Eşqin kanı Qarabağdır məkanım,
Bülbülü-şeydayam, cənnət yerimdir.
Əvvəl başdan Qaraqaşdır bostanım,
İndi gülüstanım Qarapirimdir.
Bir qönçə gülünün tarımarıyam,
Görüm abad olsun ol Qarabağı.
Bir gözəl ceyranın giriftarıyam,
Şənlik olsun dağı, bağı, ovlağı …
Bu misraları böyük sufi mütəffəkiri və şairi Seyid Mirhəmzə Nigari yazmışdır. O öz doğma vətəni Qarabağa çox böyük məhəbbət bəsləmiş və Türkiyədə yaşadığı vaxtlarda Vətən həsrətini bu cür dilə gətirib qələmə almışdır. Qədim tarixə malik Qarabağ mahalının gözəl bərəkətli torpağı, füsunkar təbiəti, əvəzsiz mədəniyyəti olduğu kimi, oxunan, sevilən və yayılan ədəbiyyatı da olmuşdur. Bütün varlığı ilə Azərbaycanın ayrılmaz hissəsi olan, Azərbaycan türklərinin ən qədim məskunlaşdığı ərazilərdən olan bu bölgə ədəbiyyatımıza verdiyi töfhələrlə də tarixə düşmüşdür. Hələ XIII əsrdə Azərbaycanda ərəb və fars dillərində, eyni zamanda ana türkcəmizdə yazıb yaratmış qarabağlı şair və sənətkarlar olmuşdur. Qarabağ ədəbiyyatının tarixi çox qədimlərə gedib çıxsa da hələlik tarix elminə məlum şəxs Davdağ adında şar olmuşdur ki, VII əsrdə yaşayıb-yaratmışdır. Maraqlı və təəsüfləndirici məqam odur ki, onun bu günə gəlib çatan yeganə şeiri Alban çarı Cavanşirin erməni kilsə xadimlərinin fitvası ilə qətlinə yazdığı və bizə tərcümədə gəlib çatmış mərsiyyəsi daha doğrusu ağı janrında şeir mətnidir. Şeirin qüdrətli Azərbaycan hökmdarı Cavanşirə yazıldığından məlum olur ki, Davdağ həmin dövrdə çox tanınmış şair və hörmətli söz sənətkarı olmuşdur.
Qarabağ deyəndə yadımıza ilk növbədə tarixən mərkəz rolunu oynayan Şuşa şəhəri düşür. Lakin Şuşa Qarabağın XVIII əsrdən sonra mərkəzinə çevrilmiş bir şəhər olmuş və bundan sonra Qarabağın yeni mədəniyiyyət erası başlanmışdır. Lakin Şuşa şəhərinin salınmasına qədər Qarabağ ərazisində yerləşən qədim Bərdə və Beyləqan şəhərləri ədəbiyyat və mədəniyyət tariximizdə önəmli yerlərdən birini tutmuşdur. Məsələn ədəbiyyat tariximizdə xeyli “Bərdəilər”, “Beyləqanilər” mənsubiyyətli şairlərimiz olmuşdur ki, bu da Qarabağ poeziya ənənələrinin lap qədimlərə gedib çıxdığını göstərməkdədir.
X əsrdə Əbu Bəkir Əhraəd əl-Bərdəi, Məkki Bərdəi, Xətib Bağdadi Məhəmməd əl-Bərdəi, Əhməd ibn əl-Hüseyin Əbu Səid ibn Yəhya əl- Bərdəi təkcə ölkəmizdə deyil bütün Yaxın Şərqdə tanınmış söz sənətkarlarından biri olmuşdur. XI-XII əsrdə Azərbaycan ədəbiyyatının tanınmış isimlərindən olmuş Məsud ibn Namdar, Mücirəddin Beyləqaninin yaradıcılığı və ondan sonra gələn Zəid ibn Hüseyn ibn Ömər Beyləqaninin fəqih və filosof kimi yüksək elmi səviyyədə qərar tutması, onun Dəməşq şəhərində fəaliyyəti elmin aparıcı simalarından birinə çevrilməsi Qarabağ torpağının ədəbi-bədii,elmi mühitini ifadə etmişdir.
XIV əsrdə bu bölgədə Sədullah Bərdəi və Tuti Abdulla Qarabaği adlı şair yaşamış və “Həqiqətüs-şüarə” adlı mənbələrdə adı çəkilən əsər yazmışdır. Təəsüf ki, əsər günümüzə gəlib çatmamışdır. XV əsrdə Mühyiddin Bərdəi və Qarabağlı Şeyx İbrahim ibn Məhəmməd Şəhabəddin Bərdəi dövrünün məşhur şairləri olmuş və Şeyx ibrahim Gülşəni təxəllüsü ilə ədəbiyyat tarixində iz qoymuşdur. O həmdə böyük din alimi olmuş, bir müddət Qahirədə və Osmanlı ərazisində öz təriqətini yaymışdır. Xanəgahı Qahirədədir və bu gün fəaliyyətdədir. Mövlanə Gülşənin iki oğlu olmuş və Şeyx Əhməd Gülşənizadə və Səfvəti Seyyid Əli Gülşəni adı şair kimi tanınmışlar.
