətində öz əksini tapmışdır. Ona göstərilən böyük hörmət və ehtiram  onun Azərbaycan musiqisini, xüsusilə, muğamatı doğrudan da hamıdan yaxşı bildiyindən irəli gəlirdi.  Çox yaxşı musiqi hafizəsi olan, ərəb və fars dillərində sərbəst danışan, oxuyub yazan Mirzə Muxtar muğamat aləminin soltanı idi.

        Görkəmli musiqişünasın unudulmaz, qiymətli tövsiyələri bu gün də öz əhəmiyyətni saxlayır. Onu xalq sənətini sevən, onun saflığını göz bəbəyi kimi qorumağı müqəddəs vəzifə bilən, inkişafına çalışan xanəndələr yadda saxlamağı, özləri üçün nəticə çıxarmağı bacarmalıdırlar.

        Mirzə Muxtar irsi böyük bir məktəbdir. Onun çoxşaxəli sənətinin və fitri istedadının bir çox mədəniyyət xadimlərinin diqqət mərkəzində olması təsadüfi Ərəblinski, Bülbül, Hüseynqulu Sarabski, Seyid Şuşinski, Hacıağa Abbasov kimi qüdrətli mədəniyyət xadimləri Mirzə Muxtara böyük hörmət, ehtiram bəsləmiş və məsələlərinin həllində həmişə ondan məsləhətlər almışlar. Mirzə Muxtarın milli incəsənət tarixində əvəz olunmaz xidmətləri dövrün məşhur musiqi xadimlərinin və teatrşünaslarının diqqətini cəlb etmişdir.

Məşhur musiqişünas, görkəmli aktyor 1929-cu ilin yanvar ayında 88 yaşında həyatdan köçmüşdür. O, ömrünün 70 ilini teatr sənətinə, musiqi elminin inkişafına, pedaqoji faəliyyətə həsr etmişdir. Onun milli teatrın inkişafı yolundakı səyi unudulmazdır.

İstifadə olunan ədəbiyyat

1. Ə.Bədəlbəyli  .Musiqi lüğəti Bakı 1969

2. H.Sərabski.Bir aktyorun xatirələri. Azərnəşr.Bakı.1930

Fəxri Məmmədli                         

Sənətşünas-ekspert

 

“KarabakhİNFO.com”

 

06.03.2014 14:22

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*