Azərbaycanca

Qara günlüyük

01.09.2012 | 15:08

???????????????????????????????Qara günlüyük   Kərimov Əbülfət Rəşid oğlu! 1960-cı il avqust ayının 3-də Xocalı şəhərində anadan olmuşam. Xocalı hadisələri baş verən zaman ordaydım. Batalyonda döyüşçü idim. Mənim mərhum atam Kərimov Rəşid Rəhim oğlu Böyük Vətən Müharibəsi iştirakçısı olub. İkinci qrup əlil idi.      Əsgəranda Dəhrəz adlı erməni kəndi vardı, onun yaxınlığında mühasirəyə düşdük.

Mühasirəni yarıb keçərkən ermənilər məni tutdular. Həmin vaxt atam meşədə  qalıb itkin düşdü. Onun aqibətindən xəbərimiz yoxdu.  Məni də ermənilər Dəhrəz kəndinə apardılar. Məni kəndin yuxarısındakı fermada saxlayırdılar. Bu fermada məndən başqa 100-150 nəfər adam vardı. Bunların içində qoca, uçaq, qadın da var idi. Sonra bizi başqa yerə aparmaq üçün bölüşdürdülər. 19 nəfəri saxlayıb qalanlarını apardılar. Mən 19 nəfərin içindəydim. Sonradan bizi də apardılar. Xocalının içindən keçəndə bizi dəhşət bürüdü. Xocalıda erməni əlindən iynə atsan yerə düşməzdi. Evləri talan, qarət edirdilər.  Kəndin yuxarı hissəsində, aeroporta yaxın yerdə hamımızı düşürtdülər və başladılar bizi döyüb işgəncələr verməyə. Sonra yenidən maşına mindirib Xankəndinə apardılar. Orada avtobazanın həyətinə saldılar, bir saata qədər bizə dilə gətirilə bilməyən işgəncələr verdilər. Şəhər polis idarəsinin türməsinə saldılar, adlarımızı yazıb kameralara bölüşdürdülər. Mən əvvəl 7-ci kamerada qalırdım, sonra get – gedə adamlar azalırdı deyə, bizi 3-cü kameraya gətirdilər.  İki ay kamerada qaldım. Bizə olmazın əzab-əziyyətlər verirdilər. Sözlə anlatmaq çox çətindi, hər dəqiqəni, hər saniyəni sayırdıq. Səhərə sağ çıxıb-çıxmayacağımızı bilmirdik. Barmaqlarımızı qapının arasında qoyub sındırırdılar, kimin qızıl dişi vardı kəlbətinlə dartıb çıxarırdılar. Bizə su, yemək vermirdilər. Bir müddət sonra 3 günə bir qurtum su, bir tikə çörək verirdilər. Çox vaxt heç onu da vermirdilər. Bizi o qədər döyürdülər, qaldırıb yerə çırpırdılar ki, döşəmənin mismarları da yerindən çıxmışdı.  Orada 2 ay olmazın əzab-əziyyət, zülm, işgəncələr gördük. Hər gecə 3-4 dəfə gəlib huşumuzu itirənəcən döyürdülər. Bayırdan bizi döyməyə ermənilər gətirirdilər ki, birindən 3 mənim kimi adam çıxardı. Sonra aprel ayının 27- də Əsgəranla Ağdamın arasında neytral zona vardı, orada bizi ermənilərlə dəyişdirdilər. Mən hal- hazırda ailəmlə birlikdə Bakının Sabunçu rayonu Kürdəxanı kəndində məskunlaşmışam, 2-ci qrup Qarabağ əliliyəm, heç yerdə işləmirəm.

 

  Aysel Talıblı 

01.09.2012 15:08

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*