Yusif ibn Məhəmmədşahi Qarabaği XVI-XVII əsrlərdə yaşayıb-yaratmış, dövrünün görkəmli alimlərindən olmuş, Səmərqəndə Hüseyniyyə xanəgahına getmiş və Mövlanə Yusif təbəqəsinə yüksəlmişdir.
Göründüyü kimi, Qarabağ ədəbi mühiti hər zaman Azərbaycan ədəbiyyatının uğurlu və məhsuldar səhifələrindən olmuş və mədəniyyətimizin formalaşmasında əsaslı rol oynamışdır. XVI əsrdə yaşayıb-yaratmış, şah İsmayıl Xətainin hörmət bəslədiyi aşıqlardan olmuş Aşıq Qurbani, XVIII əsrdə Mirmöhsün Ləmbərani Asəf, Aşıq Əli, Aşıq Valeh, Ziyadi Qarabaği, Güləbirdli Sarı Aşıq, Qarabağlı Musa Kərimullah və Molla Pənah Vaqifin adlarını qeyd etmək yerinə düşər. Qarabağın xanlıq dövründə Ağa Bəyim Ağa Tuti Şərqin müdrik qadınlarından biri kimi tarixə düşmüş və İran şahı Fətəli şah dövründə ölkənin diplomatiyasının fəal istiqamətverici simalarından olmuşdur. O, həmdə məşhur bayatılar müəllifi kimi də tanınmışdır.
Qarabağ bölgəsinin ən qızğın və şübhəsiz ki öz yüksək inkişafı ilə tarixə düşmüş dövrü XIX və XX əsrlərdir. Bu dövr həm siyasi mürəkkəbliyi ilə yadda qalmış, həm də ümumilikdə ölkə ədəbi-mədəni dairələrində gedən fəallıq və məhsuldarlıq artımı ilə əvvəki dövrlərdən fərqlənmişdir. Siyasi mühitin mürəkkəbliyi, ermənilərin çar Rusiyası rəhbərliyi tərəfindən regiona kütləvi köçürülmələri, milli-mənəvi dəyərlərimizin getdikcə təqib olunması və sıxışdırılmasına gətirib çıxarmışdır. Bütün bu siyasi narahatlıqlara baxmayaraq ümumazərbaycan ədəbi-mədəni,ictimai müstəvisində gedən sıçrayışlar Qarabağdan da yan keçməmiş və bu bölgədə həmişə olduğu kimi proseslərdə yaxından iştirak etmişdir.
Bu dövrdə Vaqif yaradıcılığından ilhamlanmış tənqidi-realit satiranın Qasım bəy Zakir (1784-1857) kimi nümayəndəsi yetişmiş və poeziyamızın inkişafına təsir göstərmişdir. Bundan əlavə Füzuli ənənələrinin davamçılarından biri də Xurşud Banu Natavan (1830-1897) dövrü başlanmış və Şuşada onun rəhbərliyi ilə “Məclisi-Üns” poetik məclisi yaranmışdır. Həmin dövrdə M.Möhsün Nəvvabın başçılığı ilə “Məclisi- Fəramuşan” məclisi də fəaliyyət göstərmiş və Şuşanın ədəbi mühitində yeri və rolu olmuşdur. Bundan əlavə başlıqda vətən həsrəti ilə yazılmış şeirindən bir parçasını qeyd etdiyimiz Seyid Mirhəmzə əfəndi Nigari (1795-1886) yaradıcılığını xüsusi qeyd etmək lazımdır. Bu şəxs həm də böyük sufi alimi və mütəfəkkiri olmuş, Şimali Qafqazda Şeyx Şamilin rəhbərliyi altında rus imperializminə qarşı Müridizm hərəkatının təşəkkül tapmasında və yayılmasında, önəmli rol oynamışdır. Müridləri Türkiyəyə və İrana yayılmış təlimini davam etdirmişlər. Nigaridən başqa Mirzə İsmayıl bəy Baharlı, Mücrüm Kərim, Mirzəcan bəy Mədətov, Mirzə İbrahim bəy Səba, Mirzə Haqverdi Səfanı da həmçinin Qarabağ ədəbiyyatının tanınmış nümayəndləri adlandırmaq olar.
