Azərbaycanca

Qafar Çaxmaqlı: “Hədəfimiz, düşmənimiz və ideologiyamız bir olsa da…”

13.02.2013 | 12:52

1360745377_qafar-axmaql– Arkanzas Ştatının Nümayədələr Palatası Xocalıda baş verənlərin soyqırım kimi tanıması barədə qətnamə qəbul edib. Bu hadisənin əhəmiyyətini necə qiymətləndirirsiniz?

– Ermənilər iddia edirlər ki, türklər onlara qarşı soyqırım törədiblər və bunun dünyanın bir sıra ölkələrində qəbul olunmasına nail olublar. Dünyanın 21 ölkəsində, ABŞ-ın isə 40 ştatında qondarma “erməni soyqırımı” qəbul olunub. Xocalı soyqırımının Meksikada, Avstraliyanın bir ştatında, nəhayət, ABŞ-ın Arkanzas ştatında qəbul olunması qondarma “erməni soyqırımı”na qarşı bir alternativdir. Sonuncu hadisəni alqışlamaq, təqdir etmək lazımdır. Keçən il Türkiyədə Xocalı soyqırımı ilə bağlı möhtəşəm bir aksiya keçiriləndən sonra “Xocalı soyqırımının iyirminci ili: Biz nə etmək istəyirik” adlı bir yazı yazmışdım və orada kəskin şəkildə məsələ qoymuşdum ki, bu cür tədbirlər keçiririk, amma nəticəsi olmur. Hesab edirəm ki, Xocalı soyqırımın müxtəlif ölkələrdə, ABŞ-ın ştatlarında tanınması arzularımızın həyata keçməsi deməkdir. Arkanzas Ştatının Nümayədələr Palatasında Xocalıda baş verənlərin soyqırım kimi tanınmasını təqdir edirəm və davamını arzulayıram. Azərbaycan diplomatiyası erməni diplomatiyası qarşısına yalnız Xocalı soyqırımı ilə çıxa bilər. Xocalı soyqırımı yaxın tariximizdə baş verən, haqqında çoxlu faktları olan soyqırımdır və əlimizdəki böyük bir sübutdur. Biz bundan istifadə etməliyik.

– Məhz Türkiyənin ünvanına tənqidlər daha çox səslənir ki, Ankara qondarma “erməni soyqırımı” iddialarının qarşısına Xocalı soyqırımı, Azərbaycan torpaqlarının işğal edilməsi kimi faktlar ilə çıxmalı olsa da, bunu etmir…
– Türkiyə cəmiyyəti də fərqli cəmiyyətdir. Türkiyə yalnız bir toplumdan ibarət deyil, burada dinçilər, sosialistlər, kommunistlər var. Hətta keçən il Türkiyədə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçiriləndə buna qarşı çıxanlar da olmuşdu. Hətta “erməni düşməndir” deyənlərə də qarşı çıxanlar var idi. Bunu normal qarşılamaq lazımdır. Cəmiyyətdəki ayrı-ayrı təbəqələri Xocalı soyqırımına inandırmaq lazımdır. Xocalı soyqırımı ilə bağlı akademik çevrələrdə birmənalı fikir var. Ayrı-ayrı qəzetlər, müxtəlif qruplara işləyən adamlar fərqli düşünə bilərlər. Bunu da normal qarşılamaq lazımdır. Çünki ölkəmizin özündə də xarici dövlətlərə işləyən müəyyən qruplar var. Təbii ki, Türkiyədə də, başqa ölkələrdə də buna qarşı çıxanlar, Xocalı soyqırımından istifadə etməməyə çağırışlar olacaq, amma biz işimizi görməliyik.

– ABŞ-ın ayrı-ayrı ştatlarında Xocalı soyqırımının tanınması rəsmi Vaşinqtonun bu məsələyə münasibətini dəyişdirə bilərmi?
– Bu, hələ başlanğıcdır. Ermənilər qondarma “erməni soyqırımı”nın tanınmasına 1965-ci ildən başlayıblar və hazırda 21 ölkədə istəklərinə nail olublar. Biz bu prosesə yeni başlamışıq və Xocalı soyqırımını tanıyan ölkələrin, ştatların sayı artdıqca, digər ölkələrin diqqətini də çəkə bilərik. Ağ Evin rəsmi saytında Dağlıq Qarabağ və Xocalı soyqırımı ilə bağlı imzatoplama kampaniyası başlanıb. Müəyyən bir nəticə əldə etdikdən sonra rəsmi Vaşinqtonun mövqeyini də ala, məsələni ABŞ Senatında da qaldıra bilərik.

– Ağ Evin rəsmi saytında Dağlıq Qarabağ və Xocalı soyqırımı ilə bağlı imzatoplama kampaniyasında 100 min nəfər iştirak edərsə, məsələyə prezident Barak Obama münasibət bildirməlidir. Bu məsələyə Barak Obamanın münasibət bildirməsi hansı anlamı daşıyır?
– Həmişə demişəm ki, biz bu məsələdə düşmən də olsa, ermənilərdən nümunə götürməliyik. Ermənilər ciddi əhəmiyyət verirlər ki, ABŞ prezidenti aprelin 24-də ermənilərə qarşı “soyqırım” törədildiyini bildirsin. Ermənilər bütün siyasətlərini bunun üzərində qurublar. Bu, o deməkdir ki, ABŞ prezidentinin işlədəcəyi “soyqırım” ifadəsindən sonra “buz əriməyə başlayır” və bundan istifadə edərək başqa ölkələrin üzərinə gedəcəklər. Ermənilərin konkret məqsədləri var, ortada torpaq iddiaları mövcuddur, təzminat almaq istəyirlər və özlərinin Qərbi Ermənistan adlandırdıqları Şərqi Anadolu torpaqlarına dönməyi xəyal edirlər. İmzatoplama kampaniyası onun üçün lazımdır ki, ABŞ prezidenti Xocalı soyqırımına münasibət bildirəndən sonra Qarabağın ermənilər tərəfindən işğal olunduğunu sübut edək.

