Azərbaycanca

Qan su yerinə axıdıldı

01.10.2012 | 12:07

???????????????????????????????Qan su yerinə axıdıldı.

20-ci əsrin ən dəhşətli hadisəsi-soyqırımı desək daha doğru olar- Xocalı faciəsini uşaqdan böyüyə hamı əzbər bilir. Bu haqda nə qədər yazılır, deyilir, amma bu faciəni bir də şahidlərin dilindən eşitmək vacibdir. Bizim üçün Xocalı sakininin yaşadıqlarını eşitmək ağır olsa da Əbdülova Sevil Gürşad qızının danışdıqlarını olduğu kimi sizə təqdim edirik:

Ailəmlə birgə 26 fevral 1992-ci il Xocalıdaydıq. Heç bilməzdik ki, Xocalı mühasirəyə alınacaq, topla, tankla, BTR- lər ilə gülləboran ediləcək, qoca, cavan, qadın, uşaq bu cür zülmlərlə üz-üzə gələcək, işgəncələrə məruz qalacaqlar. Dörd il idi ki, Xocalı mühasirədə idi, yalnız bir hava yolu var idi, o da bağlı. Biz heç inanmazdıq ki, Xocalı belə soyqırımla üz-üzə gələr. Bizi erməni və rus qoşunları hər tərəfdən mühasirəyə almışdılar. İnsanları, dinc sakinləri tankın, topun qabağına verib vəhşicəsinə qırdılar. Bəlkə də həmin zamanlarda mərhum prezidentimiz Heydər Əlivev ölkəni idarə etsəydi, xocalılar bu faciələrlə üz-üzə gəlməzdi. Bugünkü kimi tam müstəqil bir dövlət olsaydıq, bu cür güclü ordumuz, hərbi texnilamız olsaydı kimi öz hərbi qoşunlarımız olsaydı Xocalı və ordakılar məhv olmazdı. Həmin gün çox soyuq idi: şaxta, qar, boran. Göydən də qar ələyirdi, hamı Ağdama getmək üçün Naxçıvanskiyə Qarqar çayına tərəf yönəldi. Göz- gözü görmürdü, qarda, çovğunda ana -baladan, bala- atadan ayrı, hamı pərən-pərən düşdü, o müdhiş gecənin qaranlığında qorxulu iniltilər, fəryadlar eşidirdik. Adamlar yaralanır, hərə bir tərəfdə qalırdı, ölürdü, heç kəs bir-birinə kömək edə bilmirdi. Hər kəs öz yaxınını, əzizini xilas etmək istəyirdi. Həmin gecə çox az sayda adam Ağdama keşə bildi. 7 gün meşədə qaldıq, sonra da ermənilər bizi əsir götürdülər.

Əsirlik danışılası dərd deyil. Heç bilmirəm hansını danışım. İnsan övladına belə işgəncə vermək olarmı? İnsanda heç vicdan olmazmı? O insanların ürəyi daşdan idimi heç anlamadım. Bu əzab, əziyyət hansı kitaba sığar? Hansı qələmin mürəkkəbi çatar bu qədər şərəfsizliyi yazmağa? Uşaq, qadın bilmədilər, qoca-cavan deməyib çoxuna işgəncə verib, sonra da sıraya düzüb güllələdilər. Bir sözüm var xalqıma kişilik, həya, ar, ismət, namus deyilən yüksək məqamları Allah hər xalqa nəsib etməyib. Bu səbəbdən də biz böyük xalqıq və çox xoşbəxtik.

Aysel Talıblı

 

01.10.2012 12:07

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*