Azərbaycanca

Qafqazda II Çernobıl təhlükəsi gözlənilir

18.04.2014 | 11:13

1397805150_metsamor_aerien_420x2502016-cı ildə Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyətinin dayandırılması gözlənilirdi. Martın 24-25-i tarixlərində Haaqada baş tutan III Nüvə Təhlükəsizliyi Sammitindən iki gün sonra isə Ermənistan bütün dünya üçün təhlükə mənbəyi olan AES-in istismar müddəti 10 il uzatdığını bildirdi.

 

Qeyd edək ki, Metsamor 1976-cı ildə Sovet ittifaqı tərəfindən tikilən və VVER-440/V2302 tipli iki nüvə reaktoru  (1 və 2) ilə təchiz olunmuşdu. Lakin o dövrdə istifadə olunan texnologiyalar artıq müasir dövrün təhlükəsizlik tələblərinə cavab vermir. Avropa ittifaqı dəfələrlə istifadədən düşmüş texnologiyalara əsaslandığı, həm də yüksək seysmik zonada yerləşdiyini əsas gətirərək Ermənistan rəhbərliyindən bu AES-i bağlamağı tələb edib. Aİ nümayəndə heyətinin rəhbəri Traian  Hristea Ermənistana səfəri zamanı Metsamorun bağlanmasının gündəlikdə duran birinci məsələ olduğunu vurğulayıb: “Metsamorun bağlanması Ermənistan-Aİ  gündəliyində duran bir nömrəli məsələdi. Aİ Ermənistanın enerji tələbini ödəmək üçün Metsamor AES-ə alternativlər təklif etməyə hazırdı”.

 

Xatırladaq ki, bir neçə il öncə Aİ-nin stansiyanı bağlamaq müqabilində təklif etdiyi 200 milyon avronu Ermənistan höküməti rədd etmişdi. Qeyd etmək lazımdır ki, Metsamor reaktorlar Şərqi Avropada və köhnə Sovet ölkələri ərazisində tikilən 66 reaktorun ən köhnəsi və ən etibarsızıdı.  Avropa ittifaqına qoşulduqdan sonra Bolqarıstanda 4, Rumuniyada isə 2 VVER-440/V2302 tipli reaktorun fəaliyyəti dayandırılıb.

 

Çernobıl faciəsindən sonra 3 və 4-cü reaktorun inşası dayandırıldı. Qeyd etmək lazımdır ki, Çernobıl və Metsamor reaktorları eyni xarakteristikaya malikdi.

 

AES-in dünyanın ən seysmik zonalarından birində, o cümlədən də Ermənistanın paytaxtı İrəvanın 30 kilometrliyində yerləşməsi problemi daha daha da böyüdür. 1988-ci il Spitak zəlzələsindən sonra hökümət bu iki nüvə reaktorunun fəaliyyətini dayandırdı. Yalnız 7 il sonra, 1995-ci ildə VVER-440/V2302 tipli 2-ci reaktorun funksiyası beynalxalq etirazlara baxmayaraq bərpa edildi. Hal-hazırda dünyada biri Ermənistan, 4-ü Rusiyada olmaqla bu tipli 5 reaktor mövcuddu.

 

2003-cü ildə erməni ekoloq, ölkədə fəaliyyət göstərən Yaşıllar Birliyinin sədri Haqop Sanasaryan, bildirdi ki, Metsamorda reaktoru izolyasıya edən qoruyucu istehkam olmadığına görə beynəlxalq nüvə təhlükəsizliyi standartlarına cavab vermir. Məlum olur ki, sözügedən AES-də təhlükəli elementlərin yayılmasını, atmosferə buraxılmasını əngəlləyəcək qat yoxdur.

 

Belə bir şəraitdə, Ermənistan höküməti 27 mart tarixli sessiyasında təsdiq etdiyi bir qərarla AES-in istismar müddətini  2026-cı ilə qədər uzatdı. Energetika və təbii sərvətlər naziri Armen Movsisyan yeni reaktorun tikintisinin  gecikdiyi üçün bu qərarı qəbul etmək məcburiyyətində qaldıqlarını bildirdi. Nazir növbəti 15 il ərzində tikinti işlərinin yekunlaşdırılacağını nəzərdə tutlduqlarını söyləyib. Movsisyan son illərdəki iqtisadi böhranın və regiondakı geopolitik proseslərin tikinti işlərinə başlamaq üçün lazımi investisiya tapmağa mane olduğunu söylədi. Layihə böyük ehtimalla Rusiyanın nüvə enerjisi cəmiyyəti Roastom tərəfindən həyata keçiriləcək.

 

Nəzərə almaq lazımdır ki, yeni nəsil reaktorlar tikilsə də Metsamor təhlükə mənbəyi olaraq qalır. Son illərdə Qafqazda seysmik proseslər intensivləşib.  Ötən il Yaponiya hadisələri bizə sübut etdi ki, texnologiyalar müasir standartlara versə də təbii fəlakətlərin vurduğu zərbə qaçılmazdı. Ermənistan rəhbərliyi də bu haqqda ciddi düşünməlidi. Metsamorda baş verəcək qəza nəinki Ermənistanda, eyni zamanda bütün Cənubi Qafqaz və Yaxın Şərqdə  ağır nəticələrə səbəb olacaq.

Region ölkələri – Azərbaycan, Türkiyə və Gürcüstan mövcud vəziyyətdən narahat olaraq dəfələrlə stansiyanı yoxlamaq üçün ekspertlər göndərməyi təklif ediblər. Lakin Ermənistan tərəfi Metsamorun 2011-ci ildə 10 müxtəlif komitə tərəfindən yoxlanıldığını bildirir. Lakin nəticələr haqda qonşu dövlətlərə heç bir məlumat verilmir. Bu da informasiya şəffaflığına ziddidir. Analitiklərin bildirdiyinə görə Metsamorda olacaq qəza ən çox Türkiyə, İran və Azərbaycana təsir edəcək. Stansiya Türkiyə sərhəddinin 20 km-liyində yerləşir.

 

III Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsindəAzərbaycan prezidenti İlham Əliyev regional problemə bir daha toxunaraq narahatlığını bela ifadə etmişdi: “AES-i bağlamaq əvəzinə Ermənistan həmin stansiyasının fəaliyyətini 2026-cı ilə qədər davam etdirmək qərarına gəlib. Baxmayaraq ki, o, yüksək seysmik zonada yerləşir və köhnəlmiş, olduqca təhlükəli texnologiyaya əsaslanır”.

 

 

 

 

Fərid Əliyev

 

 

 “KarabakhİNFO.com”

 

 

18.04.2014 11:13

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*