– Türkiyə mətbuatını izləyəndə görünür ki, bəziləri Azərbaycanı Türkiyə üçün yük hesab edirlər. Siz neçə vaxtdır ki, bu ölkədə işləyirsiniz, bu məsələ ilə bağlı nələri müşahidə etmişiniz?
– Türkiyə cəmiyyətində məsələyə bu cür yanaşanlar azdır. Əvvəlcədən də qeyd etdim ki, Türkiyə cəmiyyəti qarışıq cəmiyyətdir. Bu cür fikirlər ola bilər, amma əhəmiyyət vermək lazım deyil. Məsələnin ikinci tərəfi budur ki, bu cür yanaşmalardan nəticə çıxarmalıyıq. Türkiyədə qarşımıza həmişə bu məsələni qoyurlar ki, ermənilər 2-3 milyondur, siz isə 10 milyona yaxınsınız, nəyə görə ermənilər torpaqlarınızı işğal edib və siz yenidən müharibə etmirsiniz. Amma onların bir çoxu məsələnin kökünü, torpaqların əslində, kim tərəfindən işğal edildiyini bilmir. Bəzi hallarda da haqlı görünə bilərlər. Doğrudan da, Azərbaycanın çox güclü potensialı var, əhalisi və ərazisi çoxdur. Bunlar doğrudan da düşündürücü məsələlərdir, düşünməyimizə ehtiyac var. Hesab edirəm ki, onların dediklərində müəyyən həqiqətləri axtarmağın vaxtıdır.

 

– Türkiyədə işlədiyinizdən Türkiyə-Ermənistan sərhədlərinin açılmasına yönəlik yanaşmalara da yəqin ki, yaxından bələdsiniz…
– 2009-2010-cu illərdən sonrakı hadisələr göstərdi ki, sərhədlərin açılmasını istəyənlər ilə istəməyənlər arasında dağlar qədər fərq var. Qarsda, İqdırda belə bir fikir ortaya atmışdılar ki, sərhədlər açılsa, bu bölgələr inkişaf edə bilər. Qars bələdiyyəsinin başçısı imza da toplayaraq, baş nazirə göndərmişdi. Türkiyə cəmiyyətinin özündə də, Ankarada, İstanbulda sərhədlərin açılmasının tərəfdarları var idi. Amma sərhədlərin açılmasının əleyhinə olanların sayı o qədərdir ki, bu məsələ gündəmdən çıxdı. Bundan başqa isə Türkiyənin dövlət siyasəti var. Dövlət siyasəti də ondan ibarətdir ki, sərhədlər işğal olunmuş Azərbaycan torpaqları azad olunandan sonra açıla bilər. Digər tərəfdən isə ermənilərin Türkiyəyə qarşı iddiaları var. Ermənilər bu iddialarından da əl çəkməyiblər. Yəni, Türkiyə-Ermənistan sərhədləri yalnız Dağlıq Qarabağ məsələsinə görə bağlanmayıb.

– Siz razısınızmı ki, erməni təbliğatına qarşı Azərbaycan-Türkiyə birgə mübarizəsi yaxşı təşkil olunmayıb və Türkiyədə bu barədə hansı  fikirlər var?
– Hesab edirəm ki, həm dövlət, həm də ictimaiyyət səviyyəsində birgə mübarizə təşkil olunmayıb. Ayrı-ayrı şəxslər, qurumlar öz səviyyələrində təbliğatlarını qururlar və bu, dövlətin ayrı-ayrı qurumlarının apardığı siyasətə bəzən uyğun gəlir, bəzən də yox… Hesab edirəm ki, erməni təbliğatına qarşı Azərbaycan və Türkiyənin birgə mübarizə aparmasına heç nə maneə olmur. Azərbaycan və Türkiyənin hədəfləri, düşməni və ideologiyası da eynidir. Birgə mübarizənin təşkili üçün bir necə il bundan əvvəl cəhdlər də olub. Azərbaycan-Türkiyə Araşdırma Fondu adlı qurum yaradıldı və hər iki ölkədə konfranslar da keçirildi. Amma bu qurumdan da bir şey çıxmadı. İki il əvvəl türkdilli medianın birliyi də yaradıldı. Amma ondan da bir şey çıxmadı. Təbii ki, bundan narahat olmaq və məsələyə çox ciddi yanaşmaq lazımdır.

– Adını çəkdiyiniz həmin qurum indi qalıbmı?
– Adı qalıb, amma demək olar ki, fəaliyyətsiz vəziyyətdədir. Dövlətin ən üst səviyyəli insanları da bu qurumun Məşvərət Şurasında təmsil olunmuşdular.

 Bu qurumun fəaliyyətinə nə əngəl olur?
– Görünür, bu, qurumun rəhbərliyinin məsələyə fərqli yanaşmasından irəli gəlir. Türkiyənin də, Azərbaycanın da ən məşhur ermənişünasları quruma üzv idi. Çox həvəslə də bu işə girişməyə hazır idik.

 

 

publika.az

13.02.2013 12:52

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*