Daha sonra dramaturgiyanın inkişafında böyük xidmətləri olan Nəcəf bəy Vəzirov (1854-1926) hələ XİX əsrin sonlarında qələmə aldığı komediyalar və “Müsibəti- Fəxrəddin” (1894) faciəsi, Əbdürrəhimbəy Haqverdiyevin (1870-1933) komediyaları və “ Dağılan Tifaq”, “Bəxtsiz Cavan”(1900), “ Ağa Məhəmməd şah Qacar” (1907) faciələri ilə Azərbaycan ədəbiyyatının yeni uğurlu səhifələri açıldı.
Həmin dövrdə peşəkar Qarabağ qadın aşıqlarımızdan olan Aşıq Pərini də misal gətirməklə həm aşıq yaradıcılığımızın həm də foklor və ədəbiyyatımızın birgə addımlamasına dair yekdil rəyə gələ bilərik.
XX əsrdə Qarabağın Azərbaycan mədəniyyətinə verdiyi ən böyük sima dahi bəstəkar, Şərqdə ilk operanın banisi, böyük drammaturq, ilk liberetto müəllifi, musiqili komediya janrının banisi, görkəmli jurnalist, publisist, himnimizin müəllifi Üzeyir bəy Hacıbəylidir.
XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycan ədəbi mühitinin Qarabağ səhifəsinin əhəmiyyəti barədə çox danışmaq və yazmaq olar. Qarabağ ədəbiyyatının görkəmli simalarından biri də yazıçı-etnoqraf, folklorşünas və diplomat Yusif Vəzir Çəmənzəminlidir. O milli ədəbiyyatımızda ilk tarixi romanlar müəllifi kimi də tanınmışdır. “ İki od arasında” və “Qızlar bulağı” əsərləri ilə tarixi roman janrının ən gözəl nümunələrini yaratmışdır. Hacıbəylilərdən Ceyhun bəyi yazıçı-publisist, folklorşünas kimi xidmətlərini qeyd etmək lazımdır. O, Parisdə ilk dəfə “Qarabağ folkloru” kitabını fransızca və orijinal mətnlərdə çap etdirmişdir. Bunlardan başqa Firudin bəy Köçərlinin ilk ədəbiyyat tarixçisi və maarifçisi kimi xidmətlərini, görkəmli dövlət xadimi, həm Azərbaycan Xalq Cumhuriyyəti, həm də Türkiyə Cumhuriyyətinin qurulmasında müstəsna xidmətləri olmuş yazıçı-publisist Əhməd bəy Ağaoğlunu və ilk uşaq ədəbiyyatının yaradıcılarından biri, ədəbiyyatımızda mental dəyərlərimizi mühafizə edən ilk layiqli bəy obrazının yaradıcısı Süleyman Sani Axundovun söz sənətimizin inkişafında xidmətləri danılmazdır. Daha sonra isə Süleyman Rəhimov, Əli Vəliyev, Abay Dağlı , Aşıq Surxay, İsmayıl Quliyev, İlyas Əfəndiyev, Cəmil Əlibəyov, Şəfiqə Ağayeva, Bayram Bayramov, Elçin Əfəndiyev və digərlərini də qeyd etməklə Azərbaycan ədəbiyyatının əslən qarabağlı olan görkəmli simalarının sayını uzatmaq da olar.
Beləliklə, Qarabağ ədəbiyyatının tarixi anatomiyasına nəzər yetirməyə çalışdıq. Təəsülər olsun ki, tarixi torpağımız olan Qarabağ bu gün işğal altındadır. 1991-1994-cü illərdə Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi nəticəsində milyondan artıq soydaşımız didərgin salınmış, Qarabağ və onun mərkəzi Şuşa şəhəri işğal edilmiş, maddi-mədəniyyət nümunələri dağıdılmış və talan olunmuşdur. Ermənilər bu gün Qarabağ torpağına sahib çıxmaq istəməklə yanaşı onun mədəniyyətinə, ədəbiyyatına da sahib çıxmağa çalışırlar. Lakin Qarabağın qədim tarixi, mədəniyyəti ilə yanaşı ədəbiyyatı da onu sübut edir ki, bu torpaqda Azərbaycan türkləri hər zaman dominant olmuş və bu qədim yurdumuzun gəlmə ermənilərlə yaxından və uzaqdan heç bir əlaqəsi olmamışdır. Çünki, Qarabağı bədii cəhətdən bu cür gözəl vəsf edən, onu dünyada tanıdan, onun mədəniyyət xəzinəsini zənginləşdirmək yolunu tutmuş insanlar yalnız Qarabağlı, yalnız azərbaycanlı ola bilərlər.
Anar TURAN,
tədqiqatçı-jurnalist,
AMEA- Tarix İnstitutunun dissertantı,
“OĞUZ” Müstəqil Araşdırmaçılar Qrupunun İdarə Heyyətinin üzvü
KarabakhİNFO.com